Sağmaq üçün əvvəl inək lazımdır, cənab deputat!

5
inek sağmaq

inek sağmaq“Artıq kənd yerlərindəki qızlar inək sağmaq istəmir”- bunu deputat Tahir Rzayev deyir. Cənab deputatın qızları inək sağmaq istəməməkdə günahlandırması onun şəxsi fikridir. Biri inək sağmaq istəmədiyi kimi deputatın da bunu onlara irad tutacaq qədər söz haqqı var. Söz azadlığı yəqin ki, elə buna deyirlər.

Mən cənab deputatıın söylədiklərini sadəcə bu söz azadlığının nümunəsi hesab edib susa bilərdim, əgər T. Rzayevin “Kənddə yaşayan gənclər hesab edirlər ki, kənddə əyləncə yoxdur və bu səbəbdən şəhərə qaçıb gəlirlər. Belələri daha çox yüngül tərbiyəli qızlardır. Əslində əvvəlki illərlə müqayisədə kənd yerlərində yaşamaq üçün şərait daha yaxşılaşıb. İndi ən ucqar kəndə də qaz verilir” fikirləri olmasaydı.

Cənab deputat! Bizim kəndimiz  ucqar kənd deyil. Hələ gözdən-könüldən uzaq kənd heç deyil.

Amma bizim məmurların və məşhurların da diqqətini cəlb edən bu ucqar olmayan kəndimizdə hələ də qaz yoxdur və yaxın gələcəkdə də olmayacağı rəhbər şəxslərin çıxışlarından hiss olunur.

Kəndin kişiləri də, kişisi olmayan evin xanımları da yaz-qış demədən odun “oğurluğu” ilə məşğul olmaq məcburiyyətindədir. Cənab deputat! Siz yağış yağmasını bizim kəndin insanları qədər arzulayan başqa bir kəndi bəlkə də görə bilməzsiz, amma mən bu siyahıda tək olmadığımız düşüncəsindəyəm.

Yağış bizimkilər üçün odun dağarcığıdır. Kəndimiz ağacları qorumaq üçün dövlətin gördüyü tədbirləri yüksək dəyərləndirəcək qədər intellektə sahibdir. Amma axı intelektli insan da qışda isinmək istəyir.

Yağış çarədir, yağacaq, çay daşacaq, özü ilə dağdan ağac kötükləri gətirəcək və bizim hələ də qaz verilməyən ucqar olmayan kəndimizin adamları odun “oğrusu” olmadan daha bir neçə gün yaşayacaqlar.

“Artıq kəndlərdə qızlar inək sağmaq istəmir” deyirsiniz, cənab deputat. Amma sağmaq üçün əvvəlcə inək olmalıdır, deyilmi? Kişiləri Rusiyada donuz otaran kəndlərin qızlarını inək sağmaq istəməməkdə günahlandıracaq qədər insafsızlıq etməyin. İnək sağmaq istəməmək də bir haqdır, sağmaq üçün inək ala bilməmək çox kəndlinin problem olduğu kimi.

Qızlar təkcə ona görə inək sağmaq istəmirlər ki, Bakıda daha əyləncəli həyatın xülyasını qururlar. Qızlar həm də ona görə inək sağmaq istəmirlər ki, bunu sadəcə bacarmırlar. İnək sağmaq təcrübədir, təcrübəni keçmək üçün obyekt (inək) olmalıdır. Qızlar həm də ona görə inək sağmaq istəmirlər ki, onlara həyatın inəkli tərəfində xoşbəxtlik vəd edəcək heç nə təqdim edilmir.

Əvəzində saysız-hesabsız müğənnilərin qarderobundakı alt paltarlarının markalarını təbliğ edib inəyi bu müğənnilərə “xoşbəxt insan” kimi baxan gənc qızların həyatından birdəfəlik çıxarmağı bacaran telekanallarımız var.

O qızlar hər gün onlara məxsus olan kəndin gözəl təbiətini seyr etmək üçün çoxu kiminsə “ulduzu” olan gözəl geyimli xanımların əyləşdiyi gözəl maşınların tüstüsündə boğulanda bu gözəl kəndin əslində onlara məxsus olmadığını anlayırlar. Bakı onlar üçün “xəyallar şəhəridir”.

Bu şəhərdən günlərin birində kimisə tüstüyə boğmaq üşün bahalı maşında qayıtmaq xəyalını onların əlindən heç kəs ala bilməz. Amma əvəzində o bahalı maşınları, gözəl geyimləri və nəhayət sağmaq üçün inəyi almaq üçün kənddə də münasib şərait yaratmaq olar. İnsanları “yüngül tərbiyədə” günahlandırmaqdan əvvəl onlara daha yaxşı olmaq üçün şərait yaratmağa çalışın. Axı siz həm də buna görə ordasız – Milli Məclisdə.

P.S. Magistr kimi ilk imtahanımda müəllimimiz Ağa Laçınlının antik Roma ədəbiyyatından əvvəl verdiyi ilk sual bu olmuşdu: “İnəyi hansı tərəfdən sağırlar?” Baxmayaraq ki, evimizdə 4 inək və mənim artıq 23 yaşım vardı, mən inək sağmağı bacarmırdım. Amma Bakıya inək sağmaq istəməməyim üçün də gəlməmişdim… Ağa Laçınlıdan aldığım və təhsil həyatim ilk və son “2”-i belə məni inək sağmağı öyrənməyə məcbur edə bilmədi.

Müəllif: Elnarə Əlosmanqızı (Yazı kiçik ixtisarla dərc olunub).

5 ŞƏRH

  1. Bu çox gözəl yazıya görə müəllifə və bu yazını saytımıza qoyduğuna görə Nicat bəyə dərin təşəkkürlər.
    Dahi ideoloq Karl Marks yazırdı ki,
    TƏNQİD OLMAYAN YERDƏ TƏFƏKKÜR İNKİŞAF EDƏ BİLMƏZ…

  2. Kend qizida geleceyin anasidir.Qoy o qizlarimiz tehsil alsinlar inek saga bilmemekden iki alsinlar.Savadli cemiyyet ucun ovladi dunyaya getiren ana savadli olmalidir.Sexsen menim ureyim agriyir cavan qizlar savadsiz aile quranda.

  3. Mawallah. Allah omur versin ama 102 yaw vermerem. Cavan gorunur. Tfu tfu

Şərh yaz

Please enter your comment!
Please enter your name here

3 × three =