Atanın övladlarından son istəyi – HEKAYƏ

1
Yaşam

YaşamO, uzaq qəsəbələrdən birinə gələndə çox gənc idi. Qəsəbəyə yerləşəndən sonra balaca bir dükan açdı. Həqiqətpərəst və dostcanlı olduğu üçün hamı onu çox sevirdi. Hamı onunla alış-veriş edir, yaxınlarına da ondan mal almağı məsləhət görürdü. Çox keçmədi ki, bu balaca dükan qəsəbəni başdan-başa “bürüyən” böyük bir ticarət şəbəkəsinə çevrildi.

Bir gün o, xəstələndi. Dərhal xəstəxanaya çatdırdılar. Həkimlər onun bir də ayağa qalxa bilməyəcəyindən ehtiyat edirdilər. Oğlanlarını yanına çağırdı və hərəsinə 1 dollar verib, “Üçünüzdən biri mənim illər boyu zəhmət çəkib qurduğum bu şirkəti idarə edəcək. Ancaq mən əvvəlcə hansınızın bu vəzifəyə layiq olduğunu öyrənmək istəyirəm. Bu pulları götürün və onlara istədiyinizi alın. Ancaq elə bir şey almalısınız ki, axşam yanıma qayıdanda bütün bu otağı doldursun”.

Uşaqlar atalarının tapşırığını yerinə yetirmək üçün otaqdan çıxdılar. Üçü də şəhərə gedib pullarını xərclədilər. Axşam geri qayıdanda əvvəlcə birinci oğul sözə başladı: “Dostumun fermasına getdim. Bir dollar verib iki tay saman aldım”. Birinci oğul bu sözləri deyib bayıra çıxdı və saman taylarını gətirib havaya sovurdu. Otaq bir göz qırpımında samanla doldu. Ancaq bir az keçməmiş samanların hamısı yerdə idi. Beləliklə, birinci oğul atasının dediyi kimi otağı doldura bilmədi. Növbə ikinci oğula çatdı. İkinci oğul danışmağa başladı: “Şəhərə getdim. Bir dükana girdim. Bir dollar verib iki yastıq aldım”. İkinci oğul bu sözləri deyib otaqdan çıxdı. Yastıqları gətirib tüklərini havaya sovurdu. Hər tərəf tüklə dolsa da, bir azdan bütün tüklər yerdə idi. Beləliklə, ikinci oğul da atasının dediyi şərti yerinə yetirə bilmədi. Artıq növbə üçüncü oğulda idi. Üçüncü oğul danışmağa başladı: “Pulu cibimə qoyub şəhərə getdim. Sənin köhnə dükanın kimi balaca bir dükana girdim. Pulu xırdaladım. 10 sentini götürüb qalanını şəhərimizdəki xeyriyyə cəmiyyətlərindən birinə verdim. 10 sentə isə bunları aldım”. Üçüncü oğul bu sözləri deyib cibindən bir kibrit və bir şam çıxardı. İşığı söndürüb şamı yandırdı. Şamın işığı bütün otağa yayıldı. Artıq otaq işıqla dolmuşdu. Ata gülümsədi. Sonra da: “Oğlum, bu şirkəti sən idarə edəcəksən. Çünki həyatda ən vacib şeyi – işıq yaymağı bacarırsan”, – dedi…

1 comment

  1. cox maraqlidi halaldi 3cu ogula atasinin dediyini yerine yetirdi aferin

Şərh yaz

Please enter your comment!
Please enter your name here

two × four =