Yol-qəza cinayətlərinə görə məhkum edilmiş şəxslərin sayı 7 dəfə artıb

0

avtomobil-qəzalarıPrezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov: “Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin 53 faizi yol-nəqliyyat hadisələrinə görə məhkum edilmiş şəxslərdir”.

Dünən Ali Məhkəmənin Plenumu keçirilib. Plenumda çıxışı zamanı məhkəmənin cinayət kollegiyasının sədri Şahin Yusifov deyib ki, Azərbaycanda nəqliyyat vasitələrinin sayı artır, bu da bir sıra xoşagəlməz hallara səbəb olur. Ş. Yusifovun sözlərinə görə, 2012-ci ildə baş vermiş yol qəzaları nəticəsində 996 şəxs həlak olub. Nəticədə məhkumların sayı da artıb: “Yol qəzaları ilə bağlı cinayət işləri araşdırılarkən sürücünün narkotik vasitə istifadəçisi olub-olmaması əksər hallarda yoxlanılmayıb. Sərnişin daşınmada da müəyyən problemlər var. Sürücülərə yol vərəqələri verilmir, sürücülərin psixoloji vəziyyəti öyrənilmir. Araşdırmalar zamanı bu cür cinayət işlərində zəruri istintaq tədbirlərinin həyata keçirilmədiyi, sürücülük vəsiqələrinin, etibarnamələrin cinayət işinin materiallarına əlavə edilmədiyi müəyyən edilib. Əksər hallarda məhkəmələr bu cür cinayət işlərinin ictimai təhlükəsizlik dərəcələrini düzgün qiymətləndirməyiblər və yekunda yüngül cəzalar təyin ediblər. Buna görə hesab edirəm ki, Cinayət Məcəlləsinə dəyişiklik edilməli və cəzalar sərtləşdirilməlidir”.

Daha sonra Ş. Yusifov deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə araşdırılan yol qəzası ilə bağlı cinayət işində təqsirləndirilən şəxsə yüngül cəza verilib: “Əhməd Quliyevin sədrlik etdiyi, Eynulla Vəliyev və İradə Həsənzadədən ibarət tərkibdə iki nəfərin ölümü ilə nəticələnən yol qəzasına səbəb olmuş şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu da çox yüngül cəza hesab olunur”.

Plenuma sədrlik edən Ali Məhkəmənin sədri Ramiz Rzayev isə həmin məsələ ilə bağlı hakim Eynulla Vəliyevi tribunaya dəvət edib və bu məsələ haqqında məlumat verməyi xahiş edib. Hakim Eynulla Vəliyev həmin cinayət işinə onun icraatında baxılmadığını bildirib və tərəflər barışdığı üçün yüngül cəza verildiyini deyib. Ramiz Rzayev isə hakimə irad tutaraq bu cür halların vətəndaşları narazı saldığını deyib: “Necə yəni sizin icraatınızda olmayıb? Sizin tərkibdə o işə baxılıb və yüngül cəza təyin edilib. Bununla insanları narazı salırsınız. Belə etmək olmaz”.

“Ağır tonnajlı maşınların yükü dəmir yolu ilə daşınsın”

Plenumda çıxış edən baş prokuror Zakir Qaralov deyib ki, ağır tonnajlı maşınların tikinti materialları daşıması yol qəzalarına səbəb olur: “Gecə vaxtlarında avtobusların hərəkəti məhdudlaşdırılıb. Bu addım yol qəzalarının azalmasına səbəb olub. Hesab edirik ki, bununla bağlı normativ aktlara yenidən baxılmalıdır. Ağır tonnajlı maşınların çınqıl, qum, tikinti materialları daşıması ilə bağlı Baş Nazirə də müraciət etmişik. Bildirmişik ki, bunlar dəmir yolu vasitəsilə daşınsın, çünki yol qəzalarına səbəb olur. Təklif edirəm ki, plenumun son qərarı həm Baş Prokurorluq, həm də Daxili İşlər Nazirliyinin mütəxəssisləri ilə müzakirə olunsun”.

“Cəzalar sərtləşdirilir”

Daxili işlər naziri Ramil Usubov Ali Məhkəmənin Plenumunda çıxışı zamanı deyib ki, qəzalarla əlaqədar pozuntulara yol verdiyi bildirilən müstəntiqlərlə bağlı işlər nəzarətə götürüləcək: “Yol qəzaları insanların həyatı üçün böyük təhlükədir. BMT-nin araşdırmalarına görə, dünyada yol qəzalarında hər il 1,2 milyon insan həlak olur, 20 milyon insan xəsarət alır. Vurulmuş ziyanın məbləği isə 500 milyard dolar təşkil edir. Azərbaycanda yol hərəkəti ilə bağlı qanunvericilik aktları yenilənir, cəzalar sərtləşdirilir. Bu sahədə bəzi problemlər də var. Sürücülük hüququndan məhrum etmə səlahiyyəti məhkəməyə məxsusdur. Lakin istintaq zamanı sürücülük vəsiqəsinin alınması narazılıq yaradır. Plenumda bəzi müstəntiqlər haqqında fikirlər səsləndirildi ki, onlar pozuntulara yol veriblər. Bu məsələ barədə nazirliyin baş istintaq idarəsinə məlumat veriləcək və nəzarətə götürüləcək”.

Nazir bildirib ki, Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün ciddi tədbirlər görülür. Lakin problem və nöqsanlar da var. R. Usubovun sözlərinə görə, son 4 ildə baş vermiş yol qəzalarının 40,6 faizi sürət həddinin aşılması, 33,3 faizi ötmə və manevr etmə qaydalarının pozulması, 3,2 faizi isə sürücülərin nəqliyyat vasitələrini sərxoş halda idarə etməsi ilə bağlıdır.

“Məhkumların sayı 7 dəfə artıb”

“Yol qəzaları ilə bağlı işlər araşdırılarkən məhkəmələr tərəfindən qanun pozuntularına yol verilir. Bununla bağlı 39 hakim intizam məsuliyyətinə cəlb olunub, 4 hakimin səlahiyyətinə xitam verilib, 6 hakimin iş yeri dəyişdirilib” Ali Məhkəmənin Plenumunda çıxışı zamanı bu sözləri ədliyyə naziri Fikrət Məmmədov söyləyib. Nazir bildirib ki, bu sahədə Azərbaycanda kompleks tədbirlər görülür: “Ölkədə cinayətkarlığın səviyyəsi azalsa da, yol qəzalarının göstəriciləri yüksəkdir. Bu cür cinayət işləri araşdırılarkən məhkəmələr tərəfindən bir sıra qanun pozuntularına yol verilir”.

Fikrət Məmmədovun sözlərinə görə, son 10-12 ildə nəqliyyat vasitələrinin sayının 2,5 dəfə artması və qaydalara əməl edilməməsi yol qəzalarının sayının artmasına təsir edir: “Yol nəqliyyat hadisələri ilə bağlı cinayətlərin sayı 2001-ci ildə ümumi cinayətlərin 3,4 faizini, 2006-cı ildə 6, 2012-ci ildə isə 12 faizini təşkil edib”.

Nazir qeyd edib ki, cəzaçəkmə müəssisələrində yol nəqliyyat hadisələri ilə bağlı törədilmiş cinayətlərə görə saxlanılan məhkumların sayı 7 dəfə artaraq ümumi məhkumların sayının 15 faizinə çatıb: “Məhkəmələrdə bununla bağlı vahid təcrübə olmaması səbəbindən yerli instansiya məhkəmələrində verilən qərarların 45 faizi apelyasiya məhkəmələri tərəfindən ləğv olunub”.

“Yol qəzalarının sayının artması bir sıra faktorlarla bağlıdır”

Azərbaycanda yol qəzalarına şərait yaradan amillər aradan qaldırılmalıdır. Bu fikirləri isə Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov qeyd edib: “Ağır nəticəli yol qəzalarının artması bizi narahat edir. Texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismara buraxılmasına görə son illər Cinayət Məcəlləsinin 265-ci maddəsi ilə bu vaxta qədər hər hansı şəxs məhkum edilməyib. Məsul şəxslərin işlərinə hüquqi qiymətin verilməsi vacibdir”.

Onun sözlərinə görə, yol qəzalarının sayının artması bir sıra faktorlarla bağlıdır. Nəqliyyat vasitələrini sərxoş halda idarə edənlərin, sürücülük vəsiqəsi alanların sayının sürətlə artması buna misal ola bilər: “Hesab edirəm ki, yol qəzalarına şərait yaradan amillər aradan qaldırılmalıdır”.

Fuad Ələsgərov qeyd edib ki, son illər məhkum edilmiş şəxslərin 10-15 faizini yol-nəqliyyat hadisələri ilə bağlı cinayət törətmiş şəxslər təşkil edir. Məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin 53 faizini yol-nəqliyyat hadisələrinə görə məhkum edilmiş şəxslər təşkil edir”.

ZAMAN

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 + three =