Zərdab rayonundan Bakıya bu yolla gəlməkdən qorxurdum

1
27

fotoBir az əvvəldən başlayacam. Uşaqlığımdan. Ağsu aşırımının yaxınlığından. Şamaxı dairəsinin yanından. Yaşadığım Zərdab rayonundan Bakıya bu yolla gəlməkdən qorxurdum, təhlükəsinə görə. Amma susurdum mükafat alacağıma görə…

Orda, o dairəyə yaxın süd rəngli “QAZ 21” dayanırdı həmişə. Sovet milisinin formasında bir nəfər dururdu yanında. Əlində yol hərəkətini tənzimləyən qara-ağ rəngli çubuqla.

Qəribə olanı bu idi ki, hamı onu görəndə siqnal verib, gülümsəyib keçirdi.
Bizim ailə də hamı kimi idi. Gülməklə arası olmayan atam da onu görəndə gülümsəyirdi. Ordan keçməyimizdə məni sevindirən iki səbəbdən biri idi atamın gülümsəməyi idi. Deyirdi ki, yaxşı oğlandı bu. Bir dəfə atam bir onmanatlıq verdi ona. Bu hərəkətinə görə sual dolu baxışlarıma reaksiyası belə oldu atamın: “Pulu məndə qalmışdı keçən dəfə!”

O milislə birgə mənə də verəcəyi vardı atamın. Çünki Ağsu aşırımıyla Bakıya gəlməyin yolu mənə verilən o “rüşvətdən” keçirdi bir az da…

Bir dostum yadıma saldı onu, İntizam dayını. Keçmiş avtomobil müfəttişini…

Qocalıb dedi, çox qocalıb, amma ordadı, həmişəki yerində… Dostumun səsində təəssüf də vardı, rəhm də. Xoş xatirələri əks etdirəm gülümsəməsi “ondan mütləq yazacam” qənaətinə gətirdi məni…

Bu günlərdə yolum ordan düşmüşdü. Rəngi solmuş “QAZ 21” də orda idi. Qoca İntizam dayı da…O qədər yaxşı geyinməmişdi, hiss olunurdu ki, dolanışıq əvvəlki illərdəki kimi deyil…

İnsanda nə dəyişir-dəyişsin, gülüşü və baxışı dəyişməz… Amma bu adama münasibət də dəyişməz qalıb… Artıq əynində forması olmasa, maşını köhnəlsə belə… Hamı onun yanından keçir, siqnal verir, əl sirkələyib salamlaşır və gülümsəyir…

Bəlkə də İntizam dayı yeganə milisidir ki, əli sükan tutan hər kəs onu görəndə gülümsəyib keçir…

Maşından enib onunla salamlaşdım. Qəribə gəldi bu münasibət. Amma üzə vurmadı. Atamın adını deyən kimi xatırladı. Özünü də, vəzifəsini də. İllər öncə atamın onun haqqında dediyi sözü o da atam haqda dedi: “Yaxşı oğlandı!” Ayaqüstü də olsa söhbətləşdik:

– Neçə yaşınız var?

– 72 olub.

– Dəyişməmisiz…

– Yox, qızım, qocalmışam, məni aldatma (gülümsəyir).

– Sizi görüb gülümsəyir insanlar. Səbəbi nədi?

– Bilmirəm. Yəqin xətirlərinə dəyməməyim.

– Dəyməmiş olmazsız..

– Vallah o qədər ciddi şey elədiyim gəlmir ağlıma.
– Heç “prava” yazmamısız?

– Olub. Qoy oturmuşam məni işə salma (gülümsəyir).

– Deyirsiz, adam incitməmişəm, ona görə dedim.

– Olanda olub. Mən üzüyola adam olmuşam. Hər şeyə qane olan. Adamları yola vermək lazımdır ki, səni görəndə yan keçməsinlər. Axı həmişə cavan olmur adam.

– Yola verdikləriniz neynirdi sizə?

– Dolanırdıq.

– O vaxt necə dolanırdız?

– Camaat dolandırırdı bizi…

– Bəs indi?

– Elə indi də….

İstədim şəklini çəkim. Əvvəl yox dedi, sonra razılaşdı. “Qoy qalsın qızım bir də gördün”… dalını gətirmədi, gülümsədi. Mən də şəkil çəkə-çəkə, gülümsədim, “düz deyirsən” dedim. Məşhur şeirdən bir misra düşdü yadıma: “Bir də gördün fotodu insan”…

Hər kəs foto olacaq, hər birimiz. Mən unudulmayan foto olmaq istərdim. İnsan yaddaşının fotosu…

Mənə atam danışdı ilk dəfə…mən oğluma dedim…oğlum da kiməsə danışacaq, İntizam dayıdan, o yerdən keçəndə… Yəqin, dostuma da ilk dəfə kimsə danışıb… o da kimlərəsə danışıb… Hələ danışacağıq da… İnsan yaddaşının fotosundan… Hər kəslə acılı-şirinli, balaca da ola bir xatirəsi olan İntizam dayıdan…

Onun şəkilini çəkəndə düşündüm ki, bəlkə də mən ilk dəfə insan yaddaşının çəkdiyi fotonun fotosunu çəkdim….

Jalə MÜTƏLLİMOVA

foto

1 comment

  1. Hörmətli, Jalə xanım Mütəllimova! Bu dəyərli və ibrətamiz yazıya görə Sizə təşəkkür edirəm. Humanizm dəyərlərinin getdikcə azaldığı bir dövrdə, xüsusən də gənclərimizə təbliğat baxımından mövzu çox aktualdır.
    Xalqımızın əsas problemlərindən biri də biri-birimizə biganəliyimiz, sevgi-məhəbbətimizin az olmasındadır. Zənnimcə nə qədər ki, hətta ən yararsız bir vətəndaşımızı belə, digər xalqların ən dəyərli insanından daha üstün tutmayacağıq, o halda heç zaman formalaşmayacaq, daim faciələrlə üz-üzə qalacağıq. Təəssüf ki, əksər insanlarımız yalnız özünü düşünür – məndən ötsün, qardaşıma dəysin prinsipi ilə yaşayırlar.
    Yazınızın qəhrəmanı – İntizam dayının timsalında isə biz biri-birimizə hörmətlə yanaşmağı və sevməyi öyrənməliyik. Dinimiz də birmənalı şəkildə bizə insanlara qarşı insaflı davranmağı buyurur.
    Mövzunu diqqətlə oxudum və yaxşı mənada təsirləndim. Mən də həmişə bu gülərüz insanı müşahidə edirəm. Cabir Novruz demişkən: “ Sağlığında qiymət verək insanlara”. Mən də deyərdim ki, yaxşılara. Çünki dünya yaxşıların əməlləri üzərində bərqərar olur. Düzdür oxucular deyə bilərlər ki, bunun nəyi yaxşıdır ki, rüşvət alıb da! Ancaq söhbət humanist və nəfissiz olmaq, insanların rəğbətini qazanmaqdan gedir. Yeri gəlmişkən onu da arzulayıram ki, İntizam dayı və digər yaşlı insanlarımız onları qənaətbəxş yaşadacaq səviyyədə pensiya alsınlar və bu ahıl vaxtlarında küçədə dayanmasınlar, işləməsinlər. İsti evlərində oturub çay içə-içə nəvələrilə şənlənsinlər və onlara yaradılan bu gözəl şərait üçün dövlətimizə dua etsinlər. Atalarımız demişkən, hər ağızda bir dua var axı.
    Jalə xanım! Yazılarınızı mütəmadi oxuyuram, videomaterialınızı izləmişəm. Maraqlı dəstixəttiniz, yazı üslubunuz var. Şadam ki, zərdablı olmaqla yanaşı, həm də eyni dövrün tələbələri olmuşuq. Bildiyim qədərilə hazırda “APA”da çalışırsınız. Ümidvaram ki, çıxışlarını mütəmadi olaraq izlədiyim, savadlı, qeyrətli və vətənpərvər bir azərbaycanlı xanımı olaraq çox böyük hörmət etdiyim Vüsalə xanım Mahirqızının kollektivində daha yüksək nailiyyətlərə imza atacaq, Azərbaycanımızın mətbuat ocağı, dahi Zərdabi yurdu – Zərdabımızın qələm əhli kimi daim maraqlı və aktual məsələlərə toxunacaqsınız. Sizə can sağlığı və xoşbəxtlik arzulayıram. Qələminiz iti olsun!
    Dərin hörmətlə, Qurban Süleymanov.

Comments are closed.