Həsən bəy Zərdabinin şəxsi əşyalarının saxlanıldığı naməlum ünvan

2
Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanım

Həsən bəy Zərdabi və həyat yoldaşı Hənifə xanımHəmyerlimiz, uzun illər Zərdab rayonunun baş memarı işləmiş gözəl ziyalı Elxan Vəliyev Həsən bəy Zərdabi şəxsiyyətini çox sevən bir insandır. O, “Əkinçi”nin səhifələrində Həsən bəy Zərdabiyə aid silsilə məqalələr verilməsini alqışlayaraq kollektivimizə uğurlar diləyir və deyir ki, belə yazıları vermək çox vacibdir. Axı, həyat davam edir, dünya fırlanır, insanlar yaşa dolur, ömür-gün keçir, bir çox hallarda xatirələr unudulur, yaddaşlar pozulur, sonra isə heç kəsə heç nəyi sübut etmək olmur…

Beləcə, Elxan müəllimin Zərdab rayonunda çıxan “Əkinçi” qəzetində dərc etdiyimiz söhbətinin Zerdab.com saytında da yayımlanmasını çox vacib bilirik.

Elxan Vəliyev deyir:

–         1969-cu il idi. Onda mən Bakıda hərbi məktəbdə oxuyurdum, kursant idim. Şaxtalı, çovğunlu bir qış günündə  – dekabrın 21-də dostlarımdan biri məni ad gününə dəvət etdi.

Ad günü məclisi ürəyimcə təşkil olunmuşdu, hamımız da şən əhvalda idik. Arada mən havamı dəyişmək üçün binanın eyvanına – balkona çıxdım. Orada bir oğlan da siqaret çəkirdi. Azərbaycan dilini yaxşı bilməyən, əsasən rus dilində danışan bu oğlanın adına Alik deyirdilər. Eyvanda onunla xeyli söhbətləşdik və bir-birimizlə yaxından tanış olduq.

Birdən Alik dedi ki, deyəsən sən rayonlusan, eləmi?

Cavab verdim ki, bəli.

Soruşdu ki, hansı rayondansan?

Dedim ki, Zərdabdanam.

Alik təəccüblə üzümə baxdı və dedi ki, onda biz yerliyik ki?!

Mən təəccüb etdim və Alik bunu duydu. Dedi qardaş, təəccüb eləmə, mən Həsən bəy Zərdabinin nəvəsiyəm.

Düzü, mən buna inanmadım, dedim mənimlə zarafat edirsən?

Alik çox ciddi şəkildə dedi ki, zarafat-zad etmirəm, mən Həsən bəy Zərdabinin nəvəsiyəm.

Yenə dedim ki, Alik, incimə, heç inanmağım gəlmir…

Nəhayət, belə şərtləşdik ki, sabah Alikgilə, yəni onun anası evinə gedək və mən hər şeyi öz gözümlə görüm…

Sabahın açılmasına və Alikgilə getməyə o qədər tələsirdim ki!…

… Beləcə, səhəri gün getdik Alikin anasıgilə. Elə ilk baxışdan bu qadının görkəmindən zadəganlıq duydum. Xanım bizi çox səmimiyyətlə qarşıladı. Bunlar ana-bala rus dilində danışırdılar. Alik elə rus dilində anasına dedi ki, babamın həmyerlisini qonaq gətirmişəm.

Qadın bunu eşidəndə açıq-aşkar sevindi və dərhal da Azərbaycan dilində danışmağa başladı. Məni çay süfrəsi arxasına dəvət etdi.

Çox dəqiq yadımdadır: Alikgilin mənzili o vaxtlar “26-lar”, indiki “Sahil” metro stansiyasından çıxanda solda, qədim və gözəl arxitektura üslubunda tikilmiş bir binanın ikinci mərtəbəsində idi, mənzilin pəncərəsi Xəzər dənizinə açılırdı.

Qadın dedi ki, Həsən bəy Zərdabinin otağının birini özünün sağlığında olduğu şəkildə qoruyub saxlayırıq. Və mən heyrət və maraq içində həmin otağa baxdım. Burada hər şey Həsən bəy Zərdabini xatırladırdı. Zərdabinin kürsüsü (kreslosu), qələmi, yazı masası, vərəqi, qələmdanı olduğu kimi qalırdı. Onun papağı, əsası, kostyumu, paltosu da həmin mənzildə qorunub saxlanırdı, başqa əşyalar da vardı. Alikin anası dedi ki, bunlara heç kəs heç zaman toxunmur və toxunmayacaq.

O da dəqiq yadımdadır ki, mən söhbət zamanı oğlanı Alik deyə çağırsam da, qadın dedi ki, Alik oğlumun elə-belə adıdır, onun öz adı Səfəralıdır, Səfəralı Həsən bəyin qardaşı olub…

Bir də dəqiq yadımda qalan odur ki, Alik, yəni Səfəralı o vaxt V.İ. Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, indiki Azərbaycan Pedaqoji Universitetində (keçmiş N. Tusi adına) oxuyurdu.

Təəssüf edirəm ki, sonralar biz Səfəralı ilə görüşə bilmədik, mənə elə gəlir ki, onlar harayasa köçüb getdilər və mən bir daha qəlbimdə kövrək xatirələri qalan o mənzili ziyarət edə bilmədim…

“Əkinçi”dən: Biz bu söhbətə görə hazırda Bakı şəhərində yaşayan həmyerlimiz Elxan Vəliyevə dərin təşəkkürümüzü bildiririk.

Müəllif: İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.

2 ŞƏRH

  1. Hörmətli Elxan Vəliyevin bu dəyərli məlumatı Həsən bəy Zərdabi haqqında daha bir araşdırmanın səbəbi ola bilər. Bu maraqlı yazının oxuculara və Zerdab.com-un izləyicilərinə çatdırdıqları üçün Elxan Vəliyevə və “Əkinçi” qəzetinin redaktodu, Həsən bəy Zərdabinin layiqli tədqiqatçılarından olan İsaməddin Əhmədova minnətdarıq.

  2. Cox maragli melumatdi.Amma onu deyim ki bu oglanin adi Elidir( Seferali yox) Anasinin adi Fatma xanim.Sahil metrosunun yaxinliginda yashiyiblar.Fatma xanim sehv etmiremse elyazmalar inistitunda ishliyib.Eli ishi ile elageder Sverdlovskide yashiyib.Fatma xanim 90-ci illere geder Bakida tek yashiyib. Sonra oglu onu tek galmasin deye yashadigi yere goturub. Bundan sonrasini bilmirem. Bu aileni babam H.Selimov yaxshi taniyirdi.Fatma xanim Bakida yashayanda anam Shergiye xanim, bibim Sara xanim onun gonagi olub. Onda Fatma xanim onlara deyib ki tezlikle oglunun yanina gedecek.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

11 + 7 =