H. Zərdabinin oğlu Səffət bəy Zərdabi ilə bağlı daha bir araşdırma

1
Eldəniz Həsənov
Eldəniz Həsənov, Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

 Həsən bəy Zərdabinin kiçik oğlu Səffət bəy Məlikov kim olub?

    (Bu barədə dərin tədqiqat işlərinin aparılmasına, geniş araşdırmalara zərurət vardır)

  Hörmətli oxucular, qeyd etmək istəyirəm ki, “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı tədqiqat əsərimi əldə etmiş olduğum bilgilər, arxiv sənədləri əsasında qələmə almış və tərəfimdən ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib olunmuşdur. Tərtib etdiyim şəcərədə göstərilən insanların başına gətirilən faciəli hadisələrin, onların keşməkeşli həyat yollarının tarixi şərhini verməyə çalışmışam.

Eyni zamanda, Zərdabi ocağından çıxan insanların o zaman xalqının tərəqqisi, rifahı naminə gördükləri işləri, verdikləri ideyaları, tövsiyələri, xeyriyyəçilik hərəkatını diqqətə çatdırmaqla bu işlərin müasir dövrdə böyük aktuallıq kəsb etməsindən, müstəqil Azərbaycan Respublikasında uğurla həyata keçirilməsindən söhbət açmışam.

Mən, Həsən bəy Zərdabi nəslinin nümayəndələri, onların keşməkeşli həyat yolları barədə tarixi araşdırmalar aparsam da, hüquqi-arxiv sənədlərinə, mənbələrə istinad etsəm də bu nəslin, bəyliyin dünyagörmüş yaşlı insanları, alimləri, ziyalıları ilə görüşüb təəssüratlandıqdan sonra əldə etdiyim bilgiləri qələmə almalı olmuşam.

Həmin insanlarla görüşmək, Zərdabi ocağından çıxanların başına gətirilən və zaman-zaman yaddaşlara həkk olunan, ağrılı-acılı, iztirablı günləri birgə yaşamaq, onların millət yolunda qurban getmiş həyatını tarixin səhifələrinə yazmaq, bunları xalqımıza çatdırmaq hər bir Azərbaycan ziyalısının, qələm sahibinin mənəvi borcudur.

Bütün bunlarla yanaşı, belə bir qərara da gəldim ki, kitab çapa gedənədək Zerdab.com saytı vasitəsilə Zərdabi irsi ilə məşğul olan Zərdabisevərlərə, Zərdabişünaslara, Zərdabi nəslinin nümayəndələrinə bir daha müraciət edim. Əgər bu mövzu ilə bağlı bilgiləri və yaxud da hansısa iradları varsa, bu sayt vasitəsi ilə bildirsinlər.

Bu gün haqqında tam məlumat əldə edə bilmədiyimiz Zərdabi ocağından çıxan, iztirablı yollar keçən,doğma vətəninə dönə bilməyən, mühacirət həyatı yaşayan şəxslərdən  biri də Həsən bəy Zərdabinin kiçik oğlu Səffət bəy Məlikov olmuşdur.

Səffət bəy Məlikov haqqında əldə etdiyim sənədlər, bilgilər əsasında sözügedən monoqrafiyada yalnız aşağıda qeyd olunanları qələmə almalı olmuşdum:

Məlikov Səffət Həsən bəy oğlu
Məlikov Səffət Həsən bəy oğlu. (1886-?)

Göyçay bölgəsinin Zərdab kəndində anadan olmuşdur. O, Bakı Real Gimnaziyasını bitirdikdən sonra xaricdə Ali Mühəndislik İnstitutunu bitirmiş, memar ixtisasına yiyələnmişdir. Ali təhsil almaq yolunda dövrün, zamanın bir çox obyektiv və subyektiv səbəbləri ucbatından çox çətin yol keçmişdir. Səffət bəyin sonrakı təhsili, həyatı barədə qısa da olsa məlumatlanmaq üçün anası Hənifə xanım Məlikzadə Zərdabinin 16 avqust 1919-cu ildə Azərbaycan Respublikasının maarif nazirinin adına yazdığı ərizənin  mətni ilə tanış olmaq maraqlı olardı.

“Azərbaycan Respublikasının maarif

                                                                            naziri Əlahəzrət Cənablarına

                                                              Həsən bəy Məlikzadə Zərdabinin dul övrətindən

                                                                                                  Ə r i z ə

Mənim oğlum Səffət bəy Məlikzadə Zərdabi Riqa Politexnik İnstitutunun dördüncü kurs tələbəsidir. Yaranmış vəziyyətlə əlaqədar, o, təhsilini davam etdirə bilmir. Siz, Əlahəzrət Cənabları, 100 nəfər gənci ali təhsil almaq üçün xaricə göndərəcəyinizi bəyan etmiş və bu barədə yazılı müraciət etməyi bildirmişsiniz. Ali təhsilini başa vurmaq arzusunda olan oğlum Səffət bəy hal-hazırda Konstantinopolda Xarici İşlər Nazirliyində xidməti işdədir. Təbiidir ki, o, tezliklə Sizə yazılı müraciət etmək imkanından məhrumdur. Ona görə ki, oğlumun əvəzinə mən, onun anası Sizdən xahiş edirəm ki, Səffət bəyi də xaricə ali təhsil almağa göndərəsiniz.

Mən möhkəm əminəm ki, xahişimi yerinə yetirəcəksiniz. Bunu da nəzərinizə çatdırıram ki, 4-cü kurs tələbəsi olmuş oğlum yaxşı-yaxşı qiymətlərlə oxumuş və dərs aldığı professorlar tərəfindən rəy almışdır.

Mən buna da bütün varlığımla əminəm ki, oğlum da atası Həsən bəy Məlikzadə kimi, ali təhsil aldıqdan sonra bütün ömrü boyu Azərbaycana ləyaqətlə xidmət edəcəkdir. Sizdən xahiş edirəm ki, hansı ölkəyə və hansı ixtisas üzrə oğluma yer ayrılması barədə məlumat verəsiniz. Bunu da nəzərinizə çatdırıram ki, Səffət bəy atası H.B.Zərdabinin adına təqaüdlə təhsil aldığından müvafiq sənədləri şəhər idarəsindədir. Tələbinizlə nazirliyə təqdim oluna bilər.

Hənifə xanım Məlikzadə Zərdabi

       16 avqust 1919-cu il, Bakı şəhəri”.

Arxiv sənədlərinin araşdırılmasından bəlli olur ki, Səffət bəy Həsən bəy oğlu Məlikzadə həqiqətən 1915-ci ilin aprel ayından 1917-ci ilin əvvəllərinədək Bakı şəhər İdarəsi tərəfindən ayrılmış azad təqaüdlə Riqa Politexnik İnstitutunda təhsil almışdır. Rusiyada hakimiyyət bolşeviklərin əlinə keçdikdən sonra o, Riqadan Bakıya qayıtmışdır.

1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması Səffət bəyi də coşqun fəaliyyət meydanına atmışdır. O, yaxın qohumu, Azərbaycan Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun sədri olduğu Paris Sülh konfransına gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibinə katib kimi daxil edilmişdir. 1919-cu ilin martın 9-da Əlimərdan bəy Topçubaşovun Fətəli xan Xoyskiyə göndərdiyi məktubdan bəlli olur ki, Səffət bəy Parisə yola düşməmiş, İstanbulda konsulluqda çalışmışdır. Bütün bunları nəzərə alaraq, Səffət bəy 1919-cu il sentyabrın 1-də Azərbaycan Parlamentinin qərarı ilə Avropa ölkələrinə göndərilən 100 nəfərin siyahısına salınmamışdır. Səffət bəy İstanbuldan Bakıya qayıdanda artıq Azərbaycan bolşeviklərin hakimiyyəti altında idi. Yaranmış siyasi vəziyyəti nəzərə alaraq, Səffət bəy 1921-ci il fevral ayının 7-də Azərbaycan SSR Maarif komissarı Dadaş Bünyadzadənin adına aşağıdakı məktubu göndərir:

“Xalq Maarif komissarına

                  Arxitektura tələbəsi Səffət Həsən oğlu Məlikovdan

                                                                                                      Ə r i z ə

Dördüncü kursun tələbə-arxitektoru olan mənim inqilab nəticəsində təhsilimi qurtarmaq imkanım olmadı.

Mən tələbə olarkən, politexnikum özünün istedadlı tələbələrindən biri kimi təhsilimi başa çatdırmaq üçün məni Almaniyaya göndərmək istəyirdi. Lakin 1917-ci ilin fevral inqilabı nəinki mənim xarici səfərimə, ümumiyyətlə, təhsilimi başa vurmağa mane oldu.

Müsavat hakimiyyəti illərində mənim xaricə ezam edilən tələbələrin sırasına daxil etmək barədə xahişim etinasızlıqla qarşılandı. Belə ki, Müsavat hökumətinin nöqteyi-nəzərincə mən öz əqidəmə görə siyasi baxımdan “etibarsız” hesab olundum. İndi texniki mütəxəssislərə necə böyük ehtiyac yarandığını və Azərbaycan sovet hökumətinin təcrübəsindən xarici ölkələrə tələbə ezam etmək hallarının olduğunu bilərək, Sizin köməyinizə arxalanaraq xahiş edirəm ki, məni Almaniyaya ezam edəsiniz. Təhsilimi tamamlamaq üçün mənə il yarım-iki il vaxt kifayətdir. Bu müddətdən sonra mən arxitektor-mütəxəssis kimi geri qayıdacağam. Axı Azərbaycan Sovet hökuməti Dağıstan inqilab komitəsinin müraciətinə əsasən bir dağıstanlı ali təhsil almaq məqsədilə xarici ölkəyə ezam edilirsə, elə düşünürəm ki, bu hökumət əvvəllər də öz vəsaiti ilə oxumaq imkanına malik olmadan, şəhər idarəsinin təqaüdündən istifadə edən, tədris başçılarının yaxşı rəy verdikləri azərbaycanlı gəncə də kömək göstərəcəkdir.

Məktubuma Bakı Şəhər İdarəsi yanında məktəb komissiyasının 2 aprel 1915-ci il tarixli protokolunun surətini əlavə edirəm.

Yoldaş komissar! Sizdən bir daha xahiş edirəm ki, ali təhsilimi Almaniyada başa çatdırmaq üçün ezam olunmağıma hərtərəfli köməyinizi əsirgəməyəsiniz.

7 fevral 1921-ci il, Bakı şəhəri”.

 Səffət bəyin həyatı barədə olan məlumatlar qısaca olaraq bundan ibarətdir. Odur ki, dərin araşdırmalar aparılmasına zərurət vardır.

Hörmətli oxucular, qeyd etməliyəm ki, Səffət Həsən bəy oğlu Məlikov haqqında yuxarıda qeyd olunanları qələmə almaqla artıq bu monoqrafiyamı yekunlaşdırmaq üzrə idim. Lakin sonradan xoş bir təsadüf Səffət bəy Məlikov haqqında monoqrafiyada gedən yazımın bir qədər də genişləndirilməsinə, onun həyatı və fəaliyyəti ilə bağlı yeni faktların öz əksini tapmasına səbəb oldu.

Belə ki, “Şərq” qəzetinin baş redaktoru, dəyərli jurnalist Akif Aşırlının Səffət bəyin həyatı və fəaliyyəti ilə əlaqədar Zerdab.com saytında işıqlandırılan “Səffət Zərdabi Türkiyənin tanınmış memarı, mühacirət mətbuatımızın qurucularındandır başlıqlı məqaləsini bir tərəfdən kədər, bir tərəfdən sevinc hissi ilə həyəcanla oxudum.

Müəllifin qələmə aldığı məqalədə Səffət bəy Məlikovun  həyatından xəbər verən yeni məqamlar mənim üçün böyük bir tapıntı oldu. Eyni zamanda müəllifin məqaləsində qeyd olunan mənbələr hesab edirəm ki, Səffət bəy Məlikov haqqında daha dərin araşdırmalar aparılması üçün bizlərə geniş yol açmış oldu.

Bunun üçün dəyərli jurnalistimiz Akif müəllimə dərin təşəkkürümü bildirir və onun Azərbaycan Xalq Cümhuriyyətinin quruculuğu yolunda gərgin fəaliyyət göstərmiş, mühacir mətbuatının formalaşmasında müstəsna xidmətləri olmuş, dövrün ictimai-siyasi proseslərinin fəal iştirakçısı, Türkiyə dövlətinin tanınmış memarı, millət fədaisi olmuş bir insan haqqında “Səffət Zərdabi Türkiyənin tanınmış memarı, mühacirət mətbuatımızın qurucularındandır məqaləsində Səffət bəylə bağlı gedən hissəni monoqrafiyamda bu şəxsiyyət haqqında gedən yazıma olduğu kimi əlavə etməklə oxucularımızın diqqətinə çatdırmağı özümə borc bilirəm.

Hörmətli jurnalist Akif Aşırlı həmin məqaləsində yazır:

“…Səffət bəy Zərdabinin izinə təsadüfən düşə bildim. Türkiyənin kitab hərracı bazarından əldə etdiyim “Azərbaycan Milliyyətçilər dərnəyi”nin nizamnaməsi bu yöndə bələdçim oldu. Məhəmməd Əmin Rəsulzadənin öndərliyi ilə 1949-cu ildə yaradılan “Azərbaycan kültür dərnəyi”nə paralel qurulan “Azərbaycan Milliyyətçilər dərnəyi” 1952-ci ildə Ankarada təsis olunub. Türkiyə Ədliyyə Nazirliyində qeydiyyatdan keçən dərnəyin 11 nəfər qurucusu var və onlardan biri də Səffət bəy Zərdabidir.

1952-ci il fevralın 8-də yaradılan “Azərbaycan millətçilər dərnəyi”nin qurucuları sırasında Azərbaycanın istiqlal savaşını aparan xeyli sayda tanınmış isimlər var. İsgəndər xan (Xoyski), “Azadlığa uçan” ilk azərbaycan türkü Mehmet Altunbay, Əhməd Ulusoy, Hidayət Turanlı kimi xalqımızın cəsur övladlarının yaratdığı dərnək qarşısına böyük məqsədlər qoydu: “Böyük türk aləminin bir parçasını təşkil edən Azərbaycanın tarixini, mədəniyyətini, iqtisadiyyatını araşdırmaq və yaymaq”. Zahirən mahiyyətində siyasi iddia görünməyən bu tələblərin arxasında Azərbaycanın istiqlalının bərpası kimi böyük siyasi savaş dayanırdı. Bu savaşın əsas öncüllərindən biri Səffət Zərdabi idi. Nizamnamədəki qeyddən bəlli olur ki, S.Zərdabi ali təhsilli inşaat mühəndisidir, Ankarada yaşayır. İnternet üzərindən apardığım axtarışlarından bəlli oldu ki, H.Zərdabinin bu məlum olduğu qədər də “naməlum oğlu”nun yaşadığı məhəllə, ev hələ də durur və 1960-cı illərin ortalarınadək Səffət bəy bu evdə yaşayıb.

Sonra nə səbəbdənsə Türkiyədən köçüb, Almaniyada qərarlaşıb. Onun Almaniyada qərarlaşmasını 1967-ci ilin yanvarın 1-də nəşr olunan “Türkiyə mühəndislik xəbərləri” dərgisinin yubiley sayından öyrənmək mümkündür. Türkiyə Mühəndislər Cəmiyyətinin qurucuları sırasında yer alan S.Zərdabi yubiley törəninə qatılmamasına baxmayaraq digər həmkarları kimi adı dərgidə hörmətlə çəkilir. Türkiyə inşaat mühəndisliyinə, memarlığına etdiyi xidmətdən dolayı ünvanına göndərmək şərtilə ona xatirə plaketi təqdim olunur. Təltif olunanların sırasında ilk yerlərdə qərarlaşan Səffət bəyin adı qarşısında “Almaniyada yaşayır” sözü yazılıb.

Dərginin həmin sayında Türkiyənin ən tanınmış memarı kimi şəkli çap edilib və barəsində yığcam bir tərcümeyi-hal da var. Fəaliyyəti barədə oxuculara məlumat verilən məqalədə S.Zərdabi özü barədə bunları deyir: “1314 sənəsində Qafqaz Azərbaycanında mülkümüz olan Zərdabda doğulmuşam. İlk və orta təhsilimi Azərbaycanda-Bakıda aldıqdan sonra təhsilimi Riqa Ali Mühəndislik məktəbində davam etdirmişəm. Rusiyada 1917-ci il inqilabından sonra məktəbi və məmləkətimi tərk etməyə məcbur qalmışam. Bundan sonra Almaniyada Karleruhe Ali Mühəndislik məktəbinin memarlıq şöbəsini bitirdikdən sonra 1928-ci ildə Türkiyəyə gəlmiş və burada fasiləsiz olaraq məsləyimdə çalışmışam”.

1917-ci il bolşevik inqilabından sonra S.Zərdabini Azərbaycanı tərk etdiyini yazmasına baxmayaraq onun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti quruculuğu prosesində yaxından iştirakı məlum olur. Belə ki, Türkiyənin Boğaziçi Universitetində çalışan həmyerlimiz Vüqar İmanovun 2003-cü ildə Əlimərdan bəy Topçubaşovla bağlı çap etdirdiyi monoqrafiyada S.Zərdabinin Paris Sülh konfransında iştirakı rəsmi sənədlərlə təsdiqlənir. Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşovun şəxsi katibi kimi diplomatik fəaliyyət göstərən Səffət bəy bir müddət nümayəndə heyətinin maliyyə məsələlərinə də rəhbərlik edir. Azərbaycanın sovetləşməsindən dolayı vətənə dönə bilmir, bir müddət sonra mühacirət həyatı başlayır. 1928-ci ildən sonra Türkiyəyə dönən Səffət bəy Ankarada bir çox binaların baş memarı olur və Türkiyə Mühəndislər Ocağının əsas qurucuları sırasına qatılır. “Türkiyə Mühəndislik xəbərləri” dərgisinin bir neçə sayında S.Zərdabinin memarlıq fəaliyyəti barədə məlumatlar əksini tapıb. İnşaat sektorunda mühüm vəzifələr icra edən Səffət Zərdabi Ankarada maarif vəkalətli inşaat şöbəsinin müdiri, İnhisarlar Birliyinin inşaat şöbəsi rəisi, Sumerbank inşaat bölümünün direktoru kimi fəaliyyət göstərərək Türkiyənin bir çox sənaye obyektlərinin baş memarı olur. Təəssüf ki, hansı binaların memarı olması barədə nə özü məlumat verir, nə də ki, dərgilərdə bu barədə məlumatlar var.Səffət Zərdabi

Memarlıq fəaliyyəti ilə yanaşı, ictimai-siyasi proseslərə qatılan Səffət bəy Azərbaycan mühacirlərinin bir araya gəlməsində, bolşevik istilasına qarşı mübarizənin təşkilində fəallıq göstərir, mühacirət mətbuatının formalaşmasında naşir yazar kimi çalışır.

1950-ci illərdə “Azərbaycan Milliyyətçilər Dərnəyi”nin rəhbər heyətində təmsil olunan S.Zərdabi bu təşkilatın mətbu orqanı olan “Türk izi” dərgisinin nəşrində iştirak edir. 1952-1954-cü illərdə çap edilən, cəmi 10 sayı işıq üzü görən “Türk izi” M.Ə.Rəsulzadənin rəyi ilə nəşrə başlayan “Azərbaycan” kültür dərgisindən fərqli olaraq radikal millətçi mövqeyi ilə  seçilir. M.Ə.Rəsulzadə və onun mühacirlər komandasına qarşı kəskin müxalif mövqeyi ilə seçilən “Türk izi”nin yayım müdiri Çingiz Göygöl idi. Mühacir yazarlardan Niyazi Kürdəmirin, Hidayət Turanlının, A.Çəmbərəkəndlinin ərsəyə gətirdiyi dərginin nəşrində Səffət bəy böyük rol oynayıb.

“Türk izi” bağlandıqdan sonra “Azərbaycan Milliyyətçilər Dərnəyi”nin ətrafında toplaşanlar “Mücahid” adlı dərginin çapına icazə alır. 1955-ci ilin iyulunda ilk nömrəsi işıq üzü görən “Mücahid” mühacirət mətbuatımızın ən uzun ömürlü  nəşrlərindən biridir. Aylıq ictimai fikir məcmuəsi kimi oxuculara təqdim olunan “Mücahid”in əsas şüarı Azərbaycan milli birliyi fikrini yaymaq və bütün Rusiya məhkumu islam-türk aləminin hürriyyət və qurtuluşu idi. 1962-ci ilə qədər 59 sayı çap olunan jurnalın təsisçisi və müdiri Çingiz Göygöl yenə də Müsavat Partiyası və onların liderlərinə qarşı kəskin müxalif mövqe nümayiş etdirirdi. “Yeni mətbəə”də çapa hazırlanan “Mücahid” bir müddət Səffət Zərdabinin rəhbərliyi ilə oxuculara çatdırılıb. Çox təəssüf ki, Həsən bəyin bu millətçi-yazar oğlunun mühacirət mətbuatının formalaşmasında oynadığı rol, onun publisistik yazılarının məqsədi, məramı və istiqaməti barədə tədqiqat işi demək olar ki, yoxdur.

Azərbaycanın bu mücahid oğlunun Türkiyədə, yoxsa Almaniyada dünyasını dəyişməsi və ölüm tarixi də bəlli deyil. Ailə qurması, övladlarının olub-olmaması barədə də məlumatlar yoxdur.  Məhz buna görə də, Həsən bəy Zərdabinin həyat və fəaliyyəti ilə bağlı kitablarda Səffət bəyin yalnız adı çəkilir, barəsində geniş bilgi verilmir. İnanırıq ki, Azərbaycan mühacirət tarixini tədqiq edən araşdırıcılar S.Zərdabinin indiyə qədər işıq düşməyən həyatına, memar kimi fəaliyyətinə, mühacirət mətbuatının  formalaşmasında göstərdiyi əməyə nəzər yetirəcək və bu yöndə tədqiqatlar aparacaqlar”.

Qeyd edim ki, Səffət bəylə bağlı bəzi mənbələrdə bildirilir: “Qəribsoltan xanım qardaşı Səffət bəyin həsrətindən çox üzülübmüş. Şahidlər söyləyirlər ki, ikinci dünya müharibəsindən sonra əsirlikdən qayıdan bir neçə nəfər Qəribsoltan xanımı taparaq ona Səffət bəyin salamını çatdırmışlar. Onlar demişlər ki, biz Fransada əsirlikdə olanda Səffət bəy alman komandanlığından icazə alıb bizi qonaq apardı, Zərdab, Azərbaycan haqqında danışmağımızı xahiş etdi, qürbətdə yaşamağa dözə bilmirəm, dedi. Səffət bəy o adamlara deyib ki, Allahdan bircə arzum var ki, heç olmazsa mən öləndə cəsədimi yandırıb külümü Kürə səpmək mümkün olaydı…”.

Hesab edirəm ki, biz Zərdabişünaslar, tədqiqatçı alimlər, qələm sahibləri bundan sonra daha dərin araşdırmalar aparacaq, vətənin cəfakeş oğlu Məlikov Səffət Həsən bəy oğlunun Azərbaycanın xoşbəxt gələcəyi naminə göstərmiş olduğu tarixi xidmətlərinin üzə çıxarılması yolunda, eyni zamanda keşməkeşli həyat yolunun işıqlandırılmasında fəaliyyətimizi daha geniş şəkildə davam etdirəcək, Həsən bəy Zərdabinin kiçik oğlu Səffət bəy Məlikovun kim olması faktlarını tarixi hüquqi-arxiv materialları əsasında tam şəkildə xalqımıza çatdıracaq və bunun nəticəsində onun tarixi xidmətləri müstəqil görmək istədiyi Azərbaycan Respublikasında öz layiqli qiymətini alacaq, Azərbaycanın tarixi şəxsiyyətləri sırasında onun xatirəsi daima yad ediləcəkdir.

1 comment

  1. Hörmətli professor, Sizi böyük ehtiramla salamlayıram! Mən də “Şərq” qəzetinin baş redaktoru, dəyərli jurnalist Akif Aşırlının Səffət bəyin həyatı və fəaliyyəti ilə əlaqədar Zerdab.com saytında yayımlanan “Səffət Zərdabi Türkiyənin tanınmış memarı, mühacirət mətbuatının qurucularındandır” adlı yazını diqqətlə oxudum. Və Sizin “Həsən bəy Zərdabinin kiçik oğlu Səffət bəy Məlikov kim olub?” adlı materialınıza da eyni maraqla yanaşdım. Mənə aydın oldu ki, Siz bu istiqamətdə öz tədqiqatlarınızı davam etdirəcəksiniz. inşallah, belə bir araşdırma apararkən mühacirət mətbuatının ən uzun ömürlü nəşrlərindən olan “Mücahid” dərgisinin Səffət Zərdabinin rəhbərliyi ilə oxuculara çatdırılan nömrələri barədə ətraflı məlumata yer versəniz, bizi çox sevindirmiş olarsınız. Ümid edirəm ki, belə də olacaq!

Şərh yaz

Please enter your comment!
Please enter your name here

9 − 2 =