Mərkəzi Bankın sədri ipoteka ilə bağlı yeniliklərdən danışdı

0
29

Elman RüstəmovMilli Məclisin axşam iclasında 2014-cü ilin dövlət büdcəsi ilə bağlı müakirələrdə Mərkəzi Bankın sədri Elman Rüstəmov çıxış edib. Zerdab.com saytının xəbərinə görə, İpoteka siyasəti ilə bağlı danışan Elman Rüstəmov qeyd edib ki, bu məsələ həm Azərbaycan hökumətinin, həm də Mərkəzi Bankın daim diqqətindədir: “Bununla bağlı ipoteka strategiyası da hazırlanıb. İpoteka krediti ilə vətəndaşların mənzillə təmin olunması sovet sistemindən miras qalmış, ödənilməmiş tələb mexanizmidir. Sovet iqtisadiyyatının da həll edə bilmədiyi məsələlərdən biri də məhz mənzil problemi idi. Bu məsələnin qısamüddətlik həll olunması mümkünsüzdür”.

Mərkəzi Bankın sədri bildirib ki, dövlət büdcəsində ipoteka kreditləri üçün ayrılan vəsaitləri artırmaq istəyi düzgün deyil. “Bu, bazar iqtisadiyyatına uyğun olmazdı. İpotekanın formalaşmasını  xüsusi bölmədə, hətta əhalinin partnyorluğunda görürük. İpotekanın mühüm göstəricilərindən biri də ucuz mənzillərin tikilməsidir. Bu iki yolu var. Mənzilləri ya dövlət tikə bilər, ya da özəl  bölməni də stimullaşdıra bilər. Burada da  bir çox dövlətlərin təcrübəsindən istifadə olunur. Hökumətlə birlikdə də bu təcrübələri öyrənirik”.

Sosial ipoteka üçün ayrılan dövlət yardımı tələbatı ödəmir

E.Rüstəmovun sözlərinə görə, xüsusi bölmə üçün şərait yaratmaq lazımdır ki, onlar da ipoteka kreditləri verməkdə maraqlı olsunlar. “Banklara uzun müddətlik qoyulmuş pullar lazımdır ki, ipoteka kreditləri 20-25 illik müddətə verilə bilsin. Biz də həmin pulların mənbələrini axtarırıq. Sosial ipoteka üçün ayrılan dövlət yardımı tələbatı ödəmir. Bununla bağlı maliyyə nazirliyi ilə danışıqlar gedir. Əhalinin öz yığımları hesabına ipoteka kreditləri alması məsələsini də düşünürük. Yaxın vaxtlarda hazır olan strategiyanın müzakirəsinə başlayacağıq”.

“Faizlər yüksəkdir, lakin bu narahatçılıq doğurmamalıdır”

İpoteka kreditlərində faiz dərəcələrinin çox olması məsələsinə aydınlıq gətirən Mərkəzi Bankın sədri deyib ki, bu çox mühüm məsələdir: “Faiz dərəcələrinə daha geniş mənada baxmaq lazımdır. Faiz dərəcəsi bazarda pulun dəyəridir. Hər bir əmtəənin dəyəri var və təbii ki, pul da bir əmtəədir. Azərbaycan bazarında bankların təklif etdiyi faiz dərəcələri də pulun dəyəridir. Faiz dərəcələrinin yüksək olması artıq mifləşib. Sön dövrdə Azərbaycanda bank bazarında istehlak kreditlərinin verilməsi ilə əlaqədardır. Düzdür, faizlər yüksəkdir. Lakin bu narahatçılıq doğurmamalıdır”-deyə E.Rüstəmov vurğulayb.