Əsəb sakitləşdirici

0
74

FOTOTəxminən bir ildən artıqdır ki, valideynlərimdən birinin pensiya kartı məndədir.

Əvvəl götürmək istəmədim, dedim öz problemləriniz özünüzə bəsdir, pensiyanı dərd-sərinizə xərcləyin, amma razılaşmadılar. Mən də sonradan etiraz eləmədim. O gün valideynlərim yenə zəng vurdular ki, bəs pensiya gəlib. Bir müddət idi ürəyim ağrıyırdı, dedilər ki, o pulu al həkimə get. Ürək məsələsi ciddi olduğundan razılaşdım. Amma iş elə gətirdi ki, pensiyanın yarısını – 50 manatını özüm də fikir vermədən hissə-hissə xərclədim. Qalan 50 manatı da götürüb nə qədər ki, qurtarmayıb həkimə yollandım. Dedim bu pulla həm müayinədən keçərəm, həm də iynə-dərman alaram. Üz tutdum Akademik M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına. 1-ci korpusdan 5-ci mərtəbəyə qalxıb, sol tərəfdəki otaqda həkimin iş başında olduğunu öyrəndim. Tibb bacısı məni görən kimi, həkimin üzünü görməmiş elə qapıdaca kağıza “exo” və “ekq” yazıb 4-cü mərtəbəyə düşməyimi istədi. Mənə lazım olan otaqlar yan-yana idi və içəridə tibb işçilərindən başqa heç kim yox idi. Ürəyimin kardioqramını çıxarmaq üçün lazım olan proseduru keçdim. Bundan sonra girəcəyim otaqda bir nəfərin 2 manat üstündə tibb bacısı ilə mübahisə etməsi diqqətimi çəkdi. Belə başa düşdüm ki, övladı hərbi xidmətə gedəcək valideyndir, Lənkərandan gəlib. Tibb bacısı ondan nəyəsə görə 2 manat istəyirdi. Kişi vermək istəmədi və dedi ki, bəs deyirlər dövlət xəstəxanalarında xidmət pulsuzdur, nə oldu? Tibb bacısının cavabı gecikmədi: “Əşi, sən Allah. Lənkəranlılar xəsis olmurlar axı”.

Bu “məntiqli” yanaşmadan sonra kişinin səsini bir daha eşitmədim. Kardioqram çəkilib qurtardı, işi görən xanım sənədi o biri tibb bacısına təhvil verdi. İlk sual belə oldu: “Kim göndərib?”. Cavab: “…. doktor”.

Gənc tibb işçisi üzünü mənə tutub: “10 manat ödəməlisən”,-dedi. Tutulub qaldım, mən uzağı 5 manat alarlar düşünmüşdüm. Xanım pulu istəyəndən sonra elə təbəssüm elədi ki, “mıqq” da eləyə bilmədim.

Keçdim o biri otağa. Bayaq haqqını tələb edən adam artıq getmişdi. Rəngli exodopplerkardioqrafiya üçün yenidən çarpayıya uzandım. Həkim Allahverdiyeva A. aparat vasitəsilə ürəyimi yoxladı. Dedi ki, ürəyinin qulaqcıqlarından biri zəif işləyir, deyəsən, revmatizman da var. Söz arası soruşdu ki, hansı rayondansan və s.

İşi bitirdi, yazdı, imzaladı mən də bu arada 5 manatı hazırladım. O isə müayinənin cavabı yazılan kağızı mənə uzadıb, 20 manat istədi. Eşitdiyimə inanmadım: “Nə qədər?” Yenə eyni cavabı aldım. Bəlkə 10 manat? “Yox, 20 manat, bizlik bir şey yoxdur, belə deyiblər”,-dedi həkim. Çıxarıb verdim. Otaqdan çıxandan sonra qeyri-ixtiyari olaraq əlimi cibimə atıb qalan pula göz gəzdirdim. Hə, pensiyadan 20 manat qalırdı. Müayinənin cavablarını da götürüb həkimin otağına daxil oldum. İnsafən, həkim məni yaxşı müayinə elədi, ürəyimin normal vəziyyətdə olduğunu, ağrıların isə əsəblə, gərginliklə, yorğunluqla bağlı olduğunu söylədi. Təzyiqimi də yoxladıqdan sonra reseptə 1 iynə, 3 dərman adı yazdı. Dedi ki, yazdığı dərmanlar həm də əsəbə qarşıdır, bunları qəbul edəndən sonra rahat yatacağam, ürəyimdə ağrılar olmayacaq, əsəbləşməyəcəyəm və s.

Az olduğunu bilsəm də, həkimə 10 manat verdim. Dinməz-söyləməz alıb qoydu cibinə. Mən isə resepti  cibimə qoyub birbaşa işə gəldim. Aptekə getməyə ehtiyac qalmadı. Çünki pensiyadan cəmi 10 manat qalıb ki, o da bizim çörək pulumuz…

P.S. Xəstəxanadan gəlib kompyuter arxasına keçən kimi birbaşa bu yazını yazmağa başladım. Bəlkə də, həmin həkimlər mənim dövlət xəstəxanasında xidmət pulsuzdur, amma artıqlaması ilə aldılar düşünüb belə bir yazı yazmağımı qınayacaqlar. Qeyd elədim axı, həkim demişdi ki, əsəblərimdə oyanıqlıq var. Yəqin mənim belə bir yazı yazmağım həm də əsəblərimin oyanıqlığı ilə bağlıdır. Söz verirəm, həkim yazan dərmanları qəbul edəndən sonra əsəblərim sakitləşsə, bir də belə mövzularda yazı yazmayacağam. Hələ ki, yəqin üzrlü saymaq olar…

Nicat İntiqam