Rayonumuzun başıpapaqlıları Ağcabədidə növbəli keşik çəkirdilər

1
Jalə Mütəllimova
Həmyerlimiz Jalə Mütəllimova yazır

22 yaşlı “gənc”in ad gününə…

Xocalı adlı dərdimizin 22 yaşı olur. Neçə belə illərə çıxsın. Bizimlə yaşlansın, amma bizimlə ölməsin. Daha heç nə unudulmasın deyə o, həmişəlik yaşasın… 22 il öncə məktəbli idim mən. Qarabağda döyüşlər gedirdi. Rayonumuzun, bütün başıpapaqlıları Ağcabədidə, Hindarx adlanan yerdə post qurub növbəli keşik çəkirdilər. Nə olar, nə olmaz deyə. Bir gün qonşumuz bizə gəldi. Üzündə dəhşət dolu bir ifadə var idi. Atamı çağırdı. Dedi ki, Xocalıda hamını qırıblar, uşaqdan böyüyə. Böyüklərin hamısı bir- birinə baxıb və susdu. Sakit qar yağırdı o gün. Sərtliyi, zəhmi ilə həmişə çəkindiyimiz atam bizə sarı döndü, yumşaq səslə: soyuqdur, içəri gedin, dedi. İsti sobanın başına topladı bizi anam və “uşaqları e, uşaqları da” dedi. Fikrim qarda idi, qəribə yağırdı. Qorxaq! Kimdən, nədən qorxurdu?… Anlamırdım. İndi düşünürəm ki, taleyindən narazı yağırdı o qar. Hər şey könüllü olsaydı bəlkə heç yağmazdı. Təbiətin ümidinə qalsaydı heç o gün də olmazdı bəlkə, amma oldu. Bu günü yaşamaq, xocalıdakı insanlarla birgə, o qarın da taleyi idi. Rəngi bəyaz görünürdü. Amma qara-qırmızı idi o qar, əslində. Torpağa dəyib qaralacaqdı hirsindən, günahsız insan qanına bulaşıb qızaracaqdı, ya utancından, ya da hikkəsindən. İkiüzlü idi həm də, ağ görünüb qara-qırmızı yağdığına görə. Bir az da günahkar idi. Yağmasaydı qaçanın izi qalmazdı üzərində, qovan o izə düşüb tuta bilməzdi qaçanı yəqin… Həmin günə qədər evimizdə, aynabəndin bir küncündə uzun müddətdən bəri duran bağlamaya fikir verməmişdim heç. Bircə onu bilirdim ki, anam icazə vermirdi  açmağa. Bu nədir, soruşan olanda da acıqlanırdı. Elə bil yadına pis nəsə salırdın. “Canımıza dərddir ” deyirdi. Acığımız gəlirdi bu sözdən. Elə bilirdik bizi də özünü də qarğıyır. Bir dəfə kiçik bacımla evdə kimsə olmayanda açdıq o bağlamanı. Hərəmizə aid bir üst geyimi vardı içində. Öz geyimimi qaldırdım, cibindən metrikam düşdü, bir şey anlamadım. Sonra diqqət elədim ki, 4 bacı hər birimiz üçün qoyulan geyimin cibində var sənədimiz. Anamın özü üçün qoyduğu jaketin cibində isə pasportu var idi. Baxmayaraq ki, döyüşlər xeyli uzaqda gedirdi. Əksəriyyət bu cür yaşayırdı o illərdə. Hər şeyə hazır. İlk dəfə müharibənin, faciənin, ölümün bir addımlığında olmağımızı onda anladım, onda yaşadım mən. Xocalıda soyqırım olan gün, o bağlamanı açanda. Gözüm aynabənddəki bağlamada qaldı o gündən sonra. Əminəm ki, bizim aynabəndin küncündəki bağlamalardan o vaxt çox evlərdə var idi. Sonra atəşkəs elan edildi, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq status aldı. Və biz də “dünya birliyi” kimi olduq, susduq. Evlərdən, aynabəndlərdən yığıldı o bağlamalar. Əslində, bütövlükdə işğalda olan torpaqlardan erməniləri çıxarmaq iki saatın işidir bəlkə də Azərbaycan üçün. Amma Xocalını yaşayan bizlər, o torpaqlarda uşaqlığını, gəncliyini, sağlamlığını, yaxınlarını, ailəsini itirən insanların, bir sözlə Azərbaycanın sülhə ümidi var hələ. Bir gün hərə ümidinə bir nöqtə də qoya bilər. Bax onda “dünya birliyi”nin dilinin açılıb- açılmaması kimsəni maraqlandırmayacaq. Adamı vətənin içində nə qədər vətənsiz yaşamağa məcbur eləmək olar ki?..

1 comment

  1. Jalə xanım çox sağ ol yazı üçün.O bir nəfər var idi ey,pecəyini çiyninə atıb,Qarabağı iki saata azad edəcəyinə söz vermişdi…Onun axırı necə oldu???….

Şərh yaz

Please enter your comment!
Please enter your name here

fifteen − twelve =