Həsən bəy Zərdabinin unudulan oğlu – Səffət bəy Zərdabi

2
54
Akif Aşırlı
Müəllif: Akif Aşırlı, “Şərq” qəzetinin baş redaktoru.

Səffət Zərdabi Türkiyənin tanınmış memarı, mühacirət mətbuatımızın qurucularındandır.

“Ot kökü üstə bitər” deyiblər. Ataların başqa bir misalı da var: “Köksüz ağac bar verməz”. Milləti mənəvi baxımdan ucaldan, azərbaycançılığın əsaslarını yaradan Həsən bəy Zərdabi də öz soy-kökü üstündə qol-budaq atdı. Babası Rəhim bəyin xarakterindən, tərbiyəsindən doğan keyfiyyətlərə sahib oldu və Azərbaycan üçün böyük miqyaslı işlər gördü. Həsən bəy bu yanaşmanı, tərbiyəni öz ailəsinə daşıdı, çətinliklərə sinə gərdi, səbr etdi, mübarizəsinə sadiq qaldı.

Müəllimi Salavyovun qızı ilə deyil, Hənifə xanım kimi gözəl bir türk qızı ilə ailə qurub millət üçün fədailər yetişdirdi. Təəssüf ki, ataları kimi xalqın nəfinə çalışan bu 4 övladın da bəxti gətirmədi. Zərdabi ailəsi
Ailənin böyük övladı Pəri xanım millət cəfakeşi Əlimərdan bəy Topçubaşovla ailə qurduqdan sonra 1919-cu ildə Parisə Azərbaycanın istiqlal savaşını aparmağa yollandı, 1920-ci ildə Azərbaycanın sovetləşməsindən dolayı bir daha geri dönə bilmədi. Parisdə dünyasını dəyişib elə oradaca dəfn olundu.
Ailənin böyük oğlu Midhət bəy repressiya edildi, millətçi kimi Sovet “KQS”si tərəfindən güllələndi.
Ailənin sonbeşiyi, atası barədə xatirələrini Sovet ideologiyasının tələblərinə uyğun qələmə alan Qəribsoltan xanım ölkənin bir çox rayonlarında müəllimlik etdi. “Səffət, Səffət” deyərək qardaş nisgilinə dözə bilməyən Qəribsoltan xanım nümunəvi pedaqoji fəaliyyətinə görə Lenin ordeni ilə təltif olundu. Ailəsinə qarşı aparılan  repressiyaların, təzyiqlərin nəticəsində psixoloji gərginliyə tab gətirməyərək 1965-ci ildə dünyadan köçdü.

Təzada bax. Qardaşın biri Türkiyədə sürgün həyatı yaşayır, biri 37-ci ilin repressiyasının qurbanı olur, bacısı Parisdə mühacirətdə yaşayır, ailənin yeganə Sovet Azərbaycanında qalan övladı bir tərəfdən ordenlə mükafatlandırılır, digər tərəfdən isə ailə faciəsi yaşadılır. Qəribsoltan xanım ömrünün sonlarında bu faciələrə dözə bilmir, psixoloji sarsıntı keçirir və qardaşı Səffətin sağ olmasından xəbərsiz dünyasını dəyişir.

Qəribsoltan xanımın son nəfəsdə üzünü görmək istədiyi qardaşı Səffət bəy ailənin üçüncü övladıdır. Çox təəssüf ki, Həsən bəy Zərdabi haqqında yazılan kitablarda onun barəsində heç bir məlumat verilmir. Sadəcə, adı xatırlanır, fəaliyyəti bir kənara qalsın, heç ölüm tarixi də yazılmır.

Səffət bəy Zərdabinin izinə təsadüfən düşə bildim. Türkiyənin kitab hərracı bazarından əldə etdiyim “Azərbaycan Milliyyətçilər dərnəyi”nin nizamnaməsi bu yöndə bələdçim oldu. Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə 1949-cu ildə yaradılan “Azərbaycan kültür dərnəyi”nə paralel qurulan “Azərbaycan Milliyyətçilər dərnəyi” 1952-ci ildə Ankarada təsis olunub. Türkiyə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən dərnəyin 11 nəfər qurucusu var və onlardan biri də Səffət bəy Zərdabidir.

1952-ci il fevralın 8-də yaradılan “Azərbaycan millətçilər dərnəyi”nin qurucuları sırasında Azərbaycanın istiqlal savaşını aparan xeyli sayda tanınmış isimlər var. İsgəndər xan (Xoyski), “Azadlığa uçan” ilk azərbaycan türkü Mehmet Altunbay, Əhməd Ulusoy, Hidayət Turanlı kimi xalqımızın cəsur övladlarının yaratdığı dərnək qarşısına böyük məqsədlər qoydu: “Böyük türk aləminin bir parçasını təşkil edən Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını araşdırmaq və yaymaq”. Zahirən mahiyyətində siyasi iddia görünməyən bu tələblərin arxasında Azərbaycanın istiqlalının bərpası kimi böyük siyasi savaş dayanırdı. Bu savaşın əsas öncüllərindən biri Səffət Zərdabi idi. Nizamnamədəki qeyddən bəlli olur ki, S.Zərdabi ali təhsilli inşaat mühəndisidir, Ankarada yaşayır. İnternet üzərindən apardığım axtarışlarından bəlli oldu ki, H.Zərdabinin bu məlum olduğu qədər də “naməlum oğlu”nun yaşadığı məhəllə, ev hələ də durur və 1960-cı illərin ortalarınadək Səffət bəy bu evdə yaşayıb. Sonra nə səbəbdənsə Türkiyədən köçüb, Almaniyada qərarlaşıb. Onun Almaniyada qərarlaşmasını 1967-ci ilin yanvarın 1-də nəşr olunan “Türkiyə mühəndislik xəbərləri” dərgisinin yubiley sayından öyrənmək mümkündür. Türkiyə Mühəndislər Cəmiyyətinin qurucuları sırasında yer alan S.Zərdabi yubiley törəninə qatılmamasına baxmayaraq digər həmkarları kimi adı dərgidə hörmətlə çəkilir. Türkiyə inşaat mühəndisliyinə, memarlığına etdiyi xidmətdən dolayı ünvanına göndərmək şərtilə ona xatirə plaketi təqdim olunur. Təltif olunanların sırasında ilk yerlərdə qərarlaşan Səffət bəyin adı qarşısında “Almaniyada yaşayır” sözü yazılıb.

Səffət ZərdabiDərginin həmin sayında Türkiyənin ən tanınmış memarı kimi şəkli çap edilib və barəsində yığcam bir tərcümeyi-hal da var. Fəaliyyəti barədə oxuculara məlumat verilən məqalədə S.Zərdabi özü barədə bunları deyir: “1314 sənəsində Qafqaz Azərbaycanında mülkümüz olan Zərdabda doğulmuşam. İlk və orta təhsilimi Azərbaycanda – Bakıda aldıqdan sonra təhsilimi Riqa Ali Mühəndislik məktəbində davam etdirmişəm. Rusiyada 1917-ci il inqilabından sonra məktəbi və məmləkətimi tərk etməyə məcbur qalmışam. Bundan sonra Almaniyada Karleruhe Ali Mühəndislik məktəbinin memarlıq şöbəsini bitirdikdən sonra 1928-ci ildə Türkiyəyə gəlmiş və burada fasiləsiz olaraq məsləyimdə çalışmışam”.

1917-ci il bolşevik inqilabından sonra S.Zərdabini Azərbaycanı tərk etdiyini yazmasına baxmayaraq onun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruculuğu prosesində yaxından iştirakı məlum olur. Belə ki, Türkiyənin Boğaziçi Universitetində çalışan həmyerlimiz Vüqar İmanovun 2003-cü ildə Əlimərdan bəy Topçubaşovla bağlı çap etdirdiyi monoqrafiyada S.Zərdabinin Paris Sülh konfransında iştirakı rəsmi sənədlərlə təsdiqlənir. Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşovun şəxsi katibi kimi diplomatik fəaliyyət göstərən Səffət bəy bir müddət nümayəndə heyətinin maliyyə məsələlərinə də rəhbərlik edir. Azərbaycanın sovetləşməsindən dolayı vətənə dönə bilmir, bir müddət sonra mühacirət həyatı başlayır. 1928-ci ildən sonra Türkiyəyə dönən Səffət bəy Ankarada bir çox binaların baş memarı olur və Türkiyə Mühəndislər Ocağının əsas qurucuları sırasına qatılır. “Türkiyə Mühəndislik xəbərləri” dərgisinin bir neçə sayında S.Zərdabinin memarlıq fəaliyyəti barədə məlumatlar əksini tapıb. İnşaat sektorunda mühüm vəzifələr icra edən Səffət Zərdabi Ankarada maarif vəkalətli inşaat şöbəsinin müdiri, İnhisarlar Birliyinin inşaat şöbəsi rəisi, Sumerbank inşaat bölümünün direktoru kimi fəaliyyət göstərərək Türkiyənin bir çox sənaye obyektlərinin baş memarı olur. Təəssüf ki, hansı binaların memarı olması barədə nə özü məlumat verir, nə də ki, dərgilərdə bu barədə məlumatlar var.

Memarlıq fəaliyyəti ilə yanaşı, ictimai-siyasi proseslərə qatılan Səffət bəy Azərbaycan mühacirlərinin bir araya gəlməsində, bolşevik istilasına qarşı mübarizənin təşkilində fəallıq göstərir, mühacirət mətbuatının formalaşmasında naşir yazar kimi çalışır.

1950-ci illərdə “Azərbaycan Milliyyətçilər Dərnəyi”nin rəhbər heyətində təmsil olunan S.Zərdabi bu təşkilatın mətbu orqanı olan “Türk izi” dərgisinin nəşrində iştirak edir. 1952-1954-cü illərdə çap edilən, cəmi 10 sayı işıq üzü görən “Türk izi” M.Ə.Rəsulzadənin rəyi ilə nəşrə başlayan “Azərbaycan” kültür dərgisindən fərqli olaraq radikal millətçi mövqeyi ilə  seçilir. M.Ə.Rəsulzadə və onun mühacirlər komandasına qarşı kəskin müxalif mövqeyi ilə seçilən “Türk izi”nin yayım müdiri Çingiz Göygöl idi. Mühacir yazarlardan Niyazi Kürdəmirin, Hidayət Turanlının, A.Çəmbərəkəndlinin ərsəyə gətirdiyi dərginin nəşrində Səffət bəy böyük rol oynayıb.

“Türk izi” bağlandıqdan sonra “Azərbaycan Milliyyətçilər Dərnəyi”nin ətrafında toplaşanlar “Mücahid” adlı dərginin çapına icazə alır. 1955-ci ilin iyulunda ilk nömrəsi işıq üzü görən “Mücahid” mühacirət mətbuatımızın ən uzun ömürlü  nəşrlərindən biridir. Aylıq ictimai fikir məcmuəsi kimi oxuculara təqdim olunan “Mücahid”in əsas şüarı Azərbaycan milli birliyi fikrini yaymaq və bütün Rusiya məhkumu islam-türk aləminin hürriyyət və qurtuluşu idi. 1962-ci ilə qədər 59 sayı çap olunan jurnalın təsisçisi və müdiri Çingiz Göygöl yenə də Müsavat Partiyası və onların liderlərinə qarşı kəskin müxalif mövqe nümayiş etdirirdi. “Yeni mətbəə”də çapa hazırlanan “Mücahid” bir müddət Səffət Zərdabinin rəhbərliyi ilə oxuculara çatdırılıb. Çox təəssüf ki, Həsən bəyin bu millətçi-yazar oğlunun mühacirət mətbuatının formalaşmasında oynadığı rol, onun publisistik yazılarının məqsədi, məramı və istiqaməti barədə tədqiqat işi demək olar ki, yoxdur.

Azərbaycanın bu mücahid oğlunun Türkiyədə, yoxsa Almaniyada dünyasını dəyişməsi və ölüm tarixi də bəlli deyil. Ailə qurması, övladlarının olub-olmaması barədə də məlumatlar yoxdur.  Məhz buna görə də, Həsən bəy Zərdabinin həyat və fəaliyyəti ilə bağlı kitablarda Səffət bəyin yalnız adı çəkilir, barəsində geniş bilgi verilmir. İnanırıq ki, Azərbaycan mühacirət tarixini tədqiq edən araşdırıcılar S.Zərdabinin indiyə qədər işıq düşməyən həyatına, memar kimi fəaliyyətinə, mühacirət mətbuatının  formalaşmasında göstərdiyi əməyə nəzər yetirəcək və bu yöndə tədqiqatlar aparacaqlar.

2 ŞƏRH

  1. Bu yazını diqqətlə oxudum . İlk dəfə olaraq mühacir mətbuatının formalaşmasında Səffət Zərdabinin xidmətləri ilə tanış oldum .Çox təəssüf ki , dahi həmyerlimizin oğlu Səffət Zərdabinin dəqiq harada vəfat etdiyi tarix bilinməyir. Öz materialında əhəmiyyətli və dəyərli faktlardan istifadə etdiyi üçün müəllifə dərin təşəkkür edirəm.

  2. Zərdab və zərdablılara atəşin salam. Səffət bəy Zərdabi ilə bağlı yeni tədqiqatlarım var. Yaxın zamanlarda onu oxuculara təqdim edəcəyəm.

Comments are closed.