Oxuduğundan nəticə çıxarmırsansa, heç oxumağın da bir anlamı yoxdur

0

kainat-düşüncəÖz dövründə düzgün anlaşılmaq, xətir-hörmət sahibi olmaq hər dahiyə nəsib olmur. Amma Mövlana Cəlaləddin Rumi belə bəxtəvərlərdən idi və bir dəfə yolu həyat qadınlarının toplaşdığı evin qarşısından düşür. Qadınlar qapıya çıxıb onu salamlayır və öz ehtiramlarını bildirirlər. Bu ehtiramı qarşılıqsız qoymayan Mövlana belə deyir:

– Allahın salamı sizin üzərinizə olsun, ey mənim günahkar bacılarım! Əgər siz olmasaydınız, şəhvətinin əsiri olmuş kişilər iffətli qadınlara tərəf baxardılar.

Yazını bu söhbətlə niyə başladım, özüm də bilmədim, amma onu bilirəm ki, qarşı tərəf kim olur-olsun sənin niyyətin yaxşılıq etmək, xeyir vermək olarsa, mütləq bir əsas, bir bəhanə tapa bilərsən.

Könüllər Sultanı sevimli Peyğəmbərimiz necə də gözəl buyurub: “Ya xeyir söylə, ya sus!” Xeyir söyləyə bilmədiyin yerdə susmaq ən xeyirli seçimdir.

Və dəfələrlə təkrarlanmış, amma nə qədər təkrarlansa da, təravətini itirməyən, zahirən adi görünsə də, ali bir həqiqət: Kim neyləyirsə, özünə eləyir, hər kəsin elədiyi bumeranq kimi dönüb öz üstünə gələcək.

Əslində biz hamımız Allahın əlində alətik, kimimiz xeyirə alət, kimimiz şərə alət. Duamız o olmalıdır ki, Allah bizi xeyirə alət eləsin, yaxşılığa səbəb qılsın…

Yaxşılığı, yaxşı olmağı hər kəs öz dünyagörüşünə uyğun anlayır. Amma hər kəsin öz yaxşılıq anlayışı olsa da, yaxşı olmaq hər kəsin bildiyi kimi olmaq deyil, Allahın istədiyi kimi olmaqdır.

***

Nə olar, bircə dəfə də olsa dönüb, ürəyinin lap dibindən gələn səmimiyyətlə sürücüyə “çox sağ ol” de, sonra pillələrdən en. Qoy lap təəccüblənsin, bu başdan o başa qədər düşünsün ki, görəsən, ona niyə elə təşəkkür elədin. Qoy düşünsün, nə olacaq ki… Həmişə arxa qapıdan düşüb qaçanların dalınca hirslə qışqıran, bəzən də lap özünü saxlaya bilməyib söyən sürücü qoy bu dəfə də sənin təşəkküründən şok olsun. Dayanacaqda minib, dayanacaqda düşdü, iyirmi qəpiyin də qəttəzəsini ovcuma qoydu… Bəs o “sağ ol” la nə demək istədi axı?..

İkicə kəlmədir, amma ürəklə deyildikdə bu iki kəlmənin qarşı tərəfi necə duyğulandırdığını, insanı necə yumşaltdığını sözlə ifadə etmək mümkün deyil. Bəzən bir təsəlli, bir təşəkkür insanı ölümün sahilindən döndərir. Bir xoş baxış suda  boğulana uzanan xilaskar əli kimidir.

***

Hər səhər birinci hədəfin ərzaq aldığın dükanın satıcısı olsun. Görürsənmi, necə də səmimidir. Onsuz da səndən alacağı bir şey yoxdur, hər şey kassada həll olunur. Amma üzündəki təbəssümə diqqət edirsənmi? Sən niyə ona təbəssüm etmirsən? Burda nə var ki? Üçdə alacağın yox, beşdə verəcəyin, özü də qızın yaşındadır. Nə qədər də duru, təmənnasız çöhrəsi var… Allah xoşbəxt eləsin! Sən də bir təşəkkür etsən, “Ay qızım, Allah səni xoşbəxt eləsin!”- desən, nəyin əskiləcək ki? Vallah da, billah da, heç nə itirməzsən, niyə də itirəsən axı? Dua edirsən, Allahdan xeyir diləyirsən. Bilirsənmi Allah-Təala nə buyurur?- Buyurur ki, siz bir-birinizi sevin ki, Allah da sizi sevsin.

***

Hər səhər gün doğmadan həyətinizi süpürən, yuxarı mərtəbələrdən atılan siqaret kötüklərini, kağız qırıntılarını, cürbəcür tullantıları uzun saplı süpürgəsi ilə bir yerə toplayıb zibil qabına yığan, sonra da aparıb həyətin o bağındakı böyük dəmir qablara boşaldan dalandar olsun. Elə bilirsən, aldığı maaş balalarını dolandırmağa yetir? – Ay-hay… Sizin həyəti təmizləyib qurtarandan sonra Allah bilir, hələ neçə yerə qaçacaq. Gün doğandan qaş qaralana qədər o qapıda, bu qapıda əlləşir, yenə birini çatdıranda birini çatdırmır. Nolar, bir dəfə dayanıb, “Allah köməyin olsun, ay qardaş”- deyəsən? Heç bilirsən sənin bu sözün onu necə rahatladar, bəlkə də, bütün yorğunluğunu, ağrı-acısını silib aparar?..

***

Allaha şükr etmək hər kəsin insanlıq borcudur. Həm də insan dili və qəlbi ilə şükr etməyi özünə vəzifə etməlidir. Allaha şükr etməklə bəndəyə təşəkkür etmək arasında əlaqə var. İnsanı bütün mahiyyəti, duyğu və düşüncəsi, istəyi ilə yaxşı tanıyan Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) belə buyurmuşdur: “İnsanlara təşəkkür etməyən Allaha da şükr etməyi bilməz.” İnsana təşəkkür mənası daşıyan bir xeyli deyimlərimiz var. Bəzən bir “sağ ol!”, bəzən “çox sağ ol!”, “Allah köməyin olsun!” deyərək qarşı tərəfə öz təşəkkürümüzü, səmimiyyətimizi bildiririk. Amma bütün bunlarla yanaşı başqa bir ifadə də var ki, ən şirin, ən səmimi dua yerinə keçər: “Allah səndən razı olsun!” İnsanın ən böyük qazancı elə Allah-Təalanın rizası, yəni rəğbəti, razılığıdır. Sən də qarşı tərəfə məhz o şərəfi, o səadəti arzulayırsan. Bizə görə, insana təşəkkürün ən uca məqamı bu deyimlə ifadə olunur. Çünki Allah bir kəsdən razı olarsa, o adam artıq hər şeyi qazanmış olur.

***

Bəzən bir təbəssüm də təşəkkür ifadə edə bilir. Bir xoş baxışda, səmimi bir mimikada da təşəkkür çalarları tapmaq mümkündür.

Təşəkkürü candərdi söyləmək təşəkkürü urvatdan salır. Dilin təşəkkür edir, üz-gözündən zəhər-zəhrimar yağırsa, daha bunun harası təşəkkür oldu?

Ən kiçik, ən adi yaxşılığa belə təşəkkürlə cavab vermək həm o işin bərəkətini artırar, həm də insanı hər zaman yaxşı olmağa sövq edir.

***

Allah-Təalanın verdiyi nemətlərin getdikcə artması insanın əlində-ovcunda olan nemətlərə şükr etməsinə bağlıdır. Bu barədə Qurani- Kərimdə belə buyurulmaqdadır: “Əgər şükr etsəniz, Mən nemətlərimi daha da artıraram”. Allah-Təala sükr edənə nemətlərini artırdığı kimi, gərək insan da səmimi təşəkkürə qarşı rəğbətini, mərhəmətini çoxalda.

İnsanın vəzifəsi, Peyğəmbərimizin də bir hədisi-şərifində buyurduğu kimi, müsibət baxımından özündən daha pis vəziyyətdə olana baxmaq və şükr etməkdir. Rahatlıq və zənginlik baxımından da şükr edə bilmək üçün özündən daha çətin vəziyyətdə yaşayanlara baxıb, sahib olduğu nemətlərin dəyərini bilməlidir. İnsan nemətin qədrini bildikcə Allah da onun bərəkətini artırar.

***

Həzrəti-Musa (ə.s.) Allah-Təala (c.c.) ilə söhbət üçün Tur dağına gedərkən səhrada boğazına qədər quma basdırılmış bir adama rast gəlir. Həmin adam soruşur:

– Ya Musa, hara gedirsən belə?

– Tur dağına gedirəm, Allah-Təala ilə söhbətim var.

– Ya Musa, mənim bu halımı Allaha anlat, de ki, bürünməyə bir şeyi olmadığı üçün özünü quma basdırıb. Qoy bu dünya malından mənə də bir şeylər qismət eləsin ki, mən də adam kimi yaşaya bilim. Qayıdanda da yolunu burdan sal, Allahın nə dediyini mənə çatdır.

Həzrəti Musa da onun istəyini yerinə yetirəcəyinə söz verib yoluna davam edir.

Həzrəti-Musa Tur dağından dönərkən həmin adamı yenə olduğu yerdə qumun içində görür. Salam-kalamdan sonra adam Həzrəti-Musadan onun xahişini yerinə yetirib-yetirmədiyini soruşur. Həzrəti-Musa da belə cavab verir:

– Allah-Təala sənin hər halından xəbərdardır. Buyurdu ki, sən şükr edəsən ki, Allah da nemətlərini artırsın.

Adam əllərini qumun içindən çıxarıb əsəbi halda:

– Nəyim var ki, nəyə şükr edim, ya Musa? – deyir.

Elə bu vaxt hardansa bir külək gəlir, bütün qumu sovurub aparır və adam qalır lüt-üryan.

***

Düşünmək üçün çox gözəl mövzudur. Əgər gördüyündən, oxuduğundan nəticə çıxarmırsansa, heç oxumağının da bir anlamı yoxdur. Oxuduğun, öyrəndiyin hər şey həyatında nəyisə dəyişmədikcə, səni zərrə qədər də olsa, gözəlləşdirmədikcə, yükdür.

Elm nəticə etibarilə əxlaq, əxlaq da son məqamında elmdir.

Elmi əxlaqa çevirə bilənlərə nə qədər də ehtiyacımız var. Elmin əxlaqı olmayanda bombaya çevrilir, silaha dönür, kütləvi qırğına səbəb olur.

Quran məntiqinə görə, başına, yaddaşına yük elədiyi elmi həyatına tətbiq etməyən insan kitab yüklü eşşək kimidir.

***

Yazını Yunus dədənin sözü ilə tamamlayırıq: “Bir könül qırdın isə, o qıldığın namaz deyil”. Təbii ki, burda söhbət haqsız yerə könül qırmaqdan gedir. Amma əxlaq dediyin anlayış da insanı elə ülvi məqama səsləyir ki, haqlı olduğun yerdə belə cəza üsulu deyil, mərhəmət yolları axtarmalı olasan. Bir daha təkrarlayırıq: Kim neyləyirsə, özünə eləyir, yəni yaxşılıq eləmək istəsən, ən pis adama belə xoş söz deməyə bir əsas taparsan. Yox əgər niyyətin başqadısa, nə desən, hamısı əfsanə… Vəssalam.

www.zaman.az Əli Çərkəzoğlu

Şərh yaz

Please enter your comment!
Please enter your name here

13 − ten =