Sevgi var, nəfsin istəyidir; sevgi var, ruhun istəyi

2
48

kainatSevgi var, nəfsin istəyidir; sevgi var, ruhun istəyi. Hər sevginin də öz iqlimi, öz ünvanı. Hərəsi bir yerə aparır. Amma yol işarələrində hər şey aydın görünür. Nəfsin istəyi keçmişə, yəni dünyaya, ruhun istəyi isə irəliyə, yəni gedəcəyin yerə çağırır.

“Hamı necə, sən də elə” qılıncı asılmışdı Ərəbinin də, Nəsiminin də başının üstündən. Hamı kimi olmaq istəməyənin səsi də, sözü də başqa cür əks-səda verirdi insanların qulaqlarında. Toplum fərqli səsdən narahat olanda çarə axtarır, həm də ən qaba, ən haqsız yollarla.

Qoca Mövlana deyir ki, sevmək şəkərin suda əridiyi kimi əriyib yox olmaq, özündən keçmək, görünməz olmaqdır. Sevdiyinə qovuşmaq da elə budur. Özündə özündən heç nə saxlamırsan, özünü saxlamırsan, özündən imtina edirsən. Bir söz var, deyilir ki, Allahla sənin aranda bircə maneə var, o maneə sənin özünsən, onu aşa bilsən, Haqqa qovuşmağın dadını ruhunda yaşayarsan.

Füzuli də deyir ki, “Canı canan diləyib”, sonra da deyir ki, “canı verməmək olmaz, çünki o, əmanətdir, nə sənindir, nə də mənim”, daha sonra da deyir ki, “Biz bu can əmanətini verək, əgər canan qəbul edərsə, canımıza minnət”. Can bizə Cananın əmanətidir. Canı Onun uğrunda vermək ən böyük ticarətdir. Allahın verdiyini yenə Onun özünə sata bilmək bu dünya bazarının ən böyük qazancıdır.

Bir döyüşdən geri qayıdarkən Rəsulullah “Kiçik cihaddan böyük cihada dönürük”-buyurur. Səhabələr təəccüb edirlər: “Hansı böyük cihad?” Rəsulullahın cavabı bəşəriyyətin bütün zaman və məkan ölçülərinə şamil ediləcək və hər kəsi heyərtləndirəcək qədər möhtəşəmdi: “Ən böyük cihad nəfsi ilə müharibədir.” Həm də elə bir müharibə, elə bir mübarizə ki, ölüncəyə qədər bitməz. Durduğun, arxayın olduğun an fəlakətin başlanğıcıdır. Bitib-tükənməyən bir savaş, doğumla başlayıb ölümlə tamamlanan bir mücadilə… Molla Pənah Vaqif bu dünya sevgisini “cifə” adlandırır, yəni iylənmiş, xarab olmuş, murdar ət:

Cifeyi-dünyayadır hər ehtiyacü iştiyaq,

Munca kim etdim təmaşa, sözlərə asdım qulaq

Kizbü böhtandan savayı bir hekayət görmədim

Bu da Molla Pənahın üsyanı idi öz müasirinə. Nəsimi də giləyliydi, Füzuli də, Vaqif də, sonradan gələnlər də…

Allah-Təala bizi şahid olmağa çağırır. Şəhid olmaq üçün öncə şahid olmaq gərək. Şahid olmadan şəhid olmaq olmaz. Şəhidlik təkcə döyüş meydanında öldürülmək deyil, Allah yolunda atılmış hər addımda şəhidlik var. Gözlərinlə şahid olmaq, qulaqlarınla, əllərinlə, ayaqlarınla, dilinlə şahid olmaq, bütün varlığınla ruhunla hüceyrələrinlə, istisnasız olaraq şahid olmaq:- bunu istəyir Rəbbimiz bəndələrindən. Onun Təkliyinə, şəriyi, bənzəri olmadığına, hər şeyi bildiyinə, gördüyünə, eşitdiyinə, hər şeyin sahibi olduğuna, hər şeyə gücü yetdiyinə, istədiyinə istədiyi kimi davrana bildiyinə, ən ədalətli, ən mərhəmətli olduğuna şahid olmamızı istəyir. İnsan layiq olduğu kimi şahid ola bilərsə, Allah-Təala onun görən gözü, tutan əli, danışan dili olar. Yəni o gözlər Allahın istədiyindən başqa bir şeyə baxmaz; o dil Allah rizasına uyğun olmayan bir söz söyləməz; o əl ancaq xeyirə uzanar…

***

Uşaq vaxtı qonşu qızının, ya məktəbdə hansısa bir qızın eşqi ilə alışıb yanmayan neçə oğlan taparsan ki… Özü də nə qədər çılğın, nə qədər alovlu bir istək kimi gəlir və bir anda sənin o uşaq varlığını başdan ayağa qədər bürüyür. O uşaq sevgisiylə hər kəsdən gizlinə çəkilib Allahdan bircə onu istədiyimiz azmı olub? İçimiz yanıb, amma kimsənin xəbəri olmayıb. Bəlkə heç özü də bilməyib ki, sənin yaşadığın bu hallar ona görədir.

Üstündən qırx il keçib, hər kəs öz yolunu tutaraq bu günə gəlib. Bütün o yaşadıqların nə qədər kövrək olsa da xoş bir xatirə kimi yaddaşının bir küncündə özünə yerə eləyib qalıb. O sevgi yanından keçdiyin kolun dibindəki bir gövhər olsa belə, daha əyilib götürmək istəməzsən. Çünki o sənin üçün xoş bir xatirədən başqa bir şey deyil və elə o cür qalması daha gözəldir. Hərdən də düşünürsən ki, sənin o məsum qəlbinlə dilindən qopan duanın qəbul olmaması da sənin xeyrinə imiş. Və bir də onu düşünürsən ki, sən o qızı nə qədər çox sevirmişsənsə, Allah səni sənin onu sevdiyindən daha çox sevirmiş.

Sevgi dediyin də mərhələ-mərhələ, mərtəbə-mərtəbə olur. Məcnunluq 15-16 yaş üçündür, 50 yaşında məcnun olanın ağlı olmaz. İnsan dünyaya hisslərinin gözü ilə baxmağa başlayır, amma zaman keçdikcə ağıl, düşüncə, həqiqət axtarışı işin içinə girir. Təsəvvür edin ki, iki yaşlı bir uşağın əlindən oyuncağını alıb, onu səltənət taxtına oturdursan, əlbəttə, uşaq oyuncağını istəyəcək. Səltənət sevdası ilə alışıb yanan birisinin də əlindən o sevdasını alıb yerinə mərifətullah, yəni Allahı tanımaq, Ona sadiq bəndə olmaq duyğusunu versən, o da səltənəti istəyəcək. Müqayisələr qüsurlu olsa da, deyək ki, səltənəti rədd edib, oyuncağını istəyən uşaq nə qədər ağılsız olsa da, mərifətullahı qəbul etməyib səltənəti seçən insan ondan daha ağılsızdır.

***

Əslində hər sevgi yoldur gedənə. Hər kəs də bir yolun yolçusu, bir ünvanın aşiqi. Hər kəsin yolu onun niyyətində başlar, niyyətində bitər. Ona görə də, niyyətlər əməllərdən öndə gəlir. Əsilnə qalanda hər kəsin yolu da, boyu da elə niyyəti qədərdir. Niyyət sevginin yoludur, varmaq istədiyin son ünvandır.

Kimi Allahı sevər, kimi dünyanı, kimi keçmişə baxar, kimi gələcəyə, kimi faniyə bağlanar, kimi Əzəli və Əbədi olana. Amma bir həqiqət də var ki, hər kəs gec-tez öz sevdikləri ilə birlikdə olacaq. Nə böyük və böyük olduğu qədər də xoş bir müjdə, xoş bir həqiqət: “Hər kəs öz sevdikləri ilə birlikdə olacaq”. Amma varmı qəlbimizdə o cənnət toxumu, o ilahi sevgi? Sevmək təslim olmaqdırsa, nə qədər təslim ola bilmişik ilahi əmrlərə? Həyatımızı o istiqamətdə qura, o rəngə boyana bilmişikmi? Quru-quru “sevirəm” deməklə kimi aldadırıq axı? Allahı və Rəsulunu sevə bilmək Allahın bizlərə çox böyük bir lütfüdür. Amma lütfə layiq ola bilmək üçün də bizim görə biləcəyimiz işlər var. Əlindəki tək loxmanı paylaşa bilirsənmi? Gecənin qaranlığında isti yatağından qalxıb dua-dua “Məni sevgindən məhrum eləmə!”- deyib yalvara bilirsənmi? ; “Könlümü dünyadan ayır, özündən başqasının məskəsi eləmə!”- deyib o təmənnada buluna bilrsənmi? İstəyə bilməyi bacarsaq, doğru istəyimizdə israr göstərə bilsək, O əsirgəməz. Çünki O:“İstəyin, bərəkətimi artırım; istəyin, dərdlərinizə çarə edim; siz istəyin, mən də verim”- buyurur.

Hər kəsin dəyəri duasında olduğu kimi aqibəti də sevgisində boy atıb böyüyür?

Sən kimin aşiqisən, çiçəyim?

www.zaman.az

2 ŞƏRH

Comments are closed.