Keçən əsrin qadınları

0
Keçən əsrin qadınları

Keçən əsrin qadınlarıKeçən əsrin 40-50-ci illərinin qadınları fədakarlıq nümunəsi idilər. O qadınlar həyat yoldaşlarının simasında ailə üçün özlərindən keçirdilər.

O qadınlar evin dirəyi idilər.

O qadınlar yuvanın istisi, hərarəti idilər.

O qadınlar özlərini oda-közə vurmaqdan bezmirdilər.

O qadınlar bir ocağın tarazlıq nöqtəsi idilər.

Xırda bir səhvdən o tarazlıq əbədilik pozula, o ev yıxıla, dağıla bilərdi.

Onlar bunu çox yaxşı bilirdilər.

Çünki mələk kimi tərtəmiz idilər.

Çünki onların isməti işıq saçırdı.

O qadınların həyası üz qızardırdı.

O qadınlardan utanmamaq mümkün deyildi.

O qadınların yanında istənilən kişi özünü yığışdırırdı.

O qadınlar həm də kişi əvəzi idilər.

O qadınların sayı indi azalıb.

Fədakar qadın olmaq müqəddəs yük daşımaqdır.

Ağır yük daşımaqdır.

Ömrü-günü ailəyə qurban verməkdir.

Ömrü-günü təmiz adı qorumağa fəda etməkdir.

Ailəni səcdəgaha döndərməkdir.

Dəyər səviyyəsinə qaldırmaqdır.

Kirpiyi ilə od götürməkdir.

Gecəni dirigözlü açmaqdır.

O qadınlar qayğıdan yoğrulmuşdular.

O qadınlar qayğı göstərmək üçün doğulmuşdular.

İndi belə şeylər azalıb.

İndi bəziləri ərə gedəndə hakim olmağa gedirlər.

O zaman ərə gedirdilər fədailik üçün.

O zaman ərə gedirdilər qadınlığı analıq zirvəsinə qaldırmaq üçün.

Böyük mənada ana olmaq üçün.

Ana olmaqla fəxr edirdilər.

Dünyaya yeni insan gətirməklə öyünürdülər.

Bu ənənə müəyyən mənada unudulub.

Əslində analıq böyük qəhrəmanlıqdır.

Qadın qəhrəmanlığı zərifliklə fədakarlığın vəhdətindən ibarətdir.

Analıq – özündənkeçmənin bənzərsiz örnəyidir.

Çünki analıqda qadınlıq unudulur, daha doğrusu, qadınlıq ülviləşir, yeni mahiyyət kəsb edir.

Bunu onlar planlı şəkildə etmirdilər.

Bizim analarımız II Dünya müharibəsi dövründə çox cavan olublar – 18-19 yaşlarında.

Onlar ehtirasların çox bahar dövründə namuslarını saxlayıblar.

Müharibənin gətirdiyi aclıq, kasıblıq, məhrumiyyətlər onları qıra bilməyib.

Bunlar yada düşəndə analar bizim gözümüzdə müqəddəsləşirlər.

Amma indiki qadınların bəzilərində bu duyğudan əsər-əlamət yoxdur.

“Mən bu dünyaya gəlmişəm, beş günüm var, kef çəkməliyəm. Sabah öləcəyəm, mənə nə fəlsəfə, nə də şirin-şirin sözlər lazımdır. Mənə ev lazımdır, maşın lazımdır, mən gərək yayda mütləq istirahətə gedəm, əylənəm və s”.

Bu duyğu o fədakarlığı azaldıb, ülviliyi öldürüb müəyyən mənada.

Bu təkcə qadınların günahı deyil.

Kişilərin də təqsiri böyükdür.

Kişilərin bir qismi indi evlənmir, ərə gedir.

Görürsən ki, ikinci kursda oxuyan gənc düşünür ki, filankəsin qızına nə təhər yol tapım ki, atasının var-dövlətinə şərik olum, evinə girim.

O bədbəxt başa düşmür ki, sabah o evə daxil olacaq və bir şkafa çevriləcək.

Olacaq evin masası, stulu, divanı.

Ən yaxşı halda olacaq evin pianinosu.

Amma ondan o evin kişisi çıxmayacaq…

Nə qədər ki köhnə kişilərə, köhnə qadınlara bənzəmək ehtiyacı duymuruq millətə müğənnilər dərs keçəcəklər…

 

 

Müəllif: Loğman, email: m.logman@zaman.az, Mənbə: ZAMAN.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

six − 3 =