İçimdə bir Kərbəla var – İKİNCİ HİSSƏ

0
34

FotoBu elə bir haqsızlıq, elə bir zülm idi ki, görüb-bilənin, ağlı kəsənin unutması mümkün deyil, Qiyamətə qədər yaddaşlarda yaşayacaq, dillərdə dolaşacaq. (Yazının əvvəli: http://www.zerdab.com/icimd%C9%99-bir-k%C9%99rb%C9%99la-var/)

Bu hadisədən sonra Əməvi xanədanı İslam aləminə hökmdar kəsiləcək, məscidlərdə Əbu Turab, yəni Həzrət Əli (əleyhissəlam)  adına lənət oxudacaqlar. Nələr olacaq, nələr yaşanacaq, insanlar Peyğəmbərdən və ardınca gələn xəlifələrdən gördükləri ədalətin həsrətini çəkəcəklər. Peyğəmbər soyu hər yerdə təqib ediləcək, nələr, nələr yaşanacaq… Nəhayət Əməvi sülaləsindən taxta çıxacaq birini tapa bilmədikləri üçün Ömər ibn Əbdüləziz adlı birisini zorla xəlifə taxtına oturdacaqlar, o da ətrafda baş verən haqsızlıqları görüb hər şeyi dəyişməyə başlayacaq. İmam Əli adına lənət oxumağı yasaqlayacaq və deyəcək ki, kimdən belə biz söz eşitsə, dilini dibindən kəsəcək. Əməvilər onu da zəhərləyib şəhid edəcəklər. Bütün bunlar yaşanacaq, hələliksə…

***

Kim uydurub, bilmirəm, amma hər dəfə bu sözü eşidəndə halım pozulur: “İmam üçün ağlayanda, Yezid üçün də göz yaşı tök”. Bu söz, mənə görə, ikiüzlülükdən başqa bir şey deyil. Kim kimin yolu ilə gedirsə, ona qovuşar, kim kimi sevər, kimi tərəfini tutarsa, onunla birlikdə olar. Peyğəmbər övladına, özü də dünyada ədalət, insanlıq dərsi öyrədən İmam Hüseyn kimi uca bir zata qənim kəsilən birisi üçün göz yaşı axıtmaq öz qatilinə aşiq olmaqdır. “Əcdad əlini qana bulamadı, biz də dilimizi qana bulamayaq”, – deyirlər. Bulamayaq, amma haqqın, həqiqətin tərəfini tutmağa nə deyirsiniz. Bəs  sevimli Peyğəmbərimizin (s.ə.s.) o qədər bəyanlarını hara qoyaq?!

***

O kufəlilər varmı, o kufəlilər! Çağırıb, söz verib sözündən qaçan kufəliləri deyirəm, görəsən nə cavab verəcəklər Haqq divanında? Başlarını qaldırıb Rəsulullahın (s.ə.s) üzünə baxa biləcəklərmi? Bir can o qədər şirin oldumu ki, uğrunda Haqdan keçəsən?! O kufəlilər varmı, o kufəlilər…

İmam yerindən qalxdı, “dur!” dedilər, durmadı, “dayan” dedilər, dayanmadı. “Bu baş o yolda kəsilməlidir ki, insanlar Haqqın candan əziz olduğuna inansınlar. Peyğəmbərin övladı Peyğəmbər yoluna sədaqətini öz canı bahasına sübut eləməlidir ki, sonradan gələnlər tərəddüdə düşməsinlər”- dedi. Getdi də, başdan keçdi də, qalib gəldi də.

Aşura qanın qılınca, ədalətin zülmə, sevginin nifrətə qələbəsinin ən parlaq ifadəsidir və Qiyamətə qədər oxunacaq həyat dərsidir. Aşura dünya həyatının keçici, fani, amma axirət imtahanı olduğunun Günəş qədər parlaq ifadəsidir. Amma o həqiqətləri görməyə göz, oxumağa könül gərək.

Üstündən min ildən artıq vaxt keçir. Dünyanın dörd bir yanında saysız-hesabsız Hüseynlər var, amma “yezid gördüm” deyən yoxdur.

İmam Hüseyn o səfərə çıxmaqla, o seçimi ilə dünya həyatını ən yüksək dəyər qarşılığında Allaha satmağın yolunu, qayda-qanununu öyrətdi bizlərə.

Aşura matəm mövsümü, yas mərasimi deyil, təhsil, tədris məqamıdır, həqiqət məktəbində keçilən səadət dərsidir.

***

Sevimli Peyğəmbərimiz (s.ə.s.) bir duasında belə buyurmaqdadır: “Allahım, mən Hüseyndənəm, Hüseyn məndəndir. Sən Hüseyni sev, Hüseyni sevənləri də sev!” O dua ilə açılan səadət qapısı həmişə açıqdır. Könlünü səfərbər edib o qapıdan keçənlər ən çox sevdiklərinin əslində ən doğmaları olduğunu görəcəklər.

Mehmet Akif Ərsoy şəhidliyin fəziləti haqqında belə deyir:

Ey şəhid oğlu, şəhid, istəmə məndən məqbər,

Sənə ağuşunu açmış duruyor Peyğəmbər.

Hələ bu şəhid Allahın sevimlisinin sevimli nəvəsi Hüseyndirsə, o qolların qartal qanadı kimi nə qədər geniş açıldığını təsəvvür etməmək mümkün deyil. Bu dünyada bağrına basdığı kimi, axirətdə də köksünə sıxıb saçlarının qoxusunu ciyərlərinə çəkir Allah Rəsulu cənnət gənclərinin seyyidinin.

İmam Hüseyni sevmək onu tanımaqla, məqsədini, məramını bilməklə, yolunu tutub onun kimi yaşamaqla mümkündür. Hər kəs köksünə baxsın, könlündə İmam Hüseynə nə qədər yer ayırdığını, həyatında ona nə qədər bənzədiyini araşdırsın, sonra öz dəyərini anlasın. Yazımızın sonunda bir sözü hər birimizə xatırlatmaq istəyirəm: “Hər gün Aşura, hər yer Kərbəla”, yəni İmam Hüseyn kimi yaşayana Aşura da var, Kərbəla da.

Bu gün mahi-məhərrəmdir, yəni hər gün mahi-məhərrəmdir.

***

Anlamayana Kərbəla vaqeəsi tarixdə qalmış adi bir hadisədir, anlayan üçün isə hər yerdə bir Kərbəla, hər ilin içində bir ay, hər ayın içində bir gün, hər günün içində bir saat, hər saatın içində bir aşura məqamı var.

Aşurada ağlamaq, olanları düşünərək, yaşayaraq ağlaya bilmək könül əhlinin işidir. Bir də ki, aşurada ağlayanlar İmam Hüseynə ağlamırlar, özlərinə ağlayırlar. İmam Hüseyn dünya imtahanını ən gözəl şəkildə verib Haqqa qovuşan böyük zatlardan biridir, Cənnət gənclərinin Seyyidi, insanlar arasında seçilmiş, uca Zatdır, bəs sən kimsən, mən kiməm? Kimin yolundayıq, kimin izinə düşüb, kimin özünə qovuşacağıq? Sual budur, məsələ budur, dərd budur….

Bir ürəkdə həm dünya, həm də axirət sevgisi olmaz. Odla saman, qurdla qoyun barışıb yola gedər ki, bu iki sevgi bir qəlbə girməz, bir ürəyə sığmaz. Qurani-Kərimdə kafirlər haqqında danışılanda da onların dünya sevgisini axirət sevgisindən üstün tutduqları bildirilir.

***

Aradan əsrlər ötdü. Bu gün Əbu Cəhl yoxdur, Əbu Ləhəb yoxdur, amma əbu cəhllər, əbu ləhəblər var. Bu gün yezid yoxdur, amma yezidlər var. Bu gün əli qılıncın qəbzəsində fürsət güdən neçə-neçə İmam Hüseyn düşməni var. Yezid öldü, amma yezidlik ölmədi, Əbu Cəhl öldü, amma əbu cəhillik ölmədi. Aramızda əbu cəhllər, əbu ləhəblər dolaşmaqdadır.

Yezidin səltənəti Şamda qurulmuşdu. Bu gün Şamda eynən yezid kimi atasından miras kimi aldığı səltənətdə oturub xalqa zülm eləyən başqa bir yezid fironluq edir. Yezid elə yeziddir, ha min il əvvəlki, ha bugünkü. Sən yezidi düşünmə, özünü düşün, bir qaşıq qan, beş günlük ömür üçün haqdan keçib, fani dünyaya sarılacaqsanmı, yoxsa İmam Hüseyn timsalı, bu baş bu yola fəda olsun deyib meydana atılacaqsan?

Zaman o zaman deyil, amma Şam o Şam, yezid o yezid… Kim kimin tərəfini tutur, özü bilsin, Allahı bilsin, amma can qorxusu ilə yanındakı yezidə təzimin hər çeşidini göstərənlər aşura gələndə “İmam” deməyə həya eləsinlər, utansınlar…

***

Üzündə bir zərrə İmam Hüseyn nuru gördüyümüzün başına pərvanə kimi dolanmaq gərəkdir. Dünya elələrinin çiynində dayanır, dünya onlarla nəfəs alır. Min ildir ki, nohələr, mərsiyələr yazılır İmam Hüseyn adına.

Bu gün mahi-məhərrəmdir, muhibbi-xanədan ağlar,

Bu gün əyyami-matəmdir, bu gün abi-rəvan ağlar.

Alvarlı Əfə Həzrətlərinin bu mərsiyəsində deyilir ki, göylər, buludlar, axar sular ağlayır İmam Hüseyn aqibətinə.

Amma bu kədər bu dünyadan şəhidlik məqamına baxınca görünür. Şəhidlər insanların ən bəxtiyarları, ən üstünləridirlər. Cənnəti qazanmış bir kimsə bir daha bu dünyaya qayıtmaq istəməz, şəhidlərdən başqa. Şəhid istər ki, bir daha bu dünyaya dönüb bir daha şəhid olsun, yenidən dönüb, yenidən şəhid olsun, çünki şəhid olmağın zövqünü bilənlər hər zaman o mərtəbəyə can atarlar.

***

Bu dünya bir imtahan meydanıdır, kimi udub gedir, kimi uduzub gedir. Hər qərarını Allahın əmrinə, Peyğəmbərin buyruğuna görə verənlər udanlar, “mənə belə gəlir ki” məntiqi ilə nəfsinin istəklərini önə sürənlər isə uduzanlardır. Kimi üfüqlərin o üzünə baxır, kimi ayağının altını belə doğru-düzgün görmür.

Əslinə qalanda Aşura həm də özünü saf-çürük eləmək, yola saldığımız il üçün hesab vermək məqamıdır.

İslam dərslik kitabı deyil ki, oxuyub danışa və qiymət alasan, İslam həyat kitabıdır, oxuyub öyrənib həyatına tətbiq edəsən. Allah-Təala bizə doğru yolda irəliləməyi, oxuyub öyrəndiyi həqiqətləri həyatına tətbiq etməyi nəsib buyursun!

Bizi sevimli Peyğəmbərinin yolu ilə Haqqa yönəlməyi, əli İmam Həsənin, İmam Hüseynin ətəyində olmağı qismət eləsin!  Aləmlərin Rəbbinə həmd olsun!

Əli Çərkəzoğlu, ZAMAN