Həmyerlimiz Haqverdi Məmmədovun şəhid olmasından 20 il ötür

5
35

Qarabağ müharibəsiBu ilin yanvar ayında həmyerlimiz Məmmədov Haqverdi Fəxrəddin oğlunun şəhid olduğu vaxtdan 20 il keçir.

 3 aylıq evlilik həyatına Şükürbəyli kəndi uğrunda gedən döyüşlərdə son qoyuldu.

Bu günlər acısını yenidən yaşadığımız 20 Yanvar faciəsi və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlanan Dağlıq Qarabağ hadisələri, Azərbaycanlıların ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.

Dağlıq Qarabağ hadisələri və Azərbaycanlıların ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması Oğullarımızın yenidən silaha sarılmasına güclü bir təkan oldu. İgidlərimiz canları bahasına müharibə meydanına atıldı. Həmyerlimiz Məmmədov Haqverdi Fəxrəddin oğlu da belə bir vaxtda – 1993-cü ildə Füzuliyə-döyüş zonasına yola düşdü.

Məmmədov Haqverdi 1970-ci ildə Zərdab rayonunun Yuxarı Seyidlər kəndində anadan olub. 17 yaşında Yuxarı Seyidlər kənd orta məktəbini bitirib. 1988-90-cı illərdə Sovet Ordusunda xidmət edib. Daha sonra kolxozda işləməyə başlamışdı. Azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması onu silaha sarılmağa, doğma torpağın müdafiəsinə qalxmağa vadar etdi.

Haqverdi döyüşlərdə bütün gücü ilə, mərdliklə, bacarıqla vuruşurdu. Ana Vətənin, doğma elin-obanın, əzizlərinin-xüsusilə cəmisi 3 ay əvvəl evləndiyi həyat yoldaşının qürur mənbəyi olduğunu fəxrlə düşünürdü. Bu duyğular gənc əsgərə qol-qanad verir, azadlıq arzularını alovlandırırdı.

Bu arzularla Haqverdi 1994-cü ilin yanvar ayında Füzulinin Şükürbəyli kəndi uğrunda döyüşlərdə şəhid oldu. 3 aylıq evlilik həyatına məhz Şükürbəyli kəndi uğrundakı döyüşlərdə son qoyuldu (qeyd edək ki, Zərdab şəhidləri arasında toyundan 3 ay sonra şəhid olan digər həmyerlimiz də var. Bu, Söhrab Eyvazovdur. Allah rəhmət eləsin!).

Həmin vaxtdan 20 il keçir. İndi Haqverdinin uyuduğu torpaq ziyarətgaha çevrilib. İllər keçir, nəsillər dəyişir, lakin Vətən şəhidlərinin xatirəsi ürəklərdə və ziyarətgahlarda yaşayır.

Allah bütün Azərbaycan şəhidlərinə, eləcə də Haqverdi qardaşımıza rəhmət eləsin. Doğmalarına səbir versin!

 TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRI.

5 ŞƏRH

  1. Salam Tərlan müəllim, Şəhidlərimiz haqqında olan yazilarla çox maraqlandığim ücün sizin hazirladığınız bu məqaləni də böyük maraqla oxudum.Doğrudan heyrətamizdir,3 aylıq evlilik həyatına vətən sevdisi naminə son qoymaq.Bir şeydə demək istəyirəm. Bilirsiniz ki,mən 3 mərtəbəli inzibati binanın 39 saylı Səhər filial kitabxanasında işləyirəm.Bu filial kitabxanasinın Müdiri,mənim otaq yoldaşım Səidə xanımın da qardaşı-Ələsgər Əliyev 1992-1993-cü illərdə itkin düşüb.Və o, artıq Şəhid statusu alıb.Çox istərdim ki, Ələsgər qardaşımızın haqqında da bir yazı yazasınız.

  2. Əziz Gülxanım , mən də Sizi salamlayıram . Öz yazılarım haqqında Sizin fikirləriniz mənim üçün həmişə maraqlı olub. Yadınızdadırsa , 17 yanvar günü də Sizinlə eyni tədbirdə- “Veteranlar klubu”nun 20 Yanvar şəhidlərinə həsr olunmuş məclisində iştirak edirdik. Mən orada da dedim , indi də bildirirəm ki , həmin gün o məclisdə Siz çox yüksək səviyyədə çıxış etdiniz .Şəhid Ələsgər Əliyev haqqında material hazırlamağa gəlincə- çox böyük məmnuniyyətlə hazırlayaram.Allah bütün şəhidlərimizə , eləcə də Ələsgər qardaşımıza rəhmət eləsin , qəbri nurla dolsun ! Səidə bacımıza isə Allah bundan sonra da səbir versin !

  3. Бэли… О Аллаhын йаратдыгы эн уча зирвэйэ галхды, учалды, оз олуму илэ, шəhидлик зирвэсинэ… Онунла чийин-чийинэ дойушуб яраланыб саг галанлар исэ озлэрини шəhид едирлэр,мэсэл вар, дейирлэр елин козу тэрэзидир… корэсэн бу тэрэзи нэ вахт ишлэмэйэ башлаячаг… нэ исэ … Аллаh шəhидлэримизэ рəhмəт елэсин!

Comments are closed.