Xocalı, əsir sevgi, “evcik-evcik” oyunu…

8
58
Qoruqbagi kendi

– Alo… Salam. Necəsən, ay oğul?

– Pis deyiləm.

– Sənə bir qız tapmışam, görsən, dərdindən dəli-divanə olacaqsan. Bəlkə bir görəsən onu?

– Ay ana, dedim axı, mən hələ…

– Offf. Yenə başladın? Sənin taylarının 2-3 uşağı var e…

– ….

– Yaxşı, özün bilərsən. Onsuz da sən bu gedişlə düzələn deyilsən. 26 yaşın var, hələ də illər əvvəl gördüyün qızı yadından çıxara bilmirsən…

– Ay ana…

***

Kamilə bizim kəndə ilk dəfə gələndə mən birinci sinifdə oxuyurdum. İllər ötsə də, mənə elə gəlir ki, həmin gün dünən idi və bu müddət ərzində mən heç dəyişməmişəm. Elə həmin düşüncə, elə həmin həyat tərzi, elə həmin sevgi…

O, Xocalıdan qonşumuz Zoya xalagilə qonaq gəlmişdi. İndi də mənə elə gəlir ki, o, xarici görünüşcə həyətimizdəki qızların heç birinə bənzəmirdi. Saçlarının rəngi də, gülüşü də, baxışı da tamamilə fərqli idi. Ən qəribəsi isə o idi ki, sanki mən onu əvvəllər haradasa görmüşdüm. Əslində isə bu, mümkün deyildi. Ən yaxşı halda mən bu qızı yuxumda görə bilərdim.

Kamiləni mənə bağlayan başqa bir səbəb isə onun kəndimizdə qaldığı müddət ərzində ancaq mənimlə oynamaq istəməsi idi. Bəzən mən öz oyunumuza kənardan bir nəfəri dəvət edəndə o küsürdü.

Xocalıdan olan bu qıza o qədər bağlanmışdım ki, axşam düşəndə, gün batanda, ayrılmaq zamanı çatanda özümə gələ bilmirdim və bir az sonra anama qoşulub guya Zoya xalagilə qonaq gedirdim.

Gəlişimiz onu hədsiz dərəcədə sevindirirdi.

O vaxtlar Kamiləyə qarşı keçirdiyim hisslərin əsl adının sevgi olduğunu bilmirdim.

Kamilə bizim kənddə qonaq idi. Buna görə də mənə elə gəlirdi ki, ürəyimdəki bu hiss ancaq qonaqlara qarşı olan bir hissdir.

Kamilədən sonra kəndimizə, qonşularımıza, evimizə çox qonaqlar gəlib-getdi. Ancaq həmin qonaqların heç biri ona ünvanlanmış bu hisslərə sahib ola bilmədi…

***

Biz həmişə özümüzdən uydurduğumuz “evcik-evcik” oyununu oynayırdıq. Mənimlə həmyaşıd olmasına baxmayaraq, o, bu oyunun qaydalarını daha gözəl bilirdi. Dediyinə görə, bunları anasından öyrənmişdi. Mən də, öz növbəmdə, atamdan öyrəndiklərimi – səfərdən qayıdanda pulları saymağı, bişirilən xörək xoşuna gəlməyəndə etdiyi hərəkətləri, hər gəlişində anama gül almağını bu oyunda təkrar edirdim. Özümüzdən uydurduğumuz bu oyun bizə o qədər xoş təsir bağışlayırdı ki, hərdən bunun oyun olduğunu unudurduq.

Onun bu oyunda xoşuna gəlməyən yeganə məqam, anasından fərqli olaraq, barmağında üzüyün olmaması idi. Anamın üzüyünü ona gətirmək istədiyimi bildirəndə razılaşmadı. “Bu yaxınlarda Xocalıya qayıdırıq, bir də buraya gələndə verərsən”, – dedi.

***

Onun Xocalıya qayıtdığı gün indiki kimi yadımdadır: 1991-ci ilin avqust ayının 29-u idi. O getdi və bir daha kəndimizə qayıtmadı.

1992-ci ilin fevral ayının 25-də ailəsi ilə birgə ermənilərə əsir düşdü Kamilə…

Bu xəbəri ilk dəfə sinif yoldaşım Rövşəndən eşitdim. Ona isə atası demişdi.

Sonradan bildim ki, Kamilənin atası Xocalı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, ailəsi isə əsir aparılıb…

***

Kamilə gedəndən bir neçə gün sonra anamın toy üzüyünü oğurlayıb, kənddəki evimizin arxasındakı arxın qırağında gizlətdim. Elə indi də həmin üzük oradadır, öz sahibini gözləyir. Anam uzun müddət o üzüyü axtardı, ancaq bir nəticə hasil olmadığını görüb, əlini üzdü. O üzüyü mənim oğurladığımdan anam hələ də xəbərsizdir…

***

Bugünlərdə 3 il 6 ay erməni əsirliyində olmuş, başına çox müsibətlər gəlmiş Suraxanı rayon sakini Elman Hacıyevlə tanış oldum. Ondan səni xəbər aldım, Kamilə! Çox həyəcanlı idim, dedim, bəlkə əsirlikdə olanda, Xocalıda mühasirədə qalanda səni görüb. Ancaq o, əsirlikdə olduğu müddətdə sən yaşda bir qız görmədiyini dedi. Əzizim Kamilə, səni mənə bağlayan bir neçə dəyər var. Onlardan biri sevgi, digəri Xocalı dərdidir…

***

Əsirlikdə başına nələr gəldi, hansı müsibətlərlə, hansı əzab-əziyyətlə üzləşdin? Bəlkə heç…

“Ümid ən sonda ölür”, – deyirlər. Dönəcəyinə, mənimlə rastlaşacağına ümidimi hələ də itirməmişəm.

Söz verirəm, sən dönən gün səhərdən axşamacan səninlə “evcik-evcik” oynayacağam. Qoy desinlər, dəli olub, bu yaşda “evcik-evcik” oyunu oynayır…

***

Dekabrın 28-i məndən 4 yaş kiçik qardaşım Kamranın toy mərasimidir. Bağışla məni, anacan…

8 ŞƏRH

  1. Çox gözəl yazıdır!Bəyəndim!Oxucular ardını rica etsə, yazardınızmı?

  2. COOOOX Beyendim.Seni yaxsi taniyiram qardas..Insanin qelbindeki hissleri hec kim bilmez.Amma senin yasadiqin cox gozel hissdi.Hemde fursetden istifade edib butun esirlikde olanlarimizin saq salamat ordan cixmasini uca yaradandan dileyirem.AMIN.

  3. Yazıya çox təsirli başlıq vermisiniz…Belə baxıram heç bitməyəcək də…

  4. Eziz qardas hissler tanisdir amma men inaniram qehremaninla qarsilasacaqsan.Insallah .tekrar olmasin tesirli idi adam duygulanir.sonluq uzucu olsa da bele amma deyirler umud uzulmezdir.

  5. “Xocalıdan Zərdaba gəlmiş qızın faciəsi…”ndə kövrək notlarla qələmə alınmış Xocalı dərdi , əsl Azərbaycan oğlunun sevgi duyğuları elə təsirlidir ki ,oxuduqca müəllifə minnətdarlıq duyğuları təkrar-təkrar artır .

  6. Dayimin cox deyerli ovladi,inan Allaha oxuduqca gozlerin dolur ve o sehneler gozlerinin qarsisinda ele canlanir ki sanki gozlerinle gormusen.Cunki cox semimi qelbden yazilib.Ellerine, qelbine sagliq.Yeri gelmisken,Terlan xanimin serhi de cox menalidir.Uca Allahdan sene aile seadeti ve islerinde bol-bol ugurlar dileyirik.Bu facide dunyadan kocmus butun hemyerlilerimize rehmet dileyirik.Qalanlara ise Allah sebr versin.
    Ilahi bu nedir,bu dehset nedir?
    Tarixde gorunmez musibet nedir?
    Qanlar axa-axa sele donubdur,
    Xocali qanli bir gole donubdur.
    Bu gun cehennemi yasayiram men
    Dozulmez ezabi dasiyiram men.

Comments are closed.