Həsən bəy Zərdabi və müasir dövrümüz

0
34

Hesen_bey_Zerdabi_Elimerdan_bey_TopcubashovlaXalqımızın ləyaqətli oğlu, milli mətbuatımızın banisi, görkəmli alim, maarifpərvər Həsən bəy Zərdabinin (1837-1907) özü və şəxsiyyəti haqqında düşünəndə nədənsə ilk növbədə yadıma Peyğəmbər əleyhisəlamın hədislərindən biri düşür: “Ən xeyirli sədəqə odur ki, bir müsəlman elm öyrənə və sonra onu öz müsəlman qardaşlarına öyrədə”.
Bu baxımdan yanaşdıqda Həsən bəy Zərdabi gördüyü işlərlə, yazdığı elmi, bədii və publisistik əsərlərlə xalqımızın boynuna böyük minnət qoymuşdur. Ancaq təəssüf ki, biz ömrünü, həyatını millətimizin maariflənməsi yolunda çırağa döndərən bu görkəmli şəxsiyyətin dəyərini lazımi səviyyədə verə bilməmişik. Milli mətbuatımızın yaranması da, teatr tariximiz də, uşaq ədəbiyyatımızın bünövrə daşlarının qoyulması da, təbiətşünaslıq elmimizin inkişafı da, yurdumuzda məktəblərin açılması da, Azərbaycan müəllimlərinin ilk qurultayının keçirilməsi və bu mötəbər tarixi yığıncağa sədrlik etmək şərəfi də ilk növbədə bu görkəmli şəxsiyyətə – Həsən bəy Zərdabiyə nəsib olmuşdur.
Xalqını, onun övladlarını dərin məhəbbətlə sevən Həsən bəyin məqsədi, amalı elm, təhsil, mətbuat, teatr tamaşaları, yeni ruhlu uşaq ədəbiyyatı nümunələri yolu ilə milləti qəflət yuxusundan oyatmaqdan ibarət olmuşdur. Bu sevgi onu hər bir məhrumiyyətlərə, əzəb-əziyyətə, hətta təhqirlərə belə sinə gərməyə vadar etmişdir. Bircə faktı xatırlatmaq yerinə düşərdi. Onun qızlarımızı təhsilə cəlb etmək niyyəti öz soydaşlarımız tərəfindən ikrahla qarşılanmışdır. Həsən bəyin əxlaqsız yuvası açması, qızların namusunu, əxlaqını pozması haqqında edilən cəfəngiyyatla dolu saysız-hesabsız şikayətlərdən sonra qubrnator Zərdabini yanına çağırmış və söhbət əsnasında Həsən bəy öz məntiqi ilə onu heyrətləndirmişdir. Demişdir ki, əgər mən açdığım məktəb əxlaqsız yuvası olsaydı, sevimli həyat yoldaşım onun müdirəsi olardımı? Həqiqətin nə yerdə olduğunu anlayan qubernator Zərdabiyə öyüd-nəsihət edib söyləmişdir ki, axı sənin bu savadsız, xeyir-şərini qanmayan vəhşi camaatın arasında nə işin var? Yaxşı olmazmı ki, gedib Rusiyanın mərkəzi şəhərlərindən birində yaşayıb işləyəsən?
Söz Zərdabiyə bərk toxunmuş və soruşmuşdur:
-Mən necə adamam?
Qubernator tərəddüd etmədən demişdir:
-Sən son dərəcə savadlı, dünyagörmüş, dərrakəli bir insansan.
Həsən bəy acı-acı gülümsünüb cavab vermişdir:
-Mən də o vəhşi hesab elədiyin adamların arasından çıxmışam. Onlar da oxusalar, təhsil görsələr mənim kimi elmli, bilikli olacaqlar.
Bax Zərdabini bütün çətinliklərə, əzablara, təhqirlərə dözməyə vadar edən də onun bu amalı, istəyi, xalqına olan sonsuz sevgisi olmuşdur.
Göyçay qəzasının Zərdab kəndində ziyalı bir bəy ailəsində dünyaya göz açan Həsən bəy babası Rəhim bəyin, atası Səlim bəyin yolunu davam etdirmiş, əvvəlcə mollaxanada oxumuş, 1852-ci ildə Şamaxı şəhər məktəbində təhsilini davam etdirmiş, sonra Tiflis gimnaziyasını əla qiymətlərlə bitirmişdir. 1861-ci ildə Moskva universitetinin “Fizika-riyaziyyat” fakültəsinin “Təbiyyət” şöbəsinə daxil olan Həsən bəy 1865-ci ildə ali təhsilini başa vurandan sonra bütün həyatını, ömrünü soydaşlarımızın təlim-tərbiyəsinə, onların mənəvi-əxlaqi tərəqqisinə həsr etmişdir. Nə qədər əzab-əziyyətlərə, mərhumiyyətlərə sinə gərmiş, xalqı maarifləndirmək üçün yollar axtarmış, dərs demiş, “Əkinçi” qəzetini nəşr etdirməyə nail olmuş, “Cəmiyyəti-xeyriyyə” yaratmış, Azərbaycan milli teatrının təməlinin qoyulmasında yaxından iştirak etmişdir. Qarşısına nə qədər maneələr çıxsa da, o ruhdan düşməmiş, Zərdabda yaşadığı dövrdə belə öz elmi-publisistik məqalələri ilə o dövrün mütərəqqi ruhlu qəzet və jurnallarında – “Novoe obozrenie”, “Obzor”, “Kaspi” və “Tərcüman”da çıxış etmiş, özündən sonra zəngin ədəbi irs qoyub getmişdir. Təəssüf ki, onun bu irsi də lazımi səviyyədə tədqiq olunmamışdır.
Həsən bəy Zərdabi zəngin həyat təcrübəsi və elmi, intellekti, mükəmməl, çoxşaxəli biliyi sayəsində dərk etmişdir ki, millətin tərəqqisi naminə yeni nəslin təlim-tərbiyəsinə xüsusi diqqət yetirmək lazımdır. Bu məqsədlə o, uşaq ədəbiyyatının yaradılmasına böyük ehtiyac olduğunu duymuş, tərəqqipərvər ziyalıları bu işə həvəsləndirmiş, özü də bacardığını əsirgəməmişdir. Camaatın savadsızlığını, mətbuatı oxuya bilmədiyini nəzərə alan Həsən bəy Zərdabi xalq arasında daha kütləvi olan mahnı janrından istifadəyə üstünlük vermiş və fikrini belə əsaslandırmışdır: “Bizim Qafqaz müsəlmanlarına heç bir yazı və dil ilə deyilən söz o qədər əsər etməz, necə ki, şeir ilə deyilən söz. Şeir bir böyük alətdir ki, onunla bizim yuxuda olan qardaşlarımızı ayıltmaq çox asandır”.
Öz qənaətində yanılmadığına əmin olan Həsən bəy fikir və düşüncələrini, ideyalarını dostlarının köməyi ilə həyata keçirməyə çalışmışdır. S.M.Qənizadə Zərdabinin təkidi ilə “Rus-müsəlman” məktəblərinin tədris planına nəğmələri daxil etməyə nail olmuşdur. Sonra Zərdabi Hacı Mirağa Mirmöhsünzadədən xahiş etmişdir ki, onun fikir və ideyalarını nəzmə çəksin. Beləliklə də 1901-ci ildə “Türk nəğmələri məcmuəsi” nəşr olunmuşdur. Və bu kitabda olan nəğmələr Zərdabi ideyalarının yayılmasında müstəsna əhəmiyyət kəsb etmişdir.
“Tərifi-elm” adlanan ilk nəğmədə deyilir ki, elmin çox böyük əhəmiyyəti vardır. “Millət ağacına elmlə su ver”mək lazımdır. Elmi olan adama məkr və şeytan heç nə eləyə bilməz.
“Tərifi-elm və tərbiyə” şeirində isə elm olmasa səadətin mümkünsüzlüyündən, bütün müşküllərin elmlə öz həllini tapmasından söhbət açılır. “Bitərbiyə ağacda xoş bar olmaz” qənaəti də göydəndüşmə deyildir. Şeirin əsas ideyası hər bəndin sonunda təkrarlanan “Elm, maarifdən yetər insan kamala, bil kamala” misralarında verilmişdir. Silsiləyə daxil olan digər nəğmələrdə də həmin üslubdan istifadə olunması səciyyəvidir. “Nəsihəti-nəfs” şeirinin hər bəndinin sonunda “Səfayi-elmdəndir bil, səadət, bil şərafət, olma qafil”, “Pənd” şeirinin hər bəndinin sonunda “Elm iləndir həmişə aləmdə bil şərafət”, “Nəsayeh” şeirinin hər bəndinin sonunda isə “Elmü ədəblə qıl dərdə çarə” misralarının təkrarı təsadüfi xarakter daşımır və Zərdabinin, onun əqidə, məslək dostlarının məramı haqqında dolğun təsəvvür yaradır.
“Bahariyyat” adı altında verilən şeirlərdə belə əsas fikir təbiət gözəlliklərinin təsvirində yox, elmin, biliyin təbliğindədir. “Baği-milləti elmlə sula” misrası həmin şeirlərdən birinin başlıca fikir yükünü öz çiynində götürür. Digər bir şeirdə “Cəhalət fəslinin səhmi pozulub, Elmü ədəb qərənfili düzülüb” misralarında “cəhalət fəsli”, “elm, ədəb qərənfili” ifadələri müəllif qayəsinin ifadəçisinə çevrilib.
Zərdabi və onun əqidə yoldaşları elmi insanlara çatdırmaq üçün məktəbə böyük ehtiyac olduğunu söyləyirdilər. “Tərifi-məktəb”də cəhalətin tozunu aparmaqda məktəbin müstəsna əhəmiyyətindən söhbət açılır:

Gəl nəvaya söylə məktəb sözünü,
Qəlbdən pak eylə cəhlin tozunu.
Nə rəvadır sənə, ey aqil olan,
Xabi-qəflət tuta əqlin gözünü?
Məktəbi-mədrəsədir elmü kamala yetirən,
Elmdir, gülşəni-imandı nihalı bitirən.

Bu və ya buna bənzər fikirlər “Nəsayeh”, “Təğrib ətfali-məktəb”, “Fəziləti məktəb” şeirlərində də davam etdirilir. “Elmsiz bəşər heç bəşər deyil” qənaəti bu mövzuda olan bütün şeirlərin başlıca leytmotividir.
İslam əxlaqının mükəmməlliyinə əmin olan, islam alimlərinin elmindən digər xalqların ustalıqla bəhrələnməsindən xəbərdar olan Zərdabi və onun qələm dostları inanırlar ki, əslinə, kökünə qayıdan, elm öyrənən millət əvvəl-axır səadətə qovuşacaqdır.

Çox elm, sənaye ki, bulub qeyrdə şöhrət,
Etmiş buna bil, milləti-islam sədarət.
Ol vəqt ki, Harun-Rəşid etdi xilafət,
Nəşr etdi nə kim, elm, maariflə hünərdir.
Canım, vəqti-səhərdir, ayıl, gör nə xəbərdir?

Əlbəttə, bu günün tələbləri nöqteyi-nəzərindən yanaşdıqda, dil və ifadə baxımdan həmin nəğmələrdə nöqsan tapmaq o qədər də çətin deyildir. Ancaq bu mətnlərdə irəli sürülən fikirlər indinin özündə də əhəmiyyətini, dəyərini itirməmişdir. Bəli, bu gün Həsən bəy Zərdabinin arzuladığı “vəqti-səhər” gəlib çıxıb. Azərbaycan müstəqil respublikaya çevrilib. Hər sahədə uğurlarımız var. Ancaq nöqsanlarımız da, görüləsi işlərimiz də az deyil.
Həsən bəy Zərdabi yazırdı ki, “Əkinçi” neçə aydır ki, nəşr olunur. Bundan xarici ölkələrin əksəriyyətinin xəbəri var. Ancaq təəssüf ki, özümüzünkülər bu qəzeti oxumurlar. Qəbrin nurla dolsun, Həsən bəy. İndi uşaq mətbuatımız da sən deyən gündədi. Uşaq ədəbiyyatının mahiyyətini, onun əhəmiyyətini, dəyərini, strateji bir əhəmiyyət kəsb elədiyini təəssüf ki, çoxları başa düşmür və ya başa düşmək istəmir. Azərbaycan televiziya məkanında ədəbiyyatımızın, onun ayrılmaz tərkib hissəsi olan uşaq ədəbiyyatının təbliğinə lazımi səviyyədə əhəmiyyət verilmir, millətin mənəvi tərəqqisinə mane olan şoular, əyləncələr isə baş alıb gedir. Bunun da nəticəsində “SMS” yarışına qoşulanların həm pulu gedir, həm də tərbiyəsi pozulur, zövqü korlanır. Hər hansı qoca və cavan ulduzu birinci etməkdən ötrü qızırğalanmadan yüzlərlə “SMS” göndərən kəsin kitab, jurnal almağa əli gəlmirg
“Əkinçi” qəzetinin 2 dekabr 1975-ci il tarixli nömrəsində yazılır: “::Bir kişi elmi, ədəbi, tərbiyə ilə mədəniyyəti bərtərəf edib, pul qazanmağı ondan yaxşı tutarsa, ol kişidən millətpərvərlik məlum olurmu? Haşa!” Bu sözlər bu gün nə qədər aktual səslənir, adamı düşündürür!
Əgər televiziya məkanımızın təbliğatı nəticəsində bu gün Şirin Zərdablı Həsən bəy Zərdabidən daha məşhur, daha populyardırsa, bu gün bizim elmdən, mədəniyyətdən, uşaq ədəbiyyatından ağızdolusu danışmağa haqqımız yoxdug Gəlin ulularımızın ruhunu özümüzdən incik salmayaq, gəlin Mirzə Cəlil demişkən papağımızı qarşımıza qoyub yaxşı-yaxşı fikirləşəkg Həsən bəy Zərdabi demişkən:
Canım, vəqti-səhərdir, ayıl, gör nə xəbərdir?

Rafiq Yusifoğlu, şair-ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor