Bəlkə də dünyanın ən zənginlərindən birisən, sadəcə fərqində deyilsən

1

Kənd həyatıSovet hakimiyyəti dövründə heç kəsin bir şeyi yox idi, hər şey dövlət əmlakı idi, yəni hər kəs yoxluqda bərabər idi. Müstəqillik qazandıqdan sonra isə marafon yarışı başladı: qaçan qaçdı, qapan qapdı, dünənki varlı birdən-birə müflis oldu; dünənki ac birdən-birə sərvət sahibi olub ətrafına üstdən aşağı baxmağa başladı. Təxminən 10 il boyunca gərgin, həyəcanlı bir mərhələ yaşandı.

Artıq hər şey yenidən öz qəlibinə, standartına oturub. Bir şey alacaqsansa, onun qarşılığında nə verəcəyin irəlicədən bəllidir. Ona görə də, artıq çoxumuz rahatlanıb oturmuşuq.

Ötən günlərə baxanda…

Bir sinifdə 28 şagird idik. Yaxşı oxuyanların demək olar ki, heç birisi bu gün yaxşı yaşaya bilmir. Arxa cərgədə oturanlar, baş girələyənlər diribaş olub, bir şey qazana bildilər. Bir söz yadıma düşür: el dağdan dönəndə axsaqlar qabağa düşər. Əslində bunda da bir məntiqəuyğunluq var. Sovet kitablarını yaxşı oxuyanlar oxuduqlarının təsirindən hələ də çıxa bilməyiblər, sovet kitablarını oxumayanlar yeni həyata tez alışa, günün diqtəsini oxuya bildilər. Sovet kitablarında alverçiliyin qabağına möhtəkirlik yazılmışdı və hətta buna görə cinayət işi də açılırdı.

Böyüyən qar topu kimi

Çoxları keçmişin nostalgiyası ilə yaşayır, imkan tapanda oturub xəyala dalır, atasının, babasının sərvətini düşünürlər. Amma bütün bunlar artıq xatirədən başqa bir şey deyil: nə o sovet hökuməti geri dönəndir, nə də dədə-babanın sərvəti, bugünkü reallıq tamam başqa şeylər söyləyir. Keçmişlə yaşamaq insana üzüntüdən başqa bir şey vermir. İnsan nə qədər çətin vəziyyətdə olursa-olsun, qarşısındakı variantlardan ən xeyirlisini seçməyə çalışmalıdır. Davamlı olaraq keçmişi düşünənlər getdikcə ağırlaşan bir yükün altında qalıb əzilməyə məhkumdurlar. Bu təxminən nəyə bənzəyir, bilirsinizmi? – Dağın başından bir sıxma qartopu yumalayırsan və o qartopu üzüaşağı endikcə böyüyür, böyüyür, ağırlaşır və dərəyə çatanda çox böyük bir kütlə halına gəlmiş olur. Keçmişin üzüntüsü də eynilə belədir. Qurani-Kərim müsəlmanlara keçmişin üzüntüsündən qurtarmağı tövsiyə edir və bildirir ki, keçmişin sıxıntısını çiynində daşımaq insanın öz gücünü, iradəsini, dözümünü israf etməsidir, boş yerə xərcləməsidir.

Qəzavü-qədərə etiraz

Hələ dünya yaranmamışdan əvvəl Allah-Təala hər şeyi görürdü, hər şeyi bilirdi. Keçmiş və gələcək anlayışı biz insana görədir, Allah-Təala bütün zamanların fövqündədir və hələ ilk insan Həzrəti Adəmi yaradanda bu gün bizim hansımızın nə işlə məşğul olacağını ovcunun içi kimi bilirdi. Bəli, Onun elminə, bilgisinə kimsə şübhə edə bilməz. Bizim keçib gəldiyimiz bu ömür yolu da elə taleyimizdir, qəzavü-qədərimizdir. Qədər – Allah-Təalanın bizə yazdığı alın yazısıdır, taledir, qəza isə həmin alın yazımızın vaxtı çatdıqca mərhələ-mərhələ həyata keçməsidir. Qəza deyəndə ağlınıza bir uçurum, fəlakət gəlməsin. Qəza dediyimiz kimi, taleyin gerçəkləşməsidir, yaşanmasıdır. Qarşımızdakı yaşanmamış gələcək bizim üçün qeyb aləmidir, onu Allahdan başqa kimsə bilə bilməz. Hər şey yaşanandan sonra aşkarlanır, üzə çıxır.

Ola bilsin ki, biz 15 il əvvəl bizim ağlımızdan, fikrimizdən, niyyətimizdən çox şeylər keçib, amma biz bu ömür yolunu yaşayaraq bu günə gəlib çıxmışıq. Demək, bizim qədərimizdə olan bu yolla bu həyat tərzini yaşamaq imiş. Ağıllı adamlar hər zaman düşünürlər ki, Allah-Təala onlar üçün ən xeyrli olanı qismət eləyib. Kim bilir, 15 il əvvəl sən səhər işə gəldiyin yerdə yolunu dəyişib ticarət mərkəzinə üz tutsaydın, bu gün aqibətin necə olardı. Bəli, insan seçim iradəsinə sahibdir, amma artıq yaşanmışlar üçün üzülməyə dəyməz. Keçmiş üçün üzülənlərin gələcəyi də üzüntüsüz keçmir.

 Ədalətin zaman üzü

Çoxları keçmişə söz qoşur, mahnı bəstələyir: “ötən günlərimi qaytaraydılar” deyə. Amma İlahi ədalətin zaman üzü heç kəsə doğma-ögey münasibəti göstərmir, hamını özü ilə aparır, hamını eyni yaşla qocaldır, kimsənin bir an sonraya dönməsinə imkan vermir. Əgər insanların hökmü olsaydı, kasıblar varlıların yerinə ölər, imkansızlar imkanlıların kədəri altında əzilərdilər. Allah-Təala bəzi mühüm məsələlərə insanın müdaxiləsinə qapı açmayıb, hər kəs öz ağrısı ilə, hər kəs öz taleyi ilə yaşayacaq, əcəli ilə köçüb gedəcək. Ötən günlərlə məkan da dəyişir, insan da başqalaşır. Dəyişmiş məkanda və ögeyləşmiş insanlar arasında köhnə zamanın sənə istədiyin zövqü, dadı verəcəyinə ümid eləməsən yaxşıdır. Qarşıdakı imkanları dəyərləndirməyə çalış, hər an qarşında ən gözəl bir variant var, onu seçməyə cəhd elə.

Ərzurumlu İbrahim Həqqi həzrətləri bu haqda necə də gözəl deyib:

Mövla görəlim neylər,

Neylərsə, gözəl eylər.

Bu zaman axınından qaçıb qurtarmağa kimsənin nə imtiyazı var, nə də bildiyi bir fəndi.

Bir vaxtlar Həzrəti Adəm vardı, sonra Həzrəti Nuhla bəşəriyyət bir gəmidən sabaha adladı, Həzrəti İbrahim, Həzrəti Musa, Həzrəti Məhəmməd. Sonra İslam dünyasının öz içində müxtəlif müharibələr baş qaldırdı. Bu gün dünyada biz varıq, sabah da bir başqaları olacaq. İnsanlar üçün bütün zamanların birləşdiyi tək nöqtə axirətdə olacaq. Çünki orada Həzrəti Adəmdən üzü bəri bütün insanlar canlanıb bir araya gələcəklər.

Hansı gözdür qara torpağa axmayan?

Bütün yaradılmışlar ölüm qapısından keçəcəklər. Bir dərvişin mahnısında deyildiyi kimi:

O hansı gül üzdür ki, çürüyüb torpağa qarışmadı?

O hansı ala gözdür ki, su olub torpağa axmadı?

Ölüm də Allah-Təalanın ədalətinin bir təzahürüdür. Ölüm cəza deyil ki, keçid qapısıdır. Amma hər kəs üçün qapının o üzü də eyni olmur, bərabər olmur.

Tövbə qapısı

İnsan öz uğursuzluğunu anlayanda itirdiyi imkanlar üçün alışıb-yanar. Keçmişə bağlılıq hissi də ən çox bu duyğudan qaynaqlanır. Amma kimsə bu halında ən çox zərərlimi, ya xeyirlimi olduğunu da bilə bilməz.

Tutaq ki, məmnun deyilsən, hər şeyi itirdiyinə, bərbad etdiyinə inanırsan. Amma son nəfəs gəlməmiş son imkan da tükənməz. Bu dünyada sərvət qazana bilməmək hər şeyi itirmək demək deyil. Bir də tərsinə düşün, fikirləş ki, nə yaxşı o qaçhaqaça qoşulub halalını, haramını düşünmədən əlinə keçəni çırpışdırmamısan. Nə olsun ki, pulun yoxdur, ailən ki ac deyil. Hər səhər evdən çıxıb getməyə iş yerin, salam verməyə yoldaşların varmı, axşam işini tamamlayıb könül xoşluğu ilə evinə dönə bilirsənmi, süfrəyə daşdan yumşaq nə qoyuldusa, şükr duyğusu ilə yeyə bilirsənmi? Daha bundan artıq nə lazımdır ki? Üzünü qaraldacaq günahların yox, səni kimlərinsə yanında gözükölgəli edəcək əməlin yox. Bəlkə də dünyanın ən zənginlərindən birisən, sən sadəcə bunun fərqində deyilsən. Və bir də nə qədər xətan, təqsirin olubsa, üzünə hər zaman taybatay açıq olan tövbə qapısı var. Ümidini üzmə, Allah-Təalanın sənə verdiyi o uca dəyəri aşağı tutma.

Keçmiş üçün üzülmə. Sən həyatın ən xeyirli variantını yaşayaraq bu günə gəlmisən. Keçmişə baxma, önünə bax. Ağlın, imanın işığında ən xeyirli yolu seç! Allah köməyin olsun!

Mənbə: ZAMAN

1 comment

  1. Insan Allahin ona verdiyi her sey ucun defelerle sukurler etmelidir.Belke de bu gun en bextever insansan ancaq ferqinde deyilsen.Bir an dur derinden fikrles ve uca Yaradaninin nesib etdyi her sey ucun sukr et.Allahim ona siginanlarin ve sebrli olanlarin dostudur.

Şərh yaz

Please enter your comment!
Please enter your name here

15 − 3 =