Zərdabın tarixi sirli bir dəryadır, araşdıran gərək…

1
32021
eldeniz-hesenov-zerdab
Eldəniz Həsənov, Aqrar elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm”, “Ali Media” mükafatı laureatı, Zərdabişünas, Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakultəsinin müəllimi.

Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, tədqiqatçı, zərdabişünas alim, həmyerlimiz Eldəniz Həsənovun Zerdab.com saytına müsahibəsi…

– Eldəniz müəllim, öncə Zərdabın tarixi keçmişi barədə bir qədər məlumat verməyiniz maraqlı olardı.
– Hesab edirəm ki, Zərdabın tarixini geniş şəkildə bilmək istəyiriksə, ilk növbədə dahi Həsən bəy Zərdabi yaradıcılığına istinad etmək lazımdır. Zərdablıların ulu dədə-babaları, əcdadları tarixən Şirvanşahlar ölkəsinin, diyarının Dağ Şirvan, Aran Şirvan iqtisadi rayonlarına daxil olan bölgələrin, eləcədə  Kür-Araz ovalığından, Mil-Qarabağın, Mil düzünün elatları ilə icma halında Azərbaycan daxilində, ayrı-ayrı vaxtlarda ictimai-siyasi birlik olaraq yaradılan dövlət, şəhər, bəylərbəylik, xanlıq, sultanlıq, quberniya, qəza, mahal və sair kimi inzibati ərazi daxilində fəaliyyət göstərmişlər.
Zərdabın qədimliyini təsdiq edən çoxlu sayda faktlar vardır. Qədim Bərzənc Zərdabın X əsr tarixinin simvoludur. Tarixçilər haqlı olaraq qeyd edirlər ki, Zərdabın indiki Körpükənd kəndi də elə Bərzənclə bir tarixin yadigarıdır. Bəli, qeyd etməliyik ki, orta əsrlərdə Şərqin ən böyük şəhərlərinə-Qarabağa, Azərbaycan İrəvanına, Dərbəndə, Şərqi Azərbaycana-Tiflisə, Beyləqana, Bərdəyə, Rusiyaya, Həştərxana, İrana ticarət yolları buradan-Körpükənddən körpü vasitəsi ilə keçirdi.
Mənbələrdən bizə məlumdur ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları ilə 1500-1501-ci illərdə Ərzicandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Zərdaba-“Qoyun ülumu”na (bu Zərdabın keçmiş adı olmuşdur) gəlmiş, buradan Qəbələyə, sonra isə Şamaxıya yürüş etmişdir (“Qoyun ülumu”- qoyun yığışan, qoyun cəmləşən, toplaşan yer mənasını verir).
Oktay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində yazır: “I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, “Yevlax” adlanan yerdə dayandı… Zülhiccinin 11-də “Qoyun ülumu” keçidinin yanından Kürü keçdi…”
Zərdabın indiki Əlvənd kəndinin “Beyləqan” adlanan məhəlləsi də çox qədim zamanlardan xəbər verir. Görünür XIII əsrdə monqollar tərəfindən sıxışdırılan beyləqanlılar bu kənddə məskunlaşmışlar.
Əlvənd bazarı Şərqin ən böyük bazarlarından olmuşdur. Əlvənd kəndi ilə yanaşı, Zərdabın indiki Dəli Quşçu (keçmiş Lələ Əhmədli) kəndinin də tarixi çox qədimliyə söykənir. Lələhmədli sülaləsi qədim Quşçu tayfasından olmaqla, o indiki Dəli Quşçu (Lələ Əhmədli), Dəkkəoba (Məscidli oba), Qoşaoba (Vəlixanlı, Nəcəfalılı, Hacılı, Qaravəlili), Xanməmmədli və Hüsenxanlı kəndlərini əhatə etmişdir. Bu qədim Lələhmədli elinin dəfn olunduğu indiki Dəli Quşçu kənd qəbiristanlığının 500 illik tarixi vardır. Deyilənə görə, bu 500 illik tarixdən qabaq lələhmədlilərin indiki məzarlığının yeri onlara məxsus olmuş, “Çalı Piri” deyilən ərazidə mövçud olmuşdur.
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli (N -132) qərarı ilə, Lələhmədli tayfasının bir qolu olan Xanməmmədli kəndi ərazisində aşkar edilmiş küp qəbirlər nekropolu I əsrə aid edilərək ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir. Qeyd edək ki, “nekropol” yunan sözü olub “ölü şəhər” və ya “şəhər-qəbiristanlıq” mənasını verir.
Mənim doğulub boya-başa çatdığım Lələ Əhmədli elinin indiki Dəli Quşçu (keçmiş Lələhmədli kəndi) kəndi ərazisində də kütləvi qəbiristanlıq-“Ağtəpə” adlanan kurqan bu gün də mövcuddur və bu kütləvi məzarlığın tarixi barədə konkret bilgi yoxdur və burada əsaslı qazıntı-tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac vardır.
XX yüzilliyin 70-ci illərində görülən meliorasiya-irriqasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxmış və indi bunların bir çox nümunələri Zərdab Tarix Diyarşünaslıq Muzeyində eksponat kimi nümayiş etdirilir.
Həsən bəy Zərdabi “Kaspi” qəzetinin 5 noyabr 1882-ci sayında yazırdı: “Zərdab, 26 oktyabr 1882-ci il. 600 evi özündə birləşdirən Zərdab yaşayış məntəqəsi Kürün hər iki sahili boyunca 50 verst (53.3 km) uzanırdı ki, qonşuluğu Şirvan, Qarabağ və Şəki ilə sərhədlənirdi. Demək olar ki, həmin ərazilər bütünlüklə Zərdab bəylərinin sərbəst mülkləri idi. Bu bəylər vəziyyətdən istifadə edərək gah bu, gah da o biri sərhəd xanlığına birləşmişlər”.
Böyük əraziləri əhatə edən Zərdab torpağı vaxtı ilə Göyçay, Şuşa, Ərəş, Cavad qəzaları ilə əhatə olunduğunu və torpaqların bu qəzaların inzibati sərhəddi daxilində yerləşdiyini göstərən Həsən bəy Zərdabi hər hansı bir hadisə ilə bağlı insanların Zərdab kəndindən adı çəkilən qəzalar üzrə yerləşən məhkəmələrə uzun məsafə qət etmələrini öz yazılarında ürək ağrısı, ürək yanğısı ilə qələmə almışdır.
Mənbələrə görə, Zərdab Azərbaycanın qədim yaşayış məntəqələrindən olsa da rəsmi olaraq onun adı 1578-ci ildən “Zərdab sancağı” kimi çəkilmişdir. Zərdab xanlıqlar dövründə iri yaşayış məntəqəsi olmuşdur. O vaxt Bakı-Salyan yolunun Sanqaçaldan ayrılan bir qolu Nəvahi, Cavad, Tilan-Qoyun kəndlərindən keçərək Zərdaba gəlib çıxmış, sonra da bu yol Gəncəyə və ya Mingəçevir kəndinə uzanmışdır.
Həsən bəy Zərdabi 1892-ci ildə “Kaspi” qəzetində yazırdı: “Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda 5 minə yaxın adam yaşayır…”
Kür çayının Qarabağ tayına dəvə karvanı ilə neft daşıyanlar indiki Zərdab şəhərinin mərkəzində salınmış bərədən keçmişlər. 1827-ci ildən başlayaraq Kür çayı mənsəbinə ərzaq və s. gətirən yelkənli iri gəmilər həmin ətrafındakı dayanacağa yan alardılar.
– Hörmətli professor, Zərdabın hansı keçmiş yaşayış məntəqələri olmuşdur və onlar haqqında nə deyə bilərsiniz?
– Bəli, onların adlarını sadalaya və həmin yaşayış məntəqələri haqqında bir qədər qısa da olsa məlumat verə bilərəm. Adlarını çəkəcəyim yaşayış məntəqələrinin keçmiş yurd yerləri, onların əhatə etdiyi ərazilər Zərdabın nəinki yaşlı insanlarına, eyni zamanda gənc nəslin nümayəndələrinə də yaxşı məlumdur.
Bərzəng şəhərinin adı mənbələrdə bəzən Bərzənd, Bərzənc və yaxud Bərdic kimi çəkilir. Bu şəhər X-XIII əsrin ən böyük şəhərlərindən hesab edilmişdir. Ticarət şəhəri kimi Təbriz, Dərbənd, Bərdə, Beyləqan kimi öz dövrünün böyük şəhərləri ilə bəhsləşən Bərzəng şəhəri Zərdabın indiki Körpükənd kəndinin ərazisində olmuşdur.
Suffin şəhəri – Zərdab ərazisində böyük ticarət mərkəzi hesab edilən şəhər olmuşdur. Şirvanda İslam dinini yaymaq üçün aparılan Suffin döyüşü bu şəhərin adı ilə belə adlanır. Bəzi mənbələrə görə, Üveys-ƏL-Qərani (Veyis baba) bu döyüşdə dünyasını dəyişmişdir. Qəbri də elə burada böyük pir kimi ziyarətgaha çevrilmişdir.
Yasər şəhəri. Bu şəhər Suffin şəhəri ilə qonşuluqda yerləşən, dövrünün iri ticarət mərkəzlərindən biri olmuşdur. Bu böyük şəhərin indi yalnız adı qalıb. Yasər şəhəri indiki Yuxarı Seyidlər kəndinin yerində olub.
Yerayiz şəhəri. Bıçaqçı kəndi ərazisində belə bir adda ticarət mərkəzi olan böyük bir şəhər olub. Onun da indi yalnız adı qalıb.
Xasa kəndi – vaxtı ilə Körpükənd kəndi ərazisində olub. “Xasa arxı” adlana arxın üstündə olan bu kəndin də indi ancaq adı var.
Ulubiyan kəndi. Otmanoba kəndinin yaxınlığında olub. Kəndin əhalisi indiki Zərdab, Ağcabədi, İmişli və Beyləqan rayonlarında məskunlaşmışlar.
Seyidmahmudlu kəndi. Bu kənd Böyük Dəkkə kəndi ilə Təzəkənd kəndinin arasında, Kür çayı sahilində yaşayış məntəqəsi kimi mövcud olmuşdur. Sonradan, yəni 1950-ci illərdə Təzəkənd kəndinə köçürülərək onunla bir kolxoz təsərrüfatında birləşmişlər.
Yastıyol kəndi. Zərdab ərazisində mövcud olmuş bu kənd Kür çayının üstündə, keçmiş Zərdab-Ağcabədi bərəsi ətrafında, çayın sağ və sol sahilində yerləşmişdir. İndi bu kəndin bir qisim sakini Kürün sağ sahilində, Ağcabədi rayonuna aid olunan Yastıyol kəndində, bir qismi isə Zərdabın Sarıqaya və Qoruqbağı kəndləri ilə bir təsərrüfatda birləşmişlər ki, indi bu kənd ayrıca sərbəst kənd olaraq mövcud deyildir.
“Dolanbaba” adlı yurd yeri. Zərdab rayonunun indiki Məmmədqasımlı və Pərvanlı kəndləri arasında, Kür çayı ətrafında yurd yeri olmuşdur. Hansı ki, hələ 1880-1896-cı illərdə Həsən bəy Zərdabinin “Dolanbaba” adlı yurd yeri ərazisində geniş taxıl zəmiləri olmuşdur. Sonradan bu yurd yeri ləğv edilmişdir.
Qədirbəyli yurdu. Bu yurd yeri Zərdabın indiki Əlibəyli və Allahqulubağı kəndləri arasında, Kür çayı ətrafında olmuş, sonradan həmi kəndlərlə bir olmuşdur.
Gur-Gur adlı kənd ötən əsrin əvvəllərində indiki Otmanoba kənd meşəsinin içində olmuşdur. İndi də orada keçmiş yurd yerləri qalır. Bu gün “Gur-Gur” deyilən ərazidə 7 ailə yaşayır ki, artıq bu ailələr də Otmanoba kənd sakinləri sayılırlar. “Gur-Gur” qəbiristanlığında 1702-ci ilə aid daş məzar-baş daşı bu gün də mövcuddur.
Mirzəxanlı kəndi. Bu gün bu adda kənd mövcud deyil, lakin 1850-ci illərə qədər Zərdab ərazisində Mirzəxanlı kəndi olmuşdur.
Yetimli kəndi. Bir zamanlar “Yetimli” adlanan yaşayış məntəqəsi son dövrlərdə Əlibəyli kəndinə qarışaraq ayrıca kənd kimi mövcudluğunu itirmişdir.
Yediyarlı kəndi. Bu yaşayış məntəqəsi rayon mərkəzinin 2 kilometrliyində, Qarasu çayının sağ sahilində yerləşir. Müəyyən illərdə bu kənd Gəlmə kəndinin tərkibinə daxil edilsə də, Əlibəyli kəndi ilə birləşmişdir. Kənddə onlarla ailə yaşayır.
Baqi (Beş qızlar) kəndi deyilən belə bir kənd də Zərdab ərazisində mövcud olmuşdur.
Lələ Əhmədli kəndi. Rayon mərkəzindən 3-5 km Şimal – Qərbdə yerləşməklə qədim zamanlardan bəri indiki Zərdab ərazisində ən iri yaşayış məntəqəsi olmuşdur. Kənd çox böyük nüfuz sahibi olmuş Lələ Əhmədin şərəfinə belə adlanıb.  İndi bu kənd Dəli Quşçu adlanır.
Vəlixanlı kəndi. Zərdabın əsas yaşayış məntəqələrindən biri olmuş Vəlixanlı kəndi ötən əsrin 50-ci illərində Qoşaoba kəndi ilə birləşərək “Kommunist” kolxozunun tərkibinə daxil edilmiş, sonralar kənd tam şəkildə Qoşaoba ərazisinə köçürülmüşdür. Vəlixanlıların ata-baba yurdu indiki Zərdab Peşə Liseyindən bir qədər irəlidə, Zərdab-Mollakənd şosse yolunun sol kənarında, Dəli Quşçu (keçmiş Lələhmədli kəndi) kənd qəbiristanlığına bitişik olan ərazidə mövcud olmuşdur.
Hacılı yurdu. Hacılı yurdu da kolxoz quruluşunun qurbanı olmuş, “Kommunist” kolxozunun tərkibinə daxil edilərək ərazisinə pambıq əkilmiş, əhalisi isə bir camaat olduqları Qoşaoba kəndinə köçürülmüşdür.
Nəcəfalılı kəndi. Bu kənd Zərdab-Ucar şosse yolundan Bəyimli qəsəbəsinə dönən yolun sol hissəsində mövcud olmuş və Vəlixanlı kəndi ilə bərabər indiki Qoşaoba ərazisinə köçürülmüş, “Kommunist” kolxozunun tərkibinə daxil edilmişdir. Nəcəfalılı kəndi də Vəlixanlı kəndinin aqibətini yaşamışdır. Əslində bu iki kəndin birləşməsindən Qoşaoba kəndi yaranmışdır.
Qaravəlili yurdu. Qaravəlili yurdu da Nəcəfalılı kəndinin yaxınlığında mövcud olmuşdur. Sovet hökumətinin güclü kollektiv təsərrüfat (kolxoz) yaratmaq ideyasının qurbanı olan bu yaşayış yeri də Vəlixanlı və Nəcəfalılı kəndlərinin aqibətini yaşamışdır.
Kirəşli kəndi. Stalinin əmri ilə 1950-ci ildə Ermənistanın Abaran rayonunun Kirəşli kəndindən, dədə-baba yurdlarından çıxarılaraq zorla Zərdaba köçürülən 36 ailə burada məskunlaşmışlar. Binə olduqları yerə Qərbi Azərbaycandakı doğma Kirəşli kəndinin adını vermiş və bir müddət Lenin adına kolxozda çalışmışlar. Dağlıq ərazidən isti arana zorla köçürülən və yerli iqlimə uyğunlaşa bilmədikləri üçün tez-tez xəstəliklərə düçar olan bu ailələr az vaxtda başqa yerlərə köçüb getmişlər.
Xalac kəndi. Göyçay qəza, bölgə olan zaman da “Xalac” adlı yaşayış məntəqəsi mövcud olmuşdur. Qeyd edək ki, 1935-ci ildə Zərdab rayonu təşkil edildikdən sonra rayonun inzibati ərazisi daxilində, 1936-cı ilin dövlət aktına əsasən ona təhkim olunmuş torpaq sahəsindən istifadə etməklə, Xalac kəndi Bağırov adına kolxoz kimi fəaliyyət göstərməyə başlamışdır. Bu kənd o zaman ərazisinə görə rayonun ən böyük kolxozlarından biri olmuşdur.
Sonrakı illərdə Zərdab və Ucar rayonlarının inzibati ərazisində dəyişiklik aparılan zaman Ucar rayonu ilə qonşu olan Xalac (Yuxarı Xalac) Ucar rayonunun ərazisinə daxil edilmişdir. Həmin tarixi sənədə baxdıqda, tarixi yaddaşlara vardıqda yaşlı insanların el arasında “Yuxarı Xalac” adlanan həmin kəndin ikinci bir “Komsomol Xalacı” adlanan yaşayış məntəqəsinin də 1936-cı ildə ayrıca kolxoz təsərrüfatı kimi Zərdab rayonu ərazisində fəaliyyət göstərdiyi məlum olur. Zaman kəsiyində  Türk-Oğuz elinin bir nəslindən, kökündən olan bu elatın nümayəndələri Xalac kəndi (Aşağı Xalac) sakinləri tədricən köçərək  Yuxarı Xalac kəndində birləşmiş, hər iki kəndin bir qisim ailələri isə sonradan Göyçaya köçmüşlər. Beləliklə, “Komsomol Xalacı” adlı kənd ləğv edilmişdir. Bütün bunlara baxmayaraq istər Ucar, istərsə də, Göyçay rayonunda yaşayan hər bir Xalaclı özünü Zərdablı hesab edir.
Mehdilər kəndi. Kür sahilində yerləşən bu kənd sənədlərdə ayrıca kənd kimi qeyd olunmasa da, faktiki olaraq bu adda kənd mövcuddur. Burada təqribən 20 ailə yaşayır. Deyilənə görə, bu kəndin adını Mehdi adlı şəxs qoymuşdur, “Mehdilər nəsli” deməkdir. Zərdabın keçmiş yaşayış məntəqələri barədə əlimdə olan hüquqi-arxiv sənədləri, tarixi mənbələr, apardığım tədqiqatlar mənə hələ ki, qısaca olaraq bildiklərimi bu qədər şərh etməyə imkan verir. Hesab edirəm ki, Zərdabın keçmiş yaşayış məntəqələrinə dair alim və ziyalılarımızın, Zərdabın bilavasitə yerli yaşlı nümayəndələrinin yaxından köməklikləri sayəsində daha geniş məlumatların əldə olunması bizə bəlli olmayan bir çox tarixi faktların üzə çıxarılmasında yardımçı ola bilər.

– Zərdab rayonunda bağ, meşə adları ilə bağlı yaşayış məntəqələrinin, yer adlarının mövcud olması nə ilə izah olunur?

– Zərdab ərazisində salınmış yaşayış məntəqələrinin əksəriyyəti Kür çayı sahili boyunca yerləşmişdir. Kür çayının ətrafında isə qalın, sıx şəkildə Tuqay meşələri inkişaf etmişdir. Bir vaxtlar həmin kəndlər bu sıx meşəliklərin əhatəsində qalmışdır. Odur ki, burada salınan kəndlər İsaqbağı, Qoruqbağı, Yarməmmədbağı, Şıxbağı, Lələağacı, Ağabağı, Allahqulubağı və sair adlandırılmışdır.
Eyni zamanda, Zərdab Kür vadisində yerləşməklə, həm də bağlar diyarı olmuşdur. Belə ki, “Otmanoba meşəsi”, “Ceyranlı meşə”, “Ellər meşəsi”, “Eyvazallar meşəsi”, “Şəftahal bağı”, “Seyidlər bağı”, “Nəzərəlixan bağı”, “Mirzə bağı”, “Məlikli bağı”, “Mehman bağı”, “Kazımağa bağı”, “Kənd bağı”, “Güllər bağı”, “Aşağı Əlvənd bağı”, “Döylər meşəsi”, “Baharlı bağı” və sair yer adları bu qəbildəndir.

– Eldəniz müəllim, Zərdabi yurdundan hansı tarixi şəxsiyyətlər çıxmışdır? Və onlar haqqında olan bilgilərinizdən məlumatlanmaq istərdik.

– Bunları sadalamaqla, onların keçdiyi həyat yoluna nəzər salsaq, tarixi proseslərdən söhbət açası olsaq, buna gərək aylarla vaxt ayrılsın. Çünki Zərdabın tarixi şəxsiyyətləri, görkəmli adamları yüzlərlədir. Ümumiyyətlə, Zərdab torpağı kənd və xalq təsərrüfatının bütün sahələri üzrə görkəmli şəxsiyyətlər, tanınmış  alimlər yetirmiş, nüfuzlu el ağsaqqalları, din xadimləri əmək və müharibə qəhrəmanları bəxş etmişdir. Onlardan Həsən bəy Zərdabini, onun atası Səlim bəyi, babası Rəhim bəyi, vəfalı həyat yoldaşı Hənifə xanım Məlikovanı, oğulları Midhəd bəyi, Səffət bəy Məlikovlları, qızları Pəri xanım Topçubaşovanı, Qəribsoltan xanım Məlikovanı, Həsən bəyin atasının dayısı general – leytenand Fərəc bəy Ağayevi, qardaşı oğlu – ilk azərbaycanlı professor Rəhim bəy Məlikovu, yaxın qohumları Məhəmməd bəy Məlikov Əlvəndini, akademik Böyükkişi Ağayevi, eyni zamanda Zərdabın Bıçaqçı kəndindən olan, Sovet İttifaqı qəhrəmanı Məlik Məhərrəmovu, Dəli Quşçu kəndindən Sosialist Əməyi Qəhrəmanı Seyfi Mehralıyevi, respublikada quruculuq, təsərrüfat, partiya, sovet işlərindəki əmək fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilən, Zərdabdan ilk olaraq Rayon PK-nın I katibi olmuş və uzun illər bu vəzifədə işləmiş Ələddin Həsənovu, Məmmədqasımlı kəndindən olan, adlı-sanlı təsərrüfat rəhbəri Nurəhməd Müzəffərovu, Zərdablı Ədliyyə generalı Azər Cəfərovu, bəstəkar Rauf Hacıyevi və bir çox həmyerlilərimizin adlarını fəxrlə çəkə bilərəm ki, biz Zərdabi yurdunun övladları onlarla fəxr edir və qürur hissi duyuruq. Bu kimi həmyerlilərimizin siyahısını uzada bilərik.
Yeri gəlmişkən, bu tarixi şəxsiyyətlərlə yanaşı, zərdablı Xançobanı tayfa başçısı olmuş Əsgər bəyin oğulları Ağası xan və Məhəmməd Səid xan Xançobanlının, eyni zamanda Ağası xanın oğlu Mustafa xanın əslən Zərdab rayonunun indiki Əlvənd kəndindən olmaları ilə bağlı bir qədər məlumat verməklə, onların keçdiyi tarixi prosesləri bu gün geniş şəkildə tədqiq etməyə ciddi zərurət duyulduğunu vurğulamaq istərdim.
Tərəkəməçiliklə məşğul olan tayfa başçısı Əsgər bəyin, onun oğullarının o zaman indiki Zərdab rayonu ərazisindəki qədim Əlvənd kəndindən olmaları və orada məskunlaşmaları tarixi reallıqdır. Məlumdur ki, bu gün də həmin tayfanın, nəslin Zərdab, Göyçay, Şamaxı və digər rayonların ərazisində yaşayan nümayəndələri vardır. Odur ki, bununla bağlı araşdırmalar aparmağı gərəkli hesab edirik.

– Mümkünsə, bu barədə oxucularımıza bir qədər ətraflı məlumat verərdiniz…
Tarixdən bizə məlumdur ki, Şamaxı xanlığının əsasını Hacı Məhəmmədəli xan və əslən Zərdablı olan Məhəmməd Səid  xan, Ağası xan qardaşları qoymuşlar.
Nadir şah Şamaxı əhalisini indiki Ağsu (Yeni Şamaxı) ərazisinə köçürdükdən sonra Şirvanda vergi toplamaqla məşğul olan Hacı Məhəmmədəli xan 1748-ci ildə Yeni Şamaxıda hakimiyyəti ələ keçirdi. Şirvanın qalan hissəsində isə Ağası xan və Məhəmməd Səid xan öz hakimiyyətlərini möhkəmlətdilər.
A. Bakıxanov “Gülistani – İrəm” əsərində yazır ki, 1775-ci ildə “Ağası xan da Əlvənddə oturub, bütün Şirvana hakim oldu”. Onu da yazır ki, 1792-ci ildə Şirvan əyanlarının, xüsusilə, Yüzbaşı bəy Hövzi və Ömər Sədarinin təklifi ilə Ağası xan oğlu Mustafa xan Əlvənddən gəlib Şamaxıda hökumət bayrağını qaldırdı. Qeyd edək ki, Mustafa xan 1792-ci ildən 1820-ci ilə kimi, 28 ilə qədər Şirvan hakimi-xanı olmuşdur.
Demək olar ki, bu dövrdə İran təcavüzü Qarabağdan bu yana keçməmişdir. Əlbətdə, hər bir Zərdablı əslən zərdablı olan belə bir tarixi şəxsiyyətlərə fəxr etməli, qürur hissi keçirməlidir.

– Eldəniz müəllim, aqrar sahədə-kənd təsərrüfatı mütəxəssisi olmaqla yanaşı, kənd təsərrüfatı üzrə fəlsəfə doktorusunuz. Zərdab aqrar-kənd təsərrüfatı rayonu hesab olunur. Bu rayonun iqtisadiyyatı keçmiş zamanlarda necə olmuş və hazırda onun iqtisadiyyatının əsasını nə təşkil edir?

– Zərdablılar keçmiş zamanlardan bu günədək öz halal əməkləri sayəsində əldə etdikləri məhsulun sahibi olmuşlar. Hazırda onların iqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, baramaçılıq əsas əhəmiyyət kəsb edən sahədir. Zərdabın zəhmətkeş insanları bütün bunlarla yanaşı, bu gün öz şəxsi təsərrüfatlarında, özəl pay torpaqlarında bağçılıq və bostan-tərəvəz məhsullarının yetişdirilməsinə xüsusi diqqət yetirirlər. Yeri gəlmişkən qeyd edim ki, keçmiş zamanlarda Zərdabda Kür çayı sahili boyunca yerləşən kəndlərdə balıqçılığın inkişafına xüsusi diqqət yetirilmış, əhalinin əksər hissəsi burada balıq vətəgələrində işləmişdir. Artıq bu sahə aradan çıxmış və sadəcə balıq ovu xobbi kimi, əhalinin məşğuliyyət növünə çevrilmişdir.
Heyvandarlığın qədim sahələrindən biri hesab edilən atçılığa zərdablılar həmişə xüsusi qayğı göstərmişlər. Məlumdur ki, müasir maşın və texnika ilə yanaşı, kənd təsərrüfatı işlərinin görülməsində atdan istifadə olunması böyük əhəmiyyət kəsb edir. Belə ki, fərdi və kəndli (fermer) təsərrüfatlarında ondan qoşqu vasitəsi, minik, yük daşınması və sair işlərdə istifadə etmək daha səmərəlidir. Xüsusilə, heyvandarlıq təsərrüfatının inkişaf etdirilməsində zərdablılar mal-qaralarının, xırda buynuzlu davarlarının yaylağa qaldırılmasında, qışlağa endirilməsində atlardan qoşqu, minik vasitəsi kimi, bilavasitə yük-azuqə, ləvazimat daşınmasında istifadə etmişlər. Kolxoz, sovxoz təsərrüfatları ləğv olunsa da, heyvandarlıqla məşğul olan kəndli (fermer) təsərrüfatları, hüquqi və fiziki şəxslər tərəfindən keçmiş ənənə bu gün də davam etdirilir.
Bu gün zərdablılar ulularının, ata və babalarının yolunu davam etdirməklə, heyvandarlığın qədim sahələrindən olan atçılığın inkişafına xüsusi diqqət yetiriblər. Arıçılıq təsərrüfatlarının inkişaf etdirilməsi son illər respublikada daha geniş vüsət almışdır. Ölkənin dağlıq rayonlarında hüquqi və fiziki şəxslər, kəndli-fermer təsərrüfatları iqtisadiyyatın bu gəlirli və səmərəli sahəsinə diqqətlə yanaşırlar. Arıçılığın inkişafına Şirvanın düzən, aran rayonlarında, həmçinin Zərdabda zəif münasibət göstərilməsinin başlıca səbəbi pambıq əkini və onun becərilməsində tətbiq olunan kimyəvi-bioloji dərmanların tətbiqi olmuşdur.
Bir daha qeyd edim ki, doğma Zərdabımızda tarixən arıçılıqla məşğul olmuşlar. Heyvandarlıqla məşğul olan zərdablılar bir vaxtlar, yəni kolxoz, sovxoz təsərrüfatı mövcud olan zaman mal-qaralarını yaylağa qaldırarkən arı ailələrini də güllü-çiçəkli, səfalı yerlərə aparardılar. İndinin özündə də Zərdabda arı ailəsi saxlayan arıçılar vardır.
Həsən bəy Zərdabi də Zərdabda yaşadığı 1880-1896-cı illər ərzində arıçılıqla məşğul olmuşdur. Arıçılıqla bağlı elmi, praktiki işlərlə məşğul olan təbiətşünas alim yerli sakinlərə onun saxlanması, bəslənilməsi yolları barədə təklif və tövsiyələrini vermişdir. Onun “Bal arısı” mövzusunda yazdığı məqalələri “Dəbistan” məcmuəsinin 1906-cı il 7-8-ci nömrələrində nəşr edilmişdir. Alim bal arısı haqqında yazmış olduğu məqalələrində arının biologiyası, arı ailəsindəki polimorfizizm və bunun səbəbləri haqqında oxucularına ətraflı məlumat verdikdən sonra arıçılıq məsələlərinə keçir. O, praktiki olaraq, başqa sahələrdə olduğu kimi, arıçılığın da mədəni qaydalar əsasında təşkil olunması uğrunda mübarizə aparır, yerlərdə arıçılıq təsərrüfatlarının yaradılmasını məsləhət bilirdi.
Qeyd etdiyim kimi, Həsən bəyin bu faydalı sahəyə hələ Zərdabda yaşadığı vaxtda göstərmiş olduğu dərin münasibətin nəticəsidir ki, hələ o dövrdən bəri arıçılıqla məşğul olmaq zərdablıların təsərrüfat fəaliyyətində özünü göstərməkdədir.
Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növü bitir. Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən küllü miqdarda şirin biyan yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzər sahili düzənliklərində, Muğanda, Qobustanda, Abşeronda, Alazan – Əyriçay vadisində, inzibati rayonlardan Kürdəmirdə, Bərdədə, Ağcabədidə, Ağdaşda, Ucarda və digər bölgələrdə geniş yayılmaqla yanaşı, Zərdab rayonunun inzibati ərazisi daxilində böyük əraziləri əhatə edir və ən şirin biyan bu torpaqda bitir. Zərdab torpağında bitən şirin biyandan hazırlanan preparatlardan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə əleyhinə, xüsusən, ət və göbələk zəhərlənmələrinə qarşı müalicə vasitəsi kimi istifadə olunur. Şirin biyan maddələr mübadiləsinin nizama salınmasında, iflic, sinir xəstəliklərinin müalicəsində də əhəmiyyətlidir. Hazırda Zərdab rayonu ərazisində yığılan biyan kökü Saatlı rayonunun Gamışçı kəndi yaxınlığında istifadəyə verilən biyan zavoduna təhvil verilir. Hesab edirik ki, Zərdab torpağında bitən məhsuldar, şirin biyan bitkisinin kökündən emal olunan qiymətli məhsulların əldə olunması məqsədi ilə belə bir biyan istehsalı zavodunun Zərdab rayonunda da tikilməsinə zərurət vardır.

– Eldəniz müəllim, saytımıza müsahibə verdiyinizə və bu günədək çoxlarına bəlli olmayan dəyərli məlumatları oxucularımızla bölüşdüyünüzə görə, sizə təşəkkürümüzü bildiririk.

– Mən də sizə təşəkkür edirəm və bu məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayıram.

Söhbətləşdi: Nicat İsmayılov, Zerdab.com

1 comment

  1. Cox sagol qardas heqiqetende bu cox lazim olan melumat dir Mence bunu her bir zerdabli mektebde kecmelidir. Coxdandir axtardigim melumat idi cox vaxt lazim olur adama

Comments are closed.