Samir Məmmədovun Zərdabda çəkdiyi fotolara tədqiqatçı-alim baxışı

0
Zərdab rayonu
Eldəniz Həsənov
Eldəniz Həsənov,
Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Samir Məmmədovun çəkdiyi fotoşəkillər nələrdən xəbər verir?

Samir Məmmədovun fotoqraf olaraq Zərdab rayonu ərazisində çəkmiş olduğu, 28 yanvar və 04 fevral 2014-cü il tarixində Zerdab.com saytı vasitəsilə yayımlanan fotoşəkilləri nəzərdən keçirdim. Bunun üçün gənc fotoqraf S.Məmmədova təşəkkür edirəm.

Lakin qeyd etməliyəm ki, həmin fotoşəkillərin hamısını təbiətin ecazkar mənzərəsi, füsunkarlığı hesab etmək olmaz. Təbii ki, gənc fotoqraf Samir Məmmədov müşahidə etdiyi yerləri, təbiət hadisələrini olduğu kimi fotolentin yaddaşına köçürmüşdür…

Mürəkkəb fiziki-coğrafi şəraitə malik Azərbaycan Respublikası ərazisində son zamanlar ekzogen proseslərin fəlakətli forması olan torpaq eroziyası, təbii və antropogen amillərin birgə təsiri nəticəsində səthi, yarğan, qobu eroziyası, sürüşmə, uçqunlar, örüş və otlaq sahələrində eroziya prosesi geniş yayılmışdır.

O cümlədən Samir Məmmədovun Zərdab rayonu ərazisində, xüsusilə Kür çayı boyunca çəkmiş olduğu fotoşəkillərə baxan alim, ziyalı yaxşı başa düşür ki, təqdim olunan bu fotolar təbiətin fəlakətli, təhlükəli hadisələrindən xəbər verir, insanları təbiətin ekosistemlərinin qorunması haqqında düşündürür.

Zərdab rayonuSamir Məmmədovun çəkdiyi bu fotoya diqqət yetirəndə görürük ki, ərazidə bitki örtüyünün qırılması, məhv edilməsi, eləcə də irriqasiya eroziyası nəticəsində eroziyanın törətdiyi fəsadlar nəticəsində təbiətin ekoloji tarazlığı pozulmuş, səthi, yarğan, qobu eroziyası inkişaf etmiş, eroziyaya məruz qalmış torpağın üst bioloji fəal və münbit qatı yuyulmuş, torpaq tamamilə yararsız hala düşmüşdür.

Samir Məmmədov
 

Bu fotoda isə Kür boyunca uzanan tuqay meşələrinin acınacaqlı vəziyyəti diqqəti cəlb edir. Belə ki, Samir Məmmədovun özünün də əks olunduğu şəklə diqqət etdikdə qış fəslinin ecazkar gözəlliyi yox, oradakı nəhəng ağacın necə bir vəziyyətə düşdüyü görünür və bu, insanın qəlbini ağrıdır.

Bu yerdə, Azərbaycanda meşəşünaslıq elminin banisi dahi Həsən bəy Zərdabi yada düşür.

Bütün yuxarıda qeyd olunan məsələlər barədə Həsən bəy Zərdabi öz dəyərli tövsiyələrini vermiş, o cümlədən meşəçilik, meşəsalma, meşə quruluşu işlərinin aparılmasında dəyərli elmi əsərlər yazmış, təcrübi işlər aparmışdır.

Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin 1875-ci il tarixli 3-cü nömrəsində meşə salmaq haqqında məqaləsində yazmışdı: “Qədim zaman meşə çox olduğuna pul qədri bilməyən vəliəhdi o pulu tələf edən kimi onları tələf edibdir, ona binaən şimdi meşənin xeyrini bilib hər vilayətdə əl ilə meşə salmağa səy edirlər. Çünki bizim Qafqazda da bıçaq sümüyə dayanıbdır, yəni biz də meşələrimizi qırıb tələf etmişik və hər tərəfdən yayda müsəlman sədası və qışda təzək tüstüsü gəlir. Ona binaən lazım bilirik ki, burada meşə salmağın qaydasını bəyan edək”.

Həsən bəy təbii sərvətlərdən istifadə edilməsinin mühüm elementlərindən biri  kimi meşədən səmərəli istifadənin yollarını göstərmiş, meşədən oduncaq, tikinti- inşaat materialı, mənzil-məişət həyatında, süni lif, dərman və texniki xammal, yeyinti məhsulları və s. istehsal olunmasını, onun kurortoloji, torpaq və su qoruyucu, iqlim saflaşdırıcı, torpaqların eroziya uğramasının qarşısının alınması və s. məqsədlər üçün istifadə olunmasını, meşənin canlıların, insanların həyatında əvəzolunmaz rolunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bunun üçün meşələrin bərpası (təbii bərpa) və yeni meşə salınması xüsusi əhəmiyyət kəsb edən məsələdir.

Həsən bəy Zərdabi 140 il bundan öncə bu sahədə elmi-təcrübi işlər aparmış, xalqına öz dəyərli tövsiyələrini vermiş və meşənin həyat mənbəyi olmasını xalqına dərindən başa salmağa çalışmışdır.

Zərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonuZərdab rayonu

Samir Məmmədovun Kür çayı boyunca çəkmiş olduğu bir neçə fotosuna diqqət yetirdikdə burada sel hadisələrinin, güclü yağıntıların, daşqınlardan sonra çayda suyun səviyyəsi endikcə onun yamacı, sahili boyunca sürüşmə və uçqunların əks olunduğu məlum olur. Bu proseslər nəticəsində Kür sahili boyunca inkişaf edən bitki örtüyü, tikili və qurğular sıradan çıxır, torpaqlar yuyulur və yaşayış məntəqələri, əkin sahələri üçün ciddi təhlükə yaranmış olur. Eroziya prosesinin törətdiyi fəlakətlər, onun miqyası, vurduğu ziyanlar bu şəkillərdə əyani şəkildə əks olunur.

Cəfakeş, gənc fotoqraf Samir Məmmədovun Zərdab ərazisində çəkmiş olduğu fotoşəkillər üzrə ekzogen və antropogen proseslərin birgə təsiri nəticəsində eroziyanın növlərini özündə əks etdirən, fəlakətli hadisələrin qısaca da olsa foto şərhini vermək, mahiyyətini açıqlamaqla hesab edirəm ki, respublikamızın bir çox regionlarında olduğu kimi, burada da elmi əsaslarla dövlət səviyyəsində kompleks şəkildə meliorativ, hidromeliorativ tədbirlərin görülməsinə zərurət vardır.

Qeyd edək ki, Zərdab rayonunun 42 kəndindən 22-si Kür çayı boyunca yerləşir. Kür çayının 85 kilometri Zərdab rayonu ərazisindən keçir.

Zərdab şəhərinin özü isə Kür çayı ilə Qarasu çayının yaratdığı yarımadaya bənzər bir ərazidə yerləşir. Tarixən burada daşqın təhlükəsi daim mövcud olub, hal-hazırda da bu təhlükə mövcuddur.

Dəli Kürün sahilində doğulub boya-başa çatan, uşaqlıq illərindən onun bütün şıltaqlıqlarının, törətdiyi dağıntıların canlı şahidi olan və sonralar aldığı biliklərin təsiri, iş təcrübəsi nəticəsində təbiətşünas, torpaqşünas, yerquruluşçusu, torpaq işçisi kimi böyük elmi, təcrübi düşüncəyə malik olan Həsən bəy Zərdabi Kür çayı boyunca sahilbərkidici tədbirlərin, meşə bərpası işlərinin kompleks şəkildə aparılmasının vacibliyini göstərmişdir.

O öz doğma yurdu Zərdab kəndində, Kür qırağında yaşayıb-yaratdığı 16 il ərzində (1880-1896) kompleks tədbirlər sisteminin mahiyyətini, təcrübi tətbiqini yerli əhaliyə əyani şəkildə çatdırmış və həmin dövrdən etibarən Zərdabın yerli əhalisi tərəfindən daşqınlar nəticəsində əmələ gələn gölməçələr, göllər qurudulmuş, torpaqların hamarlanma işləri aparılmış, torpağa üzvi və mineral gübrələr verilmişdir.  Bütün yuxarıda şərh olunanlarla yanaşı qeyd etmək istərdim ki, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlərin nəticəsi son zamanlar ölkə daxilində özünü daha qabarıq şəkildə göstərməkdədir ki, bu da ölkənin iqtisadiyyatına külli miqdarda ziyanlar vurmaqla nəticələnir.

Həmin fəlakətlərin vurduğu ziyanlar Zərdab rayonundan da yan keçməmişdir. Təbii fəlakətlərin törədə biləcəyi və törətmiş olduğu fəsadların aradan qaldırılması yolunda, Şirvan şəhəri, İmişli, Kürdəmir, Saatlı, Sabirabad, Salyan, Neftçala, Hacıqabul rayonları ilə yanaşı Zərdab rayonunun əhalisi də Kür və Qarasu çaylarının sahili boyunca canlı sipər çəkərək, gecəli-gündüzlü narahat, yuxusuz günlər keçirmiş və baş verə biləcək, təkrarlanacaq təbii fəlakətlə üzbəüz qalmışlar. Təbii ki, çayların daşması nəticəsində baş vermiş təbii fəlakətlərin nəticələri ölkəmizin aidiyyəti təşkilatlarının, yerli icra hakimiyyəti orqanlarının, yerli sakinlərin göstərmiş olduğu səylər nəticəsində aradan qaldırılmışdır. Kür və Qarasu çaylarının daşması nəticəsində güclü, dağıdıcı fəlakət zərdablıların qadalı, bəlalı günləri kimi insanların və tarixin yaddaşında 1978 və 2010-cu illərin hadisəsi kimi qalmaqdadır.

1978-ci ilin may ayında Kür çayında suyun səviyyəsinin son həddə çatması Zərdab rayonunu bütövlükdə təhlükə qarşısında qoymuşdu. O zaman Azərbaycan KP MK-nın birinci katibi, Ulu Öndər Heydər Əliyevin Zərdab rayonuna gəlməsi, Kürün daşması nəticəsində su basan yerlərə getməsi, daşqının nəticələrinin aradan qaldırılması ilə əlaqədar görülən işlərlə tanış olması, tapşırıq və göstərişlərini verməsi nəticəsində Zərdab su altında qalmaq təhlükəsindən xilas edildi.

Daşqın təhlükəsi 2010-cu ildə özünü bir daha büruzə vermiş, həmin ilin may ayının əvvəlindən etibarən Kür çayının səviyyəsinin kəskin şəkildə qalxması, daşması nəticəsində baş verən təbii fəlakət digər şəhər və rayonlarla yanaşı, Zərdab rayonunda da insanları ciddi təhlükə qarşısında qoymuşdu.

Bu zaman, Ulu Öndər Heydər Əliyev kursunun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin vermiş olduğu ciddi tapşırıqların, əməli köməkliyin nəticəsində yaranmış çətinliklər aradan qaldırılmış, daşqınlardan zərər çəkən əhaliyə hərtərəfli yardım göstərilmişdir. Kür çayının daşması nəticəsində baş vermiş təbii fəlakətlərin vurduğu ziyanlar aradan qaldırılmışdır.

Lakin 1978 və 2010-cu illərin hadisəsi kimi yadda qalan təbii fəlakətin təkrarlanmaması, onun törədə biləcəyi fəsadların qarşısının vaxtında alınması məqsədilə, Azərbaycanın ilk təbiətşünas alimi, dahi mütəfəkkiri, millət fədaisi, xeyriyyəçilik hərəkatının banisi Həsən bəy Zərdabi ideyalarının, tövsiyələrinin carçısı olan alim və mütəxəssislərimiz tərəfindən elmi əsaslarla kompleks tədbirlər sistemi işlənib hazırlanmalı və bu işin həyata keçirilməsi dövlət proqramı çərçivəsində günün ən qlobal məsələlərindən birinə çevrilməlidir.

Samir Məmmədovun çəkdiyi fotoşəkillərə, fotosessiyalara gəldikdə demək istərdim ki, bu mənzərələr, ağrılı-acılı günlərin geridə qaldığını, Kür çayının məcrasından çıxaraq, daşqınlar nəticəsində yaratmış olduğu təbii fəlakətlərdən, fəsadlardan xəbər verən nişanələridir. Arzu edək ki, o günlər bir də təkrarlanmasın.

Sonda, gənc fotoqraf Samir Məmmədova uğurlar diləyirəm və demək istəyirəm ki, onun təbiətin füsunkar gözəllikləri ilə yanaşı, müxtəlif amillər nəticəsində təbiətin fəlakətli, acınacaqlı vəziyyətini özündə əks etdirən yerləri də işıqlandırması çox təqdirəlayiq haldır.

Hesab edirəm ki, təbiətin füsunkar gözəlliklərini, müxtəlif mövzuları, problemləri özündə əks etdirən fotoşəkillərin qruplaşdırılaraq ayrı-ayrılıqda təyinatı üzrə təqdim olunması, yayımlanması məqsədəmüvafiq olardı.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

ten + twenty =