O hansı nemətdir ki, Allah-Təala sultanlara verməyib, sənə verib?

1
57

namaz“Namaz möminin meracıdır” buyurur Allahın sevimli Peyğəmbəri Həzrəti Məhəmməd (s.ə.s.). Merac nədir, bilirsinizmi? –  yüksəlməkdir, özü də elə bir məqama yüksəlmək ki, Həzrəti Cəbrayıl dayanır və “burdan o tərəfə bir addım atsam, yanaram” söyləyir. Alnını yerə qoymaq əslində Allahın hüzuruna yüksəlməkdir. Merac elə bir yüksəlişdir ki, ağıl onu dərk etməyə yetməz, o ucalığa yetişə bilməz.

Allah bizə bizim boynumuzun şah damarından daha yaxındır. Amma bu heç də o demək deyil ki, biz də bizə bizim boynumuzun şah damarından daha yaxın olan Allaha yaxınıq.

“Bəndənin Allaha ən yaxın olduğu məqam səcdə məqamıdır”. Bunu da Allahın sevimli Peyğəmbəri Həzrəti Məhəmməd buyurur. Yəni insan özünə yaxınlaşdıqca, özünü bildikcə, öyrəndikcə Allahına yaxınlaşır.

Səcdə – Allah-Təalaya təslimiyyətin ən aydın görüntüsüdür, başını sanki Uca Rəbbin ayaqları altına qoyurmuş kimi yerə qoymaq, enə bildiyi qədər enmək, əyilə bildiyi qədər əyilməkdir.

Səcdə – zahirən ən aşağıya əyilmək kimi görünsə də, həqiqətdə ən yüksəyə yüksəlməkdir.

Allah qarşısında əyilmək – ucalmaqdır.

***

İbadətin ruhu ixlasdır, yəni ancaq və ancaq Allahın əmri olduğu və Allahın məmnunluğunu, təqdirini qazanmaq üçün yerinə yetirilməsidir. “İxlas” dediyin elə “xalis” deməkdir, qarışıqsız, tərtəmiz. Yəni sənin ibadətinə dünya sevdası, dünya düşüncəsi zərrə qədər də qarışmır, bulaşmır. İbadət Allah üçün olduğundan qarşılığı da ancaq Allahdan dilənər. Dünyanın sənin ibadətinə dəyər verməsini gözləmək əslində ibadətin dəyərini azaltmaqdır. İbadət – qulun Allaha yönəlməsidir, Allahla qul arasında rabitədir. İftitah təkbiri, yəni namaza başlayan adamın əllərini qulaqlarının dibinə qoyaraq, “Allahu Əkbər” deməsi həm də o anlama gəlir ki, artıq dünyanı önümdən götürüb, arxama atdım, Allahla mənim aramda heç bir şey qalmadı.

Dili Quran surəsi oxuya-oxuya fikrində kiminləsə alış-veriş edən hüşudan kənardır, yəni kimə yönəldiyini, o anda nə işlə məşğul olduğunu unutmuşdur.

***

Birisi namaz qılır, amma tələsir. Tədili-ərkan deyilən namazın bölümlərini tez tamamlayır, tələsərək keçir. Bu zaman ora bir başqası gəlir. Namaz qılan adam o andaca sürətini yavaşıdır və ibadətini ağır-ağır, uyğun bilindiyi ritmdə davam etdirir.

İnsan öz ibadətini hüzurunda dayandığı Uca Rəbbə görə deyil, otağa girən hansısa insana görə tənzimləyirsə, demək, hələ namazın nə olduğunu anlamış deyil. Allahdan həya etməyib, bəndədən çəkinirsə, bu, axirət düşüncəsinin deyil, dünya sevdasının görüntüsüdür.

***

Bəndənin namaz vəzifəsini yerinə yetirə bilməsi özü böyük nemətdir, Allahın bəndəsinə bir lütfüdür. Bəzi müsəlmanlar namazın ardınca “əstəğfürullah” deyirlər. Bu nəyi ifadə edir, bilirsinizmi? “Mən bu namazı qıldım” düşüncəsindən sıyrılıb, “Ey namaz qılmağı biz bəndələrinə əmr buyuran Rəbbim, bu əmri yerinə yetirə bilməyi də bu quluna nəsib etdiyin üçün Sənə sonsuz şükürlər olsun!” kimi bir təvazö atmosferinə dalmaqdır, xeyir içində xeyir, xəzinə içində xəzinə tapmaqdır.

***

Evlərinin önündən Rəsulullahın (s.ə.s.) keçdiyini görən gənc Onu evlərinə dəvət edir və deyir ki, atası evdə ibadətlə məşğuldur. Rəsulullah (s.ə.s.) bir qədər dayanır və onu dəvət edən gəncə təbəssüm edərək: “Atan bazarda alış-verişlə məşğuldur”, – buyurur. Allahın sevimli Peyğəmbəri yoluna davam edir və həmin gənc içəri girib atasının namazı tamamlamasını gözləyir, Peyğəmbərlə aralarında olan söhbəti danışır. Atası da böyük bir yanğıyla əlini dizinə vurur: “Mən başı küllü namaz qılsam da, fikrim bazarda idi, müştəri ilə bir malın alış-verişini düşünürdüm”,- deyir.

Allah bildirəndə sevdiyi Peyğəmbərinə də, digər qullarına da onun görmədiyi, bilmədiyi mətləbləri bildirir.

***

Kiminin alnı var, səcdəsi yoxdur, kiminin səcdəsi var, alnı yoxdur. Bir az mücərrəd səsləndi, eləmi? Onda açıqlayaq:

Yetmiş, səksən il bu yer üzündə elədən-belə, belədən-elə dolaşır. Bu yaşında belə, cavan oğlan kimi gümrahdır, nə dişi ağrıyır, nə başı. Oğul-uşağı, var-dövləti, kef-əhvalı, hamısı yerbəyerindədir. Allah ona istədiyi hər şeyi verib. Amma Allahın verdiyi bu qədər nemət qarşısında bir dəfə də olsun “Allah” deyib alnını yerə qoymayıb, səcdə nədir bilmir.

Adam da var, yerindən qalxa bilmir, əzələləri tutmur, qaşığı ağzına apara bilmir. Ən böyük arzusu nədir, bilirsinizmi? Durub hamı kimi yeriməkmi? – Xeyr! Əlini-qolunu yelləyərək toyda oynamaqmı? – Xeyr! Övladını qucağına götürüb üz-gözündən öpməkmi? – Yenə də xeyr! Ən böyük arzusu alnını yerə qoya bilməkdir, “Allah” deyib əyilə bildiyi qədər əyilməkdir. Allah qarşısında əyilə bildiyin qədər əyilmək ucala bildiyin qədər ucalmaqdır.

Səcdə onda səcdə olur ki, öncə ruh səcdə edir, ardınca da bədən onu təkrarlayır. Ruhu səcdə halında olanların bədəninin əyilməməsi (daha doğrusu, əyilə bilməməsi) ən böyük istək ola bilər, amma dərd deyil.

***

Yol kənarında oturmuş birisi dayanmadan dua edir: “Ey mərhəməti sonsuz olan Allahım! Sən mənə padşahlara, sultanlara vermədiyin neməti vermisən. Sənə nə qədər şükür etsəm, yenə azdır”. Yoldan keçən birisi onun söylədiklərindən təəccüblənir:

– Qardaşım, gözün görmür, ayaqların səni götürmür, əllərin tutmur. Birisi səni yedirməsə, acından ölərsən. Hansı gününə şükür edirsən? O hansı nemətdir ki, Allah-Təala padşahlara, sultanlara verməyib, sənə verib?

İşıqsız gözlərini üfüqə zilləyən həmin könül əri görün necə cavab verir:

– Allah-Təala mənə bu dünyanın bir sınaq, bir imtahan yeri olduğunu öyrətdi. Mən bu dünyada hər şeyin fani olduğunu, hər şeyin ötəri, keçəri olduğunu yaxşı bilirəm. Biz hər gün bu dünyadan bir addım uzaqlaşır, axirətə bir addım yaxınlaşırıq. Mən bu halımdan məmnunam. Allah məni belə yaradıbsa, demək, mənim imtahanım bu halıma görədir. Mən bu halımdan da, Allahımdan da çox razıyam, çox məmnunam, Onun hər əmri başım, gözüm üstədir. Mən bu dünyaya könül vermədim, bütün duyğularımla Allahıma yönəldim. Mən Allahımı tanıyıb, Onu sevəndən sonra bu fani dünyanın yalançı cazibəsindən baxsam, nə xeyri, baxmasam nə zərəri?

Yol ötən adam heç bir şey söyləyə bilmir. Udqunur, “Allah köməyin olsun” deyib, yoluna davam edir.

***

Allahın verdiyi hər nemətin bir qarşılığı var. Alnın şərəfi səcdəyə varmaqladır. Alın səcdəylə nurlanır. Ruhu səcdəyə varanların Allah ruhunu da, alnını da nura çevirər.  Allah-Təala (c.c.) hər birimizə səcdə ilə şərəflənmiş, nurlanmış alın nəsib eləsin.

Namazda dua var, oruc var, merac var, ən böyük vəzifənin icrası var, aldığın nəfəsin, yediyin nemətin, gördüyün dünyanın haqqını vermək var, birnən mini həll etmək var.

***

Yazını tez-tez təkrarladığımız bir həqiqətlə tamamlamaq istəyirik: Allah qarşısında səcdə etməyəni Allah üzü üstə süründürər; oruc tutmayanı aclığa məhkum qılar; zəkat verməyəni qapı-qapı diləndirər…

Onu unutmayaq ki, mülkün də sahibi Odur, bizim də sahibimiz Odur. Onun verdiyini Onun adı ilə vermək qazanmaqdır. Bədənin hər üzvünə də bir cür ibadət şəkli vermişdir. Gözün də ibadəti var, dilin də, dizin də, əlin də, ayağın da… Allah-Təala sizlərə və bizlərə bütün əzaları, bütün varlığı ilə Ona səcdə etməyi nəsib buyursun! Onun qarşısında əyilək ki, yüksələ bilək. Allah qarşısında səcdə etməyən bəndə qarşısında büklüm-büklüm əyilər.

Mənbə: ZAMAN, Əli Çərkəzoğlu.

1 comment

  1. Heqqeten cox tesirli yazidir.Allah razi olsun.Tanri her kese nesib etsin namaz qilmagi ozude seve-seve.Namazin gozelliyi de ele bundadir.

Comments are closed.