Ağdamın Güllücə kəndində şəhid olan həmyerlimiz – Miqdar Umudov

8
45
MİQDAR UMUDOV
Miqdar Umudovun adının əbədiləşməsi üçün Xasa kənd ümumi orta məktəbinə onun adı verilib.

Körpükəndli oxucumuzun xahişi ilə həmyerlimiz haqqında:

Miqdar Umudov Ağdamın Güllücə kəndində şəhid oldu

 

“…Saxlaram gözlərim üstə onu mən,

Ölərəm əldən əgər getsə vətən”.

Abbas Səhhət.

Müdriklərimiz deyir ki, zatı, südü təmiz, alnıaçıq namuslu və mərd adam xalqını, Vətənini, elini sevməlidir. Kəndinə sahib olmalı, şəhərini qorumalıdır. Nə gözəl. Səslənməsi ilk anda bəlkə də qəribə görünə bilər: amma doğrudan da hər bir məmləkət mərifət kitabı, bir dövlət, böyük bir ailədir. Onu düşmənə vermək olmaz. Ondan asanlıqla keçilməz… Şəhərlərimiz, kəndlərimiz bir-birinin ardınca ermənilər tərəfindən zəbt edildikcə igidlərimiz silaha daha sıx sarılırdılar. Nəinki şəhərlərin, kəndlərin hətta bir qarış torpağın belə uğrunda ölümə getməyə hazır oldular. Belə bir vaxtda Miqdar cəbhəyə könüllü yollandı. Bir andaca qərar verdi ki, Vətənin bu dar günündə o da mütləq cəbhədə olmalıdır.

Umudov Miqdar Məhəmmədiyyə oğlu 1964-cü ildə  Körpükənd kəndində dünyaya göz açıb. 1981-ci ildə kəndlərindəki orta məktəbi bitirib. Sonra Göyçayda sürücülük məktəbinə daxil olaraq öz peşə taleyini seçib. İki il Sovet Ordusu sıralarında xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra bir müddət kəndlərində sürücü işləyib. 1993-cü ilin sentyabrında isə cəbhəyə gedib. 190 saylı Ağdam Artilleriya batalyonunda xidmət etməyə başlayıb. Miqdar cəbhədə elə lik günlərdən sürücü kimi fəaliyyət göstərdi. O, əsgərlərə sursat daşıyırdı. Öz layiqli davranışına görə xidmət etdiyi hissədə hörmət qazanmışdı. Tapşırılan işlərin öhdəsindən bacarıqla gəlirdi. Ehtiyac duyulan sursatı vaxtında yerinə çatdıra bilirdi. Ölümündən bir gün əvvəl cəbhədən evlərinə gəlmişdi. Sanki ölümün onu tezliklə yaxalayacağını hiss edirdi… 1993-cü ilin 29 dekabr günü Miqdar yoldaşlarına sursat apararkən ermənilər tərəfindən qrad qurğusu onun maşınının üzərinə tuşlandı. Bir anlığa maşını alov bürüdü. Ağdamın Güllücə kəndində bu dünyaya şəhid kimi əlvida dedi.

Xəbər Körpükəndə çatanda ana fəryad etdi. Gənc gəlin igid əri üçün göz yaşları tökdü. Miqdarın körpələri-Cəlil və Nazim baş verənlərin təsirindən həyəcanlarını, kədərlərini ifadə edə bilmirdilər. Ancaq ana fəryadı susmaq bilmirdi. Miqdardan sonra cəmisi bircə il yaşadı.

…İllər keçdi. Zaman adlı loğman yaralara məlhəm qoydu. Miqdar xatirələrdə yaşadı, söhbətlərdə yad olundu. Miqdar Umudovun adının əbədiləşməsi üçün Xasa kənd ümumi orta məktəbinə şəhidin adı verildi.

Artıq Miqdar Umudovun uşaqları böyüyüb. Cəlil ailə həyatı qurub. Bir qızı var. Günlər aylara, aylar illərə calandıqca şəhidlə bağlı xatirələr unudulmur , əksinə Miqdar Umudovun qəhrəmanlığı bütün kənd camaatına başucalığı gətirir.

Allah rəhmət eləsin! Qəbri nurla dolsun!

TƏRLAN ABDULLAYEVA, “ƏKİNÇİ”NİN MÜXBİRİ

8 ŞƏRH

  1. Məndə bir şəhid bacısı kimi bu dərdin acısını yaşayıram, və bu dərdin nə olduğunu bilirəm .Miqdarın həyat yoldaşı Gülər xanıma Allah can sağlığı versin ki, ondan yadigar qalan iki övladı Cəlil və Nazimin xoş günlərini görsün. Allah bütün şəhidlərimizə rəhmət etsin.AMİN! Tərlan xanım Sizə də öz təşəkkürümü bildirirəm ki,Siz Zərdab şəhidləri haqqında yazıb, onları gənc nəslə tanıtdırırsınız.Belə məqalələri öz saytında işıqlandırdığına görə Nicat bəyə də öz təşəkkürümü bildirirəm.

  2. Çox sağ olun Səidə xanım ,diqqətinizə görə Sizə minnətdaram.

  3. Salam Tərlan xanım, xahişimizi nəzərə alaraq Umudov Miqdar haqqında saytda məlumat yerləşdirdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm. Şəhidin ailə üzvləri və qohumları da bu məqaləyə görə sizə təşəkkür edir, fəaliyyətinizdə hər zaman uğurlar arzu edirlər.

  4. Mən də Sizə minnətdarlıq edirəm . Şəhid Miqdar Umudovun ailə üzvləri və qohumlarına səbr diləyirəm.
    Allah bütün Azərbaycan şəhidlərinə rəhmət eləsin.

  5. Salam, hörmətli Tərlan xanım, həyat yoldaşım haqqında saytda məlumat dərc etdirdiyinizə görə sizə təşəkkür edirəm. Şəhid oğullarımızı mütəmadi olaraq yad etdiyinizə görə sizə çox minnətdarıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  6. Gülər xanım , Siz bir ana olaraq , layiqli bir həyat yoldaşı olaraq çox dəyərli qadınsınız . Unudulmaz şəhidimiz Miqdar Umudovun balalarını öz qeyrətli atalarına layiq böyüdə bilmisiniz . Böyük Yaradan bundan sonra da Sizə səbr versin.

  7. Saytla taniş oldum və xoşuma gəldi. Ve hesab etdim ki, Sizə bir iradımı bildirim. Məncə Zərdab şəhidlərinin hamisı haqqında burada məlumat verməyiniz yaxşı olardı. Hər halda onların ruhu şad olardı və onların da yaxınları Sizə minnətdar olardı.

    Hörmətlə

    Zərdablı

Comments are closed.