Prezident qeyd edib ki, Azərbaycanın tarixi nailiyyətlərindən biri olan “Azerspace-1” ilk milli telekommunikasiya peykinin orbitə çıxarılması, eləcə də informasiya texnologiyaları üzrə universitetin və dövlət fondunun, “Yüksək Texnologiyalar Parkı”nın yaradılması, stimullaşdırıcı tədbirlərin tətbiqi ölkədə təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan innovativ və texnoloji tutumlu iqtisadiyyata keçidin təmin edilməsinə möhkəm zəmin yaradır: “Azərbaycanın BMT Baş Assambleyasının 67-ci sessiyasında Avrasiya Rabitə Alyansının təsis edilməsi ilə bağlı təklifinin bəyənilməsi barədə qətnamənin qəbul edilməsi ölkəmizin beynəlxalq İKT çağırışlarının həyata keçirilməsinə dünya ölkələrinin artan dəstəyinin bariz təzahürüdür. Azərbaycanda hər il keçirilən “BakuTel” beynəlxalq sərgi və konfransı müxtəlif ölkələri təmsil edən təşkilatların, alim və mütəxəssislərin bir araya gələrək öz ideyalarını bölüşməsi, işgüzar əlaqələri genişləndirməsi, qabaqcıl texnoloji nailiyyətlər və yeniliklərlə tanış olması üçün əlverişli imkan yaradır. Builki sərgi və konfransın ölkəmizdə elan edilmiş “İKT ili” çərçivəsində keçirilməsi, onun proqramına kibertəhlükəsizlik üzrə konfransın və digər mötəbər tədbirlərin daxil edilməsi, aparıcı şirkətlərin daha geniş təmsil olunması bu sərgi və konfransın əhəmiyyətini daha da artırır”.
Sonda dövlət başçısı dərgi və konfransın işinə uğurlar arzulayıb.