Benzinin qiyməti bahalaşdı

4
benzin

benzinBu gün Azərbaycan Tarif Şurası növbəti iclası keçirilib. Zerdab.com Tarif Şurasının saytına istinadən xəbər verir ki,  iclasda rabitə, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin, təbii qazın iri istehlakçılara (“Azərenerji” ASC və “Azərikimya” İB) satışı və bəzi neft məhsullarının satışı tariflərinə baxılıb.

Tarif (qiymət) Şurasının iclasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müraciəti əsasında bir sıra rabitə xidmətlərinin tariflərinə baxılmış və müvafiq qərar qəbul edilib.

Belə ki, rabitə xidmətləri üzrə telefon çəkilişi tarifi 40-120 manatdan 30 manata, beynəlxalq danışıq tarifləri 1 dəqiqə üçün zonalardan asılı olaraq 36, 45 və 54 qəpikdən bütün zonalar üzrə 32 qəpiyə, şəhərlərarası danışıq tarifi 1 dəqiqə üçün 7 qəpikdən 5 qəpiyə, faks aparatından aylıq istifadə tarifi 80 qəpikdən 50 qəpiyə qədər azaldılıb, 107 sifarişli rabitə xidməti üzrə tarif kənd yerləri üçün mövcud 5 qəpik səviyyəsində saxlanılmış, şəhər və rayon mərkəzləri üçün isə 2 dəfə azaldılmaqla 10 qəpik təsdiq edilmişdir. Eyni zamanda, telefon nömrəsinin addan-ada keçirilməsi, şəhərlərarası və beynəlxalq danışıqlara görə açıqlamaların verilməsi, telefona aylıq texniki xidmət göstərilməsi, telefon nömrəsinin seçilməsi üçün ödənişlər ləğv edilmişdir. Şuranın iclasında stasionar telefonlar üçün aylıq abunə haqqı əhali üzrə 2 manat 50 qəpik, büdcə təşkilatları üzrə 7 manat səviyyəsində müəyyənləşdirilmiş, qeyri-büdcə təşkilatları üçün hazırkı 7 manat səviyyəsində saxlanılıb.

Tarif (qiymət) Şurasının iclasında həmçinin, hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin mövcud tarifləri yuxarı tarif həddi kimi təsdiq edilmiş, ölkədaxili sərnişin hava gəmilərində yükün, poçtun və normadan artıq baqajın daşınması üçün tariflər əvvəlki səviyyədə (ƏDV daxil olmaqla 30 qəpik/kiloqram) saxlanılıb.

Tarif (qiymət) Şurasının iclasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bəzi neft məhsullarının, kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tariflərinə dair müraciətinə baxılmış və müvafiq tarif tənzimlənməsi həyata keçirilmişdir. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmiş, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunmuşdur. Bundan başqa, Şuranın qərarı ilə kimya, alüminium, dağ-mədən filizi əsasında poladəritmə, həmçinin elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satışı tarifi isə hər 1000 kubmetr üçün 80 manat səviyyəsində təsdiq edilib.

Rabitə xidmətləri üzrə yeni tariflər 1 yanvar 2014-cü il tarixdən, təsdiq olunmuş digər tariflər isə 3 dekabr 2013-cü il tarixindən tətbiq ediləcək.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qiymət artımı ilə bağlı jurnalistlərə açıqlama verib. O, 2014-cü ilin dövlət büdcəsini müzakirə edəndə bu məsələyə toxunduqlarını qeyd edib:  “2014-cü ilin dövlət büdcəsində kommunal xidmətlər üçün 15 faizə yaxın artım nəzərdə tutulub. Biz ixtisasçı olduğumuz üçün bizə maraqlı gəldi ki, 2014-cü ildə dövlət büdcəsində qiymət artımı nəzərdə tutulub. O zaman biz iqtisadi inkişaf nazirinin müavininə və maliyyə nazirinə müraciətlər etdik və cavablar aldıq ki, bu məsələ gündəmdə yoxdur və bu məsələyə baxılmır. Amma biz büdcənin analizlərinə baxıb gördük ki, büdcənin gəlir hissəsini doldurmaq üçün müəyyən artımlar nəzərdə tutulub. Bu gözlənilən idi, amma bu səviyyədə yox!. Biz yanacağın qiymətinin 27-30 faiz artırılmasını gözləmirdik. Biz düşünürdük ki, hardasa 10 faizə qədər arta bilər. Hətta mən də təklif etmişdim ki, qiymət artımı gələn ilin ikinci yarım ilindən olsun. Ancaq Tarif Şurası bu ilin sonunda bu qərarı verdi və yanacağın qiyməti 27-30 faiz artdı. Təbii ki, bu qiymət artımı təkcə yanacağın qiyməti ilə başa çatan deyil. Bu qiymət artımı digər sahələrdə də artıma səbəb olacaq. Hesab edirəm ki, bunun da əsas məsuliyyəti İqtisadi İnkişaf və Sənaye Nazirliyinin üzərinə düşür. Yəni, subyektiv qiymətlərdən sahibkarlar istifadə edib qiymətləri qaldırmamalıdır. Bu sosial gərginliyə gətirib çıxara bilər. Bilirsiz ki, 2013-cü ilin əvvvəlindən başlayaraq Azərbaycanda neftin hasilatı ildə 5-6 faiz aşağı düşür. İndi bu qiymət artımın faizi yüksək olduğu üçün əhalinin sosial vəziyyətinə çox ciddi təsir göstərəcək. İqtisadi İnkişaf və Sənaye Nazirliyinin xüsusu departamenti mövcuddur. Bu məsələyə də həmin qurum nəzarət etməlidir ki, yanacağın qiymətinin artımı digər sahələrdə artıma təsir etməsin. Azərbaycanda elə bir məhsul yoxdur ki, həmin məhsulun tərkibində yanacaq müəyyən maya dəyərində oturmasın. Ona görə də yanacağın qiymətinin artımı ərzaq və qeyri-ərzaq məhsullarının, sərnişin daşıma nəqliyyatında da qiymət artımına səbəb ola bilər”.

Millət vəkili Zahid Oruc bildirib ki, bazar iqtisadiyyatı şəraitində qiymət artımı baş verməsi normaldır: “Büdcə müzakirələrində bunu hökumət üzvləri qeyd etmişdilər. Qeyd edilib ki, əhalinin elə bir təbəqəsi yaranıb ki, onların imkanları var. Bunun proqnozu da verilmişdi. Mən 2007-ci ili xatırlayıram. Tarif Şurası bir həftədən sonra izahat vermişdi. Bununla əlaqədar bir sıra  kateqoriyaların maaşları artacaq. Bunu da yaxın günlərdə görəcəyik”.

Millət vəkili Siyavuş deyib: “Əlbəttə, analizlər, təhlillər aparılır. Nazir və müavinləri komitənin iclaslarında da bu haqda danışdı. Rabitə qiymətləri aşağı düşdü. Bundan qabaq prezidentin əmək haqqı və təqaüdlərin artırılması haqda sərəncamı çıxıb. Yəni bunlar tənzimlənir. Bu yaxınlarda kənd təsərrüfatı sahəsi vergidən azad edildi. Neft gəlirlərindən xeyirli istifadə edilir”.

Deputat İqbal Ağazadə bildirib ki, büdcə müzakirə olunanda qiymət artımı haqda sual verilib, amma hökumət nümayəndələri konkret cavab verməyib. APA-nın məlumatına görə, deputat bunu müəmma adlandırıb: “Hökumətin o vaxt təkzib etməsinə baxmayaraq, artıq qiymətlər qalxıb. Tarif Şurasının bu addımına nə ehtiyac var idi? Bunun əsası olmalıdır. Bu qiymət artımı ərzaq məhsullarının qalxmasına da səbəb olub. Gələn ilin sentyabrından qiymətlər ən azı 90% qalxacaq. Daxili bazarın qorunmasına bunun necə təsiri olacaq? Xaricdən ərzaq gətirilməsə, ərzaq təhlükəsizliyi məsələsini necə qoruyacağıq?”.

4 ŞƏRH

  1. Zərdablılar bu artımı dəstəkləyir və daxili imkanlar hesabına qiymətləri bir qədər də artırmasına icazə verilməsini ————- xahiş edirlər.

  2. Mənim yazdığım senzuradan keçməyib.Amma bunu mən uydurmamışam.Bu gün İcra Hakimiyyətində keçirilmiş Zərdab “ictimaiyyəti”nümayəndələri səsləndiriblər.Deməli hətta onların dedikləri belə QAFQAZİNFO-nun ,bağışlayın zerdab.com-un senzurasından keçmir.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

seven + seven =