Jalə Əliyeva: “Peşman olduğum hadisə toy günümdə baş verdi”

0
26
Jalə ƏLİYEVA,  Milli Məclisin deputatı, BDU-nun professoru.
Jalə ƏLİYEVA, Milli Məclisin deputatı, BDU-nun professoru. Foto: Zerdab.com

Heç də hər zaman arzuladığımız həyata aparan yolda bəyənmədiklərimizi dəyişdirmək gücümüz və ya imkanımız olmur. İllər ötükcə isə edə bilmədiklərimiz “KAŞ Kİ…”lərə çevrilir.
“İndiki ağlım olsaydı”, “İndiki pulum olsaydı”, “ İndiki vaxtım olsaydı” …… dəyişərdim kimi ifadələrin bəzən sayı-hesabı olmur…

Çünki keçmişdə edə, dəyişdirə bilmədiklərimiz az və ya çox dərəcə də şüuraltımızda ilişib qalır, ta ki o sönənə kimi…
Beləliklə, NƏYİ DƏYİŞƏRDİN?” rubrikasının bu dəfəki qonağı xanım millət vəkili Jalə Əliyevadır. .Jalə Əliyeva keçmişə qayıtsaydı, nələri dəyişərdi? sualını cavablandırır.

Arzum 10 il sonra reallaşdı…

Gəlin birinci peşədən başlayaq. Şərqşünas, eyni zamanda hüquqşünasam. Amma qeyd edim ki, ilk növbədə, hüquqşünas olmaq istəmişəm. Hüquqşünas olmağım üçün müəyyən qadağalar var idi. Elə bu qadağalara görə, çox sevdiyim şərq dillərinə, şərq ədəbiyyatına üz tutdum.

Hüquqşünas olmaq arzum hər zaman aktual idi. Universiteti bitirdikdən 10 il sonra bu “kaş hüquqşünas olardım” fikri gerçək oldu və hüquq fakultəsinə daxil oldum. Bu gün isə düşünürəm ki, çox yaxşı dizayner ola bilərmişəm. O qədər mənə maraqlıdır əlimlə çəkdiyim şəkillər. Baxmayaraq ki, həmin şəkilləri axıra qədər də çəkə bilmirəm. Kaş onu bacarsaydım, kaş onun texnikasını biləsəydim… Ev dizaynı xobbimə çevrilib. Bəzən qohumların evinə gedəndə, müştəri gözü ilə baxıram evə. Burada nəyi dəyişmək olar, görəsən?

Alın yazısına həddindən artıq inanıram

Ailə elə bir ocaqdır ki, onu sən həm seçirsən, həm də seçmirsən. Məsələn, valideynləri sən seçmirsən. Bu, bir tanrı payıdır. Mən doğulduğum ailədən razıyam. Bu mövqeyə gəlib çatdığım üçün valideynlərimə minətdaram. Onları əsla dəyişdirmək istəməzdim.
Övladıma gəldikdə, o , mənim sadəcə qızım deyil, oğlumdur, rəfiqəmdir, bacımdır, qardaşımdır, çünki mən ailənin tək övladıyam.

Alın yazısına həddindən artıq inanıram. Bəzən deyirlər ki, hər şey insanin öz əlindədir. Heç bir insan kimliyindən asılı olmayaraq , “pis seçim edirəm” düşüncəsi ilə addım atmaz. Hər kəs addımını atanda düşünür ki, seçimin ən yaxşsını edim. Söhbət ailə münasibətlərindən gedir. Bir az böyük danışmış olaram, desəm ki, bir daha olsaydım, bu səhvi etməzdim və həyatımı başqa cür qurardım. Bu, mənim əlimdə olan bir şey deyil. Bu, bir bağlı sandıqdır. Ona görə də bu addımımı peşmançılıq hissi şəklində qəbul etmək istəmirəm.

Bu hadisə həyatımın 15 illinin ağır keçirməyimə səbəb oldu
Çox peşman olduğum belə bir hadisə gənclik dövrümdə, toyum vaxtı baş verib. 132 nömrəli orta məktəbi bitirmişəm. Həmin məktəbdə 4 cü sinifdən etibarən, dil ədəbiyyat müəlliməm Aliyə Təhmasib olub. O, mənim üçün həm sənətimin seçilməsində, həm ədəbiyyata sevgimdə, ümumiyyətlə, bir kumir rolunu oynayırdı. O, mənə mənəvi qız kimi baxıb, mən də onu mənəvi anam kimi görmüşəm.

Təsəvvür edin ki, bu qədər sıx münasibətlərimiz var idi, necə olubsa, Aliyə müəllimə toy siyahımda yer almamışdı. Bəlkə də mən çox yüngül bir nümunə gətirirəm. Amma bu hadisə bəlkə həyatımın 10-15 illini ağır keçirməyimə səbəb oldu. Sən demə, o, gözləyib, gözu yolda qalıb, hətta mənə az dərs demiş, o qədər də həyatımda böyük rolu olmayan müəllimlərimdən bir neçəsi dəvət olunmuşdu. Bizim bir qohumumuza toydan bir neçə gün sonra o, deyib ki, axşam 5-6 ya qədər gözləyib. O vaxt Aliyə müəllimə 132-nin diektoru idi. Saat 6 ya yaxınlaşanda, anlayanda ki, toy artıq başlayıb və bundan sonra təbii ki onu heç kim dəvət etməyəcək. Aliyə müəllimə səhərə qədər ağlayıb. Mənə bu xəbər çatdığı andan etibarən, 1990-cı ildən ta ki 2003-2004-cü ilə kimi həyatımın 10-15 ilini aldı. Illər keçdi, təbii ki o, məni bağışlamışdı. Amma mən hər zaman onunla ünsiyyətdən qaçırdım.

O portreti verməklə günahımı yumuş oldum

İllər ötdü… 2004-cü ildə Azərbaycan Televiziyasında bir rubrika açılmışdı, “Görüş yeri”. Hər ay bir məktəb haqqında veriliş gedirdi. Elə oldu ilk veriliş 132 nömrəli məktəbə həsr olundu. Məni də bir əlaçı məzun kimi həmin məktəbə dəvət etdilər. Verilişin qonağı olacağını qabaqcadan bilirdim, hazırlaşmışdım.
Ağlıma bir ideya gəldi, bir gənc rəssam tapdım. Bilirdim ki, məşhur rəssamaların heç biri mənim bu kaprizimi qəbul etməyəcəklər.

Qəribə idi ki, Aliyə müəllimənin şəkli də yox idi əlimdə. Rəssamdan xahiş etdim ki, xahiş etdim ki, hansı bəhanə ilə olursa-olsun, sən direktorun kabinetinə girirsən. Onun cizgilərinə diqqətlə baxırsan və onun bir portretini yaradırsan. Rəssam həmin o portreti çox gözəl yaratmışdı. Çox qəribədir ki, rəssam sanki, 15 20 ilin əvvəlinin müəlliməsini çəkmişdi. Həmin verilişdə çıxış etdikdən partanın arxasından bu portreti çıxardıb, təqdim edəndə Aliyə müəlliməyə, bu, ona çox xoş bir surpriz oldu. Mənə elə gəlir ki həmin gün mən günahımı yumuş oldum. Ona görə yox ki,ona bir portret vermişdim,ona görə ki, mən bütün sevgimi, o peşmançılığımı, bu addımımla bildirməyə çalışmışdım. /Nihadə Eyyubova, publika.az/