TQDK sədri Zərdablı gənclərin seçimindən danışdı

0
23

TQDKAzərbaycanda hər bir ixtisas qrupu üzrə abituriyentlərin istəyinə ən çox uyğun olan, ərizələrdə daha çox birinci yerdə göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib. TQDK sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında çıxışı zamanı bildirib ki, 2013-cü il Azərbaycan bölməsində I qrupda abituriyentlər ən çox Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi”, II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisaslarına üstünlük veriblər. Bütün ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. Əvvəlki illərdə olduğu kimi, bu il də hər iki bölmənin orta statistik oğlan abituriyentinin istəyi ən çox “Riyaziyyat, fizika və mühəndislik” (I qrup) və “İqtisadiyyat və idarəetmə” (II qrup) ixtisaslarınadır. Azərbaycan bölməsində oğlanların 70.92, rus bölməsində isə 78.94 faizinin istəyi bu iki ixtisas qrupuna yönəlib. Bu rəqəmlər oğlan abituriyentlərin texniki, iqtisad və idarəetmə ixtisaslarına marağının nə dərəcədə yüksək olduğunu göstərir və qeyd etmək lazımdır ki, bu maraq ildən-ilə heç də zəifləmir.

Orta statistik qız abituriyentin özündə humanitar ixtisasları birləşdirən III ixtisas qrupuna istəyi daha yüksəkdir. Azərbaycan bölməsində qız abituriyentlər, həmişə olduğu kimi, “İqtisadiyyat və idarəetmə” ixtisaslarına (II qrup) az maraq göstəriblər. Ancaq rus bölməsinin qız abituriyentlərinin həmin ixtisaslara istəkləri nisbətən yüksəkdir. Bu, bir tərəfdən, iqtisadiyyat ixtisaslarına tələbatın əsasən şəhərlərdə olması və rus bölməsi abituriyentlərinin əksəriyyətinin böyük şəhərləri təmsil etməsi ilə əlaqədardırsa, digər tərəfdən, respublikanın regionlarını təmsil edən qızların riyaziyyat və xarici dil fənləri üzrə hazırlıqlarının zəif olması ilə bağlıdır. Belə ki, II qrupda riyaziyyat fənni yüksək çəki əmsalına malikdir, xarici dil fənni üzrə isə regionlardan fərqli olaraq, respublikanın böyük şəhərlərini təmsil edən abituriyentlərin hazırlıq səviyyəsi yüksəkdir. IV ixtisas qrupunda oğlan və qızların istəkləri bir-birinə yaxın olsa da, qeyd etmək lazımdır ki, bu istəklər ixtisaslar üzrə fərqlidir. Belə ki, burada qızlar tibb ixtisaslarına üstünlük verdikləri halda, oğlanlar daha çox idman ixtisaslarına meyl edirlər.

Respublikanın ayrı-ayrı bölgələrini təmsil edən oğlan və qız abituriyentlərin də ixtisas qrupları üzrə istəklərinin paylanması müəyyənləşdirilib. Ənənəvi olaraq Bakı şəhərinin Qaradağ rayonu, Siyəzən, Salyan və Neftçala rayonlarının abituriyentləri yüksək faizlə I qrupun ixtisaslarını seçiblər. Salyan, Siyəzən, Neftçala rayonlarının, həmçinin Bakı şəhəri Qaradağ rayonunun oğlan abituriyentləri yüksək faizlə (uyğun olaraq 69.62%, 67.22%, 66.13% və 64.95%) texniki ixtisaslar qrupunu seçiblər. Əvvəlki illərdəki qəbulun nəticələri də göstərir ki, bu bölgələrdən, eləcə də Bakı şəhəri Suraxanı və Xəzər rayonlarından olan abituriyentlərin texniki ixtisaslara maraqları yüksəkdir və bu, bir ənənəyə çevrilib. Buna səbəb həmin bölgələrdə dəqiq fənlərin, xüsusən riyaziyyat, fizika fənlərinin tədrisi səviyyəsinin yüksək olması, həmçinin texniki elmlərlə bağlılığı olan sənaye müəssisələrinin mövcudluğudur. Şübhəsiz, müəllimin nüfuzu, yüksək təhsili, pedaqoji bacarığı da şagirdlər arasında fənnin daha dərindən öyrənilməsini şərtləndirir. İxtisas seçərkən isə gənclər ən yaxşı bildikləri fənnin daha çox əhəmiyyət kəsb etdiyi ixtisas qrupuna üstünlük verirlər. Bu il Zərdab, Bərdə, Göyçay, Lənkəran rayonlarının, Gəncə şəhərinin, Bakı şəhərinin Yasamal, Nəsimi, Nərimanov və Səbail rayonlarının oğlan abituriyentləri iqtisad və idarəetmə ixtisaslarına, Qobustan, Yevlax, Lənkəran, Qusar, İsmayıllı, Füzuli, Saatlı, Lerik rayonlarının, Naxçıvan MR-in Kəngərli və Şərur rayonlarının qız abituriyentləri isə humanitar ixtisaslara daha çox üstünlük veriblər.