Millət vəkilimiz Milli Məclisdə Zərdabla bağlı 6 məsələni gündəmə gətirdi

1
Jalə Əliyeva
Jalə Əliyeva. Milli Məclisin deputatı, Filiologiya elimləri doktoru, BDU-nun professoru.
Jalə Əliyeva
Jalə Əliyeva. Milli Məclisin deputatı,
Filiologiya elimləri doktoru, BDU-nun professoru.

Zerdab.com saytı Millət vəkilimiz Jalə Əliyevanın Milli Məclisin 12 noyabr 2013-cü il tarixli iclasında 2014-cü il dövlət büdcəsi müzakirələri zamanı etdiyi çıxışın mətnini təqdim edir:

 “Hörmətli həmkarlar, hörmətli hökümət üzvləri,

Bu ilki büdcə müzakirəsi  ölkəmiz üçün, hər bir Azərbaycan vətəndaşı üçün çox əhəmiyyətli olan, yenicə arxada qoyduğumuz Prezident seçkisindən çox qısa bir müddət sonraya  təsadüf edir. Bundan cəmi bir ay əvvəl Azərbaycan xalqı bir daha düzgün seçim edərək, davamlı  inkişafa, stabilliyə, parlaq gələcəyə səs verdi. Xalq bir tərəzi sərraflığı ilə,  görülən işləri yüksək qiymətləndirərək, yaxın beş il üçün də taleyini ölkə Prezidenti cənab İlham Əliyevə etibar etdi. Bununla da xalq öz müdrikliyini bir daha nümayiş və isbat etdi.

Müzakirə etməkdə olduğumuz qanun layihəsi əlbəttə ki, birinci növbədə ölkəmizin iqtisadi durumunun göstəricisidir. Lakin qəbul edərsiniz ki, büdcə eyni zamanda hər bir vətəndaşın gələcəyini, xalqın əhval-ruhiyyəsini, ölkədəki siyasi durumu, dövlətimizin dünyada möhkəmlənən mövqeyini əks etdirir.

Və bu baxımdan 2014-cü ilin dövlət büdcəsi də iqtisadi inkişafın, sosial rifahın, əmin-amanlığın, bir sözlə ölkənin bütövlükdə artan nüfuzunun təminatçısı olan bir sənəd kimi qəbul edilməlidir.

Büdcə layihəsinin istər komitələrdə müzakirəsinın gedişatı, istərsə bu günkü çıxışlar və ümumi əhval-ruhiyyə bunu deməyə əsas verir ki, deputat həmkarlarımız bu büdcə layihəsinin təsdiq olunmasına tərəfdardırlar. Mən də bütün həmkarlarıma qoşularaq büdcə layihəsinə səs verəcəyimi bildirir və Azərbaycan hökümətinə ölkəmizin inkişafı uğruna həyata keçirdikləri şərəfli fəaliyyətlərində uğurlar diləyirəm.

Hörmətli hökümət üzvləri, mən bir neçə təklifimi də irəli sürmək istəyirəm.

Birinci növbədə qeyd etmək istədiyim məsələ mənzil problemiylə bağlıdır. Büdcənin ötən və daha əvvəlki illərdə müzakirələri zamanı əhalinin az təminatlı hissəsinin mənzil probleminin həlli üçün uzun müddətli kreditlər ayrılmasını və bu vəsait hesabına sosial mənzillərin tikilməsini təklif etmişdik. Bununla bağlı böyük bir proqramın hazırlanmasına ciddi ehtiyac var.

İkinci qeyd etmək istədiyim məsələ kimsəsiz uşaqlarla bağlı olsa da, özlüyündə mənzil problemini  əhatə etməkdədir.  Uşaq evlərindən, internatlardan məzun olan  16-17 yaşlı yeniyetmələr talelərinə düşən kimsəsizlik payının istisi, soyuğu ilə birlikdə, bu dəfə də  küçələrin isti-soyuğuna düşürlər. H.Əliyev Fondunun Prezidenti, hörmətli həmkarımız xanım Mehriban Əliyevanın çox humanist təşəbbüsü və şəxsi himayəsi ilə bundan bir neçə il əvvəl valideyn himayəsindən məhrum gənc qızlarımızın bır qismi üçün iki bina inşa edilərək, onlara normal həyat şəraiti yaradılmışdır. Lakin bu sahənin ümumilikdə hökümət tərəfindən dəstəklənməsi və cəmiyyətin ağrılı bir hissəsi olan bu təbəqənin normal vətəndaş kimi yaşayışının təmin edilməsi vacibdir. Nəticədə hamımız valideynik və o uşaqlar da bizim öz övladlarımız kimi bu vətənin bir parçasıdır.

Hörmətli hökümət üzvləri, mən fürsətdən istifadə edərək, seçildiyim Zərdab-Ucar dairəsi ilə bağlı olaraq da bəzi xahişlərimi səsləndirmək istəyirəm.

1. Kür daşqını zamanı bir çox müəssisələr kimi, Zərdab rayonunun Təzəkənd kənd ümumorta məktəbi də qəzalı  vəziyyətə düşmüşdür. Biz bununla bağlı  2010-cu ildə müraciət  etdik və elə həmin il yeni məktəb tikintisi plana salındı, bunun üçün yeni yer də ayrıldı. Lakın inşaat işləri hələ başlamayıb.

2. Zərdab şəhər 1 və 2 saylı orta məktəbləri 2010-cu ildən əsaslı təmir üçün plana salınsa da, hələlik bir tərpəniş yoxdur.

3. Rayona qaz çəkilişində bəzi problemlər var. Belə ki, 2008-2013-cü illər Dövlət Proqramına əsasən 2013-cü ilin sonuna qədər Zərdab rayonunun bütün kəndləri qazlaşdırılmalı idi. Lakin 40 kənd və 1 qəsəbədən ibarət olan Zərdab rayonunun bu günə qədər sadəcə 5 kəndində qaz xətti  tam istifadəyə verilib. 6 kənddə isə tamamlama işləri yarımçıq qalmış və ya ləng gedirdi. Prezident seçkisi  zamanı əhali tərəfindən bu məsələ qaldırıldı. Elə oradaca şirkətlə əlaqə saxladıq və deyildi ki, həmin 6 kənd noyabr ayının sonuna qədər qazlaşdırılacaq. Aldığımız məlumata görə, həmin kəndlərdə hazırda son tamamlama işləri gedir. Bunun üçün təşəkkür edirik. Lakin digər kəndlər isə hələlik növbəsini gözləyir. Həmin kəndlərə, eyni zamanda Ucar rayonunun deputatı olduğum Bərgüşad kəndinə də qaz çəkilişi işlərinin başladılmasını xahış edirik.

4. Zərdab rayonuna su və kanalizasiya xətti çəkilişi 2013-cü ilə qədər başa çatdırılmalı olduğu halda, su çəkilişi demək olar ki, tamamlansa da, kanalizasiya ilə bağlı demək olar heç bir iş getmir. Bu sahədə də işlərin nəzarətə götürülərək sürətləndirilməsinə ehtiyac var. Eyni zamanda Ucar rayonunun Lək və Xələc kəndlərində əhalini içməli su ilə təmin etmək üçün  su təmizləyici qurğuların quraşdırılmasına ehtiyac var.

5. Zərdabda hələ sovetlər dövründə qurulan və artıq çoxdan bəri fiziki və mənəvi aşınmaya məruz qalmış 35 kv-luq elektrik xətti 110 kv-luq xəttlə yenilənməlidir.

6. Zərdab şəhərində idman kompleksinin tikilməsi və rayon stadionunun yenidən qurulması gənclərimizin sağlam həyat tərzini formalaşdırmaq üçün əhəmiyyətli olduğundan bu xahişimizin də nəzərə alınacağına inanırıq.

Toxunmaq istədiyim təkliflər çoxdur. Lakin vaxt darlığı üzündən hamısını səsləndirə bilmirəm.

Hörmətli  hökümət  üzvləri, mən bundan əvvəlki büdcə müzakirələri və hökümətin hesabatı zamanı  irəli sürdüyümüz  və həllini tapan təkliflərimiz üçün təşəkkür edirəm. Eyni zamanda  bunu da diqqətinizə çatdırmaq istəyirəm ki, bir az əvvəl səsləndirdiyim istər rayon miqyaslı, istərsə də ölkə miqyaslı təklifləri daha əvvəlki illərdə də irəli sürmüşük. Bu təkliflərimizin 2014-cü ilin dövlət büdcəsində nəzərə alınmasını və görüləcək işlər planına daxil edilməsini xahiş edirəm.

Çıxışımın əvvəlində də qeyd etdiyim kimi, gələn ilin dövlət büdcəsini yüksək qiymətləndirirəm və düşünürəm ki, bu sənədin uğurla və zamanında icra olunması ölkəmizin daha sürətli inkişafını təmin edəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm”.

1 comment

  1. Çox hörmətli Jaıə xanım.MM-də Zərdabla əlaqədar etdiyiniz çıxışla əlaqədar sizə minnətdarıq.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

four × 2 =