Axı onların vasitəsilə qazanırsınız bu pulları…

0
mobil operatorlar

mobil operatorlarHörmətli Nicat müəllim, bir daha Sizə böyük hörmət və səmimiyyətimi bildirirəm . Fəaliyyətinizdə uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram. Əvvəlcədən dərin təşəkkürümü bildirirəm.

Azərbaycanın mobil operatorlarına:

BİR QƏLB DƏ QIRMAYAQ, GƏLİN QƏLB QURAQ ,
YARADAN YANINDA HÖRMƏTLİ OLAQ!

Mobil operatorlara kifayət qədər qazanc verən bir abonent olaraq yazdıqlarım subyektiv fikrimdir.

Məni daim bir sual düşündürür: Görəsən insan övladı niyə biri-birini aldadır, yaxud aldatmağa cəhd edir. Səbəbini düşündükcə əksər hallarda maddi çətinliyin, imkansızlığın üzərində dayanırsan – yenə də Pul! Ancaq görəndə ki, nəinki gündəlik, hətta saniyəlik gəliri milyonlarla manat olan iri mobil operatorlarımızın biz abonentlərdən qazandıqları milyonlardan gözləri doymur, onsuz da kifayət qədər yüksək tariflə mobil xidmət təqdim etdikləri abonentlərimizin (başqa ölkələrlə müqayisə etdikdə bunu deməyə tam əsas yaranır) ciblərində qalan qəpik-quruşa da göz dikərək onların əlindən qoparmaqdan ötrü daha hansı vasitələrə əl atırlar, dəhşətə gəlirsən. Sanki bu məqsədlə biri-birilərilə yarışa girirlər. Bəzən mobil telefon işlətdiyinə görə də peşiman olursan, daha doğrusu edirlər. Bu vasitələrdən ən aktualı son illər mənasızlığı və ardıcıllığı ilə qulaqlarımızı dəng edən, gözlərimizi yoran, mobil operatorlar tərəfindən telefonumuza gələn müxtəlif məzmunlu, şirnikləndirici çoxsaylı mesajlardır. Artıq bu mənasız mesajların hətta gündəlik statistikasını da itirmişəm və telefonumdan silməkdən isə təngə gəlmişəm.
Bir də görürsən telefonuna mesaj gəlir ki, flan nömrəli abonent: “Avtomobilin bir addımlığındasan, əldən çıxarma. Flan nömrəyə SMS göndər ”. Yaxud, “Günün liderisən”! Daha nələr-nələr. Allah bilir bir saniyədə neçə milyon abonentə “tutar qatıq, tutmaz ayran” prinsipi ilə müxtəlif məzmunlarda bu cür mesajlar göndərilir. Toyda, yasda, işdə, iclas zamanı gələn bu lazımsız və ardı-arası kəsilməyən mesajların əlindən bezirsən və məcbur olursan telefonu qoyasan səssiz rejimə. Kinayə ilə düşünürsən ki, paatonan mobil operatorum məni nə qədər çox istəyirmiş?! Vay o günə ki, inanasan bu dırnaqarası sevgiyə və səhv edib bir mesaj göndərəsən operatora. Bununla da bataqlıqdasan. Rus demişkən səni “kruçok”a elə salırlar ki, telefon işlətməyinə peşiman olursan. Hər mesajda xeyli pulunun itirilməsi ilə nəticələnən “siçan-pişik”, “üysüy” oyunlarının qurbanına çevrilirsən. Adını, familiyanı, atanın adını və s. sənə təsdiq etdirə-etdirə və pullarını əlindən alaraq dırnaqarası “sevgi oyunları”nı müvəffəqiyyətlə başa çatdırır mobil operatorlarımız. Özü də vətəndaşlarımızın rabitə təhlükəsizliyinin qarantı olan hörmətli Rabitə Nazirliyimizin (yeri gəlmişkən mobil nömrələrin daşınması mobil operatorlar tərəfindən çoxdan icra edilməli olsa da, təəssüf ki, biz abonentlərə məlum olmayan səbəblərdən bu məsələ hələ də öz həllini tapmayır) gözləri qarşısında həmişə olduğu kimi bu dəfə də 1-0 öz xeyirlərinə. Məsələnin ən acınacaqlı tərəfi odur ki, əksər hallarda göndərəcəyin mesaja nə qədər pulunun tutulacağı barədə əvvəlcədən sənə heç bir məlumat verilmir. Bu da birbaşa olaraq abonentlərin hüquqlarının kobud şəkildə pozulması deməkdir. Düşünürsən ki, vallah bu cür əməllərdir dünyanın sonunu yaxınlaşdıran. Biri at, eşşək əti yedizdirir insanlara, digəri dönərin çörəyinə mayonez əvəzinə tikinti şpatlyovkası çəkir və s.

mobil operatorlar3
Düzdür, son zamanlar bəlkə də abonentlərin çoxsaylı narazılığı səbəbindəndir ki, bu hallar bir az azalıb. Loru dildə desək, bir zamanlar lap ağını çıxarmışdılar. Əməlli-başlı dələduzluq edirdilər.
Yaxşı yadımdadır ki, bir dəfə cin nömrəmdə bu cür mesajlaşma vasitəsilə xeyli pulumu sildilər. Sonra zəng edərək operatora qəti şəkildə etirazımı bildirdim. Soruşdum ki, yazdığınız mesajda niyə hər kəlməni sanki pulsuzmuş kimi aldadıcı və natamam yazırsınız, ən əsası isə bir kəlmə ilə də olsun çıxılacaq vəsaitin məbləğini göstərmirsiniz? Müxtəlif bəhanələr gətirilərək mənə təbii ki, əsaslı cavab verilmədi. Pulumu tələb etdim və mənfi cavab aldıqda çox bərk əsəbləşdim. Büdcəsinə istifadəmlə kifayət qədər qazanc verdiyim bir mobil operator tərəfindən belə insafsızcasına aldanmağım mənə həddən atrıq çox pis təsir etdi və stres keçirərək möhkəm ürək ağrısı tapdım. Sonra həkimə müraciət etdim və uzunmüddətli müalicə və çoxlu xərcdən sonra sağlamlığımı qismən bərpa edə bildim. Yəqin ki, belə hallarla qarşılaşan digər abonentlərimiz də mövcuddur və onlar mənimlə razılaşarlar (əgər mənimlə həmfikir olan abonentlərimiz, həm də oxucularımız varsa qısa, yaxud istədiyiniz həcmdə şərhlərinizi bu yazıya bildirməyinizi Sizlərdən xahiş edirəm. Düşünürəm ki, mütəşəkkil münasibət bildirməklə vətəndaş mövqeyimizi ortaya qoyarıq və bu cür neqativ halların aradan qaldırılmasına öz töhfəmizi vermiş olarıq)

mobil operatorlar2
Daha bir məqamın üzərində dayanmaq istəyirəm.
Hazırda “Narmobayl” mobil operatorunun abonentiyəm. Bütün ölkədaxili istiqamətlərə istifadə haqqının dəqiqəsi 4 qəpik hesablanan “Unikal” tarifindən istifadə edirəm. Bu tarif əvvəllər çox sərfəli idi: Belə ki, dəqiqənin neçə saniyəsi həcmində danışsaydın 4 qəpik yalnız danışdığın həmin zamana uyğun məbləğdə hesablanaraq çıxılırdı. Yəni danışılan hər saniyənin öz dəyəri var idi. Təəssüf ki, bu səmərəli tarifin ömrü uzun çəkmədi. Düşündülər ki, abonentlərə qarşı həddindən artıq səxavətlidirlər və tez səhvlərini düzəltdilər. Yəni, 30 saniyə də daxil olmaqla bu müddətədək aparılan danışığa görə (istər 1 saniyə, istərsə də 30 saniyə danış – fərq etməz) 2 qəpik, 30 saniyədən 1 dəqiqəyədək olan danışığa görə isə 4 qəpik tutulmağa başladı. Bəlkə də buna da haradasa haqq qazandırmaq olardı. Ancaq mənim də istifadəm zamanı ardıcıl olaraq şahidi olduğum xoşagəlməz hal odur ki, 28 və ya 29 saniyə danışırsan və dərhal telefonuna öz gözlərinlə oxuduğun hesabat gəlir ki, 28, yaxud 29 saniyə danışmısan. Tarif qiymətinə görə birmənalı olaraq səndən 2 qəpik çıxılmalı olduğu halda 1 dəqiqənin pulu, yəni 4 qəpik çıxılır. Yaxud, danışırsan 58 və ya 59 saniyə. Təəssüf ki, 4 qəpik əvəzinə 6 qəpik çıxılır. Axı niyə və nə səbəbə?! Düşünürsən və əsəbləşirsən. Gözün görə-görə aldanılmağına çox pis olursan. Ancaq nə fayda. Bu cür neqativ halları sadalamaqla bitmir.
Bir vətəndaş və abonent olaraq mobil operatorlara müraciət edərək xahiş və tələb edirəm ki, bir neçə qəpiyə görə yer üzünün əşrəfi, yaradanımızın isə bütün yaratdıqları içərisində ən çox önəm verdiyı, sevərək və ən ali varlıq olaraq yaratdığı insanlarımızın heysiyyatı, əsəbi, həyatları ilə oynamasınlar. Buna dəyməz! Vallah insanlarımız bundan çox pis olur, qəlbləri qırılır. Təəssüf ki, hər şeyin əsasən maddiyyətlə ölçüldüyü cəmiyyətimizdə ondan daha vacib olan mənəviyyatımıza bu cür hallarla nə qədər ağır zərbə vurduğumuzu bilsək dəhşətə gələrik və bəlkə də belə etmərik. Bəlkə də bu mesajlar vasitəsilə pul itirən və aldanıldığını qəbul edə bilməyən, bərk əsəbləşən hansısa aqressiv gəncimiz, vətəndaşımız ailəsində, cəmiyyətdə ölümlə nəticələnən cinayət də törədir. Kim deyə bilər ki, bu ola bilməz, yaxud da olmur?!

mobil operatorlar
Gəlin abonentlərimizə qiymət verməyi bacaraq, əziz mobil operatorlarımız! Axı onların vasitəsilə qazanırsınız bu pulları. Atalarımız gözəl deyib ki, “haram malın bərəkəti olmaz”. Elə edək ki, halallıq olsun. Onda qazancınız daha da bərəkətli olar, fəaliyyətiniz daha da uğurla davam edər. Bir də ki, “insan ömrü, çiçək ömrü” deyib sərraflarımız. Yaradan tərəfindən bizə bəxş edilmiş bu qısa müddətdə biri-birimizə sevgi və hörmətlə yanaşmağı bacaraq. Qəlb qırmağa nə var ki, əsas odur qəlb qurasan.
Son olaraq onu qeyd etmək istəyirəm ki, şükürlər olsun ki, Azərbaycanımız günü-gündən qüdrətlənir, iqtisadi gücümüz artır. “Azərspeys – 1” peykimizin kosmosda uğurla fəaliyyət göstərməsi bunu bir daha sübut edir. Bəlkə bu imkanımızdan istifadə edərək mobil telefon abonentlərinə hörmət və təşəkkürümüzü sürpriz etməklə – tarifləri endirməklə bildirək. Bax bu, qarşılıqlı inamın bərpa olunmasına ən dəyərli töhfə olardı.
Dərin hörmətlə, Qurban Süleymanov – Şahhüseynli

Şərh yaz

Please enter your comment!
Please enter your name here

thirteen − nine =