Xoşbəxtlik nədir? – CAVAB

4
48

Tacir xoşbəxtliyin sirrini öyrənmək üçün oğlunu müdrik bir qocanın yanına göndərir. Oğlan qırx gün-qırx gecə yol getdikdən sonra gözəl bir saraya rast gəlir. İçəri girir. Görür ki, bir tərəfdə adamlar söhbət edir, bir tərəfdə həzin musiqi çalınır, bir tərəfdə də dünyanın bütün naz-nemətləri ilə bəzədilmiş bir süfrə var. Oğlan qocanın yanına girmək üçün xeyli gözləməli olur. Nəhayət növbə ona da çatır. Qoca ondan niyə gəldiyini soruşur. Səbəbini öyrəndikdən sonra oğlana zeytun yağı ilə dolu bır qaşıq verib: “Mən sənin sualına cavab verəcəyəm, ancaq, əvvəlcə get sarayı gəz, iki saatdan sonra yanıma qayıt. Ancaq elə elə ki, qaşıqdakı yağ tökülməsin”, – deyir. Oğlan sarayı gəzməyə başlayır, bir tərəfdən də gözlərini qaşıqdan çəkmir. Bu minvalla iki saat tamam olur. İki saatdan sonra oğlan yenidən qocanın yanına gəlir. Onu görən qoca təbəssümlə: “Çox gözəl! İndi mənə de görüm, yemək otağındakı gözəl xalıları gördünmü? Sarayın bağçasındakı güllər xoşuna gəldimi?” – deyə soruşur. Oğlan utanaraq başını aşağı əyir və əlindəki yağı tökməsin deyə heç bir yerə baxa bilmədiyini deyir. “Elə isə get sarayı bir də gəz. Ancaq dediklərimi də unutma”, – deyə qoca bir daha tapşırır. Oğlan qaşığı götürüb yenidən sarayı gəzməyə başlayır. Bu dəfə hər tərəfə diqqətlə baxır və sarayın gözəlliyinə heyran olur. İki saat tamam olan kimi qocanın yanına qayıdır və gördüklərini böyük həyəcanla ona danışmağa başlayır. “Bəs sənə əmanət etdiyim yağ hanı?” – deyə qoca soruşur. Oğlan qaşığa baxanda qaşıqda bir damla da yağ qalmadığını görür. Bunu görən qoca üzünü oğlana tutaraq deyir: “Bax oğlum, həyatın mənası bizim ona necə baxmağımızdadır. Əgər diqqətimizi yalnız bir nöqtəyə yönəltsək dünyanın, həyatın digər gözəl cəhətlərini görə bilmərik. Ona görə də həyatın bütün gözəlliklərini görməyi bacarmalıyıq. Unutma, xoşbətliyin açarı əlimizdəki nemətlərin qədrini bilməkdən başlayır. Sən də bu nemətləri itirməmiş dəyərləndirməyi öyrən”…

Hazırladı: Nərmin İlqarqızı / www.zerdab.com

4 ŞƏRH

Comments are closed.