Əlibəyli kənd məktəbinin müəllimi yazır; şagirdləri necə qiymətləndirək?

0
35

Fəal/interaktiv təlimə görə, şagird nailiyyətlərinin qiymətləndirilməsi

Seymur Tağıyev
Seymur Tağıyev. Zərdab rayon R. Rza adına Əlibəyli kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Qiymətləndirmədə maksimum obyektivliyə nail  olunması  dərsə rəğbətin  artmasına,öyrənməyə  meyilin  güclənməsinə  səbəb  olur

 Etiraf  edək  ki,qiymətləndirmə  ənənəvi  təlimin  ən  zəif  və ədalətsizliklə  müşayət  olunan  məqamıdır. Şagird nailiyyətlərinin  qiymətləndirilməsi  ənənəvi  olaraq onların  əldə  etdikləri bilik, bacarıq və dəyərlərin kəmiyyətcə qiymətləndirilməsinə əsaslanır. Lakin ənənəvi təlimdə şagirdlərin təlimin nəticələrini müəyyən edən şəxsi keyfiyyətlərinin qiymətləndirilməsi sistemi mövcud deyildir.Nəzərə alınmalıdır ki,ancaq şəxsi keyfiyyətlərin qiymətləndirilməsi təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər.Təəssüf ki, qiymətləndirmənin ənənəvi praktikası ancaq cəmləyici qiymətə əsaslanır. Həm yekun qiyməti, həm də cari qiymət cəmləyici xarakter daşıyır. Bundan başqa ənənəvi qiymətləndirmənin əsas problemlərindən biri yekun qiymətinin cari qiymətdən asılılığıdır.Yekun qiymətinin verilməsi praktikası  şagirdin bütün cari qiymətlərinin ortalanmasından ibarətdir. Cari qiymət dəyişməz xarakter alır və şagirdlərin nailiyyətlərinin gələcək qeyri-obyektiv mənzərəsini «formalaşdırmağa» başlayır.Ənənəvi təlimdə şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün istifadə olunan əsas formalar yoxlama yazı işləri ( və ya testlər) və şifahi cavablardır. İki qiymət növü mövcuddur:  cari və yekun qiymət. Cari qiymət ayrı-ayrı mövzu və bölmələrin şagird tərəfindən mənimsənilməsini yoxlayır, yekun qiymət isə tədrisin nəticələrini ümumiləşdirir.Cari (gündəlik)  qiymətləndirmədə aşağı  qiymət  alan  şagirddə   dərs  ilinin  sonrakı  dövrlərində (rüblərdə)  irəliləmə  müşahidə  olunsa  da,onun illik (yekun) qiymətini yüksəltmək   mümkün  olmurdu.Qiymətləndirmədə  belə  bir  vəziyyətin  hökm  sürməsi  şagirdlər  üçün  acınacaqlı  olurdu.Ən  başlıcası,şagirdlər zəif  mənimsədikləri  və  aşağı   qiymət  aldıqları  mövzuların  üzərinə  yenidən  qayıtmağa nə  ehtiyac  duyurdular ,nə  də  bununla  ciddi  maraqlanan  olurdu.Rübsonu  təkrarlar  formal  xarakter  daşıyırdı.

Fəal/interaktiv   təlimdə  də  qiymətləndirmə   ilə  bağlı  problemlərin  olduğu  etiraf  edilir.Lakin  bu  yeni  yanaşmada  irəliyə  doğru  atılmış  addımlar,tətbiq  edilməyə layiq cəhətlər çoxdur.Belə ki,burada şagird nailiyyətlərinin qiymətləndirilməsi şagirdlərin biliklərə yiyələnmək, onlardan istifadə etmək, nəticə çıxarmaq bacarıqları haqqında məlumatların toplanması prosesi kimi qəbul edilir və aşağıdakı məqsədlərə xidmət edir:

-şagirdin irəliləyişlərinin (geriləmələrinin) izlənilməsi (monitorinqi);

-təlim prosesində qərarların qəbulu;

-şagirdin təlim nəticələrinin qiymətləndirilməsi.

Fəal/interaktiv   təlimdə  qiymətləndirmə  elə formada  həyata keçirilir  ki,şagirdlərdə  öz  uğurlarını  daha  da  artırmaq həvəsi  və  imkanı təmin   olunur.Bu  təlimdə  qiymətin  iki  əsas  vəzifəsi var:

Birincisi,öz  uğurlarını   daha  da  genişləndirməsi   məqsədilə   şagirdin  təlimdəki  irəliləyişinin   səviyyəsini  onun  özünə  və  valideynlərinə  müntəzəm  bildirməsidir. Bu formalaşdırıcı  (cari)qiymətdir.Bu,şagirdə  imkan  verir ki,aşağı  qiymətini  təkrar  cavabla  yüksəltsin.

İkincisi,proqramın  qarşıya  qoyduğu  təlimi  məqsədlərə  şagirdin nail  olması  dərəcəsi  barədə  məlumatın  verilməsidir.Bu.summativ (yekun )qiymətdir.Bu,şagirdin tədris  fəaliyyətinin yekun  qiymətləndirilməsi  zamanı  verilir  və  dəyişməz,sabit  olması  ilə  fərqlənir.

Fəal/interaktiv   təlim  qiymətləndirməni dərsin  hər  mərhələsindən  sonra  da aparılmasını  məqbul  sayır.Bu  yeni  yanaşma  şagirdlərdə   öz  təlim fəaliyyətlərinə  anlayaraq  qiymət  vermək  bacarığının  formalaşmasına  xüsusi  önəm  verir.

Fəal/interaktiv təlimə  görə,şagird  nailiyyətlərinin qiymətləndirilmə  obyektləri  çoxdur.Bunlardan  biri ,yuxarıda  qeyd  etdiyimiz  ənənəvi  təlimin  çox  az diqqət  yetirdiyi  şagirdin  şəxsi  keyfiyyətlərini  diqqət  mərkəzində saxlamasıdır.Şagirdin  biliyə  yiyələnmək  həvəsinin ,yaradıcılıq  meyillərinin ,mənəvi  keyfiyyətlərinin  və.s  onun  təlim  nəticələrində  mühüm  rol  oynadığını  unutmaq  olmaz.Qeyd olunmalıdır ki, interaktivliyə  əsaslanan təlim prosesində  şagirdlərin özünü və sinfi, hətta bütövlükdə dərsin özünü qiymətləndirməsi imkanları çox genişdir. Yeni təlim metodları ilə  işləyən müəllimlər bu qiymətləndirmə üsulundan müntəzəm istifadə edir və çox yaxşı nəticələr əldə edirlər. Bu üsulun tətbiqi nəticəsində şagirdlərdə:

-müstəqillik və özünəinam bacarıqları formalaşır;

-obyektivlik, özünə və yoldaşlarına qarşı tələbkarlıq vərdişləri inkişaf edir;

-ədalətli, əməksevər və özünəgüvənən iradi keyfiyyətlər yaranır.

Fəal/interaktiv təlimin   bu   cəhətlrə  diqqət yetirməsi  bütövlükdə  təlimin  uğurları,nəticələri  barədə əsaslı  fikir söyləməyə  imkan  verir.Deyilənlərdən  aydın  olur  ki,bu  cəhətlər   təlim prosesinin   hansı  dərəcədə  uğurlu  olduğunu  müəyyənləşdirmək   üçün  meyar  rolunu  oynayır.