Hamı-cütçü, hamı-rəncbər, əvvəl-axır hamı əkdiyini biçir

0
Müəllif: Loğman
Müəllif: Loğman

Yağışlar başlayanda adamlar içinə yığılır.

Ümidlərinə bürünür.

Yalqızlığına qısılır.

Taleyinin ən ucqar kəndinə pünhanlanır.

Həyatının ən uzaq küncünə çəkilir.

Dünyaya boylanır həyatının ən uzaq küncündən.

Yağışlar başlayanda hamı hamını unudur, yaddaşından salıb itirir.

Hamı özünə dönür, hamı özünü-özünə qaytarır.

Hamı günahsızlığına pənahlanır.

Özündən başqa yeri, yurdu olmur.

Özündən başqa sevgisi, dərdi olmur.

Özündən başqa əli hər şeydən üzülür.

Təpədən dırnağacan özü olur.

Özündə özündən başqa heç nə saxlamaq istəmir heç kim…

***

Yağışlar başlayanda hamı içindəkiləri səpir xatirələr tarlasına, həsrət şumuna.

Bir kövrək pıçıltıya təşnədi hamı – hər şeyi unudub yenidən həyata sarılmağa.

Bir isti nəfəsə bənddir hamı – yenidən pöhrələməyə.

Bir zərrə işartıya möhtacdır hamı – baş alıb getməyə.

Bir həzin aha, bir köks ötürməyə, hənirə tutqundu hamı – içindən nostalji cücərtməyə.

Hamı – cütçü, hamı – rəncbər, əvvəl-axır hamı əkdiyini biçir.

Tarla da, toxum da, şum da sənsən.

Kəl də, əkinçi də, kotan da sənsən.

Özün əkib, özün biçirsən.

Özün özünə səpilirsən.

Özün özündə itirsən.

Özün özündə bitirsən.

Təzələnirsən.

***

Yağışlar başlayanda sirr saxlamaq – çətin.

Yağışlar başlayanda adamlar sirrinə sığınır.

Sirrini açmağa yer axtarır, üz axtarır.

Sirrini umud olmağa qəlb axtarır, göz axtarır.

İçində sirr saxlayanların ağlamağı gəlir nədənsə.

Nədənsə yağışlar yağanda ağlamaq asan olur hər şeydən.

Adamlar sirr tökürlər gözlərindən yağışlar başlayanda.

Adamlar dürr tökürlər gözlərindən – yağışlara oxşayan.

***

Yağışlar quş yuvasının, quş yumurtasının istisini əlimin yaddaşından soyub aparır – ən uzaq, ən uşaq xatirə kimi…

Üşüdür məni – saçımın ağlığı qədər.

Yağışla yuyulmuş günəş işığında adamlar unutduqlarını gəzirlər.

Haçansa itirdiklərini soraqlayırlar.

Bu yağış bugünü cücərdə bilər.

Bu yağış dünəni göynədə bilər, amma göyərtməz.

Dünən yağışla göyərsəydi, insanlar ömür boyu göz yaşı tökərdilər…

***

Zirvə qarı tək heç vaxt əriyə bilmədim – üstümə günəş işığı düşsə də, günəşə hamıdan yaxın olsam da…

Amma yağışlar başlayanda əriyib yağışlara qoşulmaq gümanım olub həmişə.

Yağışlara yoldaş olmaq sevdası payız axşamları çəkilən qu naləsi kimi hüznlü olsa da…

Əriyib yağışlara qoşulmaq bələkdəki körpə təbəssümü kimi yaşamağa çağırır məni.

Məsumluğun gücünə heyrət edirəm.

Dünyanın köhnəliyindən çox, körpə üzünə inanıram.

Üzümü dünyanın körpə üzünə söykəyirəm.

Nə böyük səadət!

Qoşulub yağışlara duruluğa axmaq.

Qoşulub yağışlara damları dəlmək.

Düşüb yağışların yanına ürəklərə gəlmək.

Özünü maşınların şüşəsinə atıb “intihar” eləmək.

Düşüb yağışların dalınca xatirələrə girmək.

Bir yağış ömrü sürmək.

Dünyanı yumaq əsgərliyi…

***

Dünyanı tanıyandan onu yumağım gəlir.

Yolayrıcında dayanmış maşınların şüşələrini silməyə can atan uşaqlar kimi.

Amma dünya bir an belə yerində durmur…

Dünya qaçır, qaçdıqca çirklənir.

Dünya çirkləndikcə yağışlar yuyur.

Hər yağışdan sonra dünyanın safa çıxmağına gümanım qalıb hələ də.

Hələ də inanıram ki, göyqurşağı yağışdan sonra üfüqlərin çiçək açmağıdır…

 

Mənbə: ZAMAN. email: m.logman@zaman.az

üfüq xətti

Şərh yaz

Please enter your comment!
Please enter your name here

4 + 17 =