Həmyerlimiz, jurnalist Ürfan Məmmədlinin 55 yaşı tamam olur

8
Ürfan Məmmədli
Məmmədli Ürfan Məlik oğlu 1959-cu ilin yanvarın 25-də Zərdab rayonunun Aşağı Seyidlər kəndində anadan olub. 8 illik təhsilini həmin kənd məktəbində, orta təhsilini Şəftəxal (indi Şəftəhal yazılır-red.) kənd məktəbində alıb.

Bu gün mənim üçün ən doğma birinin ad günüdür.

Bir vaxt baş redaktorum olan, indi isə mənim ürək dostuma çevrilənin. Qardaş qədər bağlandığım, əsl qardaş məhəbbəti gördüyümün. Çaşbaşlıqdan ayıldan, qorxudan xilas edən, cəsarət verənimin. Məni illərlə dönə bilmədiyim  öz keçmişimlə görüşdürən, əvvəlki mühitimə qaytaran, qələmimlə yenidən qovuşduranın. Bu insan “Zaman-Azərbaycan” yarandığı gündən ömrünü bu qəzetə həsr edən, ürəyiylə, ruhuyla, sevgisiylə ona bağlanan, daim vicdanla, sədaqətlə xidmət edən Ürfan Məmmədlidir.  Bü gün onun 55 yaşı tamam olur, ömrünün 55 ilini keçmişində qoyur.

Mən onu demək olar ki 15 ildir tanıyıram, arada itən, onsuz keçən 10 ilimi saymasam. Saçları bəmbəyazdır, elə 40 yaşında mən onu görəndə də belə idi, indi də. Bəlkə də doğuşdan belədir bilmirəm, çünki ürəyi də ətrafındakı bütün insanlara qarşı elə saçlarının rəngi ilə eynidir. Görəsən ürəyinin rəngidirmi hər kəsə xeyirxahlıq edən , daim üzündən  nur yağan bu insanın saçlarına hopub?  Onu Bəhlul Danəndəyə bənzədirdim, “Zamanın Bəhlul Danəndəsi” deyirdim. O qədər ağıllı və hazırcavab idi ki. Hətta qəzetdə çıxan yumor səhifəsində Ürfan Məmmədlinin hazırcavablığından yumorlar da yazdığımı xatırlayıram. Mübahisə etməyi sevirdi, lap Tərs Məmməd kimi tərs idi. Amma mübahisəsi o qədər şirin və yumorlu idi ki. Əslində bu mübahisə də deyildi, xoşyana zarafat, loru dildə desək qarşısındakını cırnatmaq idi. Həmişə də cavabları ilə haqlı çıxardı. Heç vaxt heç bir söhbətdə onu təslim olan görməzdim, həmişə qarşısındakı təslim olub aradan çıxardı. Mənsə bu mənzərəni maraqla izləyib gülərdim. Əslində onunla mənim oxşar tərəflərimiz çox idi, çünki ruhən mənə xeyli yaxın idi. O da satira-yumora bağlı  adamıydı , hərdən bir bu sahədə yazardı. Ona görə hərdən bir yazardı ki həddindən artıq təvazökar idi. Mən “sizin cox gözəl satirik qələminiz var, axı niyə yazmırsız?” soruşanda “qoy qəzetimizdə işləyənlər yazsın,  mən heç nə yazmasam da olar” deyirdi. Bu təvazökarlıq əslində başqalarına kömək edir, ona isə mane olurdu, o üzə çıxmadıqca öz istedadını gizlədirdi. Söhbət onun aşkarda olan jurnalistliyindən, rəhbərliyindən getmir, gizlində qalan istedadlı bir satira-yumor yazarı olmasından gedir. Çox həssas, arif insanıydı, hər kəsin dərdinə, probleminə şərik olar, yaxşılıq edəniydi. Hətta qarşısındakı ona qarşı  nankorluq etsə də, üzə vurmaz, yenə xeyirxahlığını edərdi. Zamanda hər kəsin rəhbəri olsa da bu sahədə də çox fərqli insan idi. İşçilər arasında qətiyyən ayrıseçkilik etməzdi, birini əzizləyib o birini əzməzdi, hamıyla cox səmimi, yeri gələndə isə ciddi idi. Hirslənəndə hirsini biruzə verər, amma vəzifəsindən istifadə edib kimsənin qəlbinə dəyməz, təhqir etməz və ya işdən qovmazdı. Fikrimcə, elə məhz onun bacarığının, zəhmətinin bəhrəsi idi ki ZAMANın kollektivində bir-birinə qarşı daim mehribanlıq, hörmət, qəzetə, redaksiyaya  məhəbbət vardı. Diqqət edirsinizsə, Ürfan Məmmədli haqqında mən keçmiş zamanda danışıram. Ona görə ki mən  Zamanın keçmişində qalmışam. Bir az söhbətin istiqamətini dəyişmək istəyirəm, niyəsini isə bir azdan biləcəksiniz. Ürfan Məmmədlinin mənim kimi məhv olmuş bir qələm adamını necə ayağa qaldırdığını onu tanıyanlara və oxuculara anlatmağı özümə borc bilirəm.

…Həyat elə gətirmişdi ki mən öz dünyamdan, öz mühitimdən tamamilə qopmuşdum, daha doğrusu qoparılmışdım. Həyatıma qəfil qonaq gələn amansız qasırğa məni heç cür ayağa qalxmağa qoymurdu. Mən illərdir öz keçmişimə doğru getmək istəyirdim, amma heç cür bacarmırdım. Əslində bir dəfə lap çoxdan  özümdə cəsarət topladım, yarımçıq qalan yoluma yenidən davam etməyi düşündüm və mən mənəvi dəstək olacağını sandığm, illərlə çörək kəsdiyim bir dostuma doğru əlimi uzatdım, amma həmin  dost  əlimi namərdcəsinə itələdi, bu zərbəni gözləmirdim, ruhdan biryolluq düşüb yenidən bataqlığa batdım. Beləcə yenidən yıxıldım və daha ayağa dura bilmədim. Siz heç həyatda dost zərbəsi aldınızmı? Almayanlar bilsin, insanın həyatında aldığı bütün zərbələr bunun yanında heçdir, inanın. Bununla da keçmişimin qapısının üzümə bağlandığını düşündüm, keçmişimdən küsdüm,  tamamilə üz çevirdim.

Əslində mən çox güclü bir insanam, amma artıq gücüm tükənmişdi. Qəfəsdən buraxılan, uçmağı tərgidən, havaya qalxıb hansı tərəfə uçacağını bilməyən, yenidən öz həyatına, öz doğmalarına qovuşmağa cəsarət edə bilməyən köməksiz bir quş kimi. Bəzən quş bu əzaba dözə bilmir qəfəsin içində həyatına əlvida deyir, bəzən isə qəfəsdən qəfil çıxan quşun sevincdən və çaşqınlıqdan azadlıqda ürəyi partlayır, bilirsinizmi?

Qısası, keşməkeşli 10 il keçdi, həyat məni ordan ora, burdan bura atdı, amma nəhayət həyatım  xoşluğa doğru dəyişə bildi. Allah mənə övlad verdikdən sonra həyatı yenidən sevdim və yenidən öz keçmişimə doğru can atmağa çalışdım. İnternetə girib keçmişdə tanıdığım insanları axtardım, onların arasından birini seçib qeyri-ixtiyari bir məktub yazdım. Bu Ürfan Məmmədli idi. “Məni xatırlayırsınızmı?” Heç özüm də bilmədim niyə yazdım. Birdənbirə illərlə ürək etmədiyim bir addım atdım. Doğrusu, cavab gələcəyini sanmırdım. Çünki mən keçmişimin çox keşmişində qalmışdım. Amma mənə elə bir cavab gəldi ki…

Elə həmin gün telefonla danışdıq. Mənim səsimi eşidəndə səsinin titrədiyini hiss edim. Bu titrəyiş dərhal anladım, məhv olan bir insanın ayaqda durmasına sevinc reaksiyası. Bir dost ürəyi! Əslində elə mənim əsl dostum bu insanmış, demək ki mən səhv salmışammış. Beləliklə, Ürfan bəy ürəklə mənə illərlə dönməyə qorxduğum keçmişimin qapısını açdı. İstəsə bunu etməyə də bilər, heç məktubuma cavab verməzdi. Çünki mən ondan da, bütün iş yoldaşlarımdan da qəfil, görüşüb halallaşmadan ayrılmağa məcbur olmuşdum. O isə məni bir vaxt çalışdığım doğma Zaman qəzetinin redaksiyasına dəvət etdi, bütün iş yoldaşlarımla görüşə bilməyimə səbəb oldu, keçmişimə qaytardı. Bu qəzet və oradakı işçilər mənim keşmişimin ən gözəl bir hissəsi idi. Redaksiyanın yeri dəyişsə də qəzet həmin qəzet, insanlar həmin insanlar idi.  Ürfan bəy məni qarşılayanda gözləri dolmuşdu, gülə gülə əlimi sıxdı. Mənə doğru ürəklə uzanan bu ələ baxanda bir vaxt məni itələyən o dostumun əlini xatırladım. Belə bir əlin uzanmağına illərdir həsrət idim. Onun və bir vaxt çiyin-çiyinə çalışdığım kollektivimizin- Aydın bəy, Loğman bəy, Əli bəy, Eldar bəy, Səməd bəy, Qvami bəy, Əziz bəyin xoş sözləri mənə dəstək oldu, məni ruhlandırdı. Həmin gündən bəri yenidən yazmağa və hətta üzə çıxmağa başladım.

Artıq Ürfan bəylə tez-tez, qısa da olsa danışırıq, çox vaxt dərdləşirəm, rahatlaşıram. Böyük qardaşım, əsl dostum, doğma xilaskarım kimi. Çox vaxt məndən böyük olsa da ərk edib mən onu danlayıram. Qələminə qarşı tənbəllik etdiyinə görə, həddindən artıq təvazökar olduğuna üçün.  Təvazökarlıq gözəl bir şeydir, amma bu insanda həddindən artıq çoxdur. Dönə-dönə “hər kəsi düşünürsünüz, bir az da özünüzü düşünün, illərlə içinizdə gizlətdiyiniz, çoxlarında olmayan satira-yumor qələminizi üzə çıxarın” deyirəm. O da daim mənə nəzarət edir, hiss edirəm yenidən ruhdan düşə biləcəyimdən ürəyi narahatdır. Ürfan bəy, bilmirəm, bəlkə də məni yenə də həyatda pis sürprizlər gözləyir və məncə daha bunları  qaldırmağa gücüm yetməz, çünki illər məni tükətdi. Amma yetər ki siz əlimi buraxmayın, yəqin ki bir daha sizin kimi ürəkdən əlimdən tutan olmayacaq.

Doğum gününüz mübarək, Ürfan bəy. Bir dəfə söhbət arası “Mən həmişə əlimdən gəldiyi qədər qəzetin keyfiyyəyinin aşağı düşməməsinə, kollektivimizin də dağılmamasına çalışıram” dediniz. Mən buna əminəm, çünki siz ZAMANın uğurusunuz. O gün “məni məndən yaxşı tanıya bilməzsən” dediniz, amma mənim tanıdığım Ürfan Məmmədli mənə yetər. Sizi ZAMAN qəzeti uğrunda  yanan, özü yandıqca bu qəzetin yolunu işıqlandıran, əridikcə redaksiyaya nur gətirən ağ bir şama bənzədirəm. Eynilə saçlarınızın, ürəyinizin, üzünüzün ağlığı kimi… Ad gününüzdə yəqin ki hər kəs – ZAMAN kollektivi, qohumlar, dost-tanışlar sizi təbrik edəcək. Ancaq ad günündə dua qazana bilmək hər insana qismət deyil, sizsə öz insanlığınız, xeyirxahlığınızla şəxsən məndən dua qazandınız. Məni keçmişimə qaytardığınız üçün hər açılan səhər uca Allaha etdiyim və ömrümün sonunadək edəcəyim, çoxlarının heç vaxt qazana bilmədiyi dua…

Aygün Ələddinqızı. Mənbə: ZAMAN.

8 ŞƏRH

  1. Zerdabdan olan her bir ziyalinin uguruna urekden seinirem,U.Memmedlini tebrik edirem.Azerbaycan jurnalistikasin nkishafi yolunda boyuk ugurlar arzulayiram!!!

  2. Məni təbrik eləyən hər kəsə və təbrik eləyən və eləməyən bütün zərdablılara təşəkkürlərimi bildirirəm. Hər kəsə geriyə boylanarkən təəssüf gətirməyəcək bir ömür yaşamağı arzulayıram.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

11 − two =