Hədəfi olan gənclərə…

2
34
Elmir İsgəndərov
Müəllif: Elmir İsgəndərov

Gəncsiniz. Bəlkə orta məktəbdə oxuyursunuz. Problemləriniz var. Dərsləriniz qaydasında deyil. Bəlkə abituriyentsiniz. Ali məktəb yolunda aşmalı olduğunuz keçidlər, keçməli olduğunuz yollar, dəf etməli olduğunuz maneələr var.

Gəncsiniz. Bəlkə universiteti bitirmək üzrəsiniz. “Harada işləyəcəm?” “İş həyatında uğur qazana biləcəyəmmi?” “Görəsən, gələcək necə olacaq?” Bu kimi suallar rahat buraxmır sizi. Bəlkə bir hədəfiniz var. Amma bu hədəfə çatma yolunda bəzən bezirsiniz, bəzən əl çəkmək istəyirsiniz.

Yox! Əsla! Əl çəkməyin! Yorulsanız da, dincəlin və yolunuza davam edin.

Elektrik lampası icad edən şəxsin adını, yəqin ki, eşitmisiniz: Edison. Deyilənə görə, həmin bu Edison elektrik lampasının içinə yerləşdirmək istədiyi tel üçün iki yüzdən artıq maddəni “sınaqdan keçirib”. Bir gün ondan soruşurlar:

– İndiyə qədər iki yüzdən artıq maddəni yoxladın, alınmadı. Niyə bu sevdadan əl çəkmirsən?

Edisonun cavabı yuxarıda bəhs etdiyim gənclərin həyat şüarı olmalıdır:

– Öyrəndim ki, iki yüz maddə tel kimi istifadə edilə bilməz. Bu, vacib bilgi idi. Tezliklə lampanı

işıqlandıracaq teli də tapacağam…

Buradan öyrənirik ki, müvəffəqiyyətin qarşısındakı ən böyük maneə bezginlik və qərarsızlıqdır. Əzmli və qərarlı olmaq müvəffəqiyyətin ən təməl şərtidir.

1914-cü ilin 9 dekabr gecəsi Edisonun fabriki yanır. Əlbəttə, fabriklə birlikdə içində çəkilən o qədər zəhmət də külə çevrilir. Soyuq qış gecəsi yanğınsöndürənlər nə qədər çalışsalar da, fabrikdən geriyə yalnız yanan alətlər qalır. Ertəsi gün fəlakət zonasını gəzən Edisonun məsələyə münasibəti bu şəkildədir: “Fəlakətin böyük faydası var. Bütün səhvlərimiz yandı, getdi. Allaha çox şükür, indi yenidən başlaya bilərik”.

Bu yanğından üç həftə sonra Edison ilk qramofonun icadını tamamladı. Bir fəlakət qarşısında məğlub olmamağın, ümidini itirməməyin nəticəsi bu uğurla bir daha təsdiqləndi.

Bəli, uğur əldə etmək istəyən Edison yaxşı bilirdi ki, bunun üçün inancını və şövqünü itirməməlidir.

Uğursuzluqdan dərs çıxara bilənlər, əslində, uğur qazanmış olurlar.

Bir gün bir kəndlidən soruşurlar:

– İnəyin nə qədər süd verir?

Kəndli:

-İnək süd vermir. Mən ondan süd alıram.

Unutmayın! Həyat sizə uğur verməz. Siz inandığınız qədər ondan uğur ala bilərsiniz.

 Mənbə: ZAMAN

2 ŞƏRH

  1. Çox ibrətamiz bir yazıdır . Uğur qazanmaq istəyən gənc yetərincə bəhrələnə bilər . Nicat bəy , bu materialı yayımlamaqla gənclərimizə böyük dəstək olursunuz.

  2. Bu gun bele gencler cox azdir.Bilmirem belke mene ele gelir.Her seyin en asanini zehmetsiz,sorgusuz isteyirik.Ilk novbede iman,inam ve sevgi olmalidir.Bunlar varsa demeli yuxarida deyildiyi kimi her sey elde etmek olar.Allaha siginib tevekkul etmek mutleqdir.Her kese uca Allahdan sebrli olmgi dileyirik.

Comments are closed.