Zərdab sakini barədə məhkəmə hökmü dəyişdirilmədi

1

Zərdab rayon MəhkəməsiZərdab şəhər sakini Əmrahov Samir Şəmsəddin oğlunun üzərində tapılan marixuanaya sonda onun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə gətirib çıxarıb. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 6,29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib. 10 aprel 2012- ci il tarixdə Zərdab rayon polis şöbəsinin inzibati binasında keçirilmiş baxış zamanı onun əynindəki boz rəngli gödəkçənin sağ yan cibində saxladığı 6,29 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Bundan sonra Samir Əmrahov Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə Zərdab rayon Məhkəməsi tərəfindən 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Məhkəmənin həmin hökmündən S.Əmrahovun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilib, Şirvan Apellyasiya Məhkəməsinin l5 may 2013-cü il tarixli hökmü ilə (sədrlik edən: A.Q.Dosiyev, hakimlər: Ə.G.Nurməmmədov və Ə.İ.Novruzov) apellyasiya şikayəti təmin edilib, Zərdab rayon Məhkəməsinin 18 oktyabr 2012-ci il tarixli hökmü ləğv edilib, S.Əmrahova təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilib. Lakin bundan sonra dövlət ittihamçısı olan
Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Seyhun Azadəliyev tərəfindən Şirvan Apellyasiya Məhkəməsinin hökmünə dair kassasiya protesti verilib. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Şirvan Apellyasiya Məhkəməsinin 15 may 2013-cü il tarixli hökmünün ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunub.
Protest müəllifi bildirib ki, apellyasiya instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən sübutlar CPM-i 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq S.Əmrahova təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verildiyindən hökm əsassız olduğundan ləğv edilməli və iş yeni aplleyasiya baxışına təyin edilməlidir. Belə ki, protest müəllifı apellyasiya instansiya məhkəməsinin şahid ifadələri ilə bağlı mövqeyinə münasibət bildirərək qeyd edib ki, hazırkı işdə polis əməkdaşlarının ifadələri əsasında S.Əmrahova ittiham verilməsinin məqbul olmaması barədə məhkəmənin dəlili əsaslı və qanuni deyildir. S.Əmrahovu cinayət törətməkdə ifşa edən şahidlərin bir neçəsinin polis əməkdaşı olub tabeçilik qaydasında yuxarı rəislərə tabe olmaları onların ifadələrinə tənqidi yanaşmağa əsas vermir. Digər tərəfdən ibtidai istintaqı aparan şəxs iş üzrə ifadələri alınmış şəxslərdən tabeçilik qaydasında asılı deyil ki, bu da istintaqın obyetkiv aparılmasına tam təminat verir.
Məsələ ilə bağlı ötən ilin dekabrında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Cəfərov İlham Məmməd oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə bəraət almış şəxsin müdafiəçisi Həsənov Əlayif Həsən oğlunun iştirakları ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə baxıb.
Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxsin müdafiəçisi Ə.Həsənovun, verilmiş kassasiya prostestinin təmin edilməsi barədə dövlət ittihamçısı S.Azadəliyevin çıxışlarım dinləyərək hesab edib ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsi qərarı dəyişdirilmədən saxlanılmalıdır:
Protest müəllifi qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən S.Əmrahova Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qanuni deyil və qanunvericiliyin müvafiq normaları ilə ziddiyyət təşkil edir.
Protestdə göstərilmiş dəlilləri əsassız hesab edən məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edib:
Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır.
Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilib.
Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktının baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
Protest müəllifi qeyd edir ki, S.Əmrahovun satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə cinayətinin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır.
Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, S.Əmrahovun istinad edilən cinayət əməlini törətməsi təkzibolunmaz sübutlarla öz təsdiqini tapmadığından, apellyasiya instansiya məhkəməsi haqlı olaraq ona bəraət verib, habelə bu vaxt məhkəmə cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarım düzgün tətbiq edib.
Belə ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd edib ki, S.Əmrahov 10 aprel 2012-ci il tarixdə, saat 22:00-da müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulsa da, həmin vaxtdan 11 saat 20 dəqiqə əvvəl, yəni 10 aprel 2012-ci il tarixdə saat 10:40-da şəxsi axtarışa məruz qalıb. Yəni S.Əmrahov Azərbaycan Respublikası CPM ilə müyyən edilmiş hər hansı bir statusa malik olmadan, cinayət prosesini həyata keçirən orqanın və ya məhkəmənin tutulma və ya məcburi gətirilmə barədə qərarı olmadan RPŞ-in cinayət-axtarış bölməsi rəisinin şifahi göstərişi əsasında RPŞ rəisinin müavini də daxil olmaqla bir qrup polis əməkdaşının köməyi ilə məcburi qaydada əli qandallı RPŞ-nə gətirilib, RPŞ-in cinayət-axtarış bölməsi rəisinin xidməti kabinetində ona ciblərində olan əşyaları çıxarıb stolun üstünə qoymaq, sonra isə həmin əşyaları qaytarıb cibinə qoymaq təklifi edilmiş, S.Əmrahov ciblərindən çıxmış iki ədəd siqareti, bir qutu kibriti qaytarıb cibinə qoymuş, gödəkçəsinin sağ yan cibindən çıxmış sellofan bükülünün isə ona məxsus olmadığı üçün qaytarıb cibinə qoymaqdan imtina edib.
Eyni zamanda S.Əmrahov şəxsi axtarışa məruz qalarkən ibtidai istintaq orqanı tərəfindən müdafiəçi ilə təmin edilməyib.
Bundan əlavə iş materiallarından və apellyasiya instansiyası məhkəməsində aparılmış qismən məhkəmə istintaqının nəticələrindən aydın olub ki, S.Əmrahovun barəsində həmçinin Azərbaycan Respublikası CPM-in 125.2.1 və 125.2.3-cü maddələrinin tələbləri ibtidai araşdırma orqanı tərəfindən pozulub, S.Əmrahov cinayət prosesi iştirakçısı kimi qanunla təminat verilən hüquqlardan məhrum edilib, eləcə də o müdafiəçi ilə təmin edilməyibr. Məhz bu səbəbdən apellyasiya instansiya məhkəməsi haqlı olaraq S.Əmrahovun əməlinin Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi qənaətinə gəlib.
Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPM-in 416.0.1-416.0.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini də əsassız hesab edib. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilməsi üçün əsaslar tapmayıb və buna görə də hesab edib ki, Şirvan Apellyasiya Məhkəməsinin 15 may 2013-cü il tarixli hökmü qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğvi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan protestin təmin edilmədən, həmin hökmün isə dəyişiklik edilmədən saxlanılması mümkündür.
Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1 -ci maddəsinin tələblərini rəhbər tutaraq qərara alıb ki, kassasiya protesti təmin edilməsin. Əmrahov Samir Şəmsəddin oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin 15 may 2013-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılsın.
Movqe.az

1 comment

Şərh yaz

Please enter your comment!
Please enter your name here

one × 2 =