Həsən bəy Zərdabinin “çırağı“ – Hənifə xanım Məlikova

0
36

 

Hənifə xanım Məlikova
Hənifə xanım Məlikova şagirdlər arasında.

Həsən bəy Zərdabinin şəxsi və ictimai həyatının “əlavə bir çırağı” -Hənifə xanım Məlikova

Həsən bəy mükəmməl bir təhsil almışdı: dahi həmyerlimiz Şamaxıdakı 4-sinifli rus məktəbini çox böyük uğurla başa çatdırdıqdan sonra dövlət hesabına Tiflis gimnaziyasında təhsilini davam etdirərək buranı da qızıl medalla başa vurdu. Adı gimnaziyada xüsusi mərmər lövhədə qeyd olundu. Yenə dövlət hesabına Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiətşünaslıq ( biologiya ) şöbəsinə daxil olur və 1865-ci ildə Moskva Universitetini bitirir, xüsusi müvəffəqiyyətlərinə görə Həsən bəy Zərdabiyə Universitet Elmi Sovetinin 10 iyun 1865-ci il tarixli qərarı ilə Təbiyyət elmləri namizədi adı verilir.

1861-1865-ci illərdə Moskva Universitetindəki təhsili Zərdabinin gələcək inkişafı üçün çox böyük perspektivlər açır və onun dünyagörüşünün formalaşmasına əsaslı dərəcədə təsir göstərir . O, burada öz dövrünün böyük simaları olan Raçinski , Boqdanov kimi professorlardan dərs alır, şair Pleşeyev və tarixçi M.S.Solovyovla tanış olur. Əlimərdan bəy Topçubaşov Həsən bəy Zərdabinin həyat və yaradıcılığına dair “Azərbaycan mayakı” adlı xatirə yazısında qeyd edir: “Hələ gimnaziyanın yuxarı siniflərində o, kəndlilərin vəziyyətinə xüsusi maraq nümayiş etdirirdi. Kür üzərindəki doğma kəndi olan Zərdabda kəndlilərin həyatı ilə tanış olmaq imkanına malik idi. Tələbə olarkən Həsən bəy kəndlilərə olan bu maraq və diqqətini gücləndirmiş və azadlıq ideyalarının təsiri altında xalqın hüquqlarını və mənafelərini müdafiə etmək zərurətini dərk edən coşqun partizana çevrilmişdi”.

Zərdabinin həyatını vərəqlədikcə dahi həmyerlimizin xalqının savadlanması naminə nələrdən keçdiyinin şahidi oluruq: o, Moskva Dövlət Universitetində qalıb işləyə də bilərdi. Amma millətinə olan sonsuz sevgisi Zərdabini bu fikrindən daşındırdı.

Həsən bəy Zərdabi hələ Tiflis gimnaziyasında oxuduğu müddətdə atasının dayısı Fərəc bəy Ağayevin pessimist duyğularına şərik olur və bundan ibrət götürərək gələcək həyatının istiqamətlərini müəyyənləşdirir. F. Ağayevdən fərqli olaraq Həsən bəy rus sevgilisindən imtina edir , Solovyovun qızı ilə yox, Ter vilayətinin Nalçik şəhərindən olan milliyyətcə türk Hənifə xanım Abayeva ilə ailə qurur.

Hənifə xanım 1856-cı il mayın 5-də Şimali Qafqazda , Nalçikdə doğulmuşdur. O, Tiflisdə Müqəddəs Nina qız məktəbində təhsil almışdır. O vaxt müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir hadisə idi. Bu ziyalı , sədaqətli və mətanətli xanım millətimizin və ailəsinin yolunda əsl fədakarlıq nümunəsi göstərdi. Həsən bəy Zərdabiyə tək həyat yoldaşı yox , həm də mübarizə yoldaşı oldu. Hənifə xanım Məlikova 16 il əri ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşadı.

Hənifə xanımın mübarizələrlə dolu fəaliyyətinə nəzər salanda görürük ki, Azərbaycan jurlalistikası tarixində önəmli xanımlardandır. O,1875-1877-ci illərdə Həsən bəy Zərdabi ilə birlikdə “Əkinçi “ qəzetinin nəşrində çox əziyyətlər çəkib. Onlar Zərdabda yaşadıqları dövrdə, 1880-ci ildən başlayaraq öz evlərində , mənzillərində pulsuz məktəb açdılar və təqib və təzyiqlərə baxmayaraq heç bir təmənna ummadan insanlara elm, savad öyrətdilər.

Hənifə xanım Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynadı. O, məşhur Nicat cəmiyyətinin Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaradıcılarından biri oldu. Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşdü. 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işlədi. 1909-cu ildən 1919-cu ilədək, düz 10 il Bakı şəhər dövlət birinci rus-tatar , yəni rus-Azərbaycan qız məktəbində müdir vəzifəsində çalışdı.

Hənifə xanım 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işləyib.

O, 1929-cu ildə Bakıda vəfat edib. Əvvəl şəhər qəbirstanlığında dəfn olunub. Sonralar cənazəsi həyat yoldaşı H.Zərdabinin məzarına köçürülmüşdür. Nağıla dönmüş bu həyat Həsən bəy Zərdabinin şəxsi və ictimat həyatının “əlavə bir çırağı “ idi. Bu çırağın işığı elə gur idi ki , buradan Azərbaycan jurnalistikasının bütün keşməkeşli mərhələləri çox aydın görünür.

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ.