İsaməddin Əhmədov yazır: “Mən yadına düşürəmmi?”

4
36

poeziyaQış tez gəldi ay gözəlçə,

Qardı yağan əlcə-əlcə,

Uzananda zülmət gecə,

Mən yadına düşürəmmi?

 ***

Çöllərə duman gələndə,

Xar, gülün bağrın dələndə,

Bülbül qəhərdən öləndə,

Mən yadına düşürəmmi?

 ***

Karvan yola düzüləndə,

Gözündən yaş süzüləndə,

Əlin eldən üzüləndə,

Mən yadına düşürəmmi?

 ***

Yar sevənlər yar alanda,

Heyva bağda saralanda,

Baxıb, qanın qaralanda,

Mən yadına düşürəmmi?

 ***

Körpən səni oyadanda,

Al yumurta boyadanda,

Qaranquşlar qayıdanda,

Mən yadına düşürəmmi?

 ***

Çəmən çiçək qoxuyanda,

Kəklik qəmdən oxuyanda,

Nənən corab toxuyanda,

Mən yadına düşürəmmi?

 ***

Durnalar uçub gələndə,

Qürbətdən köçüb gələndə,

Bir qərib vaxtsız öləndə,

Mən yadına düşürəmmi?

 ***

Qəlbin həsrətdən donanda,

Sağsağan yola qonanda,

Bir gözəl əhdin dananda,

Mən yadına düşürəmmi?

 ***

Dərddən belin büküləndə,

Yerinə qor töküləndə,

Yuxun ərşə çəkiləndə,

Mən yadına düşürəmmi?

 ***

Bağlar bardan əyiləndə,

Nübar moruq yeyiləndə,

İsaməddin deyiləndə,

Mən yadına düşürəmmi?

 

İsaməddin Əhmədov, “Əkinçi” qəzetinin redaktoru.  

4 ŞƏRH

  1. Hörmətli İsaməddin müəllim Sizin bütün şerlərinizi oxuyuruq, bu şerinizi də oxuduq çox xoşumuza gəldi. Bundan sonra da yeni şerlərinizi gözləyirik.

  2. Əziz redaktorumuz,her şeiriniz kimi bu şeiriniz də cox gözəldir!

  3. ureyime qem dusende
    insan dunyadan kocende
    heyatin kule donende
    men yadina dusuremmi
    yaz yenede gelende
    gul ciceker acanda
    denize sen baxanda
    men yadina dusuremmi
    sevdikerini sen itiende
    qelbinde feryat qoparanda
    heyatin ceheneme donende
    men yadina dusuremmi
    laleler nergizler acanda
    cesmeden su goturende
    qizlar gelin kocende
    men yadina dusuremmi
    sizin seirinizi oxuyandacox xosuma geldi sizin yazdiqiniz kimi olmasada istedim ona uygun mende yazam

  4. XOŞ SÖZLƏRƏ GÖRƏ HAMINIZA QƏLBDOLUSU TƏŞƏKKÜRLƏRİMİ ÇATDIRIRAM.ÇOX SAĞ OLUN! ALLAH HAMİNİZİ BÜTÜN ARZULARİNİZA QOVUŞDURSUN İNŞALLAH! NİCAT BƏYƏ DƏ SONSUZ TƏŞƏKKÜRLƏR Kİ, bu saytı yaradıb və yaşadır, inşallah, həmişə də yaşadacaq…

Comments are closed.