Zərdabi xalqımızın mədəni inkişafı yolunda böyük zəhmət çəkmişdi

0
Həsən bəy Zərdabi

Həsən Bəy Zərdabi muzeyiXIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Azərbaycan xalqının mədəni intibahı və yüksəlişi tarixində mühüm hadisələr Həsən bəy Zərdabinin yaradıcılığı ilə daha sıx şəkildə bağlı olmuşdur.

O, Azərbaycanda ilk ali təhsilli müəllim, milli teatrını və milli mətbuatını, xeyriyyə cəmiyyətinin banisi və görkəmli ictimai xadim kimi tanınmışdır. Görkəmli maarifçi-demokrat Həsən bəy Zərdabinin dünyagörüşü müəyyən ictimai-iqtisadi şərtlərlə yanaşı, mütərəqqi dünya mədəniyyətinin təsiri altında formalaşmışdır.

Bu dünyagörüşü öz ideya mənbələri etibarilə istər Şərqin, istərsə də Qərbin mütərəqqi ictimai-siyasi, fəlsəfi və ədəbi ənənələrinə gedib çıxır. Bu ənənələr içərisində Azərbaycan xalqının uzun illərdən bəri formalaşmaqda olan ictimai-siyasi və fəlsəfi fikrinin nailiyyətləri xüsusi yer tutur. Zərdabi Bəhmənyardan tutmuş M.F.Axundova qədərki Azərbaycan mütəfəkkirləri ilə ideya əlaqəsində olmuşdur.
Respublikamızda Zərdabinin dünyagörüşünün tədqiqinə, tarixi xidmətlərinin öyrənilib xalqımıza çatdırılması işinə xeyli diqqət yetirilmişdir. Onun iqtisadi, pedaqoji, elmi fəlsəfi görüşləri Azərbaycan maarifçiliyində müstəsna əhəmiyyətə malikdir.
Zərdabinin əsərlərində xalqımızın mənəvi mədəniyyət məsələləri, xüsusilə ədəbiyyat, incəsənət, dil və din məsələləri də mühüm yer tutur. O, bu məsələləri bilavasitə cəmiyyətin inkişafı ilə bağlı şəkildə, vəhdətdə görürdü.
Həsən bəy Zərdabi incəsənətin həyatla əlaqəsini, məzmun və formasını düzgün anlamışdır. Onun fikrincə şairlər, yazıçılar, aşıqlar xalqın ehtiyaclarını əks etdirən, xalqa edilən zülmləri göstərən əsərlər yazmalı və insanların maariflənməsinə kömək etməlidirlər.
Xalqımızın maariflənməsi uğrunda çalışan, mübarizə aparan bir çox elm xadimləri kimi H.Zərdabi də şifahi xalq yaradıcılığına, onun ayrı-ayrı forma və janrlarına xüsusi əhəmiyyət vermiş və öz yaradıcılığında bunlardan dönə-dönə istifadə etmişdir.
O, ədəbiyyat və incəsənət məsələlərinə də ciddi fikir vermişdir. Həsən bəyin nəzərincə ədəbiyyat və incəsənət xalqın maariflənməsində güclü vasitələrdəndir. Onun məqalələrində şeir və sənət məsələlərinə, incəsənət əsərlərində forma və məzmun vəhdətinə, ideyalılıq və xəlqilik prinsiplərinə, şifahi xalq yaradıcılığı problemlərinə toxunulmuş, bunlar haqqında olduqca maraqlı fikirlər söylənilmişdir.
“Aləmə xalq baxışı” adlandırdığı atalar sözlərinin və xalq məsəllərinin dərindən öyrənilməsinə o, ciddi əhəmiyyət verirdi. Maraqlıdır ki, Zərdabinin ədəbiyyat və incəsənət, şeir və sənət haqqında fikirləri dərin estetik məzmundan məhrum deyildir. O, yeri gəldikcə gözəllikdən, onun tələblərindən, bu tələblərin pozulmasının incəsənət əsərlərini eybəcər və yararsız hala salmasından, estetik zövqdən və onu inkişaf etdirmək tələblərindən, incəsənətin tərbiyəvi və idraki əhəmiyyətindən də danışır.
Həsən bəy Zərdabinin məqalə və qeydləri göstərir ki, o, klassik dünya ədəbiyyatınının görkəmli nümayəndələrinin, o cümlədən rus şair və yazıçılarının əsərləri ilə yaxından tanış olmuşdur. Zərdabi yeri gəldikdə həmin əsərlərə və onların müəlliflərinə istinad edirdi. Tez-tez Homerin, Dantenin, Götenin, Puşkinin, Saltıkov-Şedrinin adlarını çəkir, onlardan iqtibaslar gətirirdi.
H.Zərdabinin xalqımızın mənəvi mədəniyyəti ilə bağlı böyük xidmətlərindən biri də onun mahnı və nəğmələrimizi toplaması hesab edilməlidir. Xalqın mənəvi inkişafında, dünya baxışında mahnı və nəğmələrin xüsusi yer tutmasından söhbət açan müəllif “Əkinçi” qəzetinin 1877-ci il 18-ci nömrəsində yazırdı: “Mahnı vacib şeydir. Ona binaən onun mənasını yaxşılaşdırmaq səyinə düşmək lazımdır. Hər tayfanın vətəndaşlıq və millətin keçmişində olan yaman və yaxşı günlərini şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza düşüb milləti birləşdirməyə bais olur”.
H.Zərdabi hələ “Əkinçi” qəzeti səhifələrində xalqı başa salırdı ki, köhnə təlim-tərbiyə üsullarından əl çəkib, dünyəvi elmlərə yiyələnmək vaxtıdır: “…bu qayda qədim zamənə qaydasıdır və zamanə dəyişildiyinə görə o qayda da dəyişilsin”. Əlbəttə, Həsən bəyin xalq arasında səpdiyi elm, təhsil toxumu yerli mollaların, şeyxlərin mənafeyinə toxunurdu. Deməli, savad, təhsil uğrunda Zərdabinin apardığı mübarizə heç də sadə bir iş deyil, ölüm-dirim işi idi.
Böyük mütəfəkkir şeirə, nəğməyə adi söz yığını kimi yox, ideya silahı, xalqı oyanışa, qurtuluşa çağıran bir vasitə kimi baxırdı. Elə bu məqsədlə də o, dövrlə, həyatla səsləşən şeirlər, nəğmələr yazmağı tələb edir və vurğulayırdı ki, xülasə, şeir böyük bir alətdir ki, onunla bizim yuxuda olan qardaşlarımızı ayıltmaq çox asandır.
Zərdabi aşıq musiqisinin də vurğunu olmuşdur. Həm də o, musiqinin xalqımızın mənəviyyatında xüsusi yer tutduğunu aydınlığı ilə dərk etmişdir. H.Zərdabi aşığa şeirimizi xalq arasında yayan bir təbliğatçı kimi baxırdı. Bu, təsadüfi deyildir. Zərdabi yaxşı bilirdi ki, XIX əsrdə və eləcə də XX əsrin əvvəllərində Azərbaycan kəndində aşıqlar qədər xalqa yaxın, onun dərdini-kədərini bilən sənət sahibləri yox idi.
Başqa sözlə desək, aşıq xalqla gündəlik təmasda olan, onun məişətini bilən el nümayəndəsiydi. Odur ki, onların ifa etdiyi şeir nümunələri dili, məzmunu, ruhu etibarı ilə xalqa, onun tərəqqisinə xidmət göstərməliydi. Buna görə də H.Zərdabi bütün yaradıcılığı ərzində bu cəhətləri özü üçün əsas götürüb, həm də yazıçıları sadə, xalqın başa düşdüyü dildə yazmağa dəvət edirdi.
Çünki Həsən bəy ana dilinin xalqın mənəvi inkişafında mühüm amillərdən biri olduğunu gözəl bilirdi. Bu baxımdan onun “Həyat” qəzetinin 1906-cı ilin yanvarında çap etdirdiyi “Dilvədin”, “İttihadi lisan” və “Dil davası” adlı məqalələri diqqətəlayiqdir.
Zərdabinin bir mütəfəkkir kimi yetkinləşməsində Azərbaycan mədəniyyətinin XIX əsrdə yaşayıb-yaratmış görkəmli nümayəndələri Abbasqulu ağa Bakıxanov, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov böyük rol oynamışdır. A.Bakıxanovun və M.Ş.Vazehin maarifçilik ideyaları, M.F.Axundovun mübariz ateizmi və materializmi Zərdabinin görkəmli bir alim və maarifçi kimi püxtələşməsinə, onun dünyagörüşünün formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
H.Zərdabinin yaradıcılığı ilə dərindən tanışlıq onun bu görkəmli mütəfəkkirlərin ideyaları ilə nə qədər bağlı olduğunu, daim bu ideyalardan qida aldığını bir daha sübut edir. Buna görə də biz Bakıxanovu, Vazehi və Axundovu Zərdabinin bilavasitə ideya sələfləri adlandıra bilərik.
H.Zərdabi qeyd edirdi ki, istəyirsinizsə Azərbaycan milləti yaşasın, qabağa getsin, elmi və maarifi olsun, ona ana dili verin… onlar yazsın, qabağa getsin, məktəblər bina edib, öz dillərində elm təhsil etsin. Həsən bəy dili xalqın mənəvi siması, millətin yaşadıcısı hesab etmiş və bu cəbhədə M.F.Axundovun bir sələfi kimi Azərbaycan dilinin saflığı uğrunda həyatının sonunadək mübarizə aparmışdır.
Böyük maarifçinin mənəvi mədəniyyətinizlə bağlı xidmətlərindən danışarkən onun milli teatrımızla bağlı fəaliyyətini də unuda bilmərik. Teatr yaratmaq ideyası H.Zərdabidə onun Tiflisdə yaşadığı, bəlkə də Moskvada təhsil aldığı illərdə yaranmışdı.
Zərdabi xalqın, gənc nəslin tərbiyə edilib maariflənməsi işində xeyriyyə cəmiyyətləri ilə yanaşı teatr kimi digər vasitələrə də fikir vermişdir. 1873-cü ildə onun rəhbərliyi altında, Nəcəf bəy Vəzirovun və Əsgər bəy Adıgözəlovun yaxından iştirakı ilə Bakı realnı gimnaziyasının otaqlarından birində böyük dramaturq M.F.Axundovun “Hacı qara” komediyasının tamaşası göstərildi. Bununla da Azərbaycan milli teatrının əsası qoyuldu.
Sonralar Zərdabi aydın surətdə dərk etməyə başladı ki, nə təkcə xeyriyyə cəmiyyətləri, nə də teatr vasitəsitəsilə həqiqi mənada xalqın maariflənməsinə nail olmaq mümkün deyildir. Həsən bəy maarif işi üçün geniş imkanlar aça bilən ideya vasitələri axtarırdı. Onun nəzərincə belə vasitələrdən biri Azərbaycan dilində nəşr ediləcək qəzet olmalı idi. Zərdabi qəzeti elə bir tribuna hesab edir ki, onun vasitəsilə xalqla danışmaq, onun dərdləri barəsində söhbət etmək mümkün olsun.
H.Zərdabi dövrünün böyük maarifçisi kimi xalqının qurtuluşunu, cəhalətdən yaxa qurtarmasının başlıca yolunu elmə, təhsilə yiyələnməkdə görür və bu sahədə xüsusi iş aparırdı. Böyük Sabirin dili ilə desək, Azərbaycanın hər yerindən, hər obasından “oxutmuram əl çəkin” sədaları gəldiyi bir vaxtda “biz müsəlmanlar elmdən vəba naxoşluğundan qaçan kimi qaçırıq” söyləyən Zərdabi millətin bu qəflət yuxusundan oyanıb təhsilə yiyələnməsi üçün fəryad qoparırdı.
Ədəbin bu sahədə apardığı mübarizə öz bəhrəsini verdi. Doğma kəndi Zərdabda məktəb açılmasına icazə veriləndə o, buna ürəkdən sevinərək “Kaspi” qazetində bildirdi: “Nəhayət ki, bizim küçədə də bayramdır. Bu gün, ya sabah Zərdabda məktəb olacaqdır. Deməli, mənim səsim səhrada olduğu kimi batmayıbdır. Mən mötəbər mənbələrdən bilirəm ki, Zərdabda və İsmayıllıda ikisinifli məktəb açılacaqdır “.
Qeyd etmək lazımdır ki, xalqın mədəni inkişafının, maariflənməsinin bir sıra mühüm məsələlərinin həllində Zərdabi Nəriman Nərimanovla birgə fəaliyyət göstərmişdir. İlk azəri müəllimlər qurultayının hazırlanmasında və keçirilməsində onların birgə fəaliyyəti çox mühüm əhəmiyyət kəsb etmişdir. Nərimanovun və Zərdabinin qurultayda etdikləri təkliflər iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Qurultaya sədrliyi də onlar aparmışlar.
H.Zərdabinin bir böyüklüyü də onun bütün xalqların tərəqqisinə çalışmasında idi. Böyük beynəlmiləlçi öz xalqının elmə, təhsilə yiyələnməsinin bir yolunu da başqa xalqlarla təmasda olmaqda, qeyri-millətlərin nümayəndələri ilə birlikdə oxumaqda görürdü. Zərdabiyə görə başa papaq əvəzinə şapka qoymaq, ayağa çarıq əvəzinə çəkmə geymək heç də din xadimlərinin düşündüyü kimi müsəlmanlıqdan çıxmaq demək deyildi. Əksinə, bu, azərbaycanlıların da yeni mədəniyyətə yiyələnmələrinə işarədir.
H.Zərdabi yaradıcılığında xalqımızın mənəvi mədəniyyət məsələləri haqqında yuxarıda verdiyimiz məlumatlar bizə bunu deməyə əsas verir ki, onun yazıb-yaratdığı zəngin irsində xalqın gündəlik həyat tərzi üstünlük təşkil etmişdir. Onun istər kiçik və istərsə də böyük həcmli məqalələrində, əsərlərində biz xalq həyatının, məişət və mədəniyyətinin bir çox sahələrinin əksini görürük. Zərdabi irsində xalqımızın adət-ənənələri, məişəti təkcə təsvirlə bitmir. Həsən bəy onları saf-çürük edir, yaxşılarının yaşadılmasını təbliğ, vaxtı ötmüş adətləri isə pisləyərək, el-obanın da onlardan əl çəkməsini inandırıcı faktlarla onlara izah edirdi.
H.Zərdabi irsi bu gün də həyatımızla, məişətimizlə birgə səsləşir. Böyük ədibin etnoqrafik irsinin zənginliyi, gücü və aktuallığı da zənnimizcə, onun müasirliyində, bu günümüzlə ayaqlaşmasındadır.

Həqiqət Fərrruxova,
ADMİU-nun əməkdaşı

Şərh yaz

Please enter your comment!
Please enter your name here

13 − six =