Aşağı Seyidlər kəndindən başlayan şərəfli ömür yolu…

6
33

Zərdab-yolÖmrün 55 ili

 

“5” mənim sevdiyim rəqəmdir. Bu gün ömrümə iki 5 birdən gəlir. 55 ili bitirirəm. Bunun 7-si məktəbəqədər, 10-u orta məktəb, 5-i universitet, 11-i hərbi xidmət də daxil olmaqla təyinatla işlədiyim illər, qalan 22-si isə “Zaman-Azərbaycan”la keçirdiyim ömrün payına düşür.

Uşaqlığım barədə bir şey bilmirəm, uşaq olmuşam. Orta məktəb illərini yelə verməmişəm. 6-cı sinfə qədər əlaçı olmuşam. Ondan sonra qiymət vəsiqəmə 4-lər də yol tapıb. Allah rəhmət eləsin Abdulkərim müəllimə, dil-ədəbiyyat müəllimim olub, ilk 4-ü ondan almşam. Şifahidən 5 alırdım, amma yazıdan, xüsusən, inşadan 5 almaq müşkül məsələ idi. Amma mən Abdulkərim müəllimi həmişə rəhmətlə anıram. Bu gün cümlələri ard-arda qoşa bilirəmsə, bunda Abdulkərim müəllimdən aldığım 4-lərin rolu böyükdür. (Bəlkə 5 alsaydım, bu gün böyük bir qəzetin yazarları sırasında olmazdım).

İndiki Azərbaycan Memarlıq və İnşaat Universitetinə onun ilk müstəqil qəbul keçirdiyi 1976-ci ildə daxil olmuşam. Universitetdə 44 imtahan verib hamısından müvəffəq qiymət almışam. Onu da deyim ki, universitetdə 3-lə də tanış oldum. Amma bu, çox olmadı. Orada da 5-lərim oldu. Orta bala görə qrupumuzda 6-cı yerdə idim. Bu da təyinat yeri seçməkdə mənə kömək etdi. Əslində bu imkandan yaxşı istifadə etmədim. Təyinatımı Elmi-Tədqiqat İnstitutuna aldım. İşə başlayanda isə səhv etdiyimi başa düşdüm. Çünki SSRİ-də texnika sahəsində elmin dərinliklərinə yiyələnmək çox çətin imiş, bu istiqamətdə yol göstərən qıtlığı var imiş. Təyinat aldığım müəssisədə bir nəfər də olsun, alimin olmaması mənim arzularımı ürəyimdə qoydu. Yəni mən özümə elmi rəhbər tapa bilmədim. Amma orada  işlədiyim 11 ildə hazırladığım hesabatlardan “5” almaq üçün əlimdən gələni edirdim. İndi adını unutduğum Şor familyalı bir mühəndis (o vaxt o, Azərbaycanda bizim sahə üzrə ən yaxşı mütəxəssis sayılırdı) işlərimə baxıb məni yanına çağırmışdı. Bir qədər söhbət etdik və məni yola salanda dedi ki, əgər öz üzərində belə işləsən 10 ildən sonra sən Azərbaycanın bir nömrəli körpü mühəndisi olacaqsan. Orada işlədiyim müddətdə Riqa Politexnik İnstitutunda kursda oldum və həmin kurs imtahanından “5” alıb asfaltın tərkibində bitumun miqdarını radioizotop şüalanma yolu müəyyən edən mütəxəssis sertifikatına layiq görüldüm. Təəssüf ki, o sahədə daha 10 il işləyə bilmədim. SSRİ dağıldı (buna təəsüflənmirəm), arzularımız pərən-pərən düşdü.

Ümumiyyətlə, bütün həyatım boyu verdiyim imtahanlardan qeyri-müvəffəq qiymət almamağım mənim üçün kiçik bir təsəllidir. (Amma bunda da kiçik bir istisna var. Hərbi xidmətdə olarkən “politpodqatovka” deyilən “zanyatiyadan” qeyri-kafi aldım və mən bunu gülüşlə qarşılayıb qarşımdakı zabitə belə bir sual verdim: Kəsrimi düzəltməyincə əsgərlikdə qalacam?).

Mən “Zaman” qəzetinə də mühəndis kimi gəlmişəm. Əvvəlcə texniki qurğulara nəzarət eləyən texniki işçi idim. Deyirlər həyatda təsadüflər olmur. Ona görə də, mən mühəndislikdən yazarlığa keçməyimi təsadüfi saymıram. Amma bu keçid ilk baxışda təsadüf kimi görünür. 1992-ci ilin oktyabrın 9-u idi. Müxbir çatışmadığından baş redaktor məni “Azadlıq” meydanında keçirilən hərbi paradı izləməyə göndərdi. Desantlarımızın paraşütlə “Azadlıq” meydanına enməsini izləyənlərin hamısı kimi mən də kövrəlmişdim. Qayıdıb gördüklərim barədə bir yazı yazdım. Baş redaktor yazıya baxdıqdan sonra, onu telekslə İstanbula ötürməyi tapşırdı. O vaxt qəzet həftədə bir dəfə İstanbulda çap olunurdu. Növbəti sayda yazım manşet kimi verildi və İstanbuldan mənə təşəkkür gəldi. Bundan sonra mən yazar oldum. Bir il sonra Türkiyəyə qəzetçilik kursuna getdim. İndi qəzetçilik mənə mühəndislikdən də doğmadır. Amma etiraf edim ki, mühəndislikdə reallaşdıra bilmədiyim arzularımın xiffətini hələ də çəkirəm.

Arxada qalan 55 ili “5”-ə layiq yaşadığımı demək olmaz. Bu ömrü daha məhsuldar yaşamaq olardı və mümkün idi. Amma ötən günə gün çatmaz, calasan günü günə. Bu bir peşmançılıqdırmı? Bilmirəm. İndi gənc olsaydım, həyatdan “5” almaq üçün arxaya tez-tez boylanardım.

Ürfan Məmmədli. Mənbə: ZAMAN.

u.memmedli@zaman.az

6 ŞƏRH

  1. Hörmətli,Ürfan müəllim!
    Ömrünüzün 56-cı ilinə qədəm qoyduğunuz ilk saniyələrdə çox yəqin ki, Sizi elə ilk təbrik edən zərdablı olaraq da çox şadam. Ziyalılar nəsli olaraq ailənizin bir çox nümayəndəsi Azərbaycanımızın səhiyyəsinə, mətbuatına, elminə töhfələr verir, Zərdabımıza baş ucalığı gətirirsiniz. İman həkim, İbrahim müəllim və sevimli orta məktəb müəllimim Niman müəllimin də adlarını böyük şərəf və hörmətlə qeyd etməyi özümə borc bilirəm. Ancaq bu mübarək yubileyinizi – 55 yaşınızı təbrik etmək isə mənimçün xüsusən xoşdur. Çox şadam ki, tələbəlik illərimdə qısa da olsa, iki ay sınaq müddətində çox böyük dəyər verdiyim “Zaman-Azərbaycan” qəzetində Sizinlə birgə çalışmış, ünsiyyətdə olmuşam.
    3-cü mikrorayon bazarının ərazisində o vaxtkı mövcud acınacaqlı vəziyyətlə bağlı tənqidi “Bazarın bazarı ölüb” başlıqlı yazım da bu qəzetdə çap olunmuşdu və sınaq müddətindən uğurla keçmişdim. Lakin, müəyyən şəxsi-subyektiv səbəblərdən fəaliyyətimi bu dəyərli qəzetdə davam etdirə bilmədim. Həmkarınız olaraq keçirdiyim o qısa müddəti isə bu gün də xoş təəssüratla xatırlayıram, əsl Həsən bəy Zərdabi davamçısı kimi Sizi şəxsən tanıdığım üçün isə çox şadam.
    Bir daha ürəkdən təbrik edir, can sağlığı, xoşbəxtlik, ailə səadəti və əmək fəaliyyətinizdə uğurlar arzulayıram. Qələminiz iti olsun! Qoy oxucularımız yazılarınızı daim maraqla oxuyaraq zövq alsınlar və maariflənsinlər.
    Dərin hörmətlə, Qurban Süleymanov – Şahhüseynli.

  2. Salam, Qurban bəy! Təbrikiniz üçün təşəkkür edirəm. Amma diqqətimi təbrikdən daha çox mənimlə 2 ay birgə işləməyiniz barədə məlumat çəkdi. Rayonda da qonşu kəndlərdə böyümüşük. Təəssüf ki, nə onda, nə də birgə işlədiyimiz illərdə sizi tanımamışam. Amma adını çəkdiyiniz “Bazarın bazarı ölüb” adlı yazı başlğı mənə tanış gəlir. Bəlkə də o yazı mənim redəktəmdən keçib.
    Fəaliyyətinizi bizim qəzetdə davam etdirməməyinizə görə təəssüflənirəm. Sizi redaksiyaya dəvət edirəm. Bakıda yaşayırsınızsa, istədiyiniz vaxt gələ bilərsiniz.

  3. Hormatli Urfan muallim,sizi samimi qalbdan tabrik ediram.Insallah 110 yasinizi qeyd edasiz.

  4. Hörmətli, Ürfan müəllim! Bir daha Sizə ən xoş arzularımı bildirirəm. Təbrikimi qəbul etdiyiniz, dəyərləndirdiyiniz və məni redaksiyaya dəvət etdiyinizə görə çox təşəkkür edirəm.
    Bakıda yaşayıram. İnşaallah münasib zamanda Sizinlə görüşməyə gələcəyəm.
    Yeri gəlmişkən mənim yazılarımı, eləcə də Sizə ünvanladığım təbriki böyük səmimiyyətlə “Zerdab.com” saytında yerləşdirdiyinə görə hörmətli Nicat müəllimə də təşəkkürümü bildirirəm.
    Dərin hörmətlə, Qurban Süleymanov.

Comments are closed.