Müharibənin Zərdabda bir ailədən beş nəfərə yaşatdığı acı…

4
31
Xəlilov Bağı Musa oğlu
Xəlilov Bağı Musa oğlu

Böyük dövlətlər öz siyasətini müharibə yolu ilə həyata keçirəndə daha çox böyük millətlər acı çəkir , fəlakətə düçar olur , böyük məkrlərin qurbanlarına çevrilirlər. Belə bir vəziyyət yarandımı , dünya tarixinə , milli-azadlıq hərəkatına az-çox bələd olanlar Azərbaycanlıların  Vətən, Torpaq anlayışına, təəssübkeşlik hissinə laqeyd qala bilmirlər. Bəlkə elə buna görədir ki, adına Böyük Vətən müharibəsi dediyimiz II Dünya müharibəsində yaşanan 1418 gündə təkcə Zərdab rayonundan 2742 nəfər iştirak edib. Müharibədə iştirak edən zərdablıların sayı bəlkə də (haqqında bəhs edəcəyim kitab müəllifinin də fikri belədir –T. A.) 2742-dən çoxdur, kim bilir?! Ancaq mən bu faktı həmyerlimiz İsaməddin Əhmədovun “Zərdabdan cəbhəyə gedənlar 1939-1945 “adlı kitabından götürmüşəm. Hörmətli oxucular, 1939-cu il noyabrın 10-dan 1945-ci ilin iyunununadək SSRİ Müdafiə Nazirliyi Azərbaycan Respublikasının Zərdab Rayon Hərbi Komissarlığı tərəfindən Zərdab rayonu üzrə hərbi xidmətə yararlı şəxslərin, bəzən hətta yararsızların da Sovet Silahlı Qüvvələrinə – Qızıl Ordu adlandırılan orduya, yəni sovet-alman cəbhəsinə göndərilmələri və onların taleyi barədə bütün məlumat faktlar bu kitabda dərc edilmişdir. Kitabı vərəqlədikcə bu müharibənin Zərdabdan kimləri “öz cənginə” aldığının şahidi oluruq. Elə nəsillər, hətta elə ailələr olub ki, müharibə təkcə bir ailədən bir yox, iki yox, üç yox, … bəzən beş nəfərin belə müharibə alovlarının içinə atıldığını “görürük”. Bu həmin o beş nəfərin öz iztirablarından başqa, əzizlərinin də çəkdiyi acılara səbəb olub. Bir anlığa Zərdabdan cəbhəyə yollanan insanların taleyinə nəzər salaq: kitabda verilən siyahıda sıra nömrəsi 2577 olan Xəlilov Bağı Musa oğlu 1902-ci ildə İsaqbağında doğulub. 1942-ci ildə Allahqulubağından müharibəyə gedib. Müharibə başa çatdıqdan sonra ailə başçısı doğma evinə qayıdıb . Xəlilov Bağının qardaşı oğlu siyahıda sıra nömrəsi 1671 Musayev Abdulqədir Abdulla oğlu 17.IV.1941-ci ildə doğulduğu İsaqbağı kəndindən hərbi xidmətə çağırılıb. İlk göndərildiyi yer Kremençuk şəhəri, öldürülüb. Xəlilov Bağının qardaşı oğlu siyahıda sıra nömrəsi 1693 Musayev Musa Abduləziz oğlu 1920-ci il, 18.I.1942-ci ildə doğulduğu İsaqbağı kəndindən  hərbi xidmətə göndərilib. İlk göndərildiyi yer 151-ci atıcı diviziya öldürülüb. Xəlilov Bağının qardaşı oğlu siyahıda sıra nömrəsi1731 Musayev İsa Xəlil oğlu 1921, 9.II.1942-ci il , doğulduğu İsaqbağından hərbi xidmətə gedib, ilk göndərildiyi yerYerevan şəhəri, 3.VIII.46, tərxis olunub. Xəlilov Bağının bacısı oğlu siyahıda sıra nömrəsi 994 Cavadov Möhtəsim Əmrah oğlu 1909, 3.IX.41 Şıxbağından hərbi xidmətə göndərilib , ilk göndərildiyi yer Kutaisi, öldürülüb.

Xəlilov Bağı Musa oğlu müharibə boyu qəlbində gəzdirdiyi həsrətdən sonra öz əzizlərinə qovuşsa da, ailəsindən müharibəyə gedən 3 nəfərin müharibədə öldürüldüyünü bildi. Bütün bu iztirablara müharibə səbəb olmuşdur. Müharibədə gördüklərini unudub yenidın həyata bağlanmağın özü bir “ müharibədir”. Bağı Xəlilov müharibədə öz ailəsindən 3 nəfəri itirsə də, yenidən “ayaqda” dura bildi.  Əvvəldən onu tanıyanlar bacarıqlı sənətkar-dərzi olduğunu bilirdilər. Həyatının sonuna qədər də öz sevimli peşəsindən ayrılmadı. Hazırda övladlarından atasının sənətini davam etdirənlar var.

…Bağı Xəlilov sağlığında müharibədən söz düşəndə – insanlığın ən böyük qənimi müharibədir-deyirmiş. O, həm də təəssüf hissi ilə bildirirmiş ki, müharibə insana kədər , fəlakət ,  həsrətlə yanaşı , həm də elə bir acı gətirir ki, bu acının yeri hər zaman “ görünür” .  Bu acı müharibənin bizim əlimizdən aldığı əzizlərimizin yoxluğudur.

TƏRLAN ABDULLAYEVA,
“ƏKİNÇİ”NİN MÜXBİRİ.

4 ŞƏRH

  1. “Vətənə məhəbbət, xalqa xidmət, əsl qəhrəmanlıq nümunəsi olan şərəfli ömür yolu gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi üçün bir məktəbdir”Böyük Vətən müharibəsində
    iştirak edən hər bir şəxs yüksək hörmətə layiqdir.Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır.O amansız ,qanlı müharibədə həmyerlilərimizin hünərini yüksək qiymətləndirən rayonumuzun başçısı Lütvəli Babayevə eləcədə Bağı dayı kimi vətənpərvər oğulları öz məqalələrinizlə gənc nəsillərə tanıtdırdığınıza görə,ümumiyyətlə hərbi vətənpərvərlik mövzusunda mütəmadi yazdığınız məqalələrinizə görə Tərlan xanım sizə mərkəzi kitabxana işçiləri adından çox təşəkkür edirik.

  2. Çox hörmətli Mehparə xanım ! Sizi və bütün kitabxana işçilərini ürəkdən salamlayıram . Hazırladığım bu materiala diqqət göstərib oxuduğunuz üçün təkrar-təkrar təşəkkür edirəm. Hərbi vətənpərvərlik tərbiyəsinin formalaşmasında siz kitabxana işçilərinin zəhməti danılmazdır .Son vaxtlar oxucularla əlaqələrinizi elə yüksək səviyyədə təşkil edirsiniz ki, sizin bu fəaliyyətinizi ancaq alqışlamaq olar.Gözəl ziyalımız Nailə xanım başda olmaqla bütün kollektivinizə daha böyük uğurlar arzulayıram !

  3. Hörmətli Tərlan müəllimə,sizin həmişə məqalələrinizi oxuyuram.Bu günkü məqalənizi də maraqla oxudum.Həyəcan dolu hisslər məni bir daha kövrəltdi.Həqiqətən də böyük Vətən müharibəsinin Veteranları bizim üçün əziz və unudulmazdır.Böyük Vətən müharibəsində döyüşən Vətənpərvər həmyerlilərimiz heç vaxt unudulmayacaq.Məqaləni yazdığınıza görə Tərlan xanım sizə,işıqlandırdığınıza görə də Nicat müəllimə təşəkkürümü bildirirəm.

  4. Çox sağ ol , Gülxanım ! Mən də öz fikrinizi bildirdiyinizə görə Sizə təşəkkür edirəm .Allah yardımçınız olsun !

Comments are closed.