“Yenə yuxularda görürəm səni”

1
30

sevgiYenə yuxularda görürəm səni,

Solğun bənizinlə yenə gülürsən,

Yenə başındadır cavanlıq dəmi,

Bəlkə də xoşbəxtsən elə bilirsən.

 ***

Sən daş-qaş içində, gözü nəmlisən,

Min ilin kədəri yağır üzündən,

Elə fikirlisən, elə qəmlisən,

Elə bil çıxmısan dərd dənizindən.

 ***

Sən daş-qaş içində, gözlərin yaşdı,

Gülsən də üzünə qəm çöküb yenə,

Boyun-boğazından asılan daşdı,

Qızıl zəncir-üzük yük olub sənə.

 ***

Yaman yad olmusan, yaman yad indi,

Bir zaman sansam da Gün-Ayım səni,

Qızıl yük altından çıxmaq çətindi,

Mənim nə haqqım var qınayım səni?

 ***

Yenə yuxularda görürəm səni,

Yenə danışırsan, yenə gülürsən,

Birdən gətirirsən dumanı, çəni,

Diricə qəbirə girib ölürsən.

 ***

Əllərin uzana qalır yuxuda,

Hərdən göz yaşın da axır gizlicə,

Sənə ağır cəza göndərib Xuda,

Həsrətdən ölürsən diri gözlücə…

 

MÜƏLLİF: İSAMƏDDİN ƏHMƏDOV

1 comment

  1. Allah her kesi sevgisine qovusdursun qovusmayanlara ise xosbext bir omur nesib etsin ki bu acilari uda-uda yasaya bilsin

Comments are closed.