İçimdə bir Kərbəla var

0
45

duaŞəhidlik şahidliklə mümkündür. Allaha iman, təslimiyyət ruhu ilə alışıb-yanan bir ruh sevə-sevə hər şeyini bu yolda fəda edə bilər, İmam Hüseyn kimi.

İmam Hüseyn o şəhadəti ilə layiq olmayanların layiq olmadıqlarına can atmasının qarşısını aldı, hər kəsə göstərdi ki, İslam ətalət təlimi deyil, Haqq uğrunda cihad məktəbidir. Cihad insan həyatına kəsilmiş ən bahalı qiymət, ən xeyirli yol, şəhidlik bu yolun sonunda verilən misilsiz mükafatdır. Elə, ya belə, hər kəs ölüb Allah Dərgahına getməyəcəkmi? Su yolunda ölüb gedənlər var, oğurluq üstə yıxılıb boynu qırılanlar var, Allah üçün savaşa qalxıb şəhid olanlar var… Var da var, eləsi var, beləsi var… Şəhidlər öldüklərini belə bilməzlər. Qurani-Kərimdə bildirilir ki, onlara ölü deməyin, onlar ölü deyillər, Allah qatında hər cür naz-nemətə qonaq edilirlər.

***

Aşuradan danışanda deyirlər ki, bu gün Həzrəti Adəmin Yer üzünə endirildiyi, Həzrəti Nuhun gəmisinin quruya oturduğu, Həzrəti Yunusun balığın qarnından xilas olduğu, Həzrəti Musanın öz qövmünü Qırmızı dənizdən keçirdiyi gündür. Bilmirəm, bəlkə bu gün içində daha çox parlaq hadisələr var, amma etiraf edək ki, Aşura deyəndə ağlımıza gələn ilk hadisə Kərbəla vaqeəsidir, İmam Hüseyn şəhadətidir. O, Aşura qəhrəmanı, o, Kərbəla fatehidir.

Bir alim: “Gerçək mömin elə düşünər ki, Allah-Təala Qurani-Kərimi məhz onun üçün endirib” söyləyir. Həqiqətən də, əgər əlinə Quranı alan insan o kitabı Allah-Təaladan ona göndərilmiş bir əmrlər toplusu kimi qəbul etsə və onu həyatına köçürməyə çalışsa, əlbəttə, ziyana uğramaz. Bu mənada İmam Hüseyn fəlsəfəsini anlayan insan özünü o yoldan kənarda görə bilməz. İmam Hüseyn vaqeəsi hər birimiz üçün bir örnək, bir ibrət məktəbidir. Can dediyim bu matah nə qədər dəyərli oldu ki, Allah yolundan əsirgəyəsən? Qorxub bir addım geri çəkiləndə İmam Hüseyn adından utananlar var.

***

Xəms (ərəbcə) və ya Pənc (farsca) Ali-Əba ifadəsini, yəqin ki, eşitmisiniz: beş əba üzvü, yəni beş ailə üzvü mənasına gəlir. Bir dəfə Rəsulullah (s.ə.s.) Həzrət Əlinin evinə gəlir və Əlini, Fatiməni, Həsəni, Hüseyni (Allah onlardan razı olsun!) Özü ilə birlikdə bir əbanın altına alır və belə dua edir: Ey Rəbbim, Bunlar mənim ailə üzvlərimdir, Mən Bunları sevirəm, Sən də Bunları sev, Bunları sevənləri də sev!” Nə qədər məhzun, nə qədər duyğulu bir duadır, elə deyilmi?

Bir qədər irəlidə “Rəsulullah Özü və Soyu üçün dünya həyatında nəyinsə dəyişməsini istəmədi.”- demişdik. İndi isə ailə üzvləri üçün dua etdiyini söyləyirik. Yəqin ki, təəccüblənənlər olacaq. Məsələ ondadır ki, Allah Rəsulu ailə üzvləri üçün istədiklərini əslində ümməti üçün istəyir. “Bunları sevənləri sev!”- duasıilə bizlərə həqiqətin ünvanı göstərilir. Yoxsa, Allah Rəsulu “Allahım, mənim soyumdan gələnləri zalımın zülmündən qoru, onlara bu dünyada xoş həyat qismət elə!”- deyə dua eləsəydi, on iki imamın başı o məşəqqətləri çəkərdimi? Bu dünyanın zövqü ölümün o üzündən xəbərsizlər üçündür, Allah Rəsulu Allah-Təalanın lütfü, inayəti ilə Cənnəti də görmüşdü, Cəhənnəmi də. Məsələ bilirsinizmi nədədir?- biz Onun təfəkkür atmosferini təxmin edə bilməyəndə hər zaman çaşmaq ehtimalı ilə üz-üzə qalırıq.

Bir dəfə evində bardaş qurub oturmuşdu. Körpəcə reyhanları, Həsəni, Hüseyni gəlib boynuna sarıldılar, sonra da yerlərini rahatlayıb oturdular, biri sağ dizinin üstündə, biri sol dizinin. Baxdı, baxdı, onları bağrına basıb gül qoxularını ciyərlərinə çəkdi, sonra da Həsənin boynundan, Hüseynin başından öpdü. Kim bilir, bəlkə bu da bir əlamət, bir nişanəydi, amma kimsəyə bir şey söyləmədi.

***

Bəzən namaz qılanda gəlib belinə dırmaşardılar, başında oturardılar, eləcə də qalardı, gözləyərdi ki, reyhanları dursunlar, sonra başını səcdədən qaldırsın, yıxılmalarından qorxardı. Bütün dünya nurunu ondan alırdı, bəşəriyyət Onun üzü hörmətinə yaradılmışdı, amma evin içində uşaq kimi əllərini yerə qoyub körpə Həsənini, Hüseynini belinə mindirib gəzdirir, hələ bu da azmış kimi “Sizin nə gözəl atınız var”- deyərdi. Bu mənzərəni göz önündə canlandıra bilmirəm, çünki göz yaşları rəngləri yuyub bir-birinə qarışdırır. Bu qədər də təvazökarlıq, bu qədər də sadəlik olarmı, İlahi?! Saqqalından yapışıb dartardılar, dizinə baş qoyub yatardılar, bircə dəfə də hansınınsa xətrinə dəydiyini görən olmadı. Təkcə reyhanlarının deyil, kimsənin qəlbini qırmadı, iyirmi il yanında böyüyüb yetişən səhabələr Ondan bircə dəfə də olsun sitəm görmədilər, acı söz eşitmədilər. O, bir başqa dünya, O, bir başqa insan idi, çünki Onu Allah tərbiyə eləmişdi, əxlaqı Quran əxlaqı idi.

***

Həsəni, Hüseyni bəzən boynuna mindirər, bəzən da qaldırıb üz-gözlərindən dönə-dönə öpərdi. Bir nəfər: “Mənim on uşağım var, birinin də üzündən öpməmişəm”- deyəndə Allah Rəsulu durdu, bir müddət ona baxdı və :”Allah sənin qəlbindən mərhəməti silmişsə, Mən neyləyə bilərəm?”- söylədi. Təkcə öz balalarını deyil, Mədinə küçələrində gördüyü hər uşağa nəvaziş göstərər, başını sığallayar, pay verər, üzündən öpərdi. O görünəndə vicdan sahiblərinin üzünə gün doğardı.

Bir məclisə dəvətli idi, istəyirdi ki, balaca Hüseyni də Özüylə aparsın. Hüseynsə qarşıdakı meydanda tay-tuşları ilə oynayırdı. Allah Rəsulu evindən çıxdı və çağırdı sevimli reyhanını: “Gəl, ya Hüseyn!” Hüseyn gəlmədi, “Gəl, ya Hüseyn!” Hüseyn gəlmədi. Hüseyn anlamışdı babasının onu Özü ilə harasa aparacağını və oyunundan, uşaqlardan ayrılmaq istəmirdi. “Hüseyn gəlmədimi-gəlməsin, onda qovub tutarıq.” Mənzərəni təsəvvür edirsinizmi?: Dörd-beş yaşlı Hüseyn sevinc dolu, coşqu dolu bir səslə hay-küy salaraq küçədə qaçır, Kainatın Əfəndisi, bütün yaradılmışların ən Xeyirlisi Onu qovur. Qaçan gah ayağının altına, gah da Qovana baxır, gülüşü, coşqusu aləmi başına götürür, Qovan da bir az asta qovur, guya çata bilmir. Bəlkə də, bilərəkdən bu xoş görüntünü, bu sevgi ovqatını uzadırdı ki, görənlər sadəliyin, insanlığın nə olduğunu anlasınlar. Axır ki çatır, yerdən “hopp” qaldırıb bağrına basır, üz-gözündən öpür və birlikdə məclisə gedirlər. Nə qədər möhtəşəm mənzərə!

***

O, yaradılmışların ən üstünü, insanlar arasında Allah-Təalanı ən çox tanıyan, Ona itaət və ibadət edən idi. O elə üstün şəxsiyyətdir ki, dünyanın harasından baxırsan-bax, zamanın hansı dilimindən boylanırsan-boylan, hər yerdə, hər zaman hər kəsdən daha yaxın, daha üstün görünür. Bütün bəşərin göz nuru, baş tacı olan bu Uca İnsan “bir cüt reyhanım” dediyi Həsənlə Hüseyni elə sevər, onlarla elə oynayardı ki, o sevgini, o ülfəti yaşamaq hər insana nəsib olmaz.

Əllərini yerə qoyar, sevimli balalarını belinə mindirər, “Sizin nə gözəl atınız var”, – deyərdi. Sevginin və təvazönün zirvəsi. Sözün bitdiyi, könüllərin danışdığı yer.

Onlara kimsənin toxunmasını, əl qaldırmasını həzm edə bilməzdi. O saat inciyər, qəlbi qırılardı, “Amandı, onlara toxunmayın, mənim bir cüt reyhanıma əl uzatmayın!”, – deyərdi.

Başqaları bilməzdi, yəni Onun nəvələrinə qarşı niyə bu qədər həssas olduğunu anlamazdılar. Amma Ona çox şey bildirilmişdi. Çox şeydən xəbərdar idi, xəbərdar olsa belə, bir dəfə də olsun, əllərini açıb: “Allahım, onları Mənə bağışla!” – deyə dua eləmədi. Çünki O, hər xeyirin Allahdan gəldiyinə, yəni Allahın təqdirinin xeyirdən başqa bir şey olmadığına bütün varlığı ilə əmin idi.

(davam edəcək)

ƏLI ÇƏRKƏZOĞLU, ZAMAN