Bu dünyanın gözəlliyi var-dövlətlə, yemək-içməklə deyil ki?!

0

xoşbəxtlikBir rus şairi deyir ki, təbiətdə pis hava olmur, hər cür hava gözəldir, sadəcə o gözəlliyi anlaya bilmək lazımdır.

Razıyam, amma nə qədər razı olsam da, bir daha etiraf etməyi özümə borc bilirəm ki, hər il yazın gəlişi ilə adam ağaclara kimi çiçəkləyir, yenilənir, dar boğazdan keçib genişliyə çıxırmış kimi özünü rahat, asudə hiss eləyir. Xüsusilə də, insan qocaldıqca bu duyğunu daha dərindən yaşayır. Qış təbiətin qocalığıdır, amma insanla təbiətin bir fərqi var ki, təbiətə qocalmaq və yenidən gəncliyə dönmək imkanı verildiyi halda insan axar suya cəmi bircə dəfə barmağını batıra bilər. Təbiət də, elə bu dünyanın özü də, qəbir həyatı da, ondan o tərəfə də, hər şey yoldur və insan bu uzun yolun yolçusudur. Ona görə də, bizim geriyə dönmək, eyni iqlimi, eyni atmosferi bir daha yaşamaq imkanımız yoxdur. Önümüzdə uzun bir yol var, bu dünyanın özündən də uzun yol.

***

Bu ilıq yaz səhərində birdən elə məqama düşürsən ki, insanların nə qədər gərəksiz və bəsit şeylər üstündə bir-birinə əziyyət verdiyi, haqsızlıq etdiyi bütün çılpaqlığı ilə gözlərin önünə gəlir və o məqamda bütün qeylüqalları, boş inciklikləri əlinin adı ilə süpürüb atmaq istəyirsən.

Nazim Hikmət həbsxana şeirlərinin birində yazır ki, ilıq bir yaz günü həbsxana həyətində bizi gəzintiyə çıxarmışdılar və mən kürəyimi məhbəs divarına söykəyib, ilıq havanı doya-doya ciyərlərimə çəkdim, günəşə baxdım və düşündüm: “necə də böyük, necə də gözəldir. Göy üzü bu qədər geniş, təmiz, dünya bu qədər gözəl ikən, siyasət qeylüqalları içində bir ömür çürütmək nə qədər bəsit və anlamsız bir şey imiş”.

Hər il yazın ortasında, elə bugünkü günlərdə Nazimin o sözü düşür yadıma.

Mənim üçün ilin ən xoş günləri elə içində bulunduğumuz bu günlərdir: Havada iydə qoxusu var, güllərin ən çox açıldığı günlərdir bu günlər. Hələ sən tezdən durub Günəşin doğuşuna tamaşa elə, quşların simfoniyasına qulaq ver, gör necə ləzzət alırsan.

***

Yaşadığım doqquzmərtəbəli binanın həyətində, özü də lap bizim bölkonun altında bir iydə var, amma kökü dərinə işləmədiyi üçün yazıq ağac hər il bir az da əyilir. Fəttah kişi də ildən-ilə onun altına verdiyi dayağı möhkəmləndirir ki, yıxılmasın. Fəttah kişi bizim həyətin dalandarıdır. Yaşı altmışı keçmiş, təxminən iki metr boyunda, div cüssəli bu adam səndən, məndən fərqli olaraq həyət süpürməkdən utanmır, hətta ağacların altını, axşamdan ərköyün arvadların balkondan atdığı zibilləri hövsələ ilə süpürüb, götürür. İşini o qədər vicdanla görür ki, işinə də, özünə də rəğbət bəsləyirsən. Özü də həyətdəki bütün atılmış, qovulmuş pişiklərin hamısına yiyə durur, yığıb evinə aparır, yedirib-içirir, qayğılarına qalır. Hər səhər Fəttah kişi həyətimizin təmizlik işləri ilə məşğul olanda pişikləri də dədə yanında nazlanan övladlar kimi ora-bura qaçışır, oynaşırlar. Həyətimizdə xidməti maşının biri ilə gəlib, başqası ilə gedənlər də var, amma mənim üçün Fəttah kişi onların hamısından daha dəyərlidir. Neçə dəfə istəmişəm ki, maaş alanda Fəttah kişinin bu vicdanlı işini mən də özümə görə dəyərləndirim, amma hələ də bir şey edə bilməmişəm, söz verirəm, borcum olsun.

Bu dünyanın gözəlliyi var-dövlətlə, yemək-içməklə deyil ki?! Kefin yaxşıdırsa, gördüyündən, eşitdiyindən zövq ala bilirsənsə, əmin ol ki, dünyanın ən gözəl dadı elə budur.

***

Səhər bir az tez çıxırsan evdən. Həqiqətən, bu havada heç avtobusun, metronun o basabasına girmək insafdırmı? Hayıf deyilmi əlini-qolunu yelləyə-yelləyə yorulana qədər yeriyəsən?! Nə acı külək var üzünü dalaya, nə də hava elə istidir ki, tövşüyəsən. Bu günlər soyuqla istinin arasındakı qızıl orta kimidir.

Bu havada yol gedə-gedə düşünmək, olub-keçənləri, tapdıqlarını, itirdiklərini haqq-hesab edə-edə addımlamaq adamın ruhunu təzələyir. Özü də heç tələsmirsən, canın da sıxılmır, kimsəyə də hirslənmirsən.

Bir də düşünürsən ki, bu gün nədən yazasan. Yazmağa o qədər mövzu var ki. Amma bəzən elə olur ki, mövzunu günün, anın ovqatı diqtə eləyir. Sən bu ilıq yaz səhərində bu qədər xoş ovqatla, səmimi duyğularla yazı masasının arxasına keçib nə qədər istəsən də, siyasət qalmaqallarından, dedi-qodudan, çılğın münaqişələrdən yaza bilməzsən.

***

Yenə yazdır. Ağaclar tumurcuq gözlərini açıb dünyaya boylanır, qış uzunu haradasa gizlənmiş böcəklər, arılar, kəpənəklər havada uçuşur. Bir azdan haçaquyruq qaranquşlar da gələcəklər. Dünya yenilənəcək, duyğular bal dadacaq, qoyun-quzu dağlara yayılacaq…

Gərək könlünü kökləyə biləsən hər gələn yaza, üzünə açılmış tablo kimi sevəsən hər ağacı, hər çiçəyi…

Açdım əllərimi bu yaz səhəri, əllərimi açdım ki, könüllərin sultanı könlümü də açsın bu sabaha. Bu yaz səhərinin şükrü ağacların yarpaqları, çiçəklərin ləçəkləri qədərdir… Amma sən iki əlini ən səmimi duyğularınla aça bilsən, sənin barmaqlarının sayı ağacların yarpaqları, çiçəklərin ləçəkləri qədər olar. Açdım əllərimi, açdım bu səhər.

www.zaman.az