Zərdabinin “itkin” qohumu haqqında yeni məlumatlar üzə çıxdı

0
foto
Eldəniz Həsənov
Eldəniz Həsənov,
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq ekoenergetika akademiyasının ekologiya üzrə professoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bakıda metronun “Sahil” stansiyasından çıxanda solda yerləşən, qədim və gözəl arxitektura üslubunda tikilmiş binanın ikinci mərtəbəsindəki mənzildə yaşayan sakinlər kimlər idi?

Ziyalı nəslin tanınmış nümayəndəsi, uzun illər Zərdab rayonunun baş memarı işləmiş, yaxşı tanıdığım, özünə və peşəsinə  böyük hörmətim olan Elxan müəllimlə Zərdab rayonunda çıxan “Əkinçi” qəzetinin baş redaktoru hörmətli İsaməddin müəllimin “Həsən bəy Zərdabinin şəxsi əşyalarının saxlanıldığı naməlum ünvan” başlığı altında Zerdab.com saytı vasitəsilə yayımlanan yazısını diqqətlə oxudum.

Əlbəttə, dahi mütəfəkkir Həsən bəy Zərdabi nəslinin nümayəndələri ilə bağlı gedən yazıların işıqlandırılması, həmin nəsli təmsil edən şəxslərlə kimlərinsə nə vaxtsa olan görüşlərinin və eləcə də indinin özündə bu nəslin yaşlı və gənc nümayəndələri ilə görüşmək, tarixi faktlarla tanış olmaq, xatirələri dinləmək çox yaxşı haldır və belə faktların işıqlandırılması çox təqdirəlayiqdir.

Əziz Zərdabisevərlər, həmkarlarım, hesab edirəm ki, təsadüfi görüşlər nəticəsində əldə etdiyimiz bilgilərin də üstündən sükutla keçməməliyik, onu uzun illərin xatirəsi kimi qəlbimizdə saxlamamalıyıq.

Fatimə xanım (Midhəd bəyin qızı) Səttar Zərdabi ilə
Fatimə xanım (Midhəd bəyin qızı)
Səttar Zərdabi ilə

Necə ki, hörmətli jurnalist İsaməddin müəllimin yazdığı kimi, “Axı həyat davam edir, dünya fırlanır, insanlar yaşa dolur, ömür-gün keçir, bir çox hallarda xatirələr unudulur, yaddaşlar pozulur, sonra isə heç kəsə heç nəyi sübut etmək olmur…”.

Yuxarıda sözügedən mövzuya əlavə olaraq arxiv materialları əsasında, eləcə də alim və ziyalılarımızın mətbuat orqanlarında gedən yazılarından əldə etdiyim, tədqiqat materiallarımda qələmə aldığım bilgiləri bir qədər şərh etməklə onları oxucularımızın diqqətinə çatdırmaq hesab edirəm ki, maraqlı olardı:

Elxan Vəliyevin 1969-cu ildə təsadüfi tanışlıq nəticəsində qonaq olduğu mənzilin ünvanı və o zaman həmin ünvanda qonağı olduğu, adını dəqiq söyləyə bilmədiyi oğul və ananın kimliyi haqda bir qədər söhbət açmaq istərdim.

Elxan müəllim qonağı olduğu mənzillə bağlı belə söyləyir: “Alikgilin” (Səfəralıgilin) mənzili o vaxtlar “26-lar”, indiki “Sahil” metro stansiyasından solda, qədim və gözəl arxitektura üslubunda tikilmiş bir binanın ikinci mərtəbəsində idi,  mənzilin pəncərəsi Xəzər dənizinə açılırdı”.

Qeyd edim ki, bu məlumat biz Zərdabişünaslar, eyni zamanda Zərdabi nəslinin bu gün həyatda olan yaşlı nəslinin nümayəndələri üçün yenilik deyildir.

Həsən bəy Zərdabi ocağından çıxan, həmin mənzildə yaşayan insanlarla nəinki respublikanın bir çox alim və ziyalıları, o cümlədən Həsən bəy Zərdabinin əmisi Hidayət bəyin nəvəsi, hazırda Bakı şəhərində yaşayan, şair, publisist, “Güzgü” ictimai-siyasi qəzetinin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Həsən bəy Zərdabi adına Dünya Azərbaycanlıları Xeyriyyə Cəmiyyətinin prezidenti Səttar Zərdabi, Həsən bəy Zərdabinin qardaşı Səfəralı bəyin Zərdabda yaşayan nəvəsi Sara xanım Həmdulla bəy qızı və başqa qohumları da görüşmüşlər.

Bəs bu mənzildə yaşayan ana və oğul kim idi?

Bizlərə məlumdur ki, həmin mənzildə yaşamış ana Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikovun yeganə övladı olmuş Fatimə xanım Məlikova, oğlu isə Məmmədəli olmuşdur.

Bu yerdə Fatimə xanımın atası, Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikov haqda bir qədər məlumat vermək yerinə düşərdi .

 Məlikov Midhəd Həsən bəy oğlu  (1879-1937)

Məlikov Midhəd Həsən bəy oğlu
Məlikov Midhəd Həsən bəy oğlu

Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikov 1879-cu ildə Zərdab kəndində (indiki Zərdab şəhəri) anadan olmuşdur.

Milli teatrımızın və milli mətbuatımızın banisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının yaradıcısı (“Cəmiyyəti-xeyriyyə”, 1872-ci il), müsəlman dünyasının ilk təbiətşünas seleksiyaçı alimi Həsən bəy Zərdabi və onun doğmaları dəfələrlə erməni idbarlığı, erməni namərdliyi ilə üzləşmiş, ziyan çəkmişlər. Həsən bəy Zərdabinin Moskva Universitetini tələbə ikən bir alim kimi qurtarması, zəka sahibi kimi özü ilə Azərbaycana maarif-mədəniyyət işığı gətirməsi ermənilərin növbəti quduzlaşma dövrünə düşmüşdür.

Erməni idbarlığı Həsən bəy Zərdabi nəslindən, doğmalarından, övladlarından da yan keçməmişdir. Həsən bəy Zərdabinin əmisi uşaqları Həmdulla bəy Məlikovun, Xanlar bəy Məlikovun ailəliklə Orta Asiya respublikalarına sürgün edilməsi, Xanlar bəy Məlikovun böyük oğlu Cəmil bəy Məlikovun istintaqsız, məhkəməsiz güllələnməsi ermənilər tərəfindən təşkil edilmişdi.

Arxiv sənədlərindən məlum olur ki, 1877-ci ildə Göyçay bölgəsinin Zərdab kəndində anadan olmuş, kənd su anbarında fəhlə işləyən Məlikov Xanlar bəy Əsəd bəy oğlunun kolxozçular arasında təbliğat apardığı əsas götürülərək, Azərbaycan SSR-nin Cinayət Məcəlləsi ilə (sovet hakimiyyəti əleyhinə təbliğat) təqsirli bilinmiş, 03.01.1933-cü ildə Azərbaycan Respublikası Baş Siyasi İdarəsinin Zərdab rayon şöbəsi tərəfindən həbs edilmişdir.

Həbs zamanı X.Məlikovun ailə tərkibi aşağıdakı kimi olmuşdur:

1. Həyat yoldaşı – 1893-cü il təvəllüdlü Nazlı Hidayət qızı;

2. Oğlu – 1915-ci il təvəllüdlü Əsəd;

3. Oğlu – 1925-ci il təvəllüdlü Məhəmməd;

4. Oğlu – 1929-cu il təvəllüdlü Əhməd;

5. Qızı – 1930-cu il təvəllüdlü Asiya.

Xanlar bəy Məlikovun ikinci ailəsi haqqında əldə rəsmi məlumat olmasa da, bu ailənin doğmalarının verdiyi məlumata görə, Xanlar bəy ailəsi ilə birlikdə sonradan Orta Asiyaya (Qırğızıstana) sürgün olunmuşdur. Xanlar bəyin ikinci həyat yoldaşı Nazlı xanımdan olan övladları Səttar Zərdabinin doğmaca xalası uşaqlarıdır. Xanlar bəyin nəvəsi Məlikova (Ağayeva) Dilarə Əhməd qızının söylədiyinə görə hazırda Qırğızıstanın Sokuluk və Kant rayonlarında Məlikovlar nəslinin nümayəndələri yaşayır.

Onu da qeyd edim ki, əfv fərmanından sonra Xanlar bəy bir dəfə Zərdabda olub, qohumları, qonşuları ilə görüşüb. Sonradan Xanlar bəyin oğlanları Əhməd Məlikov, Məhəmməd Məlikov öz ailələri ilə bir neçə dəfə Zərdabda, eyni zamanda Əhməd Məlikovun qızı Dilarə xanım da bir neçə dəfə Zərdabda olmuşdur. Eyni zamanda onu da bildirim ki, Dilarə xanım sonuncu dəfə bu ilin oktyabrında Azərbaycanda olmuş, vətən torpağını ziyarət etmiş, doğmaları ilə görüşmüşdür. Bütün bunlar bizim bu ailə haqqında bilgilər əldə etməyimizə səbəb olmuşdur. Nə isə, mövzudan uzaqlaşmayaq.

Hörmətli oxucular, bildirirəm ki, yaxın vaxtlarda çapdan çıxacaq “Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı kitabımda nəinki Xanlar bəy Məlikovun, Midhəd bəy Məlikovun və onların ailəsinin, ümumilikdə Zərdabi nəslindən olan insanların başına gələn bəlalı, faciəli günlərdən xəbər verən hadisələrlə ətraflı tanış olacaqsınız.

Heç də təsadüfi deyildir ki, H.Zərdabinin çoxşaxəli və çoxsahəli yaradıcılığı və eyni zamanda, torpaq-yerquruluşu işinə, memarlıq sənətinə bağlılığı onun övladlarından da yan keçməmişdir.

1879-cu ildə Göyçay bölgəsinin Zərdab kəndində anadan olmuş, Almaniyada ali mühəndislik təhsili almış H.Zərdabinin böyük oğlu Midhəd Gəncə Şəhər Kommunal Təsərrüfatı İdarəsinin torpaq-plan bölməsinin torpaq işçisi olmuşdur. Ermənilərin donosu və üzədurması ilə 1937-ci ildə güllələnmiş, 1990-cı ildə isə bəraət almışdır. O da atası kimi həmişə xalqının xoşbəxt gələcəyi uğrunda yaşayıb-yaratmış, ölkəmizdə torpaqdan səmərəli istifadə olunması məsələsinin həlli yolunda çox böyük xidmətlər göstərmişdir.

Bildiyimiz kimi, Mingəçevir Su Elektrik Stansiyasının ilk ideyasını Həsən bəy Zərdabi vermişdir. Həsən bəy Zərdabi hələ o vaxt demişdi: “Mingəçevir ərazisində, köhnə poçtun yerində su elektrik stansiyası qurularsa, Milin, Muğanın susuzluqdan sinəsi cadar-cadar olmuş düzənlikləri, şoran torpaqları gülüstana çevrilər”.

Məlumata görə, Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikov Lənkəranda öz hesabına, Xanbulançay üzərində su elektrik stansiyası qurmaq niyyətində olub. Elə oradan qolları qandallı Bakıya gətirilib güllələnmişdir. Çox güman ki, o bu xeyirxah, işıqlı ideyanın oduna düşüb…

Göründüyü kimi, ermənilər bizim yanan işıqlarımızın qənimi olmuşlar. Bunları unutmaq olmaz…

Təəssüf ki, canını-qanını Azərbaycanımızın işıqlı gələcəyi uğrunda fəda edən Zərdabi və onun övladları, yaxın qohumları, ümumilikdə Məlikovlar nəsli ilə bağlı bu kimi məlumatlar arxivlərdə yatıb qalmaqdadır.

Həsən bəy Zərdabinin böyük oğlu Midhəd bəy Məlikovun  həyatı və fəaliyyəti ilə bağlı araşdırmalar apararkən aşağıda qeyd etdiyim sənədləri əldə etməyim mənim çox böyük sevincimə səbəb olmuşdur. Hesab edirəm ki, bu vaxtadək həmin sənədlərin tədqiqatçılarımız tərəfindən əldə edilməməsinin, bunlara istinad olunmamasının nəticəsi o olmuşdur ki, Midhəd bəyin keçdiyi həyat yolunun işıqlandırılması ilə bağlı qələmə aldığımız yazılarımızda bəzi hallarda müəyyən yanlışlıqlara yol vermişik.

Azərbaycan Respublikası S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində olarkən, fondda saxlanılan, Azərbaycan Sovet Sosialist Respublikası Xalq Daxiliyə İşləri Komissarlığı tərəfindən 21 dekabr 1925-ci il tarixli 2644 nömrəli məktubla iş yerindən Midhəd bəyə verilən arayış, əmək kitabçasının təsdiq olunmuş surətindən çıxarış (F.№ 653. s.1. iş 53), onun 04.11.1929-cu il tarixdə yazdığı və imzası ilə təsdiq etmiş olduğu tərcümeyi-halı (F.№ 653. s.1. iş 53) diqqətimi cəlb etdi. Bu sənədlərin əldə olunması, ən başlıcası isə həmin tərcümeyi-halda yazılan faktlarla əmək kitabçasında yazılan və təsdiq olunanların bir-birini tamamlaması, üst-üstə düşməsi faktı bizə belə bir insanın həyatı və fəaliyyəti ilə yaxından tanış olmaqda, tədqiqat işlərini dəqiq olaraq aparmaqda geniş imkanlar yaratmışdır.

Həmin sənədlərin kserosurətləri ilə oxucuları, tədqiqatçılarımızı tanış etmək maraqlı olardı. Bununla bağlı mətbuat orqanlarında dərc olunan, Zerdab.com saytı vasitəsilə yayımlanan Həsən bəy Zərdabinin həyatı və yaradıcılığı, onun elmi irsi, Zərdabi nəslinin keşməkeşli həyat yolları ilə bağlı araşdırmalarım, tədqiqatlarım nəticəsində yazdığım bəzi məqalələrdə, eyni zamanda “Zərdabi ocağından çıxan ailə üzvlərinin, doğmalarının məzarı haradadır, onların yaşamış olduqları ünvanlar bəllidirmi?” başlıqlı məqaləmdə ətraflı tanış olmaq olar.

Midhəd bəyin tərcümeyi-halını, əmək kitabçasını nəzərdən keçirən hər bir ziyalımıza yaxşı məlum olar ki, millətinin işıqlı, xoşbəxt gələcəyi uğrunda bu millət fədaisi hansı yollardan keçmişdir. Əmək kitabçasından, eləcə də tərcümeyi-haldan məlum olduğu kimi, Kazandan doğma Bakıya dönən M.Məlikov 1925-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Xalq Daxiliyə İşləri Komissarlığı yanında Yerli Təsərrüfat Baş İdarəsinin Elektrikləşmə şöbəsinin müdiri vəzifəsinə təyin olunur.

Midhəd bəy bu vəzifədə olarkən Şamaxıda və Lənkəranda elektrik stansiyalarının tikilməsi məqsədilə layihə tərtib etmiş, bilavasitə özü tərəfindən hər iki rayonda elektrik stansiyasının tikintisinə nail olmuşdur.sened

Onun həyat yoldaşı, 1901-ci il təvəllüdlü Məlikova Lidiya xanım evdar qadın olmuşdur. Onların qızı Məlikova Fatimə 1927-ci ildə dünyaya gəlmişdir. Midhəd bəy Almaniyada ali mühəndislik təhsili almış, Gəncə şəhər Kommunal Təsərrüfatı İdarəsinin Torpaq Plan sektorunun işçisi olmuşdur. Bəy ailəsindən olan Məlikov Midhəd Həsən bəy oğlu 22 fevral 1935-ci ildə Azərbaycan SSR  XDİK tərəfindən  həbs edilən zaman qızı Fatimə məktəbli olmuşdur. Onlar Gəncə şəhəri, 9 yanvar küçəsi, 67 saylı evdə yaşamışlar. Midhəd bəy 1935-ci ildə 3 il müddətinə azadlıqdan məhrum edilmişdir.

Bu faktla bağlı Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Həsən bəyin ailə üzvləri, böyük oğlu Midhəd bəylə bağlı arxiv sənədi ilə tanış olmaq maraqlı olardı.                                                                   

Midhəd bəyin 1937-ci ildə güllələndiyi bildirilir.

Elxan müəllim “Əkinçi” qəzetində dərc olunan söhbətində belə söyləyir:

“Qadın (yəni, Fatimə xanım – E.H.) dedi ki, Həsən bəy Zərdabinin otağının birini özünün sağlığında olduğu şəkildə qoruyub saxlayırıq. Və mən heyrət və maraq içində həmin otağa baxdım. Burada hər şey Həsən bəy Zərdabini xatırladırdı. Zərdabinin kürsüsü (kreslosu), qələmi, yazı masası, vərəqi, qələmdanı olduğu kimi qalırdı. Onun papağı, əsası, kostyumu, paltosu da həmin mənzildə qorunub saxlanırdı, başqa əşyalar da vardı. Alikin anası dedi ki, bunlara heç kəs heç zaman toxunmur və toxunmayacaq”.

Bu söylənilənlərə bir qədər münasibət bildirmək istərdim.

Məlumdur ki, Həsən bəy Zərdabinin Bakı şəhərində yaşadığı və dünyasını dəyişdiyi mənzil İçərişəhərdə, Qoşa Qala qapısının arxasında yerləşən, indiki Bakı şəhəri (İçərişəhər), Böyük Qala qapısı, 47 saylı mənzildən ibarət olmuşdur.

Bilirik ki, millətin mənəvi atası hesab olunan dahi Həsən bəy 1907-ci il noyabrın 28-də səhər saat 11-də, çərşənbə günü əbədiyyətə qovuşmuşdur. Həsən bəy Zərdabinin xəstə ikən daşınar və daşınmaz əmlakı ilə bağlı tərtib etdiyi  vəsiyyətnaməsinin 2-ci və 3-cü bəndinə diqqət yetirək:

Vəsiyyətnamə. “Aşağıda imza edən mən Bakı şəhərində yaşayan, Göyçay qəzasının Zərdab kəndində torpaq sahibi, saray müşaviri Həsən bəy Məlikov 1907-ci il sentyabrın 20-də, sağlam düşüncə və möhkəm yaddaşla, öləcəyim  ehtimalı ilə bu vəsiyyətnaməni tərtib etdim.

“Mənim öz əməyimlə qazandığım daşınar və daşınmaz əmlakımı… mən, öz uşaqlarımdan qanuni vərəsələrimdən və başqa qohum-əqrəbamdan başqa, arvadım Hənifə xanım Məlikovaya vəsiyyət edirəm; o, əməyimlə qazandığım yuxarıda sadalanan əmlaka ölümümdən sonra öz əmlakı kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək ixtiyarına malikdir…

2. Adını çəkdiyim arvadım uşaqlarımı oğlum Səffət və qızım Qərib Soltan Məlikovaları yaxşı saxlamağa və tərbiyə etməyə, habelə ehsan vermək və dəfn üçün xərc çəkmək əvəzinə öz mülahizəsinə görə xalq maarifinin ehtiyacları üçün ianə verməyə borcludur”.

3. Arvadım Hənifə xanım əmlakı heç kəsə tamamilə və ya qismən vəsiyyət etmək, bağışlamaq və satmaq ixtiyarına malik deyil, bu əmlak, onun ölümündən sonra bərabər hissələrdə uşaqlara Midhəd bəyə, Səffət bəyə, Pəri xanım Topçubaşovaya, Qərib Soltana keçməlidir.

 Azərbaycan Respublikası Əlyazmalar İnstitutunun arxivi (Arxiv-Z-Q-İ/196).

Bunları diqqətə çatdırmaqla onu bildirmək istəyirəm ki, Həsən bəyin vəsiyyətnaməsindən də bəlli olduğu kimi, o, ölümündən sonra daşınar və daşınmaz əmlakına öz əmlakı kimi sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək ixtiyarını həyat yoldaşı Hənifə xanıma vermiş, həyat yoldaşının vəfatından sonra isə daşınar və daşınmaz əmlaka sahiblik hüququnun övladlarına verilməsini vəsiyyət etmişdir.

Yaşlı nəslin nümayəndələri olan bəzi ziyalılarımızın söylədiklərinə, onların yazılarına diqqət yetirdikdə belə məlum olur ki, bütün həyatı boyu müəllimlik etmiş, pedaqoji fəaliyyət göstərmiş, Azərbaycan maarifinin təşəkkülündə müstəsna əməyi olmuş, 1929-cu ildə dünyasını dəyişən Hənifə xanım Məlikova şəhər qəbiristanlığında dəfn olunmuş, sonradan onun məzarının yeri dəyişdirilmiş və o, Fəxri Xiyabanda əri Həsən bəyin yanında dəfn olunmuşdur.

Lakin deməliyik ki, belə bir tarixi şəxsiyyətin məzarının faktiki olaraq harada olmasından bir xəbər, qəbirüstü abidəsindən bu gün bir nişanə belə yoxdur. Əgər Həsən bəyin ömür-gün, ideya, məslək yoldaşı olmuş Hənifə xanım onun yanında dəfn olunubsa, bu tarixi şəxsiyyətin məzarının yeri niyə bəlli deyil, qəbirüstü abidəsi niyə yoxdur?

Bütün həyatını xalqının maariflənməsinə, təhsilinə həsr edən, iztirablı həyat tərzi keçirən, üzüntülərə dözə bilməyən Qərib Soltan xanım Həsən bəy qızı Məlikova 1967-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir. Qərib Soltan xanım dərin fikir içində, xəyallarla yaşamış, atası Həsən bəy, anası Hənifə xanımla birgə yaşadığı illər ərzində gördüyü, şahidi olduğu, yadında qalan günlərin yaddaşlarda qalması üçün onları qələmə almış və bu tənha insan bununla özündə bir qədər rahatlıq tapmışdır.

İztirablı həyat tərzi keçirən bu zavallı xalq müəlliminin böyük qardaşı Midhəd bəy Məlikov, qeyd etdiyim kimi, 1937-ci ildə güllələnmiş, o, kiçik qardaşı Səffət bəy Məlikovdan ömrünün  sonuna qədər xəbər tuta bilməmişdir, Parisdə yaşayan bacısı Pəri xanımın başına nələr gəldiyindən xəbərsiz olmuş, 1929-cu ildə anasını itirmişdi. Azərbaycan Pedaqoji İnstitutunun Fizika kafedrasının müdiri vəzifəsində işləyən qardaşı oğlu Rəhim bəy Məlikov isə 1936-cı il fevralın 23-də Bakı şəhərində naməlum şəkildə dünyasını dəyişmişdi.

Deməli, Həsən bəyin daşınmaz əmlak olaraq nəyi qalmışdısa onu kiçik qızı Qərib Soltan xanım göz bəbəyi kimi qoruyub saxlamalı olmuşdu.  

Midhəd bəyin yeganə övladı olan Fatimə xanım repressiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdır. Fatimə xanımın oğlu Məmmədəli və nəvəsi Hacağa Bakıda yaşamışlar.

Olsun ki, Qərib Soltan xanımın vəfatından sonra, Fatimə xanım Məlikova babası Həsən bəy Zərdabinin şəxsi əşyalarına sahib çıxmış və onları mənzilində qoruyub saxlamışdır.

          Qeyd etdiyim kimi, Səttar Zərdabi 1990-cı illərdə Midhəd bəyin qızı Fatimə xanımla görüşmüş və yuxarıda əks olunan fotodan göründüyü kimi onunla şəkil də çəkdirmişdir. Bildiririk ki, Fatimə xanım 1991-1992-ci illərə kimi “Sahil” metro stansiyasının sol hissəsində yerləşən, qədim və gözəl arxitektura üslubunda tikilmiş binanın ikinci mərtəbəsində yerləşən mənzildə yaşamışdır.

          Hazırda biz Həsən bəy Zərdabi ocağından çıxan bir çox doğma insanların, o cümlədən Fatimə xanımın və onun övladlarının harada yaşamalarından xəbərsizik.

          Elxan Vəliyev “Əkinçi” qəzetində dərc olunan söhbətində bildirir ki, “Bir də yadımda qalan odur ki, Alik, yəni Səfəralı (Fatimə xanımın oğlu Məmmədəli – E.H.)” o vaxt V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunda, indiki Azərbaycan Pedaqoji Universitetində (keçmiş N.Tusi adına) oxuyurdu”.

 Bu elə də uzaq tarix deyil və hesab edirəm ki, Məmmədəlinin həyatı barədə dəqiq məlumat əldə etmək olar. Yalnız müəyyən obyektiv və subyektiv səbəblər üzündən yeri-yurdu məlum olmayan bu kimi insanların üzə çıxarılmasına maraq, zərurət duyan ziyalı, vətənpərvər gərəkdir.

Bir neçə ziyalımızın yazdıqlarından Fatimə xanımın övladları ilə Sverdlovsk şəhərində yaşadığı və övladlarının orada oxuduğu məlum olur.

Məsələn, dediklərimizin təsdiqi olaraq professor Misir Mərdanov, dosent Əsgər Quliyev  “EL” jurnalında (“ANS-PRESS” Nəşriyyat Evi) nəşr olunan “Həsən bəy Zərdabi Azərbaycan ziyalılarının müəllimi” başlıqlı məqaləsində yazır: “… Günlərin birində Həsən bəyə məlumat verildi ki, sərdarın əmri ilə Yekaterinodara (Stavropola) gimnaziyaya müəllim göndərilirsiniz. Lakin H.Zərdabi “Mən Bakıdan çıxıb müsəlman işlərindən kənar olmağı özüm üçün ölüm hesab edirəm”, – deyərək ərizə verib müəllimlikdən istefa verdi… (Çox qəribədir. Tarixin ironiyasına baxın. Stavropola getməkdən imtina edən Həsən bəyin oğlu Midhəd bəy Məlikovun ailəsi keçən əsrin 30-cu illərində “qırmızı terrora” məruz qaldı. Özü güllələndi. Ailə üzvləri-həyat yoldaşı Lidiya xanım və qızı Fatma (rəsmi arxiv sənədlərində Fatimə kimi yazılır – E.H.) Məlikova Stavropola köçüb orada məskunlaşmaq zorunda qalmışdılar. Həsən bəyin kötükcəsi Hacağa Stavropolda tibb təhsili almışdı…).

Müəlliflər daha sonra həmin məqalədə yazırlar: “Onun yeganə övladı 1925-ci ildə anadan olmuş Fatma xanım (rəsmi arxiv sənədində doğum tarixi 1927-ci il göstərilir – E.H.)  repressiya illərində Stavropolda yaşamış, sonralar Bakıya qayıtmış və ali təhsil almışdı. Fatma xanımın oğlu Məmmədəli və nəvəsi Hacağa Bakıda yaşayırlar …”. 

Apardığım araşdırmalardan, onların həyatda olan doğmaları ilə apardığım söhbətlərdən məlum olur ki, bu insanlar hazırda nəinki Bakıda, ümumiyyətlə Azərbaycanda yaşamırlar.

Təbii ki, bununla bağlı rəsmi sənədlər əsasında dəqiq, ətraflı araşdırmalar aparılmasına, o insanları arayıb-axtarmağa, onlarla görüşüb, əlaqələr yaradılmasına ehtiyac duyulur.

Bu yolda hər bir Azərbaycan ziyalısı təşəbbüs göstərməlidir. Bu, Azərbaycanın xoşbəxt gələcəyi yolunda canını fəda etmiş, millətin mənəvi atası, millət fədaisi Həsən bəy Zərdabinin ruhu qarşısında hər birimizin mənəvi borcudur.

Sonda Zerdab.com saytı vasitəsilə, ATV telekanalında yayımlanan “Səni axtarıram” verilişinin aparıcısı, dəyərli jurnalist Xoşqədəm Hidayətqızına müraciət edərək demək istəyirəm ki, Xoşqədəm xanım, bu yolda biz Zərdabisevərlərin, Zərdabişünasların, Zərdabi irsinin, Zərdabi nəslinin keşməkeşli həyat yollarının araşdırılmasında, onların bizlərə məlum olmayan, itib-batan məzarlarının, yaşamış olduqları ünvanların yerinin müəyyənləşdirilməsində və eləcə də bu gün dünyanın müxtəlif yerlərində məskunlaşan, bu nəslin bir-birindən xəbərsiz olan insanlarının üzə çıxarılmasında ən yaxın bələdçimiz olaraq Sizi görürəm və ümidvaram ki, köməyinizi əsirgəməyəcəksiniz.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

10 − 6 =