“Gənclərə yox, gələcəyimizə yazığım gəlir”

0
21

gülüş– A kişi, arvadın bayaqdan atanı təhqir edir, sən isə…

– Elə ataya o da azdır…

– Axı o neyləyib?

– Elçiliyə özü gedib.

***

Bir jurnalist toylarda “xod” gedən tanınmış şou əhli ilə bağlı Əli Mirəliyevə sual ünvanlayır. Əli müəllim heç düşünmədən deyir:

– O, toylarda mahnı oxumur ki…

– Bəs nə oxuyur?

– Qiymət, – deyə Əli müəllim ona cavab verir.

***

Dünən bir dövlət məmuru infarkt keçirib. Məmurun infarkt keçirməsinə səbəb onun üç gündür rüşvət ala bilməməsi olub. Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-ağır olaraq qalır.

***

Bir jurnalist tanınmış kaman ustası Habil Əliyevdən soruşur:

– Habil müəllim, siz deyirsiniz ki, son illər şou-biznesə gələn müğənniləri tanımırsınız? Halbuki bir çoxları onların adlarını əzbər bilirlər…

-Elə onları tanıyanlar da onlar səviyyəsində olanlardırlar, – deyə Habil müəllim cavab verir.

***

Əməkdar artist Firuz Səxavətdən soruşurlar:

– İndi gənclərimiz elə musiqilər ifa edirlər ki… Onlara yazığınız gəlmir?

– Gənclərə yox, gələcəyimizə yazığım gəlir ki, gör Azərbaycanı kimlərin əlində qoyub gedirik.

***

Müştəri ofisianta: – Bayaqdan baş aşpazınızı tələb edirəm. Siz isə deyirsiniz ki, o məşğuldur. Əgər sirr deyilsə, deyə bilərsinizmi o nə işlə məşğuldur?

– Dünəndən qalmış yeməklərə təzə ad fikirləşməklə.

***

Bəzi telekanallar mağar təsiri bağışlayır. Efiri açanda adama elə gəlir ki, “palatka” toyundan videoyazıya tamaşa edirsən.

***

Səid Rüstəmov çox yeyən olub. Gəlib bir dəfə Üzeyir bəyin yanına. Yemək gəlib süfrəyə, Səid deyib ki, mən indicə bir qazan yemək yeyib gəlmişəm. Üzeyir bəy deyib yox, mən sənsiz yeməyəcəyəm. Bir qab aş gəlib hərəsinə. Üzeyir bəy başını qaldırıb ki, Səidin qabı boşdur, ikincini də gətirdib, üçüncünü də, özü hələ bir qabı yeyib bitirmədən. Axırda deyib, Səid, nə yaxşı ki, yeyib gəlmişdin”.

Müəllif: Qvami Məhəbbətoğlu. Mənbə: ZAMAN