Qayğısız uşaq idin, qarğı atını kəndin ortasında o tərəf-bu tərəfə çapırdın

0
25

kənd uşağıElə bil dünən idi, sən qayğısız bir uşaq idin və qarğı atını kəndin ortasında o tərəf-bu tərəfə çapırdın. Səhər evdən çıxıb tay-tuşlarınla oynamağa gedər, qaş qaralmayınca geri dönməzdin. Onda sənin arzuların tərtəmiz, düşüncələrin hər cür məkrdən uzaq idi. Ən böyük sərvətin də ümidin idi. Sənin ümidin dünyadan böyük idi onda. Onda elə bil ki, göy üzü indikindən daha təmiz, daha duru, günəş indikindən daha işıqlı, daha böyük idi. Onda elə bilirdin ki… Keçdi daha, keçdi. İndi gözünü önündəki boş məzara zilləyib duran və ora girib uzanacağı anı gözləyən ixtiyar kimisən.

O küləklər nə tez əsib keçdi, o ağaclar nə tez quruyub yıxıldı, dövran necə dəyişdi, hər şey necə də tərsinə döndü?

Dünya dediyin iki qapılı ev kimidir, birindən girib, o birindən çıxırsan. Macalın varsa, çiyninin üstündən geri qanrıl və son dəfə göz gəzdir qoyub getdiklərinə, sonra da önünə bax, qarşıda səni gözləyən aqibətinlə görüşə hazırlaş. Hər kəsin getdiyi və gedəcəyi bir yoldan keçib gedirsən.

İnsanın 3 dostu var: biri onu evindən yola salar, biri qəbrə qoyulana qədər dalınca gələr, biri də axirəti boyunca ona yoldaşlıq edər. İnsanı evindən yola salan dostu qazandığı dünya malıdır, məzarına qədər gələn və dəfn edib geri dönən sevdiyi insanlardır, axirətdə də yoldaşlıq edən isə əməlləridir.

***

Kim bilir, bizi o Böyük Məhkəmədə cəhənnəm əzabından hansı əməlimiz qurtaracaq. Hərdən oturub düşünək və əməllərimizi göz önündən keçirib ruhumuza təskinlik verən bir şey tapmağa çalışaq.

Bir əlində torba və əsasını tutmuş, o biri əli ilə dükandan yenicə aldığı çörəyi sinəsinə sıxmış bu dədə evinə tələsir. Bu dədənin oğlu və gəlini iki il əvvəl avtomobil qəzası nəticəsində Haqqın rəhmətinə qovuşublar. Qarısını beş il əvvəl torpağa tapşırmış bu dədə indi irili- xırdalı dörd nəvəyə baxır. O dörd nəvə üçün ata da odur, ana da, baba da odur, nənə də. Onların paltarlarını da yuyur, ən balacanın altını da təmizləyir, səhər durğuzub yedizdirir, birini məktəbə aparır, o birini gətirir. İndi, maşallah, uşaqlar bir az yekəliblər. Çox işlərini özləri görürlər. Özləri özlərinə böyüklük edirlər. Dədənin hər sözü onlar üçün qanundur, yaşları az da olsa anlayırlar ki, Allahdan aşağı bu dədə onlar üçün ən böyük dayaqdır və o dayağın möhkəm olması, sarsılmaması üçün onun sözünə baxmalıdırlar. Sağ olsunlar, elə baxırlar da. Baba da hər ay aldığı qocalıq təqaüdünü, uşaqların adına verilən müavinəti qənaətlə xərcləyərək, dörd bala böyüdür. Əslində böyüdən Allahdır, dədə sadəcə çırpınır və boynuna düşən işləri yerinə yetirməyə çalışır. Arada bir də deyir ki, aldığı bu üç-beş manatla bu qədər dərd-səri necə yola verdiyini heç özü də anlamır.

***

Çoxumuz nə qədər sərvətə sahib olduğumuzun fərqində belə deyilik. Bəlkə kimsə özünü kasıb hesab edir, amma oturub yaxşıca düşünəndə hər zaman hansısa imkana, hansısa sərvətə sahib olduğunu özü də təsdiq edər. Məsələ təkcə onda deyil ki, kiminsə cibinə pul basasan ki, gedib problemlərini yoluna qoysun. Bir təbəssüm də sədəqədir, yıxılanın qolundan tutub qaldırmaq da… Allahın rizasını qazanmaq üçün verilən hər sədəqə yüz qat, min qat artığı ilə sahibinə dönəcək. Bir də ki, sədəqənin çoxu, azı olmaz. Sədəqənin bərəkəti onu verənin səmimiyyəti ilə bağlıdır. Bəlkə bir qədər yuxarıda haqqında danışdığımız o dədə torbasındakıları və o isti çörəyi sənin verdiyin sədəqə ilə alıb. Bu haqda heç düşündünmü? Bəlkə baba sənin verdiyin sədəqə ilə aldığı çörəyi orucunu açanda yeyəcək. Kim bilir, hələ bəlkə bu dədənin böyük nəvəsi də əl çəkmədi və babası ilə birlikdə sahura qalxıb oruc tutdu. Sənin verdiyin sədəqə bir azdan bir oruc süfrəsinin bərəkəti olacaq. Sən necə düşünürsən, sənin verdiyin sədəqə bir dərdli ailənin süfrəsinin bərəkəti olduğu halda bütün mal-mülkün, var-dövlətin Sahibi Allah Zül-Cəlal Həzrətləri dünyada və axirətdə sənin süfrəni boş qoyarmı? Heç bu haqda düşündünmü? Hələ onu da düşündünmü ki, verdiyin sədəqə ilə hər nəvəsinə bir hədiyyə də alıb və o nəvələr sənin verdiyin sədəqə ilə alınmış hədiyyələri bu gecə qucaqlayıb yatacaqlar. Ən azı bu gecə yetim olduqlarını unudacaqlar, atalı-analı uşaqlar kimi sevinəcəklər. O nəvələr,bu gecə yuxularında üzlərini belə xatırlamadıqları valideynlərini görəcəklər və hamısının gördükləri də sənə bənzəyəcək.

***

Sənin verdiyin sədəqə ilə o yetimlərin könlü açılır, dünyaları şənlənirsə, bu dünyanın və axirətin Sahibi bu dünyada və axirətdə sənin əllərini boş qoyarmı? Heç düşündünmü? Heç düşündünmü ki, sən bu qədər könül sevindirdiyin halda Allah-Təala sənin könlünü sevindirməzmi? Düşün, düşün, düşünmək də ibadətdir. Doğru istiqamətdə düşünsən, inanacaqsan ki, cənnət o qədər də bahalı deyilmiş. Ən səmimi, ən xalis niyyətlə verilmiş az bir miqdar belə bəzən qurtuluşa səbəb ola bilər. Hələ əl tutduğun tərəf yetimlərdirsə, qazanc qat-qat artır. Yetimlər- Allahın yer üzünə əmanətləri kimidirlər. Allah-Təala yetimlərin qayğısına qalmağı, onların sağlam, xoşbəxt böyümələri üçün çalışmağı dönə-dönə əmr etməkdədir.

Yunus Əmrə çox məşhur şeirlərinin birində belə deyir:

Yunus Əmrə der, hoca,

İstərsən get yüz Haca

Hamısından yaxşıca

Bir könülə girməkdir.

Bir könülə girmək, o könüldə sevgi fidanları bitirmək, o könlün insanlığa, Haqqa xidmətinə səbəb olmaq hər birimizin ən böyük qazancıdır. Sevimli Peyğəmbərimiz Həzrəti Məhəmməd (s.ə.s.) buyurmuşdur ki, bir insanın qurtuluşuna səbəb olmaq, içindəki bütün sərvəti, naz-neməti ilə birlikdə bu dünyadan daha xeyirlidir. “İnsanın qurtuluşuna səbəb olmaq” kimsəni ölümdən qurtarmaq anlamında anlaşılmamalıdır. Bu ifadə zülmətdən aydınlığa çıxma, cəhalətdən uzaq durub iman nuru ilə süslənmə, günahdan savaba dönmək mənasındadır. Hər birimiz öləcəyik, kimi bir az tez, kimi bir az gec. Əsas məsələ necə ölmək, özü ilə axirətə nə aparmaqdır. Yalan sözdür ki, kimsə dünyadan bir şey aparmır. Biz iddia edirik ki, hər kəs hər şeyini özü ilə aparır. Dünyada qalanımız var-dövlət, ev-eşik, pul-paradır ki, onlar da qazandıqlarımızın, yaxud da itirdiklərimizinkölgəsindən başqa bir şey deyil. İnsanın ən böyük qazancı savabları, ən böyük itkisi isə günahlarıdır.

***

Əldən tutanda, yardım edəndə heç zaman unudulmayacaq iki təməl prinsip var: “mən verdim, mən elədim” düşüncəsindən uzaq durmaq və Allah-Təalanın bir işə sizi səbəb qıldığına inanmaq və hər şeyə bu məntiqlə yanaşmaq. Çünki hər şeyin sahibi Allahdır, sən də, sənin sərəncamında olan mal-mülk də, hər şey onun mülkündədir; elədiyin yaxşılığı ancaq və ancaq Allahın buyruğuna uyğun olduğu üçün eləmək, qarşı tərəfdən heç bir təmənna gözləməmək, umduğunu ancaq Allahdan ummaq. Əgər insan elədiyi yaxşılığı başa qaxacaqsa, çox böyük zərərə uğramış olur. Əvvəla ona görə ki, Allahın mülkündən pay verən niyə bu yaxşılığı öz adına yazmalıdır? İkinicisi, bir şey verəndə niyyətin Allahın razılığını qazanmaqdırsa, uca Yaradanı xoşnud etməkdirsə, niyə adamın başına qaxınc edirsən. Əgər edirsənsə, demək niyyətin doğru niyyət deyilmiş.

Qurani-Kərimdə tez-tez buyurulur bu ifadə: “Heç təfəkkür etməzsinizmi?” Doğru-düzgün istiqamətdə təfəkkür də ibadətdir.

Uca Peyğəmbərimizin buyurduğu bir həqiqəti də xatırladaraq yazımızı tamamlamaq istəyirəm: bizə əlimizdə tutduqlarımız deyil, verdiklərimiz qalacaq. Əmin ol ki, Allah rizasını qazanmaq üçün verdiyin hər quruş qat-qat artığı ilə sənə dönəcək, əgər inanmırsansa, daha mənim söz uzatmağımın nə mənası olacaq ki?!

“Zaman-Azərbaycan”