Zərdabda yeni inzibati binalar tikiləcək

0
21

ZərdabZərdab rayonunda bir sıra qurumlar üçün yeni binaların tikilməsi məqsədi ilə mərkəzi dövlət orqanları qarşısında məsələ qaldırılacaq. Zerdab.com saytının məlumatına görə, bu fikirlər “Əkinçi” qəzetində dərc olunmuş 2013-cü ilin ictimai-siyasi və sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələr barədə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayevin hesabatında yer alıb.

Belə ki, 1970-ci illərdə tikilmiş və əsaslı təmir olunmayan 500 yerlik Şəhər Mədəniyyət Evinin əsaslı təmir olunması, 1960-cı ildə tikilmiş, hazırda qəzalı vəziyyətdə olan Rayon Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi məqsədi ilə Nazirlər Kabineti, Maliyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi qarşısında məsələ qaldırılacaq.

Hesabatda həmçinin qeyd olunub ki, Məlikli, Körpükənd kənd sahə xəstəxanaları, Qoruqbağı, Yarməmmədbağı kənd həkim məntəqələri üçün yeni binaların tikilməsi və Mərkəzi Rayon Xəstəxanasına 3 ədəd təcili tibbi yardım maşınının verilməsi ilə bağlı Respublika Nazirlər Kabinetinə və Səhiyyə Nazirliyinə müraciət ediləcək.

Qeyd edək ki, Prezident İlham Əliyevin Zərdab rayonuna göstərdiyi diqqət və qayğının nəticəsidir ki, son 10 ildə rayonumuzda 16 yeni məktəb binası tikilib istifadəyə verilib. 2 tam orta məktəb binası əsaslı təmir edilib. Həmin məktəblərdən ikisi Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində tikilib istifadəyə verilib.

Zerdab.com