Deyin, yalanmı bu dediklərim?

0
29
Nazim Əkbərov
Nazim Əkbərov

Doğulub boya-başa çatdığım şəhərdə bir bərbər var idi. Bütün kiçik sənətkarlar – bərbərlər, dəmirçilər, dülgərlər, çayçılar və b. kimi, bu bərbərin də yanında saxlayıb öz peşəsini öyrətdiyi və xırım-xırda işlərini gördürdüyü şagirdləri olardı.

Həmin bərbərin bir də nağara çalmaq peşəsi var idi. Gündüzlər bərbərlik edər, axşamlar da toylarda nağara çalar, kasıbçılığını edərdi. Bir gün qonşularından biri oğlunu bu bərbərin yanına gətirir və ona nağara çalmağı öyrətməyi xahiş edir. Amma bir şərt qoyur – oğluna nağara çalmağı notla öyrədəcək!

Əlbəttə, bütün musiqi alətlərinin özünəməxsus not yazıları vardır, nağara da bunlardan biridir. Bərbər buna da razı olur. Razılaşır və birinci dərsə başlayırlar. Şagirdinə dəftərini açıb, qələmini götürüb ilk tapşırığı yazmağı tapşırır. Bunu dedikdən sonra nağarasını götürüb dizinin üstünə qoyur, sağ əli ilə nağaraya vuraraq şagirdə ilk göstərişini verir:

– Birinci  dərsimizin  birinci ritmini yaz: Ləp! Ləp! Ləppido dibo ləp! Ləp! Ləp! Ləp! Ləp!..

Şagird bir şey anlamasa da, müəllimin dediklərini dəftərinə köçürür. Müəllim dərsə davam edir:

– İknci ritmimiz: Trrrrrəp! Trrrrrəp! Trrrrrəp! Tapdiridiro rəppp! Trrrrrəp! Trrrrrəp!

Şagird bu tapşırığı da yazır. Bərbər üçüncü ritmi çalıb tapşırığı diktə edir:

– Üçüncü ritmimiz: Tapdiri dirro dirro tap! : Tapdiri dirro dirro tap! Tap! Tap! Tap!

Səhər şagirdin atası bizim bərbərin dükanına gəlir. Salamsız-kalamsız bərbəri təqsirləndirir:

– Bu nədir ə?.. Uşağı dolamısan, ya məni? Bəs deyirdin notla öyrədəcəyəm? Budur sənin notun? “Ləp! Ləp! Ləppido dibo ləp!”

Bərbər heç kefini pozmadan qonşusuna belə cavab verir:

– Bura bax, sən nağara notu görmüsən?

Qonşu cavab verir:

– Yox!

Bərbər dərhal bu cavaba belə cavab verir:

– Görməmisənsə, nə danışırsan? İndi get, öz işinlə məşğul ol! Haydı, Ləp! Ləppido dibo ləp! Ləp! Ləp! Ləp!

Bu hadisə haradan yadıma düşdü, bilirsiniz?

Metro ilə, avtobusla işə gedib-gəlirəm. Nəqliyyatda gənclərlə rastlaşıram. Artıq bir ənənə, vərdiş halına gəlmiş mənzərə hamımıza tanışdır. Vaqona, avtobusa girən gənclər yer tapıb oturan kimi, oturmaq bəxtəvərliyini əldə edə bilməyənlər, ayaq üstə özlərinə uyğun rahat vəziyyət alan kimi dünyanın ən bəxtəvər insanı ədası ilə telefonunun qulaqlığını taxıb, telefonu xoda salır. Yanımda oturan bir gəncin qulağındakı ritmləri mən də eşidirəm: “Ləp! Ləppido dibo ləp! Ləp! Ləp! Ləp! Ləp!”

Bu mahnı başa çatır. İkinci mahnıya keçir. Yenə eyni ritm: “Ləp! Ləppido dibo ləp! Ləp! Ləp! Ləp! Ləp!”

Üçüncü mahnıya keçir. Ritm dəyişmir: “Ləp! Ləppido dibo ləp! Ləp! Ləp! Ləp! Ləp!”

Ürəyimdə haqqında danışdığım bərbərə rəhmət oxuyuram: “Allah sənə rəhmət eləsin, ay filankəs! Heç olmazsa, sən bir dərsdə üç fərqli ritm öyrətmişdin, bu yazıqlar hara çevirsələr, bir ritmdən kənara çıxa bilmirlər: Ləp! Ləppido dibo ləp! Ləp! Ləp! Ləp! Ləp! Demək, görəcək günlərimiz qabaqdaymış!..”

Amma mən onlarda qüsur, qəbahət görmürəm. Onları bu hala biz gətirdik. Biz – məktəbimiz və mətbuatımız, xüsusilə radio və televiziyamız. Biz – müəllimlərimiz, jurnalistlərimiz! Məktəb həftədə bir saat “xala, xətrin qalmasın!” məntiqi ilə tədris planına daxil etdiyi, necə tədris edildiyinə isə çox da əhəmiyyət vermədiyi musiqi fənni ilə, mətbuat da yalnız milli və Qərb meyxanaçılarını, soyunub özlərini nümayiş etdirən pop, top, hop və bu kimi başqa “op”larla bizi avropalaşdırmaqla məşğul olması bizə bundan başqa heç nə “hədiyyə edə” bilməzdi və etmədi də. Nəticədə gənclərimiz Üzeyir bəyi, Müslüm Maqomayevi, Fikrət Əmirovu, Cövdət Hacıyevi, Niyazini, Arif Məlikovu, Bülbülü, Şövkət Ələkbərovanı, Firəngiz Əhmədovanı, Gülağa Məmmədovu, daha onlarla, hətta yüzlərlə əsl sənətkarları tanımır, Bethoven, Bax, Çaykovski, Raxmaninov, Qlier, Bize, List kimilərini heç ağıllarına belə gətirə bilmirlər.

Nə olar, məktəblərimizdə incəsənət adlı fənn keçilsə, həm də həftədə ən azı 3-4 saat!

Nə olar, radio və televiziyalar gündə, heç olmazsa, yarımca saat ciddi musiqiyə zaman ayırsalar! Nə olar ekranlara, efirə çıxardıqları cibi dolu, qəlbi boş, ruhu çirkli insanlara yarım saat fasilə verib arada elm xadimlərini, müəllimləri, həqiqi incəsənətimizi, mədəniyyətimizi təbliğ etsələr?

Cinayət aləmindən, həbsxanalardan, dünyanın dörd bir yanında baş verən əxlaqsız yarış və müsabiqələrdən xəbərlər və şoularla şüuraltımıza yerləşdirdiklərinə bir az ara verib, xoşgörü, etimad, etibar, sevgi, şəfqət nəfəsinə yer ayırsalar, olmazmı?

Ey müəlllimlər, ey jurnalistlər, ey gələcəyimizi yetişdirməkdən məsul olanlar! Deyin, yalanmı bu dediklərim? Yalandırsa, doğru olan nədir? Doğrunu da siz deyin.

Nazim Əkbərov, email: n.farruxoglu@zaman.az