Ömrün vaxt ölçüsündən başqa məzmun ölçüsü də var…

0

zamanı geri qaytarmaqÖmrü zamanla ölçmək ömür haqqında yalnız ümümi təəssürat oyada bilər, necəliyini anlatmaz.

Ömrün vaxt uzunluğunu göstərə bilər, mahiyyətini ifadə edə bilməz.

Ömrün vaxt ölçüsü ömrün çölüdür, qabığıdır, içindən xəbər vermir.

Ömrün vaxt ölçüsündən başqa məzmun ölçüsü də var.

Ömrün sədaqət ölçüsü var.

Gözəllik ölçüsü var.

Söz ölçüsü var.

Əməl ölçüsü var.

Sevgi ölçüsü var.

Ömrün həsrət ölçüsü var.

Əlli illik ömrün yüz illik həsrəti ola bilir.

Əlli illik ömrə min illik sevgi yerləşə bilər.

Əlli illik ömrün beş günlük təmizliyi ola bilər.

Ömrün qiymətinin ən dəqiq ölçüsü yaşananlardır.

Yalnız yaşananlar ömürdəndir.

***

Ömür həm də bir yükdür.

Elə yükdür ki, onu necə daşımaqdan asılı olaraq bütün həyatına qiymət verilə bilər.

Ömür bir yükdür – insan olmaq yükü.

O yük həmişə səninlədir.

O yük sənin özünsən.

O yükdən haçansa azad olmaq mümkün deyil.

O yükdən azad olmaq özünü məhkum etməkdir.

Azadlığından imtinadır.

Özündən əl üzməkdir.

Özündən ayrılmaqdır, özünü itirməkdir.

Səni o yük qədər heç nə təsdiq edə bilməz.

Nə qədər ağır olsa da, övlad, valideyn qədər o yük adama doğmadır.

Qəribə də olsa, o yükü çiynindən atan kimi daha özün olmursan, rahatlıq əldə edə bilmirsən.

Tək qalırsan, yüksüz qalırsan, dəyərsiz olursan.

O yükün əvəzinə həyatına “yüngüllük”lər daxil olur.

Daha da ağırlaşırsan.

Daha da çirkinləşirsən.

Daha da çirklənirsən.

***

İnsanlıq yükçülükdür, cəfakeşlikdir.

Çünki insan olmaq bütün zamanların, bütün cəmiyyətlərin ağır yüküdür.

Ömrün mənası çəkdiyin yükün ağırlığına təndir.

Ömrün uzunluğu çəkdiyin yükə olan sevgin boydadır.

Ömrün dəyəri çəkdiyin yükə bağlılığın qədərdir.

Çəkdiyin yük elə sənin qədərindir.

***

Amma bu yükü mənzilinə çatdırmaq qədər böyük borcumuz, missiyamız yoxdur.

Bu yükü mənzilinə çatdırmaq qədər böyük mükafatımız yoxdur.

Bu yükü mənzilinə çatdırmaq qədər böyük bayramımız yoxdur.

Əslində bu yükü çatdırdığımız yer mənzilimizdir.

Bu yükü daşımaqdan bezən, usanan yarıyolda qalır, mənzil başına çatmır.

İnsan bu yükü çiynindən atdığı yerdə qalır.

İnsan yükündən uzaq gedə bilmir.

İnsan yükünü keçə bilmir.

İnsan yükünü aşa bilmir.

O yük ağır olduqca insanlığın miqyası artır.

Daha ağır yük daşıyan daha böyük insan olur.

Daha ağır yük daşıyanın mükafatı daha böyük olur.

Daha ağır yük daşıyanın bayramı daha təntənəli olur.

İnsanlıq yükünüz ağır olsun!

Mənbə: ZAMAN. Müəllif: Loğman. email: m.logman@zaman.az

Şərh yaz

Please enter your comment!
Please enter your name here

two + fifteen =