“Şadam ki, Zərdablı olmaqla yanaşı, eyni dövrün tələbələri olmuşuq”

0
33
Jalə Mütəllimova
Jalə Mütəllimova

Hörmətli, Jalə xanım Mütəllimova! “Zərdab rayonundan Bakıya bu yolla gəlməkdən qorxurdum” adlı Zerdab.com saytında yayımlanmış dəyərli və ibrətamiz yazıya görə Sizə təşəkkür edirəm. Humanizm dəyərlərinin getdikcə azaldığı bir dövrdə, xüsusən də gənclərimizə təbliğat baxımından mövzu çox aktualdır.

Xalqımızın əsas problemlərindən biri də biri-birimizə biganəliyimiz, sevgi-məhəbbətimizin az olmasındadır. Zənnimcə nə qədər ki, hətta ən yararsız bir vətəndaşımızı belə, digər xalqların ən dəyərli insanından daha üstün tutmayacağıq, o halda heç zaman formalaşmayacaq, daim faciələrlə üz-üzə qalacağıq. Təəssüf ki, əksər insanlarımız yalnız özünü düşünür – məndən ötsün, qardaşıma dəysin prinsipi ilə yaşayırlar.
Yazınızın qəhrəmanı – İntizam dayının timsalında isə biz biri-birimizə hörmətlə yanaşmağı və sevməyi öyrənməliyik. Dinimiz də birmənalı şəkildə bizə insanlara qarşı insaflı davranmağı buyurur.
Mövzunu diqqətlə oxudum və yaxşı mənada təsirləndim. Mən də həmişə bu gülərüz insanı müşahidə edirəm. Cabir Novruz demişkən: “ Sağlığında qiymət verək insanlara”. Mən də deyərdim ki, yaxşılara. Çünki dünya yaxşıların əməlləri üzərində bərqərar olur. Düzdür oxucular deyə bilərlər ki, bunun nəyi yaxşıdır ki, rüşvət alıb da! Ancaq söhbət humanist və nəfissiz olmaq, insanların rəğbətini qazanmaqdan gedir. Yeri gəlmişkən onu da arzulayıram ki, İntizam dayı və digər yaşlı insanlarımız onları qənaətbəxş yaşadacaq səviyyədə pensiya alsınlar və bu ahıl vaxtlarında küçədə dayanmasınlar, işləməsinlər. İsti evlərində oturub çay içə-içə nəvələrilə şənlənsinlər və onlara yaradılan bu gözəl şərait üçün dövlətimizə dua etsinlər. Atalarımız demişkən, hər ağızda bir dua var axı.
Jalə xanım! Yazılarınızı mütəmadi oxuyuram, videomaterialınızı izləmişəm. Maraqlı dəstixəttiniz, yazı üslubunuz var. Şadam ki, zərdablı olmaqla yanaşı, həm də eyni dövrün tələbələri olmuşuq. Bildiyim qədərilə hazırda “APA”da çalışırsınız. Ümidvaram ki, çıxışlarını mütəmadi olaraq izlədiyim, savadlı, qeyrətli və vətənpərvər bir azərbaycanlı xanımı olaraq çox böyük hörmət etdiyim Vüsalə xanım Mahirqızının kollektivində daha yüksək nailiyyətlərə imza atacaq, Azərbaycanımızın mətbuat ocağı, dahi Zərdabi yurdu – Zərdabımızın qələm əhli kimi daim maraqlı və aktual məsələlərə toxunacaqsınız. Sizə can sağlığı və xoşbəxtlik arzulayıram. Qələminiz iti olsun!
Dərin hörmətlə, Qurban Süleymanov