Ünvanlı sosial yardımın verilməsi ilə bağlı əhaliyə müraciət

0
39
ünvanlı sosial yardımÜnvanlı sosial yardımların ünvanlığının təmin olunması və şəffaflığını daha da artırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mətbuata və əhaliyə müraciət edib. Zerdab.com-un APA-ya istinadən verdiyi məlumata görə, nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib ki, bu vaxta qədər aparılan təyinatların hamısı dövlət başçısı tərəfindən aztəminatlı ailələrə verilməli olduğu halda, ünvanlı sosial yardımların heç də hamısı həmin kateqoriyadan olan insanlara verilməyib: “Ona görə də bu günə qədər təyinat aparılmış ünvanlı sosial yardım alan şəxslərin tərkibi tərəfimizdən araşdırılmaqdadır. Bu məsələdə biz mətbuata və ümumilikdə ictimaiyyətin nümayəndələrinə müraciət edərək onların məlumatlarına ehtiyac duyuruq”.

Ç.Əliyev bildirib ki, noyabr 1-nə olan məlumata görə, ünvanlı sosial yardım alan ailələrin sayı 14 157-dir: “Nazirliyin saytında yerləşdirilən məlumatlara baxmaqla, bu ailələrin hamısının aztəminatlı ailələr olduğunu müəyyənləşdirmək çətindir. Rayon və şəhərlərdə əhalinin aztəminatlı olan şəxslərinə müraciət edirəm – onlar nazirliyin səhifəsində yerləşdirilən adlı siyahıya baxmaqla, aztəminatlı təbəqəyə aid olmayanları müəyyən edə bilərlər. Eyni zamanda rayon və şəhər Əhalinin Sosial Müdafiəsi mərkəzlərində adlı siyahılar mərkəzdə görünən yerlərdə asılıb. Bu siyahıda da onları müəyyən edərək, aid məxsusi təbəqəyə olmayanları müəyyən edə bilərlər”.

Nazirlik əməkdaşlarının bu işin öhdəsindən tək gələ bilmədiyini etiraf edən xidmət rəisi bütün vətəndaşlardan kömək istəyib.

Qeyd edə ki, müvafiq hal aşkar olunduqda, nazirliyin elektron poçt ünvanına, eləcə də 142 “Qaynar xətt”inə və Xidmətin 012 595 04 26 və 595 04 28 saylı telefon nömrələrinə zəng etmək xahiş olunur.

Ç.Əliyevin sözlərinə görə, bu ilin oktyabr ayında ünvanlı sosial yardım təyinatı ailələr üzrə 15 150 olub. Hazırda noyabr ayı üzrə təyinatlar gedir. Artıq Əhalinin Sosial Müdafiə mərkəzləri üzrə təyin olunmuş limit aradan götürülüb. Bütün rayonlarda ünvanlı sosial yardım almaq üçün müraciət edənlərin müraciətləri qanunvericilik əsasında baxılaraq, onlara təyinatlar aparılır: “Hazırda bu günə qədər 13 459 təyinat aparılıb. Əhalinin Sosial Müdafiəsi mərkəzlərindən daxil olan məlumatlara əsasən, noyabr ayında ünvanlı sosial yardım alanların sayının 21 500 olması nəzərdə tutulur. Bu, oktyabr ayı ilə müqayisədə 42% çox deməkdir. Bununla əlaqədar bir neçə gün öncə ünvanlı sosial yardım alanların rayon və şəhərlər üzrə məlumatları nazirliyin saytında birinci səhifədə yerləşdirilib. Arzu edən şəxslər ünvanlı sosial yardım alanlar səhifəsinə girməklə, həmin məlumatları əldə edə bilər”.